Tarixin ən qalmaqallı sarayında bir gün
Zaman dəhşətli
qavramdır. İl ili əvəzlədikcə,
yaş üstünə
yaş gəldikcə
bunu aydın anlayırsan. Başa düşürsən ki, yaşamaqla ölmək göz qırpımı qədər
bir-birinə yaxındır.
Anlayırsan ki, hər dəqiqənin bir hökmü var. Dərk edirsən ki, hər kəs və hər şey müvəqqətidir.
Dünya durduqca yaşayacağını sandığın
insanların, göz bəbəyi kimi qorunan abidələrin, göy üzünə yaxın zirvələrin belə hər an yox ola biləcəyini öyrənirsən.
Zənnimcə, ard-arda baş
verən fəlakətlər,
pandemiya, müharibələr,
zəlzələlər, şahid
olduğumuz kütləvi
ölümlər bunu
idrak etməyimizi daha da sürətləndirdi.
Hal belə olunca
intriqaların, kölgəli
düşüncələrin, qaranlıq beyinlərin, fitnə-fəsadın nə
qədər mənasız
olduğunu, həyatın
bunlara zaman ayıracaq qədər uzun olmadığını
görürsən. Belə
bir dünyada taxt-tac davaları, saray çəkişmələri,
edamlar, sürgünlər,
hakimiyyət üçün
övladını öldürən
sultanlar, şahzadələri
zəhərləyən ögey
analar, öz övladını taxta oturtmaq üçün dünyanı yox etməyə hazır olan hikkəli qadınlar, hərəmdə
bütün gün bəzəkli-düzəkli şəkildə
oturub padşahla keçirəcəyi gecəni
xəyal edən, ancaq o gecənin gəlmədiyini seyr edərək illərini məhv edən cariyələrin yaşadıqlarının
nə qədər mənasız olduğunu fikirləşirsən. Topqapı sarayına
bu düşüncələrlə
girdim, indi nə taxt-tac var, nə padşahlar,
nə o qadınlar var, nə cariyələr.
Çoxunun adı belə
silinib gedib. Hamısını qoyaq bir kənara, heç imperatorluq da qalmayıb. Sadəcə saray, əşyaları,
bağında ulu çinarlar, bəzi yerlərdə üzərində
3-4 cümləlik məlumatlar
olan lövhələr
qalıb. Düşünürsən
dəyərmi, ya da dəyərdi bu qədər qan tökməyə?!
Topqapı möhtəşəm bir saraydır. Di gəl
ki, dörd yüz illik tarixdə yaşanan qarmaqarışıqlıq sanki
bir zülmət kimi sarayın canına hopub. Əsas qapının əzəməti
qarşısında böyük
həyəcan yaşayanda
yox, içəri ilk addımını atdığın
anda bu ağırlığı
hiss edirsən. Ucsuz-bucaqsız saray, gəzirsən bitmək bilmir, oturursan maraq dinmir. Əsrarəngiz
bir yerdir bura!
Ən parlaq və ən qaranlıq yer
İstanbul tarixinin ən qədim şahidlərindəndir. Bir dönəm cahana hökm edən Osmanlı padşahlarına
ev sahibliyi edən Topqapı sarayı bir neçə əsrin əsrarəngiz, dəbdəbəli,
bəzən qaranlıq,
bəzən aydınlıq,
nəhəng ölümləri,
edamları, ən qorxulu intriqaları, xoş anları, minlərlə insanın xatirələrini yaşadan
muzey statusundadır. Dünya tarixində yeni bir səhifə açan İstanbulun fəthindən sonra Fateh Sultan Mehmetin əmri ilə əsası qoyulan Topqapı sarayı 1478-ci ildən bəri böyük bir ərazidə bütün
əzəməti ilə
ucalır. Osmanlı İmperatorluğunun
idarə mərkəzi
olan Topqapı Sarayı tarixi boyunca dörd mindən çox önəmli şəxsiyyətin
qonaq edildiyi yer olub. Kimlər gəlməyib ki, buraya? İmperatorlar,
krallar, elçilər,
tacirlər, din adamları,
şairlər, yazıçılar
və daha kimlər, kimlər...
Dünyanın dörd bir yanından
gələn tarixin ən önəmli şəxsləri Osmanlı
padşahlarının hüzuruna
çıxmaq üçün
Topqapı sarayında
qarşılanıblar. Ərazisində
köşklər, qış
bağı, yay bağı, məscidlər,
mədrəsələr olan
saray, inşa edildiyi gündən Osmanlının beyin mərkəzinə çevrilmişdi
və imperatorluğun
işığı buradan
bütün cahana yayılmışdı, bəzən
də qaranlığı...
Şərqi Roma akropolu üzərindəki
tarix
Fatih
Sultan Mehmet İstanbulu
fəth etdikdən bir müddət sonra, yəni 1460-cı illərdə elə onun göstərişi ilə inşasına başlanan saray 18 ildə, yəni 1478-ci ildə tamamlanır.
Mərmərə dənizi, İstanbul
boğazı və Haliç arasındakı
tarixi İstanbul yarımadasının ucundakı
Sarayburnunda mövcud olan Şərqi Roma akropolu üzərindəki
yeddi yüz min kvadratmetrlik bir ərazini əhatə edir. Dünyanın ən qədim
və ən böyük sarayı olan Topqapının nəhəng ərazisi zaman içində bölünüb, hazırda
dörd yüz min kvadratmetri əhatə edir. Buna baxmayaraq
yenə də dünyanın ən böyük saray muzeyi statusunu qoruyub saxlayır. Burada Osmanlı
imperatorluğuna aid memarlıq
abidələri, müxtəlif
əşyalar və təxminən 300 min arxiv sənədi saxlanılır.
"Bab-ı Hümayun", "Babüsselam"
və "Babüssaade"
adlı üç əsas qapısı olan Topqapı bağçalar və meydanlarla əhatələnib.
Onlardan biri də hamımızın
Nazım Hikmet şeirindən yaxşı
tanıdığımız Gülhanə parkıdır.
Saray bir-birinə giriş-çıxışı
olan dörd həyətdən ibarətdir.
Təkcə Hərəmin dörd
yüz otağı
var. Bu təbii ki, fantastik rəqəmdir. Osmanlının ən canlı
dönəmlərində belə
burada minimum dörd
min insan yaşayıb.
Sarayın memarlığında köçəri türklərin
ordugahlarından ilham alındığı da görülür.
Həzin
son...
Fatih Sultan Mehmetdən
başlayaraq otuz birinci padşah Sultan Abdulməcidə qədər
dörd yüz illik müddətdə imperatorluğun idarə mərkəzi Topqapı olub. XIX əsrdə Sultan Abdulməcid Dolmabağça
sarayını inşa
etdirməsi ilə bir Topqapı dönəmi sona çatır. Bütün sülalə
oraya köçür.
Bu köçlə birlikdə saray tərkedilmiş hesab edilməyinə rəğmən
önəmini həmişə
qoruyub. Xüsusi günlər və
ilin bəlli zamanlarında padşahlar buraya gəliblər.
Sarayın tərk edilmə
səbəbi padşaha
qarşı sui-qəsdlərin,
intriqaların, qaranlıq
işlərin kontrol edilməyəcək həddə
çatması olur.
Qeyd edim ki, Osmanlı
padşahları Topqapıdan
sonra heç vaxt bu cür
böyük saraylarda yaşamırlar. Hətta Abdulməcidin
Dolmabağça sarayını
tikdirib köçməsindən
sonra hakimiyyətə
gələn digər sultanlar özlərinə
Bəylərbəyi, Ulduz,
Çirağan kimi daha kiçik saraylar inşa etdirərək oralara köçüblər. Bu
"köç"ə son nöqtəni isə
Mustafa Kamal Atatürk qoyur. Cümhuriyyətə Ankaranı paytaxt
seçir, uzun müddət İstanbula üz tutmur. Hətta bacardığı qədər
bura gəlməməyə
çalışır. Bu isə bir
növ İstanbulu sevmədiyi anlamına gəlir. Ancaq təəssüf ki, son nəfəsini Dolmabağça sarayında
verir.
Topqapıya Memar Sinan toxunuşu
Dünyanın ən böyük
və ən qiymətli daşı olan 86 karatlıq Qaşıqçı Almazı
da burada sərgilənməkdədir. Saray mətbəxtləri
sərgisi isə sarayda ilk ziyarət edilən yerdir. Burada on min ədəddən ibarət
yemək dəsti parçaları dünyada
önəmli bir yerə sahibdir. Tarixi boyu bir çox
hadisələrə şahid
olan sarayın bir hissəsi 1574-cü ildə baş vermiş yanğın zamanı ciddi zərər görür.
Buna görə də, Sultan II Səlimin əmri ilə tikilinin mətbəxt, hərəm və ərz otaqları o zamanın tanınmış
şəxsiyyətlərindən olan Memar Sinan
tərəfindən bərpa
olunur.
Padşahların əsrarəngiz sirləri
Əslində Topqapı bir yazıya sığmayacaq qədər nəhəngdir. Ona görə də burada daha əvvəl yazılmayan, gözə görünməyən nüanslara toxunmaq istədim. Məsələn, diqqətdən kənar qalan bölmələrdən biri də əksər ziyarətçilərin qapısından dönüb qayıtdığı "tilsimli padşah köynəkləri və kaftanlar" bölməsidir. Nəzarətçilər başı açıq girməyin qadağan olduğunu söylədi. Burada yaylıq xidməti yoxdur. Maraq güc gəldiyi üçün pencəyimi başıma bağlayıb içəri girmək məcburiyyətində qaldım. Məlumdur ki, sirr, gizlilik kəlməsi insanlara daha cazibədar gəlir. Görəsən, bu padşahların bir otağa sığdırılan sirləri nədir deyə düşündüm. Bir-birindən fərqli geyimlər var vitrinlərdə. Padşahların zirehli geyimləri altınadakı xüsusi köynəklər sərgilənir. Harvard Universitetinin belə izinə düşdüyü bu tilsimli köynəklərin sirrini açmağa nail ola bilmədikləri deyilir. Bəziləri üç ilə tamamlanıb. Hər birinin üzərində tilsimli şəkillər və xüsusi dualar var. Sarayda doxsana yaxın belə geyim mövcuddur. Bu geyimlər münəccim başının ulduzlara baxaraq müəyyənləşdirdiyi günlərin xüsusi saatlarında tikilməyə başlanırmış. Baş münəccim xalq arasında "Əşrəf saatı" olaraq bilinən bu vaxtı müəyyənləşdirdikdən sonra sarayın din damları geyimin üstünə yazılacaq olan tilsimlərə qərar verirmişlər. Bunlar daha çox dua və hələ də nə mənaya gəldiyi bəlli olmayan rəqəmlər və şəkillərdən ibarət olurdu. Bu şəkil və dualar padşahın geyiminə dönəmin ən məşhur, sayılıb-seçilən xəttatları tərəfindən işlənirdi.
Tilsimli geyimlər ümumilikdə üç önəmli səbəb üçün hazırlanırmış. Bunlardan biri və birincisi savaş tilsimi idi. Padşah savaşa gedərkən geyinməsi və qəzadan qorunması üçün hazırlanan geyimlər xüsusi dualarla işlənirmiş. Xəstəliklərə qarşı tilsimli geyimlər daha çox imiş. Bir də əhval-ruhiyyəni qorumaq və bəd nəzərdən qorunmaq üçün fərqli dua və şəkillərlə bəzənmiş geyimlər hazırlanırmış. Bu geyimlərin üstündəki şəkil və rəqəmlər də sirr olaraq qalır. Bəzi tarixçi alimlər hesab edir ki, bu sirr açılsa tibbin alternativi kimi bir çox xəstəliyin sağalmasında istifadə oluna bilər. Geyimlərin üstündə ümumilikdə 55 surə yazıldığı aşkarlanıb. Ən çox yazılan Fatihə surəsidir. Yasin xəstəliklərə qarşı və ölüm döşəyindəki padşahların geyimlərinə işlənirmiş. Fəth surəsi müharibəyə gedən padşahların geyimlərində mütləq şəkildə yer alırmış. Ayətəl Kürsi də bəlalardan qoruduğu üçün bu geyimlərin üzərində həmişə istifadə edilirmiş. Fələk və Nas surələri isə daha çox ruhi xəstəliklərdən qorunmaq üçün seçilirmiş. Bu geyimlərin üzərində dörd mələyin adı mütləq şəkildə qeyd edilir. Həmin mələklər Mikayıl, Əzrayıl, Cəbrayıl və İsrafildir. Bəsmələ ayətlərdən uzaq, dördbucaq şəklində yazılıb. Əsmaul Hüsna bu geyimlərin vazkeçilməzi sayılır. Peyğəmbərlərdən isə Hz. Məhəmməd, Hz.Süleyman, Hz.Əlinin adlarının qeyd edildiyini görmək olur. Hətta bəzi geyimlərə Hz.Məhəmmədin ayaq izi belə işlənmişdi. Açığı bu faktı orada öyrəndim, sən demə, bizim başımızı həmin ayaq izinə görə məcburi şəkildə bağlatdırıblar. Eyni zamanda, peyğəmbərin Nübuvvət möhürü də bu geyimlərin üstündə yer aldığını görmək mümkündür. Xüsusi parçadan hazırlanan geyimlərə su vurmaq olmazmış. Çünki yuyulanda üzərindəki bütün dualar və işləmələr yox olurmuş. Demək olar ki, bütün padşahların Möhrü Süleymanlı bir geyimi olub. Bu geyim ulduz formasındadır. Padşahlar bunu bütün canlılara xitabən, heyvanların dilini başa düşmək üçün geyinirmişlər.
Cümhuriyyətin ilk muzeyi
Türkiyə Respublikası elan olunduqdan sonra Mustafa Kamal Atatürkün əmri ilə 1924-cü il aprelin 3-dən etibarən muzey kimi fəaliyyətə başlayan bu tarixi məkan "Cümhuriyyətin ilk muzeyi" adını qazanıb. Hər gün minlərlə insanın ziyarət etdiyi, İstanbulun ən çox turist qəbul edən muzeylərindən biridir. Nadir memarlıq üslubu və gözəlliyi ilə istər yerli, istərsə də xarici turistləri özünə cəlb edən saray 1985-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Türkan
TURAN
525-ci qəzet.- 2023.- 8 aprel.- S.17.