Sağlamlığın qənimi: geni dəyişdirilmiş qidalar
Çox da uzaq sayılmayacaq
keçmişdə bazarlarda
yalnız hər mövsümə uyğun
meyvə-tərəvəzlər tapmaq olardı. İndi isə
ilin istənilən fəslində bütün
nemətlər satışa
çıxarılır, geni
modifikasiya olunmuş məhsullar bazarlarda ayaq tutub yeriyir.
Piştaxtalar boyu-buxunu bir,
əkiz kimi bir-birinə oxşayan meyvə-tərəvəzlərlə dolu olsa da,
alıcıların tələbatını
ödəyə bilmir.
Açıqca hiss olunur
ki, məhsulların keyfiyyəti azalıb. Bu gün genetik
modifikisiya olunmuş
(GMO) məhsulların ölkəyə
gətirilməsi, onların
törədə biləcəyi
fəsadlar barəsində
cəmiyyətdə ciddi
narahatlıqlar müşahidə
edilir. Həmin qidaların istifadəsinin
fəsadları isə
artıq neçə
illərdir hiss olunmaqdadır.
GMO-lu məhsullar
bir orqanizmdən digərinə DNT köçürmək,
yaxud bir orqanizmə aid DNT-nin biotexnologiya vasitəsi ilə dəyişdirilməsi
deməkdir. Orqanizmdəki hər hansı
bir funksiya, ya da bir
xüsusiyyət genetik
olaraq dəyişdirilə
və ya genetik modifikasiya ilə başqa bir orqanizmdə fəaliyyət göstərə
bilər. GMO-nun yaradılması üçün
əvvəlcə bir hüceyrədən sözügedən
geni əldə etmək lazımdır.
Daha sonra bu gen əvvəlcədən
seçilmiş orqanizmdə
çoxaldılır. Orqanizm artıq
bu yeni geni
istehsal etməyə başlayır. Tərkibində GMO olan qidalar həşəratlar
tərəfindən yeyilmir.
Belə məhsullar xarab olmur və çürümür.
Dünyada GMO tərkibli məhsulların
istifadəsinə qarşı
çıxanların sayı
artır. Bir çox ölkələr,
o cümlədən, Avstriya,
Macarıstan, Yunanıstan,
Polşa, İsveçrə
GMO-lu məhsullardan istifadəni tədricən
dayandırıb.
Bəzi mənbələr isə satıldığı məhsulların
GMO-lu olduğunu əvvəlcədən rəsmən
bildirir. Etiketdə bitki mənşəli
protein qeyd olunubsa, demək, bu, 100 faiz təbii məhsul deyil. Hələ XVI əsrdə ilk sınaq aqronomları genetik qanunları bilmədən hibrid bitkilər yaradıb, əkmək üçün
zərərvericilərə davamlı olan və daha çox
məhsul verən sortlar seçiblər.
2019-cu ildə "Food and Chemical
Toxicology" jurnalı geni
dəyişdirilmiş qidaların
insan orqanizmi tərəfindən necə
qəbul olunduğuna dair icmal dərc
edib. İcmalda qeyd olunur ki, araşdırmalar insan və heyvanların qanında və toxumalarında qidaların
(o cümlədən, geni
dəyişdirilmiş qidaların)
yaratdığı DNT-nin
olduğunu göstərir.
ABŞ Milli Elmlər,
Texnologiya və Tibb akademiyalarının birgə hesabatında
isə qeyd olunur ki, bu
cür məhsullar nəinki zərərlidi hətta insanlar üçün faydası
var.
Bazara çıxarılmazdan öncə
alimlər uzun illər GMO tərkibli
məhsulları sınaqdan
keçiriblər, transgenlərin
və gen ifadə məhsullarının necə
davrandığını müşahidə
ediblər. Beynəlxalq qanunvericilik tələb
edir ki, hər bir belə
məhsul insanların,
heyvanların və ətraf mühitin təhlükəsizliyi baxımından
sınaqdan keçirilsin.
Tədqiqatçılar GMO-lu məhsullarla qidalanmanın
birinci nəsildə, bəzən isə hətta sonrakı nəsillərdə sağlamlıq
üçün fəsadlar
törədə biləcəyini
düşünürlər. Laboratoriya analizləri göstərib
ki, transgen toxumdan əmələ gələn pomidorun tərkibində likopen maddəsi 80 faiz azalıb (Likopen pomidora və qarpıza qırmızı
rəng verən təbii maddədir və bu maddənin
çatışmazlığı kişilərdə sonsuzluğa,
qadınlarda yumurtalığın
polikistozuna səbəb
olur). Belə meyvələr uzun
ömürlü olduğundan
tərkibindəki dərman
maddələri tez korlanmağa imkan vermir. Qeyd edək ki, ölkəmizdə yetişdirilən
pomidor, qarpız, kartof və soyaların böyük hissəsi genetik modifikasiya olunmuş bitkilərdir.
Bəs geni dəyişdirilmiş məhsulları
necə müəyyən etmək olar?
Azad İstehlakçılar Birliyinin
sədri Eyyub Hüseynov "525"ə açıqlamasında
bildirib ki, tərəvəzlərin geninin
dəyişdirilib-dəyişdirilmədiyini insan
adi gözlə müəyyən edə bilmir: "İstehsalçı,
yaxud da satış şirkətləri
bu məhsulları alıcılara hibrit adı ilə təqdim edirlər. Yəni ki, guya burada
gen dəyişikliyi yoxdur.
Azərbaycanda da belə meyvə və tərəvəzlərin
(o cümlədən, kartof, çiyələk və
s.) olmadığına heç
kim təminat verə bilməz. Belə məhsulların sertifatlarında da bəzən hibrit olduğunu
yazırlar. Azərbaycanda geni dəyişdirilmiş
malları araşdırmaq
üçün iki laboratoriya var. Onlar isə illərdir balıq kimi susurlar. Guya ki, Azərbaycanda
belə mal yoxdur.
Azərbaycanda "Raund-ap"
adlı herbisid, geni dəyişdirilmiş
bitkiləri alaq otlarından qoruyan preparat satılırsa, deməli, ölkədə
GMO əkinçiliyi də
var. Təəssüf ki,
geni dəyişdirilmiş
malları araşdırmalı
olan laboratoriyalar ya nəyinsə xatirinə susurlar, ya da ümumiyyətlə,
araşdıra bilmirlər. Təsadüfi deyil ki, 15 il
öncə Braziliyadan 3 genetik monikulyasiya olunmuş mal gətirdim və onların nümunələri hələ
də ofisimizdə qalır. Onu müəyyən qaba töküb Azərbaycan laboratoriyalarına
verdim, oradan mənə dedilər ki, bunların tərkibində GMO yoxdur.
GMO-lu bitki və qidalar insan orqanizmində sərbəst radikallar şəklində qalır. Orqanizmimizdə
isə o cür tərkibi həll etmək üçün fermentlər
yoxdur. Ona görə də
onlar həll olunmur, insan bədənində qidalanmağa
başlayırlar və
beləliklə, xəstəliklər
əmələ gəlir.
Halbuki aparılmış
ciddi araşdırma və tədqiqatlar göstərir ki, GMO tərkibli bitki və qidalar canlıları nəsil artırmaq qabiliyyətində
məhrum edə bilər".
Deyilənlərdən nəticə çıxarsaq, görərik
ki, ABŞ Milli Elmlər, Texnologiya və Tibb akademiyalarının hesabatı belə məhsullar haqqında müsbət rəy bildirməklə insanları onlardan istifadəyə sövq edir.
E.Hüseynov onu da qeyd edib ki, 8 ay öncə "Qida təhlükəsizliyi" haqqında
qanun parlamentdə qəbul olunan zaman Azərbaycanda heyvanlara GMO-lu yemlərin verilməsi qanuniləşdirildi: "Çox
çalışsaq da,
bunun qarşısını
ala bilmədik. Bizdə olan
məlumatlara görə,
GMO tərkibli yemlərlə
qidalanan quş və heyvanların ət və südündə
GMO əlamətləri var
ki, bu da
insan orqanizmi üçün zərərlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi
(AQTA) ciddi cəhdlə
sübut etməyə
çalışır ki, heyvanlar
GMO-lu yemlərlə qidalansa da, bunun
insan orqanizminə hər hansı mənfi təsiri olmaz. Amma bu, səhv yanaşmadır. Ona görə
biz təklif edirik ki, GMO tərkibli yemlərdən istifadə
edən quşçuluq
fabrikləri, maldarlıq
fermer təsərrüfatları
istehsal etdikləri məhsulların üzərində
belə yemlərdən
istifadə olunduğunu
mütləq yazsınlar".
Təbii bitkilərin toxumdan yenisi əmələ gəlir. GMO-lu bitkilərin
toxumlarından isə
bitki əmələ gəlmir. Bu, bir faktdır ki, bir çox
fermerlər, icarədarlar,
kənd təsərrüfatı
zəhmətkeşləri keyfiyyətə
yox, kəmiyyətə,
məhsuldarlığa üstünlük
verirlər. Meyvə-tərəvəzlərdəki
gen dəyişikliyi o yerə
gəlib çatıb
ki, qəbul edilən qida və ərzaqların tərkibində lazımi vitaminlər ya heç olmur, ya da çox
az olur.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan 2000-ci ildə Bioloji müxtəlifliyə dair BMT-nin konvensiyasına, 2005-ci ildə isə bu konvensiyadan irəli gələn "Biotəhlükəsizliyə dair kartagen protokolu"na qoşulub. Sonuncu sənədin tələblərinə görə, Azərbaycan GMO mənşəli toxum və malların nəzarətsiz buraxılmaması, risklərin öyrənilib qiymətləndirilməsi, bu sahədə əhalinin müntəzəm məlumatlandırılması kimi öhdəliklər götürüb. Amma buna baxmayaraq, təəssüf ki, GMO tərkibli toxum, preparat və məhsulların yayılması miqyası getdikcə genişlənir. Müşahidələrə görə, idxalın xeyli hissəsini mənşəyi bilinməyən məhsullar təşkil edir. Digər tərəfdən, Azərbaycanda da GMO əkinçiliyi, bitkiçiliyi inkişaf edib. Bir çox hallarda yerli fermerlər həm bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz həmin növ toxumlara, bitki şitillərinə üstünlük verirlər.
Bu gün insanların böyük əksəriyyəti sağlamlığından şikayət edir. Bu qədər xəstəliklərin artmasının səbəblərindən biri də GMO-lu məhsulların geniş yayılmasıdır. Xaricdən gətirilən mənşəyi bilinməyən, geni dəyişdirilmiş bu məhsulların genefonda vurduğu ziyanı müəyyənləşdirmək üçün ciddi və obyektiv tədqiqatlara ehtiyac var.
Qida mütəxəssisi Ağa Salamovun sözlərinə görə, GMO-lu qida məhsulları orqanizmdə şiş hüceyrələrini, hüceyrə daxilində metabolik şəbəkəni dəyişdirən çoxlu genetik mutasiyaları inkişaf etdirir ki, bu da öz növbəsində genlərə mənfi təsir göstərir. Bundan sonra isə hətta dava-dərman da insanların işinə yaramır: "Bioloji təcrübələr çox vaxt laboratoriyalar arasında təkrarlana bilmir və biz çox vaxt bunun üçün səriştəsiz tədqiqatçıları günahlandırırıq. Görünən odur ki, kiçik metabolik fərqlər təcrübələrin nəticələrini dəyişə bilər. Metabolizmdəki fərqləri daha yaxşı idarə edən yeni laboratoriya prosedurları yaratmaq lazımdır. Bu, bizə daha dəqiq və daha etibarlı təcrübələr hazırlamağa kömək edər. Bir çox hallarda təsirlər o qədər güclənir ki, hüceyrələrin metabolik profilinin dəyişdirilməsi bəzi genlərin tamamilə fərqli şəkildə davranmasına səbəb olur".
Havar ŞƏFİYEVA
525-ci qəzet.- 2023.- 21 aprel.- S.16.