"Türkiyədə siyasi sabitliyin uzunömürlü olması müsbət məqamdır"

 

"TEZ-TEZ HÖKUMƏT BÖHRANLARININ YAŞANMASININ YARATDIĞI RİSKLƏRİ DAHA ÖNCƏKİ MƏRHƏLƏLƏRDƏ GÖRÜRDÜK"

 

Türkiyənin son illərdə ən müxtəlif sahələrdə əldə etdiyi uğurlar göz önündədir. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qardaş ölkə dünyanın siyasi səhnəsində regional gücdən qlobal aktora çevrilib. Eyni zamanda müdafiə, texnologiyalar digər sektorlarda mühüm nailiyyətlər əldə edib ki, bütün bunlar da Türkiyənin qlobal çağırışlara müqavimət gücünü artırıb. Təbii ki, Türkiyənin bugünkü mövqeyə sahiblənməsi asan başa gəlməyib. Bu, 20 il ərzində aparılan siyasətin, genişmiqyaslı islahatların nəticəsidir. Türkiyənin iqtisadi yüksəlişi, sosial təminat baxımından atılan addımlar, yüksək standartlı təhsil onu daha da güclü edib. Bu gün siyasi müstəvidə çox böyük üstünlüklərə malik olan qardaş ölkə NATO-nun ikinci ən güclü ordusuna sahibdir. İyirmi il öncənin Türkiyəsindən fərqli olaraq bu gün Ankara hansısa gücün diktəsi ilə hərəkət etmir, əksinə, qlobal hərbi-siyasi güclər arasında vasitəçilik missiyası həyata keçirir. Son dönəmin nümunəsi kimi, Rusiya-Ukrayna müharibəsini göstərmək olar. Türkiyə tərəflər arasında sülhə nail olmaq üçün səy göstərir, dəfərlərlə əsirlərin dəyişdirilməsinə nail olub, təhlükəsiz taxıl dəhlizinin yaradılması da məhz Ankaranın vasitəçiliyi ilə mümkün oldu. Son 20 ildə mühüm inkişaf yolu keçən, güclənən Türkiyə, həmçinin Türk dünyasının həmrəyliyi, birləşməsi istiqamətində əsas rol oynayır. Əlbəttə ki, Azərbaycan Türkiyənin yaxın münasibətləri, regional beynəlxalq məsələlərdə vahid mövqe sərgiləməsi Türk dünyasının yaxınlaşmasına da öz töhfəsini verir. Azərbaycan-Türkiyə münasibətləri 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Bəyannamə ilə yeni bir mərhələyə qədəm qoydu. İki dövlətinin müttəfiqlik münasibətləri, güclənməsi qeyd etdiyimiz kimi, ümumilikdə Türk dünyası üçün əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı "525"ə şərhində bildirib ki, ötən 20 ildə Türkiyə həqiqətən bir çox sahədə mühüm nailiyyət əldə edib. Ən əsası budur ki, Türkiyə müstəqil, güclü dövlətə çevrilib: "Türkiyə son dövrdə sənayenin yeni istiqamətlərini şaxələndirib. Burda qardaş ölkənin hərbi sənayesinin güclənməsi, yeni müasir texnologiyaların inkişafını da qeyd etmək istəyirəm. Türkiyə avtomobil sənayesində artıq yeni elektrik mühərrikli avtomobil yaradıb. "Togg" bir sıra göstəricilərinə görə oxşar avtomobilləri qabaqlayır. Yəni ənənəvi iqtisadiyyatın sahələrinə əlavə olaraq Türkiyə yeni sahələrdə öz iqtisadiyyatını gücləndirib. Türkiyədə ixrac da günü-gündən artır. Bir məsələni də xüsusi vurğulamaq istərdim ki, Türkiyədə Türk dünyası ilə əlaqələri möhkəmləndirmək, Türk dünyası sistemində fəal iştirak etmək artıq yeni bir sistem, yeni regional güc yaradıb. Daha Türkiyə bir kasıb ölkə kimi Avropa İttifaqının qapısını döymür, əksinə, yeni regional bir sistemi digər qardaş dövlətlərlə formalaşdırır".

Deputat əlavə edib ki, enerji, nəqliyyat və digər sahələrdə  Türkiyə Azərbaycanla birgə yeni strateji istiqamətləri yaradıb: "Düşünürəm ki, bu, gələcək üçün dünyada mövqeyini gücləndirməkdə çox mühüm amildir".

A.Mollazadə hesab edir ki, gələn ay qardaş ölkədə keçiriləcək prezidentparlament seçkilərindən sonra Türkiyənin strateji inkişafı davam edəcək: "Hesab edirəm ki, seçkilərdən sonra digər qardaş dövlətlərlə birgə artıq yeni strateji formada əməkdaşlıq sistemi üzrə münasibətlər çox güclü bir şəkildə davam edəcək".

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı isə "525"ə deyib ki, son 20 ildə Türkiyə həm siyasi, həm iqtisadi, həm hərbi və digər sahələrdə ciddi uğurlar, ciddi nəticələr əldə edib: "İlk növbədə biz siyasi baxımdan qiymət verəndə, Türkiyədə siyasi sabitliyin uzunömürlü olmasını müsbət məqamlardan biri kimi qeyd edə bilərik. Çünki siyasi sabitliyin uzun müddətli olmaması, tez-tez hökumət böhranlarının yaşanmasının Türkiyə üçün yaratdığı riskləri daha öncəki mərhələlərdə görürdük. Bu baxımdan siyasi sabitliyin, seçkilərin həddindən artıq tez-tez keçirilməməsinin, formal vaxtında keçirilməsinin istənilən dövlət, o cümlədən, Türkiyə üçün də önəmi böyükdür. Türkiyə son 20 ildə daxili siyasi baxımdan bunu əldə etdi. Xarici siyasət baxımından yanaşdıqda isə görürük ki, Türkiyənin xarici siyasətini, ümumi strategiyasını konkret istiqamətlər üzrə müəyyənləşdirməyə və yönləndirməyə çalışan qüvvələr var idi. Bu qüvvələrin bir hissəsi Türkiyənin müttəfiqləri, bir hissəsi isə rəqibləri idi. Həmin qüvvələr Türkiyədə həm siyasi manipulyasiyalara əl ataraq, həm müəyyən təxribatlar törədərək bu ölkənin xarici siyasətinə təsir etməyə çalışırdılar. Onun strateji xəttinə və ya ayrı-ayrı dövlətlərlə münasibətlərinə, bəzən də konkret hadisələrə münasibətlə bağlı müdaxiləyə çalışırdılar. Bunu da Türkiyə əsasən məhdudlaşdıra bildi. Yəni həm daxili siyasi prosesləri, həm xarici siyasət yanaşmasını özü müəyyənləşdirmə gücünə sahib olmağa başladı. Təbii ki, daxili siyasətdə də, xarici siyasətdə də müəyyən problemlər oldu. Amma qeyd etdiyim kimi, siyasəti özünün müəyyənləşdirməsi imkanına, iradəsinə malik olmaq çox önəmlidir. Türkiyə bu mənada son 20 ildə ciddi nəticələr əldə etdi. İqtisadi baxımdan böyük maddi imkanlara malik olmaq, özünün resurslarını formalaşdırmaq, xaricdən gələ biləcək valyutadan asılılığı azaltmaq - bütün bunlar iqtisadi baxımdan ciddi uğurlar idi. Yəni xeyli müsbət nəticələr əldə olunub. Hərbi və təhlükəsizlik sahəsində isə Türkiyə ciddi bir yol keçib. Bu sahədə bəlkə siyasi uğurlardan da daha çox diqqətçəkən uğurlar oldu. Həm milli müdafiə sənayesinin inkişaf etdirilməsi, həm hərbi siyasətin, təhlükəsizlik siyasətinin birbaşa formalaşdırılması və onun öz imkanları ilə icra edilməsinə Türkiyə əsasən nail oldu. Bu, çox uğurlu məqamdır. Eyni zamanda, bu ona imkan verdi ki, Türkiyə üçün təhlükəsizlik riskləri təşkil edən nöqtələrə Türkiyə özü birbaşa müdaxilə imkanına malik oldu. Ankara bu iradəni göstərdi və belə bir hərbi qüdrətə malik oldu. Eyni zamanda regionalqlobal səviyyədə müəyyən məslələr var ki, orada Türkiyənin istehsal etdiyi silahlar əhəmiyyətli rol oynayır. Bəzən müəyyənləşdirici, bəzən təsiredici rola malik olur ki, bu da Türkiyənin hərbi gücünün artmasından qaynaqlanır".

 

Pərvanə SULTANOVA

pervane525@mail.ru

525-ci qəzet.- 2023.- 20 aprel.- S.5.