Tok-şou haqqında nəcib qeydlər  

 

 

İki nəfərin söhbəti (aparıcı və qonağın) üzərində qurulmuş teleproqramlar dünya televiziyasında geniş yayılmış formatdır. Amma təbii ki, belə formatda hazırlanan tok-şouların hər birinin özünəxas konsepsiyası, təsvir həlli, konkret xətti olur. Bəzən auditoriyanın iştirakıyla, bəzən də publikanın iştirakı olmadan hazırlanan belə tok-şoular, müxtəlif - əyləncəli, sosial-ictimai, maarifçilik və digər istiqamətləri nəzərdə tutan konseptə əsasən qurulur.

İki nəfərlik tok-şou sadə, ilk baxışdan asan başa gələn görünsə də, onun öz çətinlikləri var. Çünki tamaşaçının marağını verilişə yönəltmək üçün aparıcının üzərinə böyük məsuliyyət düşür. Başqa cür desək, peşəkarlıqdan əlavə, aparıcının xarizması, individual obrazının olması da şərtdir və ən əsası o, qonağını söhbətə çəkməyi, bir atmosfer yaratmağı bacarmalıdır. Yəni bu zaman rejissor işindən, vizual həldən çox, aparıcının şəxsiyyəti, onun söhbətin ritmini, dinamikasını saxlamaq qabiliyyəti önə çıxır.

Azərbaycan Dövlət Televiziyasında, xüsusən də, onun nəzdində fəaliyyət göstərən "Mədəniyyət" kanalında analoji formatdan geniş istifadə olunur. Əsasən, studiyanın tərtibatı, rəng həlli baxımından bir-birindən fərqlənən bu tip verilişlərin başlıca məqsədi maarifləndirməkdir. Maarifçilik istiqaməti dövlət büdcəsindən maliyyələşən AzTV-nin, İTV-nin efir siyasətinin prioritetlərindəndir. Doğrudan da, az qala, hər şeyi, hətta sosial və ailə faciələrini belə, şouya çevirmək cəhdinin dəbdə olduğu müasir efir məkanında bilgi verən, düşüncəni qıcıqlandıran proqramlara, intellektual müzakirələrə ehtiyac böyükdür. Lakin bu zaman başqa bir məsələ ortaya çıxır: necə etmək lazımdır ki, maarifləndirici verilişlər daha geniş tamaşaçı kütləsinin diqqətini cəlb eləsin, üstəlik, intellektual kəsimi də maraqlandırsın. Elə bir veriliş ki, tamaşaçı onunla polemikaya girsin, aparıcının intellekti, dünyagörüşü, fikirləri ilə hesablaşsın. Yaxud belə deyək, maarifçilik vəzifəsini öhdəsinə götürən proqramlar görüntü xatirinə hazırlanmasın, funksional mahiyyət daşısın.

Elə bu niyyətlə növbəti yazıma hazırlaşanda, oxşar formatlı iki fərqli veriliş izlədim - "Mədəniyyət" kanalının efirində yer alan "Nəcib söhbətlər" və Az.TV-də yayımlanan "1 AzTV".

Hər proqramın bir neçə buraxılışına baxdım və özümə sual verdim ki, nədən bu verilişlər, məsələn, intellektual çevrələrdə populyar deyil, sosial şəbəkələrdə məhdud çərçivələrdə də olsa, haqqında danışılmır. Mənə elə gəlir ki, problem hər şeydən öncə bu tip tok-şouların konsepsiyalarının dəqiq müəyyənləşdirilməməsindədir.

AzTV ilə uzun müddətdir əməkdaşlıq eləyən təcrübəli jurnalist Nəcibə Əlixanovanın "Nəcib söhbətlər" proqramının vizual tərtibatı, rəng həlli zövqlüdür. Struktur ondan ibarətdir ki, studiyaya bir nəfər yaradıcı qonaq dəvət olunur, söhbətarası isə gənc ifaçılar mahnı oxuyur. Yeri gəlmişkən, "Nəcib söhbətlər"də ən çox yadımda qalan zövq aldığım elə gənc, istedadlı ifaçıların performansı, mahnıların keyfiyyəti, sənət meyarlarına cavab verməsi oldu.

Söhbətin məzmununa gəlincə, yuxarıda dediyim kimi, müzakirənin əsas xətti yoxdur. Buraxılışlardan birinə Xalq rəssamı, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov dəvət olunmuşdu. Çox gözləyirdim ki, söhbət onun yaradıcılığı, müasir dövr rəssamlığımızda mövcud istiqamətlər, eyni zamanda, dünya təsviri sənəti kontekstində milli rəssamlığa baxış olacaq...

"Nəcib söhbətlər"ə bir azdan qayıdacağam. İndi fürsətdən istifadə edib, jurnalistikamızın mədəniyyət sahəsində məni narahat edən bir probleminə toxunmaq istəyirəm. Mədəniyyət sahəsindən yazan jurnalistlər ən çox materialın informativliyinə fokuslanırlar. Ona görə mədəniyyətin müxtəlif sahələrində baş verən sənət hadisələri haqda analitik məqalələr çox yazılmır. Bunun bir səbəbi mədəniyyət sahəsində çalışan jurnalistlərin müəyyən, bəlkə də, böyük qisminin mövzularla bağlı yetərli bilgilərinin yoxluğundadır. Musiqi sahəsi əsasən, pop müğənnilərin və muğam ifaçılarının müsahibələri ilə doldurulur, filmlər və teatr tamaşaları haqda resenziyalar adda-budda yazılır. Təsviri sənət növləri, həmçinin, rəssamlıqla bağlı araşdırma, təhlil yazıları isə daha azdır. İnternet resurslarında rəssamlarımızın yaradıcılığı haqda təhlillər tapmaqda çətinlik çəkirəm. İncəsənətin bu sahəsindən yazılan əksər materiallar təəssüf ki, vikipediya üslubundadır və mövzuya səthi münasibətdən o yana keçmir.

Aydındır ki, özəl telekanallarda incəsənətlə bağlı verilişlərə üstünlük verilməməsi onların reytinq gətirməməsi ilə əlaqəlidir. Lakin dövlət büdcəsindən maliyyələşən kanalların - İTV və AzTV-nin reytinq qayğısı azdır və tamaşaçını bilgiləndirən belə verilişlərin hazırlanması daha çox onların öhdəsinə düşür...

Ona görə Ağaəli İbrahimovla söhbətin sanballı, konseptual olacağından çox ümidliydim. Əvəzində qeyri-produktiv, monoton bir söhbət izləməli oldum. Çünki aparıcının sualları vurucu və dəqiq deyildi, əvəzində o, lirik-mücərrəd, klişe fikirlərlə qonağı polemikaya çəkirdi: "Elə şeirlər var ki, onu oxuyanda gözlərimiz önündə rəssam tablosu canlanır", "Həyatda hər şey rəngdir. Muğamın rəngləri hansılardır?", "Nəsiminin, Nizaminin şeirlərinin gücü ordakı sevginin platonikliyidir", "Rəssamların hər dəfə müəyyən müddətdən sonra ilham pərisi olmalıdır ki, ilhamlanaraq o əsərləri yaratsınlar", "Niyəsə yaradıcılarımız ən son məqamda günəşə üz tuturlar" və s. Qonaq da aparıcının ritminə tabe olaraq dağınıq cavablar verirdi. Hərdən də aparıcı söhbəti qurmaqda çətinlik çəkdiyindən yeri musiqiyə verməli olurdu.

Bəzən Ağaəli İbrahimov aparıcıya söhbəti inkişaf etdirə biləcək maraqlı motivlər versə də, qarşı tərəf onu davam etdirmirdi. Məsələn, Xalq rəssamının "Həyat hardan başlayır", "Niyə insan və təbiət yaranıb?" mövzusunda rəsm silsiləsi, yaradıcılığının xüsusiyyətləri, sərt həyat həqiqətləri qarşısında insanın sənətə sığınması kimi həmişə müzakirəyə açıq mövzunun üzərindən səthi keçildi.

Eyni situasiya aktrisa, rəssam, florist Suğra Bağırzadə ilə söhbətdə də təkrarlandı. Yenə mərkəzi xətt, qonağın dünyasını açan suallar olmadığından, aparıcı lirik-poetik ricətlərlə söhbəti irəli apara, dərinləşdirə bilmirdi. Hər dəfə də cansıxıcı vəziyyəti musiqi, ifalar xilas edirdi.

Başqa bir buraxılışda isə müsahib telekanalın rejissoru Natiq Cavadzadə idi. Aparıcı əvvəldə Türkiyədə baş vermiş zəlzələnin AzTV-nin efirində işıqlandırılmasından geniş danışanda və dövlət tədbirlərinin, canlı yayımların rejissoru Natiq Cavadzadənin öz peşəsinin xüsusiyyətləri, təcrübəsi haqda ətraflı məlumat verəndə zənn etmək olardı ki, söhbət bu mövzu ətrafında gedəcək. Amma gedişatdan məlum oldu ki, qəhrəman Natiq Cavadzadənin atası, şair Əli Tudədir. Əgər qəhrəman Əli Tudədirsə, onda proqramın dramaturgiyası ekspozisiyanın birbaşa ondan başlamasını tələb edirdi. Bütün hallarda Ağaəli İbrahimovla, Suğra Bağırzadə ilə söhbətdən fərqli olaraq, aparıcının Əli Tudənin həyat və yaradıcılığı haqda daha geniş bilgiyə malik olduğu hiss edilirdi. Ona görə də veriliş daha informativ, maraqlı alındı.

İki nəfərlik tok-şoularda söhbətin konturlarının dəqiq müəyyənləşməsi vacibdir ki, müzakirənin davamlılığı pozulmasın. Aparıcı müsahibini danışdırmağı bacarmalı, tamaşaçıya hansı informasiyanı ötürməli olduğunu bilməli, qonağını yaxşı tanımalıdır. Əks halda xaotik, ritmsiz veriliş alınır.

AzTV-nin efirində yayımlanan "1AzTV" "Nəcib söhbətlər"dən fərqli olaraq, əyləncə xarakteri daşıyır. Burada qonaqlar əsasən müğənnilərdir. Hərçənd, bəzən dəvət edilənlər arasında rəssam, heykəltaraş da olur. Verilişin aparıcısı Şəhriyar Əbilov qonaqlarla söhbəti onların yeni planları, peşəyə necə yiyələnmələri və bu kimi digər şoularda istifadə edilən motivlər üzərində qurur. Bu mənada "1AzTV" digər şou proqramlardan fərqlənmir.

Kanalın rəsmi saytında veriliş haqda belə yazılır: "1AzTV" verilişi "Late Night with Conan O'Brien", "The Ellen DeGeneres Show", "Veçerniy Urqant" və digər dünya üzrə məşhur verilişlərin analogiyası əsasında hazırlanan, Azərbaycan tamaşaçıları üçün adaptasiya edilmiş axşam şousudur. Proqramın fərqli xüsusiyyəti tok-şou və sitkom formatlarının ahəngini təşkil etməsidir".

Məsələ ondadır ki, televiziya həyatı vaxtilə ATV-də yayımlanan "Qəfəs" realiti şousundan başlayan Şəhriyar Əbilovun yuxarıda adı çəkilən əcnəbi proqramların aparıcıları kimi zəngin yaradıcılıq yolu yoxdur. Düzdür, Şəhriyar Əbilov özünü aktyor kimi də sınayır, serial və filmlərdə çəkilir. Bununla belə, onu peşəkar, xüsusi istedada malik aktyor adlandırmaq çətindir. Çünki bütün ekran işlərində eyni tərzdə oynayır. Sadəcə, fakturası kommersiya məqsədilə çəkilən filmlərdə müəyyən obrazlara uyğun gəldiyindən və populyar sima olduğundan rejissorlardan dəvət alır.

Yuxarıda qeyd edilən, Amerika istehsalı olan və ötən ildən artıq efirə getməyən "The Ellen DeGeneres Show"un aparıcısı Ellen Degeneres ölkəsində tanınan aktrisa, komikdir, öz sahəsinin peşəkarıdır və karyerasına stəndapçı kimi başlayıb. Onun şousu müxtəlif seqmentlərlə zəngin idi: tamaşaçılarla oyun oynanılır, hədiyyə verilirdi, maraqlı, əyləncəli tvitlər, feysbuk statusları və şəkilləri, uşaqların çəkdiyi maraqlı rəsmlər və s. paylaşılırdı.

"Late Night with Conan O'Brien"ın aparıcısı Konan Obrayen da komik aktyordur, aparıcı və ssenaristdir. Üstəlik, ədəbiyyat üzrə elmi işlərin müəllifidir.

Azərbaycanda da tanınan İvan Urqant şoumen, aktyor və ssenaristdir. Onun aparıcısı olduğu "Veçerniy Urqant" proqramı da müxtəlif maraqlı seqmentlərlə zəngindir.

Hər üç aparıcının komediya sahəsində istedadı, təcrübəsi var və potensialları əyləncəli veriliş aparmağa imkan verir. Şəhriyar Əbilovun isə belə bir potensialı olmadığından onun qonaqlarla söhbətləri digər telekanallarda yayımlanan bu səpkili verilişləri təkrarlamaqdan o yana keçmir. Hərçənd, aparıcının proqramı maraqlı etmək, dinamikləşdirmək üçün səmimiyyətlə çalışdığını da mütləq qeyd etməliyik.

"1AzTV"də yeni və maraqlı olan təkcə verilişin əvvəlində qısa yumoristik səhnəciklərin işlənməsidir. Səhnəciklərdə bir neçə əsas personaj - rejissor, prodüser, işıqçı, xadimə iştirak edir və həmin hissələrdə müxtəlif məsələləri (kreativliyi imitasiya edən "yaradıcı" insanlara tənqidi münasibət, kiçik insanın arzuları) ifadə edən komik situasiyalar qurulur.

Ümumiyyətlə, analoji əyləncəli verilişlərin aparıcısı hazırcavab, heç nədən komik situasiya yaradan, çevik, iti ağla, zövqlü yumora malik erudisiyalı biri olmalıdır. Bu mənada Şəhriyar Əbilovu bayaq adlarını çəkdiyimiz əcnəbi müəlliflərlə, "1AzTV"ni isə həmin şoularla eyniləşdirmək, təəssüf ki, doğru deyil.

 

Sevda Sultanova

525-ci qəzet.- 2023.- 8 aprel.- S.12.