Tanınmış musiqişünasın yubileyi keçirilib

 

 

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, professor Həcərxanım (Həcər) Babayevanın 75 illik yubileyinə həsr olunmuş konfrans və “Seçilmiş məqalələr” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan ABİ-nin sədri, Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Firəngiz Əlizadə yubilyarın çoxşaxəli yaradıcılığından, insani xüsusiyyətlərindən danışıb. Onun yarım əsrlik elmi-pedaqoji fəaliyyətinin yaddaqalan məqamlarını ayrıca qeyd edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Həcərxanım haqqında səmimi fikirlərini və onun mərhum həyat yoldaşı musiqişünas professor Elxan Babayevlə bağlı xatirələrini bölüşüb.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira QafarovaMusiqişünaslar ailəsi” adlı məruzəsində günümüzün qəhrəmanının misalında layiqli alim və müəllimin milli musiqi sənətimizin inkişafına verdiyi töhfədən söhbət açıb.

AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Rəna Məmmədova-Sarabskayanın həmkarından bəhs edən “Həcərxanım Babayevanın elmi fəaliyyəti” məruzəsi maraq doğurub.

Tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyevanın “Həcərxanım Babayevanın nəşr olunmuş kitabları və dərslikləri haqqında”, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirovanın “Həcərxanım Babayevanın pedaqoji fəaliyyəti”, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun “Təcrübəli müəllim”, sənətşünaslıq elmləri doktoru, BMA-nın professoru Aytac Rəhimovanın “Həcərxanım Babayevanın “Seçilmiş məqalələr” kitabı haqqında” məruzələrində səbəbkarın yaradıcılığının bütün çalarları əhatə edilibonun məhsuldar elmi fəaliyyəti hərtərəfli şəkildə təhlil olunub.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının aparıcısı olduğu proqram H. Babayevanın minnətdarlıq dolu nitqi ilə yekunlaşıb.

Sonra söz musiqiyə verilib. Üzeyir Hacıbəyli adına BMA-nın “Detaşeviolinoçular ansamblının gənc üzvləri geniş konsert proqramı ilə çıxış ediblər.

 

525-ci qəzet.- 2023.- 20 aprel.- S.9.