Vegetarianlıq: vasvasılıq, yoxsa həyat
tərzi?
"Vegan" sözü latın dilində
"sağlam", "möhkəm", "gümrah"
anlamını verir. "Vegetarian" sözü isə
"sağlam həyat" mənasını bildirir. Vegetarianlıq təkcə ət məhsullarından
imtina etmək deyil, ədalət və yaşatmaq fəlsəfəsidir.
Bu həyat tərzinin təbliğini əsasən
buddizm, hinduizm və xristianlıq dinlərində görə
bilərik. Bu məzhəblərin
daşıyıcıları başqa canlıları
öldürüb qidalanaraq yaşamağı düzgün
hesab etmirlər.
Çoxsaylı tədqiqatlardan sonra amerikalı alimlər
bu qənaətə gəliblər ki, vegetarian pəhrizinə
riayət edən insanlar genetik mutasiyaya məruz qalırlar, nəticə
etibarilə xərçəng və ürək-damar sistemi xəstəliklərinə
yaxalanma riski artır. ABŞ-ın Kornel Universitetinin tədqiqatçıları
vegetarianlıq və veqanizmə riayət edənlərlə ət
məhsullarından istifadəyə üstünlük verən
insanların genomlarının müqayisəsini apardıqda əhəmiyyətli
fərqlərlə rastlaşıblar.
Vegetarian
həyat tərzi ilə bağlı suallarımızı
cavablandıran Qida Təhlükəsizliyi Hətəkatının
rəhbəri, qida mütəxəssisi Məhsəti
Hüseynova orqanizmin sağlamlığı üçün
hər bir insanın gün ərzində 40-dan 70-ə qədər
makro və mikro elementlər qəbul etməli olduğunu
bildirib: "İnsan həm ət,
həm ot yeyən canlılar qrupuna daxildir. Ona
görə də insanın bütün daxili
orqanlarının gündəlik enerjili olması
üçün nəzərdə tutulan hər bir qidaya
ehtiyac duyulur. Orqanizmin
sağlamlığı üçün gün ərzində
40-dan 70-yə qədər makro və mikro elementlər qəbul
etmək lazımdır. Bunlar həm ətin, həm də
bitki mənşəli qidaların tərkibində mövcuddur. Bir insan
ömrünün 8 yaşına qədər hər hansı
qida ilə qidalanıbsa və sonradan onlardan imtina edirsə, bu
mütləq öz mənfi təsirini
göstərir. Mütləq şəkildə hər insan
ömrünün ilk çağında qəbul etdiyi
qidaları ömrünün sonuna qədər az
da olsa qəbul etməlidir. Vegetarianlar B12
vitaminin əskikliyindən ciddi şəkildə əziyyət
çəkirlər ki, bu da birinci növbədə qan
azlığına gətirib çıxarır və
orqanizmin inkişafda geriliyə səbəb olur. Vegetarian olan insanların görmə qabiliyyətində
də problemlər yarana bilər. Heyvan mənşəli
qidalar qəbul etmədikcə görmə qabiliyyəti zəifləyir
və gələcəkdə göz xəstəliklərinin
yaranma riskini artırır".
Dietoloq
Ceyhunə Yusifova yemək seçimindən danışıb:
"İnsanlar iki qismə bölünür: vegetarianlar və
vegetarian olmayanlar. Vegetarianlar qida qəbulunun tərkibində
ət olmayan ərzaq sinfi ilə məhdudlaşdıranlardır.
Qeyri-vegetarianlar isə həm vegetarian yeməklərini,
həm də toyuq, ət kimi qeyri-tərəvəz
qidalarını qəbul edirlər. Yemək
seçimi hər kəsin öz baxışlarından və
prioritetlərindən asılıdır. Hansının
daha yaxşı olduğuna qərar vermək çətindir.
Vegetarianlıqdan danışsaq, bunun həm müsbət, həm
də mənfi təsirləri var. Müsbət təsirləri
odur ki, vegetarianlar daha çox bitki qidalarına
üstünlük verdiklərindən, bu qidalar vitaminlər,
minerallar və zülallarla zəngin olur. Bu
baxımdan vegeterianların diabet olmaq ehtimalı digərləri
ilə müqayisədə azdır. Bunun bir səbəbi
də onların daha az doymuş yağlar və
xolesterol istehlak etmələridir. Bunun əvəzində
isə onların orqanizmi daha yüksək miqdarda kompleks
karbohidratlar, pəhriz lifi və bəzi xüsusi minerallar,
yaxud fitokimyəvi maddələrlə yüklənir. Vegetarianlığın bir çox müsbət təsiri
olsa da, bilinməlidir ki, bütün vegetarian qidalarında
qeyri-tərəvəz qidaları kimi eyni miqdarda protein yoxdur.
Ona görə də vegetarianlar orqanizmin ehtiyac
duyduğu vacib miqdarda proteini itirə bilərlər. Bu mineral isə əzələ toxumasını
saxlamağa kömək edir, eyni zamanda qan hüceyrələrinin
və digər antikorların, hormonların və fermentlərin
istehsalına cavabdehlik daşıyır. Vegetarianlar
qeyri-vegetarianlarla müqayisədə daha çox vitamin və
mineral çatışmazlığından əziyyət
çəkirlər. Onlar ət məhsullardan
imtina etməklə həm də insan orqanizmi üçün
vacib minerallardan - B12 vitamini, kalsium, dəmir və sinkdən məhrum
olurlar, nəticədə əksər vegetarianların
sümük mineral sıxlığı daha aşağı
olur".
Yunan filosofu Sokrat deyirdi ki, heyvanları yemək arzumuz
davam etdiyi halda xoşbəxt olmaq, ədalətli toplum yaratmaq
haqqında necə düşünə bilərik? Pifaqor hesab
edirdi ki, insan digər canlıları məhv etdikcə,
sülh nədir bilməyəcək. Eynşteyn isə
fikrini belə əsaslandırırdı: "Mənə elə
gəlir ki, insan ət yemək üçün
doğulmayıb".
O da
danılmaz faktdır ki, ət və süd sənayesinin ətraf
mühitə vurduğu ziyanın miqyası olduqca genişdir. Dünyada istifadəyə yararlı torpaqların
yarıdan çoxundan ət sənayesinin əsasını təşkil
edən heyvanların qidası üçün istifadə
olunur ki, bu həddindən artıq böyük rəqəmdir.
Bundan əlavə, bu gün heyvanlara verilən
hormonal dərmanlar, antibiotiklər, kimyəvi qidalar ətin tərkibinin
dəyişməsinə səbəb olur, nəticədə xərçəng
xəstəliyinin yaranmasına yol açır.
Bəs vegetarianların özləri necə
düşünürlər? Bu məqsədlə
onlarla həmsöhbət olmaq qərarına gəldim.
Bu da on
ildir vegetarian həyatı yaşayan gənc müsahibimiz
Gülay Tahirlinin dedikləri: "Əvvəlcə mal, qoyun ətlərindən
diksinməyə başladım. Bir müddət
toyuq, balıq əti yeyirdim. Sonra dəfələrlə
heyvanların necə kəsilməsinin şahidi oldum. Onların son anlarındakı o
çırpınışları, yalvarışlı səsləri
hələ də gözümün önündədir. Mənim yaşamımın heyvanların
ölümü bahasına başa gəlməsini istəmirəm.
Düşündüm ki, heyvan qətlinə səbəb
olmadan, onları incitmədən də yaşaya bilirəmsə,
onları yeməyimə nə gərək var? Vegetarian olduğumu
öyrənən hər kəsin ilk sualı bu olur: Bəs
bitkilər, onları incitmirsən? Əvvəla onu deyim ki,
ağacdan meyvə qoparmaqla ağac ölmür,
yaşayır, gələn il yenə bar
verir. Kökündən qoparılan tərəvəzlər
də var. Amma biz bitkiləri qopararkən onlar yuxu frekansında
olurlar, beləliklə, ağrını hiss etmirlər. Yaşamaq üçün ən azından bunlardan
birini (bitki və ya heyvan) yeməliyik. Mənim
seçimim bitkidir, yuxu frekansında olan, ağrını hiss
etməyən, çırpınışı, dirənişi,
qanı olmayan bitkilər...
Mən "Nə yeyirsənsə, osan" fikrinə
inanıram. Heyvanların son anındakı ruh halı da onu yeyənlərə
keçir. Ətyeyən insanlar daha qəddar,
gərgin, əsəbi olurlar. Vegetarianlığa
qədər mən də əsəbi olmuşam.
Düzdür, onda yaşım az idi, amma yəqin
ki, ət yeməyə davam etsəydim, əsəbi olmağa
da davam etmiş olacaqdım. İndi sakit təbiətliyəm,
rahatam, daha səbirliyəm. Vegetarianlıq
həddindən artıq həssaslıq deməkdir. Heyvanlara duyduğun həssaslıq bir də
baxırsan ki, artıq həyatdakı hər şeyə
yansıyıb. Və sən qamçılanan bir at
görəndə özünü Nitsşe kimi ağlayan halda
tapa bilərsən, ya da çiçəklərin
üstünə yağan qar səni kədərləndirə
bilər, başqalarına adi gələn hadisələr səni
gecələr yuxundan edə bilər və s.
Düşünürəm ki, bütün insanlar ət yeməkdən
imtina etsəydilər, onda dünyamız daha gözəl, insanlarımız
daha həssas olardılar. Bu qədər
müharibələr, cinayətlər, fəlakətlər də
baş alıb getməzdi.
Ət protein qaynağıdır, B12 vitamini ilə zəngindir, bunlar insan orqanizmi üçün çox vacibdir. Ona görə də qidalanmamda balansı qorumağa çalışıram, ətdən ala bilmədiyim proteini lobyadan, mərciməkdən, yumurtadan, süddən və s. alıram. Ətdə olan B12 vitaminini mənə ceviz verir. Qidalanma ciddi məsələdir, həm fiziki, həm də psixoloji baxımdan bizim kimliyimizi müəyyənləşdirir. Balansı qoruduğum üçün özümü sağlam, enerjili hiss edirəm.
Mətbəximiz ət yeməkləri ilə zəngindir, dəfələrlə olub, qonaq gedəndə, həmçinin, toylarda pendir-çörəkdən, meyvədən başqa mənim yeyə biləcəyim nəsə olmayıb. Çox adam, xüsusilə də, kişilər ətsiz yeməyi yemək kimi qəbul etmirlər. Qonaqlıqlarda baxıram ki, aləm qarışıb bir-birinə: dana əti, toyuq əti, balıq. Eyni gündə fərqli heyvanların ətini yemək sağlamlıq üçün çox ziyanlıdır. Məncə, yemək yaşamaq üçündür, məni özünə bağlayan hansısa yemək yoxdur, istənilən yeməkdən imtina edə bilərəm. Qəbul etdiyim qidanın faydası mənim üçün dadından daha önəmlidir.
Qonaq gedəndə vegetarian olduğumun fərqinə varıb səbəb soruşmaları, izah tələb etmələri, "sən yeməyəndə heç nə dəyişmir", "onsuz da bir gün yeyəcəksən" tipli cümlələr qurmaları, sonra da 10 ildir, ət yeməməyimə rəğmən bir xalanın "əşi, bu dəfə ye" deməsi, yemədiyimi görüb eyni cümlələri 10 dəfə təkrarlaması, gələndən gedənə kimi mövzunun ət olması və hələ də yeyəcəyimə ümid etmələri... Bu hallarla o qədər qarşılaşıram ki... Mən kimisə ət yeməməyə məcbur etmirəm, ət yeyənlər məni niyə ət yeməyə məcbur etmək istəyirlər, anlamıram. İnsanlar özləri kimi olmayana dəli kimi baxırlar, fərqlisənsə, onlardan deyilsənsə, deməli, normal da deyilsən. Bərələn gözlər, açılan ağızlar, təəccüb, sual dolu baxışlar... Halbuki böyük bir şey deyil, sadəcə ət yemirsən, vəssalam. Kiminsə fikrini dəyişməyə, ya da vegetarianlığın düşündükləri kimi olmadığına kimisə inandırmağa çalışmıram. İnsanlar öz həqiqətlərini nadir hallarda dəyişərlər... Cəmiyyətin standart qəlibləri var, hamını o qəliblərdə görmək istəyirlər. Qidalanmada da, düşüncədə də, əməldə də, bir sözlə - hər şeydə. Mən isə qəlibləri sevmirəm, öz dünyamda, öz üfüqlərimdə xoşbəxtəm".
Əlbəttə, hansı həyat tərzini seçmək hər kəsin öz ixtiyarındadır. Mən də bu prinsipdən çıxış edib tərəf saxlamaq istəmirəm. Amma bir faktı da deməyə bilmirəm: aparılan araşdırmalar göstərir ki, alkoqolizm və siqaret çəkmədən sonra, ölümün əsas səbəblərindən biri də ət məhsulları ilə qidalanmadır. Ət vasitəsilə insan bədəninə daxil olan xolesterin qan damarlarının divarlarında yığılaraq ürəyə qan axınını azaldır ki, bu da öz növbəsində, yüksək qan təzyiqinə, ürək çatışmazlığına və insulta gətirib çıxarır. Adi müşahidələr göstərir ki, vegetarianlar fiziki və mənəvi cəhətdən tam sağlam, sülhsevər və şən olurlar. Güclü intellektə, uzun ömrə malik olan vegetarianlar hər cür xəstəliyin öhdəsindən gəlirlər. Çünki orqanizmə lazım olan çoxsaylı vitaminlər, zülallar, yağlar, minerallar, karbohidratlar və sair maddələr bitki mənşəli qidalarda çoxluq təşkil etdiyindən vegetarianların immunitet sistemi daha güclü olur.
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2023.- 15 aprel.- S.19.