İxtisas seçərkən nələrə diqqət yetirməli?

 

Ali təhsil müəssisələrinə qəbul zamanı ən önəmli  mərhələlərdən biri ixtisas seçimidir. Tələbə adını qazanmaq istəyən hər bir abituriyent ixtisas seçimi edərkən yığdıqları bala yiyələnmək istədikləri ixtisasa önəm verməlidirlər. Necə deyərlər, yüz ölçüb, bir biçməlidirlər.

Mütəxəssislərin fikrincə, abituriyentlər ixtisas seçimi edərkən yığdıqları balı oxumaq istədikləri ixtisası əsas götürməlidirlər. Hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi dəyərləndiriləcək.

Təhsil eksperti Kamran Əsədov deyir ki, ixtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisaslar seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir: "Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. 600-700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz, abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən, 300-400 bal toplayan abituriyentlər böyük risk altına düşür onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olur-olsun universitetə qəbul olunmaq olur".

Təhsil ekspertinin sözlərinə görə, abituriyent müvafiq ixtisas seçimindən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Bu zaman abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir: "Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir".

Bəs 17-18 yaşındakı gənc gələcək ixtisasını necə müəyyənləşdirə bilir, ixtisasını nəyə əsasən seçir?

Gənclərin əksəriyyəti ixtisas seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin.

Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istəyər. Amma hərdən övladın fikrinə hörmət etmək valideynin borcudur. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, valideynlər abituriyentlər arasında bu mərhələ üçün o qədər ciddi təlaş yaranıb ki, hər kəs ən çox məsuliyyət tələb edən bu mərhələdə səhv etməkdən qorxur: "Əslində, burada narahat olacaq qorxacaq heç yoxdur. Valideynlər abituriyentlərə əsas çağırışım odur ki, hər bir kəs ixtisas seçimi mərhələsində öz ixtisaslarını özü seçsin. Çox zaman bu prosesə başqa şəxsləri cəlb edirlər. Sosial şəbəkələrdə müəyyən qruplar formalaşdırılaraq kimlərəsə ixtisas seçimi ilə bağlı yardım təklif edirlər. Bu, çox yanlış üsuldur".

Təhsil eksperti Nadir İsrafilovun fikrincə, qəbul imtahanın ilkin mərhələsi başa çatdıqdan sonra müvafiq bal toplayan abituriyentlər hər şeydən əvvəl ixtisas seçimi haqqında fikirləşir: "Başqa cür ola bilməz. Çünki hədəfləri dəqiqləşdirmək hər şeydən önəmlidir. Yüksək bal toplayan abituriyentlər seçimlərini konkretləşdirib, diqqətlə ixtisaslarını kodlaşdırmalıdırlar. Balı az olanlar isə yiyələnmək istədikləri peşəyə yaxın olan sahələri seçməlidirlər ki, gələcəkdə özlərini seçmək istədikləri ixtisas üzrə daha da inkişaf etdirə bilsinlər. O da etiraf olunmalıdır ki, qərarsız tələbələrimiz hələ az deyil.  Yüksək  bal toplamağına baxmayaraq, hansı ixtisası seçməsində çətinlik çəkir, tərəddüd edir. Çünki əvvəlcədən qarşısına məqsəd qoymayıb. İlk növbədə qarşıya məqsəd qoyulmalıdır, məqsədə müvafiq seçim edilməlidir. Bir ki, ixtisası prestijə yox, əmək bazarına görə seçmək lazımdır, Necə ki çoxları bir qayda olaraq əmək bazarındakı tələbatı deyil, məhz ixtisasın prestijini əsas götürür ki, bu da onlara gələcək karyeralarını qurmaqda müəyyən maneələr yaradır".

N.İsrafilovun dediyinə görə, gənclərə ali məktəbə qəbula hansısa bir diploma sahiblənmə vasitəsi kimi baxmamalarını tövsiyə edir: "Bir il, iki il gec olsun, ancaq seçdikləri ixtisas ürəklərincə olsun. Seçdikləri ixtisasa özlərində bir bağlılıq hiss etsinlər. Yalnız, bu halda işini bilən, işini sevən peşəkar mütəxəssisə çevrilmək olar".

Milli Məclisin Elm təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyir ki, müəyyən ixtisaslar var, abituriyentlər onlara maraq göstərir, amma hazırda əmək bazarında həmin ixtisaslara önəm verilmir, tələbat yoxdur. Bu səbəbdən gənclər ixtisas seçimi zamanı diqqətli olmalıdır. Bazarın tələblərini nəzərə almalı, yeni ixtisaslar istiqamətində seçimlərə üstünlük verilməlidir. Ali təhsil almağa, oxumağa potensialı, həvəsi olmayanlar isə peşəyə yönəldilməlidir:  "Hər bir valideyn istəyir ki, övladı ali təhsil alsın. Amma hansısa gəncin oxumağa həvəsi, potensialı yoxdursa, onu peşəyə yönləndirmək lazımdır. Gənclər əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi kimi ixtisaslara  üstünlük verməlidir. Dünyadakı yeni çağırışlara hazır olmalıyıq".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 15 aprel.- S.9.