Köhnə və nasaz avtomobillər
ekologiyaya ciddi zərər verir
AZƏRBAYCANDA
BU MƏNFİ AMİLİN MÜMKÜN QƏDƏR ARADAN
QALDIRILMASI ÜÇÜN TƏDBİRLƏR HƏYATA
KEÇİRİLİR
Keçən
il Azərbaycanda stasionar mənbələrdən və
avtomobillərdən atmosfer havasına atılan çirkləndirici
maddələrin həcmi 2021-ci illə müqayisədə 50,4 min ton çoxalaraq ümumilikdə 930,6 min
ton təşkil edib. Həmin göstəricinin 83 faizi və
ya 772,2 min tonu avtomobillərdən
atılan tullantıların payına düşüb.
Avtomobillərdən atılmış zərərli maddələrin
həcmi 6,7 faiz, stasionar mənbələrdən
atılmış maddələrin həcmi isə 1,1 faiz
artıb. Dövlət Statistika Komitəsinin məlumatında
belə deyilir. Məlumata əsasən, stasionar mənbələrdən
atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən
olan Bakı şəhərində 3,9 min
ton, Mingəçevir şəhərində 1,9 min ton
azalıb, Sumqayıt şəhərində isə 1,7 min ton
artıb.
Profilaktik
tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli
maddələrin 67 faizi təmizləyici qurğular vasitəsilə
tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli
maddələrin miqdarının azaldılması
üçün sənaye müəssisələrində
texnoloji proseslərin təkmilləşdirilməsi və
mövcud təmizləyici qurğuların səmərəliliyinin
artırılması nəticəsində hava hövzəsinə
il ərzində 108,7 min ton zərərli
maddələrin atılmasının qarşısı
alınıb.
Bütün
mənbələrdən atmosferə atılmış zərərli
tullantıların 59,5 faizini karbon oksidi, 25 faizini karbohidrogenlər,
12 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini
isə digər çirkləndirici maddələr təşkil
edib.
Ekologiya və təbii sərvətlər nazirinin
müşaviri Rasim Səttarzadənin dediyinə görə,
yaşı 10 ildən çox olan avtomobillərin Azərbaycana
gətirilməməsi ətraf mühitə müsbət təsir
edəcək.
Azərbaycana idxal olunan avtomobillərin əksəriyyətinin
istehsal tarixi köhnədir: "Bu da avtomobil parkının
sürətlə köhnəlməsinə gətirib
çıxarır. Avtomobil parkının
köhnəlməsi nəqliyyat sektorundan tullantıların
artmasına və bununla da ətraf mühit və insan
sağlamlığına mənfi təsir göstərir.
Ölkədə iqtisadi fəallığın
artması fonunda nəqliyyat vasitələrinin sayı sürətlə
artır".
Müşavirin
sözlərinə görə, Azərbaycanda istehlakda olan
avtomobillərin 80 faizdən çoxunun yaşı 10 ildən
artıqdır: "Statistik rəqəmlərə baxsaq,
köhnə avtomobillərin sayının ekoloji cəhətdən
təmiz avtomobillərin sayına nisbətən daha sürətlə
artmasını müşahidə edə bilərik. Bu isə ətraf mühitə, insan
sağlamlığına təhlükələr yaradan amillərdəndir.
Ona görə də Nazirlər Kabineti tərəfindən 29
mart 2023-cü il tarixində yaşı 10
ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə
gətirilməsinin məhdudlaşdırılması ilə
bağlı qərar qəbul olunub. Bu qərar,
sözsüz ki, həm avtomobil parkının köhnəlməsinin
qarşısının alınmasına, həm də avtomobil
sektorunun insan sağlamlığına və ətraf mühitə
mənfi təsirlərinin azaldılmasına şərait
yaradacaq, eyni zamanda, digər ölkələrdə istifadəsi
məhdudlaşdırılmış avtomobillərin ölkəmizə
axınının qarşısını alacaq".
R.Səttarzadə
qeyd edib ki, inkişaf etmiş ölkələrdə benzin və
dizel yanacağı ilə işləyən avtonəqliyyat
növlərindən istifadənin azaldılması və tədricən
qadağan edilməsi istiqamətində tədbirlər
görülür: "Bu da o deməkdir ki, müəyyən
müddətdən sonra artıq həmin avtomobillərin bir
çoxu inkişaf etməkdə olan ölkələrin
bazarlarına yönələcək. Ümid
edirəm ki, müəyyən vaxtdan sonra görəcəyik
ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar nəticəsində
ətraf mühitdə, atmosferin keyfiyyətində müsbət
dəyişikliklər olacaq".
Mütəxəssislər hesab edirlər ki, havanın
çirklənməsinin ən təhlükəlisi və
xoşagəlməyəni qaz, tüstü, duman və toz
qarışığı olan smoqdur. Su buxarlarının
kondensasiyası zamanı kiçik tüstü hissəcikləri
ətrafında toplanmasından əmələ gələn
smoq, xüsusilə, böyük sənaye şəhərlərində
nəqliyyat vasitələrinin çox sıx olduğu ərazilər
üçün xarakterikdir. Smoqun tərkibində
olan ən zəhərli qaz avtomobillərin buraxdığı
dəm qazı hesab olunur. Smoq zamanı
havada zərərli maddələrin şiddətli
konsentrasiyası yaranır ki, bu da bəzən ölümlə
nəticələnir.
Bu gün ölkədə atmosfer çirklənməsinin
qarşısının alınması, ətraf mühitin
mühafizəsinin gücləndirilməsi, ekoloji
tarazlığın qorunması üçün müvafiq tədbirlər
həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə təsdiq edilən "Azərbaycan Respublikasında
demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində
Dövlət Proqramı"nın icrası ilə əlaqədar
atmosfer havasının nəqliyyat vasitələrindən
atılan zərərli tullantılarla çirkləndirilməsinin
qarşısının alınması işinin səmərəli
aparılması üçün DİN-in Baş Dövlət
Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə birgə hər il "Təmiz hava"
aylığı keçirirlər. "Təmiz
hava" aylığının əsas məqsədi atmosfer
havasının avtomobillərin ixrac qazlarının tərkibində
olan zərərli maddələrlə çirkləndirilməsinin
qarşısının alınmasıdır. Bunun üçün avtomobil nəqliyyatı vasitələrinin
mühərriklərinin ixrac etdiyi qazların tərkibi
yoxlanılır, onların normaya uyğun olmasına nəzarət
gücləndirilir, mühərrikləri normadan artıq qaz
ixrac edən avtomobillər aşkar edilərək onların
yol hərəkətindən kənarlaşdırılması
üçün müvafiq tədbirlər görülür.
Təəssüf ki, hələ də avtomobil
yollarında mühərrikinin işlənmiş qazlarında
atmosferə atılan zərərli maddələrin miqdarı
normadan artıq olan avtonəqliyyat vasitələrinə rast gəlinir. Mütəxəssis
rəyinə görə, bu gün ölkədə atmosfer
havasına atılan çirkləndirici maddələrin 75
faizindən çoxu məhz avtomobil və maye yanacağı
ilə işləyən mühərriklərin payına
düşür. Hesablamalara görə, ölkədə
avtomobil nəqliyyatından atmosfer havasına il
ərzində atılan zərərli maddələrin
miqdarı 700 min tona yaxındır. Avtomobillərdən
atmosferə atılan zərərli tullantıların
qarşısının alınması məqsədilə
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən
aidiyyəti qurumlarla birgə mütəmadi olaraq tədbirlər
görülür, "Təmiz hava" aylıqları
keçirilir. Preventiv əhəmiyyət kəsb edən
belə tədbirlər zamanı atmosferə normadan artıq zərərli
maddələr atan avtomobillərin istismarının
qarşısının alınması ilə yanaşı,
sürücülərlə, eləcə də sərnişin
və yükdaşıma fəaliyyəti göstərən fiziki
və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən
istifadənin ətraf mühitə, o cümlədən,
insanların həyat və sağlamlığına
vurduğu zərərlə bağlı maarifləndirmə
xarakterli söhbətlərin aparılmasına xüsusi
önəm verilir.
Ekologiya və
Təbii Sərvətlər Nazirliyindən verilən məlumata
görə, dünyanın bir çox ölkələrində
nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin
azaldılması məqsədilə ekoloji cəhətdən
təmiz və yanacaq sərfiyyatı az
olan elektrik və hibrid avtomobillərinin maddi cəhətdən
daha əlçatan olması üçün
genişmiqyaslı strategiyalar həyata keçirilir, təşviqedici
addımlar atılır. Dünya təcrübəsində
təşviqedici addımlar kimi elektromobil
alıcılarına, satıcılarına müxtəlif
tipli güzəştlər tətbiq edilir, prioritetlər
müəyyən olunur və maddi dəstək göstərilir.
Təbii ki, belə təşviq çox vacibdir
və yaxşı nəticələr verir. Dünyada 5,1 milyondan çox
elektromobil və hibrid avtomobilindən istifadə olunur və bu
avtomobillərin 80 faizi ABŞ, Çin, Yaponiya, Hollandiya və
Norveç kimi ölkələrin payına düşür. Elektromobil avtomobillərdən ən çox istifadə
edən Çində istifadəçilər yol vergisindən,
satışı ilə məşğul olanlar isə
satış vergisindən azaddırlar və bu avtomobillərin
qeydiyyata alınması üçün rüsum da tələb
olunmur. Elektriklə çalışan
avtobusların əksəriyyəti də bu ölkənin
payına düşür və onlar üçün
ayrıca elektrikdoldurma məntəqələri fəaliyyət
göstərir. Böyük Britaniyada isə
elektromobil avtomobillər aksiz və yol vergilərindən
azaddırlar, istehlakçılara müxtəlif güzəşt
və maddi dəstək təklif edilir, genişmiqyaslı
enerjidoldurma məntəqələri qurulub. Öz həyətlərində şarj məntəqəsi
quraşdıran elektrik və hibrid avtomobil istifadəçiləri
isə istifadə etdikləri elektrik enerjisinə görə
20 faiz əvəzinə 5 faiz vergi ödəyir. Türkiyədə də elektromobil sahiblərinə
verilən güzəştlər çoxsaylıdır.
Burada elektromobil istifadəçilərinə
avtomobillərin mühərrik gücünə görə
genişmiqyaslı güzəştli vergi dərəcəsi tətbiq
olunur, çoxlu sayda şarj məntəqələri
quraşdırılır və bu sahədə nəzərəçarpacaq
irəliləyişlər əldə edilib. Elektromobillərin istifadəsinə dəstək vermək
məqsədilə onların idxalçılarına və
alıcılara dövlət tərəfindən subsidiyalar
verilir. Norveç isə hər 1000 nəfərə
düşən elektromobil sayına görə dünyada ən
yüksək göstəriciyə malikdir. Burada istismar
müddətinin bitməsinə az
qalmış, havanı çirkləndirən nəqliyyat
vasitələrinin istifadəsi qadağan edilir. 2025-ci
ilədək isə ölkə ərazisində yanacaqla
işləyən nəqliyyat vasitələrinin istifadəsinin
tamamilə qadağan olunması planlaşdırılır.
Dünya təcrübəsində elektromobillərlə
bağlı tədbirlər dövlət-özəl
qurumların əməkdaşlığı çərçivəsində
həyata keçirilir. Ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərin
istifadəsinin təşviqi, stimullaşdırılması ətraf
mühitin qorunmasında vacib rol oynayır. Azərbaycanda
da elektriklə çalışan avtomobillərin istifadəsinin
genişləndirilməsi ölkənin ekoloji durumunu
yaxşılaşdıra bilər.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 26 aprel.- S.15.