Mir Cəfər Pişəvəri
"Azərbaycan" qəzetində
VƏ YA AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ RƏHBƏRİNİN "NOVRUZ" GİZLİ İMZASI HAQQINDA QEYDLƏR
(Əvvəli ötən saylarımızda)
S.C.Pişəvəri 71-ci sayda Xiyabaninin səhvlərindən danışanda bunları demir, amma növbəti sayda bu sözləri misal gətirir və heç bir şərh vermir, keçir Şeyxin şəxsiyyəti haqda tamam başqa sözlərə. Bilinir ki, Şeyxin tənqidi Pişəvəri ətrafında olan marksistlərə, olsun ki, Təbrizdə gizli işləyən "Üçlük" üzvlərinə az görünmüşdü və onların tənqidinə səbəb olmuşdu. Pişəvəri də bir cümlə ilə olsa da, Şeyxə qarşı marksist radikalizmi artırmışdı.
Biz burada iki sözlə razılaşa bilmirik. Birinci, Şeyxin "mərkəztələbliyi" məsələsidir. Pişəvəri "Təcəddüd"ün farsa çıxmasına şərh verəndə bunu demir. Sayırıq ki, İran dövlətinə görə Osmanlı Ordusu ilə konfliktə girib həbs olunmuş Şeyx səmimi bir İran vətənpərvəri idi və Pişəvəri bunu yazılarının başqa yerlərində inandırıcı və düz göstərib. Şeyxin məşrutəçi, Konstitusiya tərəfdarı olması isə onun federalist olmasının davamı idi. Konstitusiyasız federalizm və "Azadıstan respublikası" mümkün deyildi. İkincisi, Pişəvəri "separatçı" sözünü işlədəndə Şeyx barədə ədalətsizlik edir. Çünki məhz bu anlayış həm Şeyxin, həmdə Pişəvərinin özünün şah nökərləri tərəfindən düşmən elan edilməsinin birinci "dəlili" olub. 74-cü sayda, 1945-ci il dekabrın 9-da Pişəvəri özü-özünə cavab verib yazır: "Şeyx demişkən, "Azərbaycanın qiyamı İranın istiqlalını hifz edəcəkdir. Azərbaycanlılar həmişə qiyamdan öz nicatına çalışıb. Yenə də bu barədə fəaliyyətdən çəkinmirlər". Pişəvəri yazının sonunda Şeyxə bu gün də, sabah da doğru olacaq yüksək, tarixi qiymət verib:
"Şübhəsiz, Şeyx Azərbaycanın ən böyük dahilərindən olub öz qiyamı ilə xalqımızda azadlıq ruhunu gücləndirdi və onu azadlıq almağa və öz hüququnu müdafiə etməyə təşviq etdi".
Qəzetdə Novruz imzası ilə Xiyabanidən bəhs edən 21 yazının son üçü "Təcəddüd" qəzetinə həsr edilibdir. Pişəvəri özü qeyd edir ki, bu qəzetdə gələcək tədqiqatçılar üçün çoxlu material var. Üç yazıda qəzetin siyasi mövqeyinin qısa xülasəsini verib ona Xiyabaninin "öz əsəri" kimi qiymət verir, 76-cı sayda yazır: "Təcəddüd" qəzeti Demokrat Firqəsinin orqanı olmaqla bərabər Şeyx Məhəmməd Xiyabaninin ölməz əsəridir. Bu qəzet 1917-ci ilin aprel ayının 9-dan başlayaraq 1920-ci ilin sentyabr ayının 8-ə qədər nəşr olmuş və sayı 202 nömrədən ibarətdir".
Sonuncu yazılarda Pişəvəri İran Demokrat Firqəsinin yaranmasının Rusiyada Fevral inqilabı ilə bağlılığı haqda mühüm faktlar gətirir və qəzetdə bu mövzuda çıxmış bir sıra məqalələrin adlarını sadalayır. "Təcəddüd" qəzetinin nəşrə başlaması isə Peterburqda inqilabın qələbəsindən 35-37 gün sonraya (2 mart- 9 aprel, 1917.) təsadüf edir. Burada araşdırmalara ehtiyac hiss olunur, "Təcəddüd" qəzetinin komplektinin hazırlanması və nəşr tarixinin öyrənilməsi də çox mühüm elmi vəzifələrdir. Xiyabani özü və onun qəzeti azərbaycançılıq məfkurəsinin ilkin mənbəyi və tərkib hissəsidir.
lll
Pişəvərinin "Novruz" imzası ilə yazdığı məqalələrdə diqqəti çəkən mühüm tezis Azərbaycanın İranın tarixində müstəsna rolu məsələsidir. Bu məsələ Xiyabanjinin çıxışlarında və yazılarında qırmızı xətt kimi keçir və əslində mübariz və inqilabi azərbaycançılıq məfkurəsinin əsaslarını yaratmış olur. Çox mühümdür ki, Xiyabani 1906-1920-ci illərdəki siyasi fəaliyyəti ilə azərbaycançılığı həm məfkurə kimi, həm də beş ay yaşamış bir Azərbaycan dövləti - "Azadistan" kimi yaşatmışdı. Əlli birinci sayda Pişəvəri Xiyabaninin Azərbaycana cevgi və pərəstişlə aşılanmış çıxışlarından birini bütövüklə yazısına daxil etmişdi, çünki bu Şeyxin parlaq siyasi manifestlərindən biri idi.
Əslində siyasi azərbaycançılığın baniləri bu tayda Ə. M. Topçubaşov, Ə.B. Ağayev, H. Z. Tağıyev, C. Məmmədquluzadə, "Kaspi" qəzeti və "Molla Nəsrəddin" jurnalı idi. Bu mərhələnin Xiyabaniyə təsiri şübhəsizdir. Onun öz fəaliyyəti isə azərbaycançılıq tarixində xüsusi mərhələdir. Liberal burjua ideoloqlarından fərqli olaraq Xiyabaninin azərbaycançılığı inqilabi mahiyyətdə idi, onun formulu belə idi: "Azadlığı vermirlər, azadlığı alırlar". Pişəvəri bu ifadəni təkrarlamağı sevərdi. Bəziləri ölkəmizə Azərbaycan adını İ. Stalinin verdiyini, İranda isə "Azərbaycanın İran olduğunu" deyirlər. Şeyx Xiyabani isə Azərbaycanı ayrıca bir ölkə kimi görürdü və onu gerçəklətməyə çalışdı. O, inqilabçı kimi həlak oldu, amma tarix onun ayrıca, müstəqil Azərbaycan arzularını təsdiq etdi. Pişəvəri hərəkatı bu arzuları İran tərkibində gerçəklətmək yolunda ikinci mərhələ idi. Şeyx həm də Azərbaycanı İranın nüvəsi sayırdı. Tarix bunu da təsdiq edəcək.
Xiyabani özündən sonrakı azərbaycançılardan fərqli olaraq türkçü deyildi, çünki 1917-1918-ci illərdə Təbrizə girmiş Osmanlı hərbçiləri ilə konfliktə düşmüşdü. Türkçülüyə soyuq münasibətinə görə rus bolşevik ideoloqları ona meylli idilər, bizim müsavatçılar isə bir az laqeyd. İran qəzetçiləri isə Seyxi iranpərəst kimi qələmə verməyi xoşlayırlar. Pişəvəri onların cavabını verib. Azərbaycanı İran adlandıranlar bilməlidir: müstəqil Azərbaycan layihəsinin əsil müəllifləri elə onların "təpədən-dırnağa iranlı" saydığı şəxslər olub.
İran tərkibində Azərbaycan Müxariyyəti, ölkənin federallaşması hərəkatının siyasi əsası bu məsələ idi və onun əsl müəllifi də Şeyx Məhəmməd Xiyabani idi. O da yəqin Rusiyadakı Müvəqqəti Hökumətin ölkəni federallaşdırmaq doktrinasından təsirlənmişdi: M. Ə. Rəsulzadə kimi. Bu problemə münasibətdə və onun inkişaf etdirilməsində S. C. Pişəvəri təpədən-dırnağa Xiyabaninin davamçısıdır.
Maraqlıdır ki, "Azərbaycan" qəzetində "Novruz" imzası ilə tərcümələr də çap edilib. 1945-ci ilin noyabr ayında beş sayda: 49, 50, 51, 52, 53-cü saylarda "Novruz: tərcümə" imzası ilə farsca silsilə yazılar çıxıb. Bunlar Mirzə İbrahimov tərəfindən Təbrizdə "Azərbaycan" qəzeti üçün yazılmış "Azərbaycan dili" məqaləsinin Pişəvəri tərəfindən edilmiş tərcüməsi idi. Akademik Mirzə İbrahimovun 1957-ci ildə EA Nəşriyyatında çıxmış "Azərbaycan dili" adlı kitabçasında həmin məqalənin azərbaycancası yer alıb. Məqalənin sonunda onun tarixi belə göstərilib: "noyabr, 1945, Təbriz." (s.57).
Pişəvəri Təbrizdə çıxan məqalələr toplusu "Qızıl səhifələr"ə yazdığı parlaq girişdə göstərir ki, hərəkat dostlarımdan biri mənə dedi ki, "Yaz!", mən də yazıram. O bu sözləri yazanda, 1946-cı ilin baharında artıq hərəkatın məğlubiyyətini öz içində duyurdu. 1946-cs ilin yazında Sovet qoşunlarının İrandan çıxması ərəfəsində Pişəvəriyə əslində hərəkatı yuxarıdan dağıdıb Tehrana təhvil vermək əmri verəndə Mirzə İbrahimov də əmr gətirənlər, təzyiq edənlər sırasında idi. O Mirzə İbrahimov ki, Demokrat Firqəsinin proqramını yazmışdı. Bu olaylar Mirzə müəllimin də daxili faciəsi idi. O bilirdi ki, Stalinin əmri icra olunmalıdır. Lakin "yaz" deməklə xalq hərəkatının salnaməsini tarix üçün yazmağın çox vacibliyini bildirirdi. Belə də oldu. M. Ə.Rəsulzadə Cümhuriyyətin əsas salnaməçisi olduğu kimi, S.C.Pişəvəri də Cənubi Azərbaycandakı 16 aylıq Milli Hökumətin əsas salnaməçisi oldu. Onun "Novruz" imzalı məqalələri də bizim azərbaycançılıq məfkurəsinin qanla yazılmış səhifələri və tərkib hissəsidir.
"Qızıl səhifələr" toplusu Pişəvərinin vəsiyyətnaməsi sayıla bilər. Çünki İ.V.Stalinin ona yazdığı məktubu oxuyandan, SSRİ Xarici İşlər Nazirliyinin sənədlərində Milli Hökumət məsələsinin İran Konstitusiyası çərçivəsində həllinə Moskvanın razılığını biləndən sonra bunu anlamaq çətin deyildi. Məğlubiyyət axı Şeyxin inqilabından on qat artıq qan və faciələr demək idi. İran intiqamçılığının tarixi şahların öz qardaş və oğullarının gözünü çıxarması macəraları ilə dolu idi. Amma Pişəvəri axı öz silahdaşlarına söz vermişdi: Şeyx Xiyabanının səhvləri heç vəchlə təkrar olunmayacaq! Amma olunacaqdı və Pişəvəri bunu yəqin biliridi 1946-nın yayında. "Novruz" imzalı yazıların bilərəkdən "unudulması" həm də bununla bağlı idi.
"Azərbaycanlıların "Şahnamə"si" adlandırdığı Toplunu tərtib etməklə Pişəvəri öz vəsiyyətlərini gənc nəsil üçün yadigar qoydu. Buraya bütün böyük xalq yığıncaqları haqda qəzet reportajları yer almışdı. Toplunun tərtibçisi radikal bir azərbaycançı idi artıq! Pişəvəri Moskvanın himayəsini hallandıran şah nökərlərinə, "İranda inqilabi vəziyyət yoxdu" deyən İ.Stalinə deyirdi: baxın, oxuyun, bu, bir marksist partiyanın yox, mənim ayağa qalxmış xalqımın hərəkatı idi!
Toplu hərəkatı məhz belə təqdim edirdi və onun səhifələrində hərəkat haqqında bilinməsi vacib olan hər şey var idi artıq. Bu kitabda "Novruz" imzalı bircə məqalə yer almışdı. Xiyabani isə unudulmuşdu elə bil. Bu böhranlı məğlubiyyət ərəfəsi idi. İndi səksən illik məsafədən biz görürük: S.C.Pişəvəri müəllimi Şeyx Xiyabani haqda yazılarında onun Azərbaycan dövlətçisi kimi ölməz portretini yaratmışdır. Bu portret qiymətsiz və müasirdir, dövlətimizin və gəncliyimizin qüdrətli silahıdır.
oktyabr-dekabr 2022-ci il
Rəhim ƏLİYEV
525-ci qəzet.- 2023.- 8 aprel.- S.23.