Məktəbəqədər təlim-tərbiyə: gələcək üçün zəruri başlanğıc

 

AZƏRBAYCANDA MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİ DAVAMLI ŞƏKİLDƏ DÖVLƏTİN DİQQƏT MƏRKƏZİNDƏDİR

 

Son illər Azərbaycanın dövlət məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçası) durumunun və səviyyəsinin yüksəldilməsi yönündə ardıcıl addımlar atılır. Məlum olduğu kimi, artıq xeyli vaxtdır ki, Bakı (bir qisim), Gəncə, Mingəçevir və Bərdədəki bağçalarda uşaqlara isti yeməklərin verilməsi ilə bağlı pilot layihənin icrasına başlanılıb.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyevin dediyinə görə, əvvəl bağçaya ərzaq verilirdi və oranın xidməti heyəti yeməyi bişirib uşaqlara paylayırdı: "İndi isə misal olaraq, bir ketrinq şirkəti qəbul edilən vahid standartlara uyğun, əvvəldən razılaşdırılmış menyu və qramajlarla yeməyi bişirir və bağçalara təqdim edir. Artıq yeməklərlə bağlı şəffaflıq yaranır ki, heç bir müdaxilə yoxdur. Çünki bəzən verilən ərzaqların hamısı bişirdimi və ya uşaqların hamısına çatırdımı sualları yaranırdı. İndi isə bilirik ki, uşağın qarşısına uyğun kaloridə və miqdarda hazır yemək gedir. Bu mənada ilkin təəssüratda pilot layihə uğurlu modelə oxşayır. Bağçanın mətbəxinin müəyyən istifadəsi var. Çünki xidmət yeri yenə də bağçanın özüdür. Bağçanın özünün mətbəxində yeməklərin hazırlanması bağçanın həcmindən asılıdır. Misal olaraq, bir ərazidə 3 yanaşı bağça var, amma kiçik bağçada mətbəx qurulması o qədər də əlverişli olmaya bilər. Həmin bağçalar üçün ketrinq daha sərfəli olar".

Elnur Əliyev deyir ki, bu ilin sonuna qədər uşaq bağçalarına isti yeməklərin verilməsi ilə bağlı pilot layihənin qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmənin sonunda yekun qərar veriləcək. Hazırda pilot layihə ilə bağlı tədqiqat gedir və ilkin geridönüşlər müsbətdir: "Tədqiqatı qısa zamanda bitirmək niyyətindəyik. Bundan sonra valideynlər və bağça əməkdaşları arasında sorğu edə, yaxud özümüz bağçalarda monitorinq keçirə bilərik ki, bu istəyimiz necə alınır. Yekun rəy əsasında pilot layihənin əhatə dairəsinin genişləndirilməsi və ya təkmilləşdirilməsi barədə qərar verəcəyik. Mingəçevir, Bərdə, Gəncə və Bakıda bəzi bağçalarda layihə icra olunur. Müqavilə şərtlərində bütün standartlar qeyd olunur. Bu da normativ hüquqi sənədlərə əsasən, tərtib edilir. Aidiyyəti dövlət qurumları qida ilə bağlı monitorinqlər də aparır. Bağçalara yemək verilməsi ilə məşğul olacaq ketrinq şirkətlərində nöqsanlar aşkarlanacağı təqdirdə müvafiq addımlar atılacaq".

Şöbə müdirinin dediyinə görə, uşaqların düzgün inkişafında və gündəlik rejimlərinin formalaşmasında, ictimai mühitə alışmasında, sərbəstliyə öyrəşməsində, ən nəhayət, məktəbə hazırlığında bağçaların rolu əvəzsizdir. Məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün zəruri bir başlanğıcdır. Uşağın bu dövrdə necə təhsil alması və hansı təlim-tərbiyə üsulundan keçməsi çox önəmlidir.  Məktəbəqədər yaş dövrü insan şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas mərhələlərdən biridir. Bu yaş dövrü uşaqların sosiallaşması, böyüklər və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Bağçalar da, öz növbəsində, uşağın ətraf aləmlə qarşılıqlı münasibətini təmin etməyə, xeyirxah hisslər oyatmağa, əməkdaşlığa nail olmağa qadir olan məktəbəqədər təhsil müəssisəsidir.

Elnur Əliyevin dediyinə görə, hazırda 1-5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) cəlbi 35 faiz təşkil edir. Bu göstəricinin 2026-cı ilə qədər 50 faizə çatdırılması qarşıya məqsəd kimi qoyulub: "Bu il dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq bağçaları) ilə bağlı tədris proqramının vahidləşdirilməsi məsələsi diqqətdə olacaq. Bağçalarda öyrənmək mühitinin yaxşılaşdırılması məqsədilə bu il 150-dən artıq müəssisədə xüsusi öyrənmə guşələri yaradılıb. Müxtəlif öyrənmə istiqamətləri üzrə yeni resurslarla yaradılan guşələr üçün bağçalara tədrislə əlaqəli vəsaitlər verilib, işçilərə təlimlər keçirilib. Misal olaraq, əvvəl belə idi ki, təmirli bağça var, amma fəaliyyəti zəifdir. Bu səbəbdən müəllimlər də uşaqlarla necə məşğul olacaqlarını bilmirdilər. Bu nöqteyi-nəzərdən bağçaya müəllimlər üçün proqramlarla yanaşı, resurslar da vermişik. Guşələr ilkin mərhələdə Bakı, Abşeron, Sumqayıt və Gəncədəki bağçalarda yaradılıb, proses mərhələli şəkildə növbəti illərdə də davam edəcək".

Şöbə müdiri vurğulayıb ki, adlarını yazdırıb uzun müddət bağçaya gəlməyən uşaqların xaric olunması ilə bağlı müəyyən prosedurlar hazırlana bilər. Bununla bağlı normativ sənədlərə düzəliş etməklə həll yolu axtarılır: "Yay aylarında bağçalara qəbul prosesi açılacaq. Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən elə uşaq bağçaları var ki, 300-ə yaxın valideynlər növbə gözləyir. Bu istiqamətdə monitorinq aparılır: "Bu müddət ərzində davamiyyətə baxılıb. Bəzi hallarda belə məlumat daxil olur ki, növbədə gözləyənlər çoxdur, amma adları yazılanlar bağçaya gəlmir. Bağçalarda 75-85 faiz davamiyyət olur. Yerdə qalan uşaqlar mütəmadi bağçaya gəlmir. Ümumilikdə monitorinq nəticələrinə görə bəzi bağça müdirləri vəzifə öhdəliklərini düzgün yerinə yetirə bilmir. Bu səbəbdən çox sayda bağça müdiri işdən çıxarılıb".

Bu il uşaq bağçaları ilə bağlı tədris proqramının vahidləşdirilməsi məsələsinin diqqətdə olacağını deyən E.Əliyev vurğulayıb ki, plana əsasən bütün bağçalar üçün konkret metodiki vəsait ilə təmin olunmuş proqram veriləcək: "Bir sıra hallarda bağçada tərbiyəçi-müəllimlərin hazırlığı yüksək olmadığından nə etməli olduqlarını elə də bilmirlər. Proqramın yanında onun metodiki vəsaitini verməyi düşünürük. Həmin vəsait olmadığından proses ağırdır. Bu ildən başlayaraq hər il ən azı bir yaş üzrə bunu tamamlamağı düşünürük. Bu istiqamətdə hazırlıq işləri davam edir. Sentyabr ayına qədər tərbiyəçi-müəllimlər və bağça müdirləri üçün konkret proqram və metodik vəsait paketini bağçalara təhvil vermək nəzərdə tutulub".

Elnur Əliyevin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, bölgələrdə bir çox bağçaların ciddi təmirə ehtiyacı var. Hətta bir sıra bölgələrdə bağçanın açılmasına ehtiyac var və bu istiqamətdə işlər aparılır: "Bu günə qədər bağçaların çox vaxt qayğı mərkəzi kimi başa düşüblər: "Hansı ki valideyni çalışan uşaqlar burada qayğı ilə əhatə olunur. Bütün elmi araşdırmalar isə göstərir ki, bağçalar öyrənmə yeri olmalıdır. Bundan başqa, bağça tərbiyəçilərinin ciddi təlimlərə ehtiyacı olduğu da bəllidir. Resurs çatışmazlığı səbəbindən uşaqların inkişafı ilə bağlı problemlər var".

Onun söylədiyinə görə, bu il üçün Elm və Təhsil Nazirliyinə ayrılan dövlət büdcəsi hesabına bir sıra bağçalarda müşahidə kameralarının quraşdırılması nəzərdə tutulur. Standartlarda müşahidə kameralarının olması ilə bağlı hər hansı müddəa yoxdur: "Lakin bağçalara ümumi nəzarət və uşaqların təhlükəsizliyi baxımından vacib amildir".

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulovanın dediyinə görə, uşaq bağçalarında çalışan tərbiyəçi-müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyində işlərə başlanılıb. Bununla bağlı, ilk növbədə, müvafiq normativ sənədlərin hansı formada hazırlanması müəyyənləşməlidir: "Bu istiqamətdə nazirlikdə işlərə başlanılıb. Hədəf 2026-cı ilədək bütün tərbiyəçi-müəllimlərin sertifikasiyadan keçirilməsidir".

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri əlavə edib ki, uşaq bağçalarında valideynlərdən pul tələb edilməsi halları olarsa, aidiyyəti üzrə müraciət edilməsi xahiş olunur. Çünki bu kimi faktlarla qarşılaşdıqda ona dərhal reaksiya veririk. Bu kimi hallarla bağlı nazirliyə müraciətlər olur və məsələ operativ şəkildə araşdırılır.

O əlavə edib ki, bu ilin ötən dövründə 18 bağça müdiri işdə yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub. Ötən il isə 14 bağça müdiri işdən çıxarılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci ilin dekabr ayının 20-də imzaladığı dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) tabeliyinə verilib.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.-15 aprel.- S.23.