"Qovulmuş", yoxsa "zorla
çıxarılmış"?
Uzun müddətdir
məni narahat edən bir fikri
oxucularla müzakirə
etmək qərarına
gəldim. Bu, ilk baxışdan
dərin əhəmiyyət
daşımayan, əslində
isə həssas yanaşma tələb edən, böyük bir ictimai-siyasi hadisəni ifadə edərkən, təəssüf
ki, tez-tez işlədilən "qovulmaq"
sözü ilə bağlıdır.
Qərbi
Azərbaycandan olan məcburi köçkün
soydaşlarımızın zorla çıxarılma,
deportasiyaya məruz qalma hadisəsi barədə TV jurnalistlərinin
dilindən, mətbuat
səhifələrində, KİV-ə müsahibə verən, çıxış edən
ayrı-ayrı şəxslər
tərəfindən tez-tez
Qərbi Azərbaycandan
"azərbaycanlıların qovulması" ifadəsi
səslənir, yaxud da işlədilir. Halbuki burada "qovulmaq" sözü siyasi cəhətdən tamamilə yanlış, mənəvi cəhətdən
aşağılayıcı, mənfi emosiyalı, hətta təhqir yükü daşıyan bir ifadədir. İnsanlar həmin yerlərdə köklü sakin, tam və bərabər hüquqlu ölkə vətəndaşları olduqları
halda yalnız milli mənsubiyyətinə
görə yaşadıqları
əzəli yerlərdən
işgəncələrə, qətliamlara məruz qalaraq zorla çıxarılıblar.
Qərbi Azərbaycanlılara
qarşı törədilmiş
dörd il
müddətində (1987-1991-ci illər) davam edən kriminogen ictimai-siyasi hadisə sonda öz acı
nəticəsini verib.
Bu hadisə barədə
danışarkən xeyli
diqqətli olmaq lazımdır. Bu barədə
danışanlar "qovulmaq"
deyil, soydaşlarımız
"zorla çıxarılıblar",
"işgəncələrlə çıxarılıblar", "deportasiyaya məruz qalıblar" kimi obyektivliyi təzahür edən uyğun sözlərlə fikirlərini
ifadə etsələr
daha məqsədəuyğun
olar. Hesab edirəm ki,
"qovulmuşlar" ifadəsinin
soydaşlarımıza şamil
edilməsi yolverilməzdir
və hər kəs bu ifadəni
işlətməkdən çəkinməlidir.
Bildiyimiz kimi, Azərbaycan dilindəki sözlərin
hamısı birlikdə
dilin lüğət tərkibini, yəni leksikasını təşkil
edir və hər bir söz
ayrılıqda və
birləşmədə müəyyən
bir fikri ifadə etməyə xidmət göstərir. Sözün ifadə
etdiyi məna onun leksik mənasıdır
və hər bir söz özünün
ifadə etdiyi mənanı daşıyır,
yəni dilimizdə öz təyinatı üzrə işlədilir.
Bəs, dilimizdə
işlədilən "qovulmaq"
sözünün daşıdığı
fikir nəyi anladır? Fikrimcə, bu söz, özünə aid olmayan yerdə olanı, qanunsuz, müxtəlif üsul və vasitələrlə, əsassız
şəkildə, zorla
başqasının yerinə
soxulmuş birisinin və ya bir
toplumun məcburi tərzdə həmin yerdən çıxarılması
fikrini ifadə edir. Hətta daha kobud misal
da çəkmək olar: Qadağan olunan sahəyə, otlağa, hinə, həyətə və s. girən heyvanın oradan çıxarılmasını
da dilimizdə yalnız "qovub çıxarmaq" kimi ifadə edirik. Necə ki müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev işğalçı
erməniləri qovub torpağımızdan çıxarandan
sonra çox qürurla "İTİ QOVAN KİMİ
QOVDUQ" ifadəsini işlətdi.
Bu ifadə həmin ictimai-siyasi hadisəni ölkə Prezidenti tərəfindən düşünülmüş
şəkildə, tamamilə düzgün
şərh edən, anladan, onlara yaraşan və dəqiq seçilmiş bir ifadədir. Yəni, ermənilər, istər ordusu, istərsə də mülki əhalisi özlərinə
aid olmayan ərazilərimizə
qanunsuz olaraq soxulduğuna görə
biz onları 44 günə
"iti qovan kimi qovduq". Bizim soydaşlarımız
isə öz doğma, minillər boyu sahibi olduqları
yerlərdən 200 ildən
çox müddət
ərzində müxtəlif
vasitələrlə, sonda
isə daha azğın üsullarla, zorla, silah gücünə,
qətliamlar, müxtəlif
işgəncələr nəticəsində
çıxarılıblar.
Qeyd edim ki, "zor" sözünün özü, şəxsin iradəsinə zidd olaraq ona qarşı fiziki və digər müxtəlif əməli vasitələrlə törədilmiş hər hansı bir əməlin şiddətini və qeyri-qanuniliyini ifadə edir. "Qovmaq" sözü isə heç bir fiziki və digər vasitələrlə təzyiq etmədən də, yəni təmasda olmadan da, aralı məsafədən də adi bir fit, əl işarəsi, ayağı yerə vurmaq, barmaq silkələmək, hündür səslə, qışqırmaqla, söz vasitəsilə də həyata keçirilə bilən bir fikir ifadəsidir. Çoxsaylı, təkzibolunmaz faktlar da göstərir ki, soydaşlarımıza qarşı törədilən əməlin icrası məhz müxtəlif cür ZOR tətbiqi ilə müşaiyət olunub.
Müqayisəli şərh olunan iki ictimai-siyasi hadisə arasındakı fərq budur. Onlar eynilik təşkil etmir və onların hər birini öz adıyla demək lazımdır. Odur ki, bu barədə, bu mövzuda sənədlər hazırlayan müvafiq təşkilatlardan, qurumlardan, danışan, yazan ayrı-ayrı şəxslərdən, media nümayəndələrindən qeyd olunan ifadələri işlədərkən diqqətli olmağı artıq dərəcədə xahiş edirəm! Soydaşlarımız öz əzəli torpaqlarından ZORLA ÇIXARILIB.
Hüseyn-XƏZƏR
Hüquqşünas
525-ci qəzet.- 2023.- 15 aprel.- S.9.