Bir sinə dolusu ah
Zəngilan
elinin ağsaqqalı, tanınmış ictimai-siyası xadim Nəzir Qibləli
oğlu Kərimovun işıqlı
xatirəsinə dərin ehtiramla
Ötənləri xatırlamaq ötənlərdə
olmuşları yenidən yaşamaqdı. Yeniyetməliyimdə, gəncliyimdə
gördüklərim, yaşadıqlarım, eşitdiklərim
heç zaman yaddaşımdan çıxmayıb,
çıxmayacaq da...
Ötən illərin xatirələri kövrəklikdi. Atalı dünya var ötənlərdə,
analı dünya var, uşaqlıq var, yeniyetməlik var, ilkin
gənclik, gənclik var. İllər sonra sənə elə gəlir
ki, o vaxtlar yellər belə əsmirmiş, yağışlar
belə yağmırmış, şimşəklər belə
çaxmırmış, çiçəklər belə
açmırmış. O illərdə
uşaqlığın gecələri ata söhbətləriylə
sonlanırdı, səhərlərin xeyir-duası ata
öyüd-nəsihəti olurdu. Onda ömrün sabahlarına
aparan yolun nə qədər işıqlı olduğu da
duyulur, bu yolun sonunda niyyətlərin bayraqlaşacağı
da...
Ötənlərdə
tanıdığım, sevdiyim, xarakterindən, təşkilatçılığından
öyrəndiyim vətənpərvərlər də
qalıb...
Nəzir
Kərimov 1928-ci il aprelin 13-də Zəngilan
rayonunun Yusiflər kəndində anadan olub. Pirçivan
kənd (indiki Zəngilan şəhər) orta məktəbini
bitirdikdən sonra rayon partiya komitəsində texniki katib
işləyib. Bu yaşda, bu təhsillə,
bu vəzifəyə təyin olunma faktı deyir ki, Nəzir Kərimov
orta təhsilli olsa da savadlı imiş, geniş
dünyagörüşü ilə tanınırmış.
Ünsiyyətcil gənc kimi, insanları səbrlə
dinləyərmiş, dəyərli məsləhətlər
verərmiş. "Məsləhət vermək
asandır, nə istəsən deyə bilərsən, ancaq
dediklərinin gerçək situasiyaya gərəkli
olduğuna, olacağına əmin olmalısan. Əmin
deyilsənsə, dillənmə, belə məqamlarda sükut
danışmaqdan xeyirlidir", - Nəzir müəllim belə
deyərmiş. Bu kəlamlar ağsaqqallıq kəlamlarıydı,
bu kəlamlarda Dədə Qorqudluq da vardı...
Nəzir
Kərimov hərbi xidmətdə olanda fəallığı,
siyasi səbatlığı ilə tanınıb, Moskva
yaxınlığında Tuçkova qəsəbəsindəki
Daş-çınqıl kombinatında mühafizə
divizionunun komsomol komitəsinin katibi seçilib, partiya
sıralarına qəbul edilib...
Anam Məstan
Ələsgərova xatırlayırdı: "mən də
rayon komsomol komitəsinin büro üzvü idim. Bir gün büro iclasına əsgər şinelində
bir gənc də gəldi. Onu təqdim etdlər: Nəzir
Kərimov. Komitənin birinci katibi vəzifəsinə
namizədliyi təklif edildi. Plenumun qərarı ilə
1952-ci il dekabrın 25-də yekdilliklə
birinci katib seçildi. Həm hərbi xidmətdən əvvəl
tanınırdı, həm də əsgər şinelində
olan cavanın vətənpərvərliyinə və gənclərə
yaxın olacağına inama görə..."...
Yaxşı
iş işıq kimidi. Uzaqdan da
görünür. Əməlisalehlər
bu işığa sabahların işığı deyir və
yaxşı işi dəyərləndirir. Nəzir Kərimovun
fəallığı da, cəmiyyət üçün gərəkli
təşəbbüsləri də, gənclərin bu təşəbbüsləri
dəstəkləməsi də rayon partiya komitəsinin diqqətindən
iraq düşməyibmiş. 1954-cü ilin oktyabr ayının 5-də
yaxşı işinin zəmanəti ilə Zəngilan rayon
partiya komitəsinin təşkilat şöbəsinin təlimatçısı
vəzifəsinə irəli çəkilib. 1956-cı
il fevralın 12-dən avqustun 30-dək partiya komitəsində təşkilat
şöbəsinin müdiri vəzifəsində işləyib.
Ali təhsil almaq istəyirdi. Dost-tanışlarına deyərmiş:
"Elə bil nəsə çatışmır. Bu "nəsə"nin çarəsi ali təhsildədi. Ali təhsil alacam. Mütləq alacam...". İstəyini rayon partiya
komitəsinin ikinci katibi Ziyad Təhməzova bildirib. Ziyad müəllim Nəziri səbrlə dinləyib,
gənc partiya işçisinin arzusu onun qəlbini telləndirib.
Onun niyyətinin işığında
özünün gəncliyini görüb. Elmə, təhsilə
həmişə yüksək dəyər verən Ziyad müəllim
böyük Nizaminin bir misrasını xatırlatmaqla ona
uğurlar arzulayıb: "Qüvvət elmdədir, başqa
cür heç kəs, heç kəsə üstünlük
eləyə bilməz". Ziyad müəllimin məsləhəti
ilə Bakı Ali Partiya Məktəbində ali-siyasi
təhsil alıb. 1960-cı ildə təhsilini
fərqlənmə diplomu ilə başa çatdırandan
sonra Zəngilan rayon partiya komitəsində təlimatçı
işləyib. Əvvəlki sevgilərlə,
əvvəlki yorulmazlıqla, əvvəlki enerji ilə.
1961-ci il avqustun 10-da Zəngilan Rayon Partiya
Komitəsinin ikinci katibi seçilib.
O illərdə
SSRİ hökumətinin daxili siyasəti hərdən
anlaşılmazlıqlar da yaradırdı. Niyəsi bilinməyən
irimiqyaslı siyasi islahatlar idarəetmədə də
aparılırdı - rayonlar birləşdirilirdi. 1963-cü ildə mərkəzi Zəngilan şəhəri
olmaqla Zəngilan rayonu ilə Qubadlı rayonu birləşdirildi.
Nəzir Kərimov 1963-cü il yanvarın
13-də Zəngilan Rayon Zəhmətkeş Deputatları Soveti
(ZDS) İcraiyyə Komitəsinin sədri seçildi. Vaxtilə gənclərin qayğılarının
qayğısına qalan vətənpərvər Nəzir Kərimov
bundan sonra birləşmiş rayonların əhalisinin
qayğısına qalacaqdı. Qalırdı da...
Ərazi geniş idi. Geniş ərazidə
yaşayanların da sayı çox idi. Sosial
qayğıların hamısını yerinə yetirmək
çətinliklər törədirdi...
Zəngilanda kabinetdən Qubadlının uzaq dağ kəndlərinin
qayğısına qalmaq əlbəttə ki, çətin,
çox çətin olurdu. Nəzir müəllim bəzən
Qubadlının Saldaş, Fərcan kəndlərindən gedib
Eyvazlı kəndinə çıxırdı, ordan qayıdıb
Qubadlıda qalırdı. Səhər Qubadlıdan
Həmzəli, Muradxanlı, Basarat kəndlərinə
gedirdi...
Bunları
nəzərə alaraq
Qubadlıda rayon ZDS icraiyyə komitəsinin
binasını Zəngilana
köçürmədi. Hiss edirdi ki, bu, rayonun
sakinlərinə pis təsir göstərə bilər. Digər bir çətinlik də rayonda çörəyin,
unun kəm olması idi. Şəbəkəli
fəaliyyətdə əsas diqqəti kolxozların
iqtisadiyyatının qaldırılmasına verirdi.
Rayon mərkəzinə
1967-ci ilin sentyabrında şəhər statusu verilməsi
Nəzir Qibləli oğlunun ən böyük və yaddaqalan
xidmətlərindən biridir. Şəhər statusu Zəngilanın
abadlaşdırılması və geniş quruculuq işlərinin
aparılması üçün maddi imkanları
artırdı, yeni idarə və müəssisələrin
yaradılmasına imkan verdi.
Şəhərin
emblemi və təsəvvürolunmaz özəlliyi olan 27
hektarlıq sahədə Dağüstü park salınması, sonralar genişləndirilərək
100 hektardan çox ərazisi olan "Gənclik Parkı"
adlandırılması rayonun ən səfalı istirahət və
əyləncə yerinə çevrildi. Parkda təpələr
hamarlanaraq terraslar çəkildi, yüz minlərlə meyvə,
həmişəyaşıl bəzək ağacları,
yaraşıqlı, göz oxşayan gül kolları əkildi,
dayanaqlı suvarma üçün su kəməri çəkildi.
"Gənclik Parkı"nda Böyük Vətən
Müharibəsi iştirakçılarının xatirəsinə
abidə ucaldıldı. Tarixin dünənlərinə,
zəngilanlıların Böyük Vətən müharibəsində
qəhrəmanlıqlarına ehtiram kimi. Hələ orta
məktəbdə oxuyanda, elə sonrakı illərdə də
bu parkın
ilk ağaclarını əkənlərin sırasında mən
də olmuşdum. Bu bənzərsiz, möhtəşəm
parkın tikilməsində hamı böyük sevgilərlə
iştirak edirdi. Nəzir müəllim də onların
sırasındaydı....
Tarixin dünənləri sabahların
başlanğıcıdır. Bu başlanğıc əbədiliyin
yolgöstərənidir. Həmişə
belə olub. Tarixin dünənlərinə
sayğı, ehtiram, sabahlarına qayğı Nəzir Kərimovun
fəaliyyətinin göyqurşağı olub, zənnimcə. Qəbiristanlıq salınması
üçün şəhərdə iki hektar sahədə torpaq sahəsini
ayırması, oranın mişar daşları ilə hasara
alınması, içməli
su çəkilməsi, xeyli ağac, gül kolları əkilməsi,
gediş-gəliş üçün yol ayrılması,
gözətçi təyin edilməsi və digər işlərin
görülməsi buranı əsl ziyarətgaha
çevirmişdi.
Zəngilan
şəhərinin yuxarı hissəsi ilə aşağı
hissəsini birləşdirən körpü salınması,
Bəsit çaydan şəhərə əlavə su kəməri
çəkilməsi, qəsəbə və kəndlərimizin
əsaslı surətdə genişləndirilməsi, abad-laşdırılması
da Nəzir Kərimovun Zəngilana heç zaman unudulmayacaq xidmətlərindəndir.
"Tikmədim özüm qalam. Tikdim ki,
izim qala" bayatısı kimi...
Şəhərdə
müasir tipli, yaşıl örtüklü gözəl stadion,
müasir tələblərə cavab verən bazar, daha yüksək xidmət
imkanları olan çoxlu mədəniyyət,
maarif, səhiyyə, ticarət və
ictimai iaşə obyektlərinin
tikintisi geniş vüsət aldı. Belə
uğurlu abadlıq və quruculuq işlərinin sayəsində
ən ucqar dağ rayonu olan Zəngilan respublikanın ən
yaraşıqlı və füsunkar şəhərlərindən
birinə çevrildi.
1968-ci il
sentyabrın 11-də
Nəzir Kərimovun
Zəngilan rayon partiya komitəsinin birinci katibi
seçilməsi bütün zəngilanlıların sevincinə
səbəb oldu. Hər bir zəngilanlı Nəzir Kərimovu
gördüyü quruculuq işlərinə, ədalətinə,
işgüzarlığına, tələbkarlığına
və yüksək intizamına görə sevirdi və ona ehtiramla
yanaşırdı. Bu ehtiramı və
etimadı şərəflə doğrultmaq üçün
yeni vəzifədə daha yeni yaddaqalan quruculuq işləri
gördü.
Artıq
rayonun iqtisadiyyatında, mədəni quruculuq sahəsində,
maarif, mədəniyyət, səhiyyə sahələrinin işində ciddi irəliləyiş hiss
olunurdu. Pambıqçılıq, heyvandarlıq sahəsində
əldə olunmuş nailiyyətlərə görə rayonda aparılan işlər yüksək qiymətləndirilərək
Azərbaycan KP MK-nın və Respublika Nazirlər Sovetinin
keçici qırmızı
bayraqlarına layiq görülməklə, kənd təsərrüfatında
çalışan əməkçilərin bir çoxu
dövlət tərəfindən ən yüksək orden və
medallara layiq görüldü.
Ağ oyuq böyük düzdü. Susuzluq onun
gözəlliyini həmişə korlayıb. Onu bu ağrılardan Nəzir Kərimov xilas etdi.
"Ağ oyuğu susuzluq mərəzindən xilas eləmək
mənim həm mənəvi borcumdu, həm vətəndaşlıq,
həm də vəzifə borcumdu...", -
Nəzir müəllim belə deyirmiş. Deyirmiş və
3500 hektar dəmyə sahənin suvarılması məqsədi
ilə Ağ oyuğa
Həkəri çayından su
çıxardılmasına qərar veribmiş. Bunun
üçün vəzifə imkanlarından, deputatlıq
hüququndan bəhrələnməklə hidrokompleksin tikintisinin 1976-1980-ci ilin planına
salınmasına nail olmuşdu. Su çəkildi.
Nəticədə, rayonun suvarılan
torpaqlarının həcmi 2.5 dəfə artdı.
Yazı düzünə su çəkilməsilə əlaqədar
şəhərin şimal-qərbində
melioratorlar üçünirimiqyaslı yaşayış məntəqəsinin,
Yazı düzündə hər cür sosial xidmət obyektləri
olan 1500 nəfərlik Üzümçülər qəsəbəsinin
salınması da Nəzir Kərimovun müstəsna xidmətlərindən
idi.
Səkkizinci
və doqquzuncu çağırış Azərbaycan SSR Ali
Sovetinin deputatı və Azərbaycan Partiya təşkilatının
dörd qurultayına nümayəndə seçilən,
partiya-sovet orqanlarında yüksək fəaliyyətinə
görə 1971-ci ildə "Oktyabr İnqilabı", 1973-cü ildə
"Qırmızı Əmək Bayrağı",
1976-cı ildə ikinci dəfə " Qırmızı
Əmək Bayrağı " ordenləri ilə təltif
edilən Nəzir Kərimov rayon partiya komitəsinin birinci
katibi vəzifəsindən sonra 2006-cı il dekabrın 28-dək 27 il
rayon maliyyə şöbəsinin müdiri vəzifəsində
işləyib.
Zəngilanlılar Nəzir Kərimova həmişə
ehtiram göstərirdi. Mən camaatın Nəzir müəllimə hörmət
və ehtiramını onunla təsərrüfat işlərinin
qızğın vaxtlarında kolxoz-sovxozlara birgə təhkim
ediləndə dəfələrlə görmüşəm...
Tanınmış
ictimai-siyasi xadim, Zəngilan elinin müdrik ağsaqqalı və
dəyərli ziyalısı Nəzir Qibləli oğlu Kərimov
2011-ci il iyunun 7-də köçdü dünyadan.
Nəzir müəllim qurdu, yaratdı.
Qurduqları, yaratdıqları Zəngilan işğal olunana
kimi yaşadı, yaşadıldı. Zəngilanın
işğaldan azad edilməsini görə bilmədi Nəzir
müəllim. Zəngilanı yenidən görsəydi, əyilib
torpağı öpərdi, zamanında qurduqlarının,
yaratdıqlarının görkəmini görüncə sinə
dolusu ah çəkərdi...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2023.- 11 aprel.- S.14.