1969-cu ilin isti yayı  

 

 

 

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında düşünərkən tez-tez yadıma onun bir kəlamı düşür: "Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi". Hesab edirəm ki, bu fikirlər Ulu öndərin özünə də aiddir, müstəqilliyimizin əsaslarının qoyulması, sonralar onun bərpa olunması və möhkəmlənməsi Heydər Əliyevin siyasi lider kimi yalnız fəaliyyətinin deyil, həm də onun uzaqgörənliyinin, mübarizəsinin, cəsarətinin, böyük iradəsinin nəticəsidir.

1960-cı illərin sonlarında keçmiş SSRİ-nin əyalətlərindən biri olan Azərbaycanda iqtisadiyyatda, cəmiyyətin ictimai-siyasi həyatında narahatlıq doğuran tənəzzül prosesləri açıq-aşkar müşahidə edilirdi. Sovet İttifaqına daxil olan digər müttəfiq respublikaların gözəçarpan inkişafı fonunda Azərbaycanın bütün sahələrdə geriləməsi, mənfi meyillərin və neqativ halların getdikcə dərin kök atması, hakimiyyət uğrunda gizli rəqabətin ifrat həddə çatması respublikanın iqtisadi potensialını dağıtmaq, xalqın milli-mənəvi birliyinə sağalmaz yaralar vurmaq qədər təhlükəli miqyas almışdı. İş o dərəcəyə çatmışdı ki, bizim xalqın nümayəndələrini respublikadan kənarda tanımırdılar, yaxud tanımaq istəmirdilər. Yaxşı xatırlayıram, həmin dövrdə Moskvada məndən haradan gəldiyimi soruşarkən "Azərbaycandan", - deyəndə, təəccüblənirdilər ki, ora haradır və harada yerləşir.

Azərbaycanın siyasi-iqtisadi həyatında yaranmış tənəzzül xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi. Respublikanın siyasi rəhbərliyində kosmopolit əhval-ruhiyyə hökm sürürdü. Vəziyyət o həddə gəlib çatmışdı ki, paytaxt Bakı şəhər əhalisinin yalnız 30% azərbaycanlı idi. Milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlılaşdırılması yönündə heç bir ciddi addım atılmır, əksinə, bu istiqamətdə edilən təşəbbüslərin qarşısı alınırdı. Aydındır ki, belə bir vəziyyət milli şüura, milli düşüncəyə və milli mentalitetə xas olan kadrların yetişməsinə də əngəl törədirdi.

Yaxşı xatırlayıram, 1969-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsini bitirmişdim. 23 yaşım var idi. Qeyd edim ki, o dövrdə "ölkə başçısı kimdir", "siyasət nədən ibarətdir" kimi suallar insanları az düşündürürdü, bir tərəfdən cəmiyyət indiki qədər siyasiləşməmişdi, digər tərəfdən hərənin öz problemi var idi, iqtisadi çətinliklər insanları siyasi maraqlardan uzaqlaşdırmışdı. Mən yaşıma görə də, təhsilimə görə də artıq yetkin insan idim və görürdüm ki, Azərbaycandakı vəziyyətlə qonşu respublikalardakı vəziyyət eyni deyil. Zəruri ərzaq və sənaye məhsullarını-yağı,əti, şəkəri, geyim   əşyalarını, mebeli və digər malları almaq üçün qonşu respublikalara getməli olurduq. Oralarda, təbii ki, bizi "gül-çiçəklə" qarşılamırdılar, artıq-əskik sözlər eşidirdik, doğrudur, onlar da deyirdi, ancaq özümüz də fikrləşirdik ki, bu qədər neft və digər təbii sərvətləri olan ölkədə heç nə olmadığı halda  heç bir istehsalı olmayan qonşu respublikalarda görəsən niyə hər şey tapmaq olur?

Bu suallarla bağlı daim düşündüyümüzdən o dövrün gəncləri 1969-cu ilin iyul ayındakı ölkə rəhbərliyində baş verən radikal dəyişiklikləri çox böyük rəğbətlə və ümidlə qarşıladı. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi avqust plenumundakı ilk çıxışı bütün ölkədə bir fırtına effekti yaratdı. Çünki ilk dəfə idi ki, bu çıxışda ölkədə gedən proseslərə fərqli baxış ortaya qoyulur, mövcud nöqsanlar tam çılpaqlığı ilə açıqlanır, onların aradan qaldırılması üçün yollar müzakirəyə çıxarılırdı. Bu, o zamankı Azərbaycan üçün artıq böyük hadisə idi.

Nə yaxşı ki, bizim ümidlərimiz doğruldu. Azərbaycan tarixinin ən çətin dövrlərində (1993-cü ildəki gəlişi də mürəkkəb şəraitdə idi, ancaq düşünürəm ki, Moskvanın tam nəzarəti altında çox ağır vəziyyətdə olan ölkədə 1969-cu ildəki situasiya daha acınacaqlı idi) hakimiyyətə gələn Heydər Əliyev dövrün tələblərinə baxmayaraq, müəyyən taktiki addımlar atıb mənsub olduğu xalqın inkişafı naminə strateji planlar həyata keçirməyə başladı. Bunlardan birincisi xalqı özünə tanıtmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. O, həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan qaldırdı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdı. 1969-cu ilədək ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Heydər Əliyevin siyasi xəttinin əsasını təşkil edirdi. Belə ki, ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin sosial durumunun getdikcə ağırlaşması ilə nəticələnirdi. Ölkəmizin daxili imkanları, təbii sərvətləri digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə iqtisadi tənəzzülə məruz qalırdı. Yaxşı xatırlayıram ki, Azərbaycanın bəzi rayon mərkəzlərində qaz olmadığı halda, Ermənistanın ucqar kəndlərinə Bakıdan qaz çəkilmişdi. Belə yanaşmaların nəticəsində, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənclər iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdular...

O  dövrün şahidləri xatırlayırlar ki, 1969-cu ilin yayı illik normadan artıq isti idi, siyasi vəziyyət isə daha yüksək hərarət göstərirdi. 60-cı illərdə SSRİ-də baş verən milli dirçəliş, geosiyasi vəziyyəti və ideyaları təlatümə gətirən 1968-ci ilin məşhur Çexoslovakiya hadisələri Sovet rəhbərliyini daha ehtiyatlı addımlar atmağa vadar edirdi.  Brejnev, Suslov, Çernenko kimi Sovet ideoloqları üçün iqtisadi problemlər, hətta rüşvətxorluq, qohumbazlıq, təsərrüfatsızlıq kimi neqativ hallar millətçilik, azadfikirlilik, müstəqillik kimi təhlükəli fikirlərin yanında boş bir şey idi. Həmin dövrdə Azərbaycanda bir 60-cı illər ədəbiyyatı deyilən millətçi ədəbi cərəyan, Bəxtiyar Vahabzadə, Anar, Elçin,Yusif Səmədoğlu kimi cəsarətli yazarlar, "Gülüstan" poeması kimi əsərlər meydana çıxmışdı. Stalindən sonrakı yumşalmalar iqtisadi vəziyyəti çətin olan respublikada müxtəlif adlar altında gizli təşkilatların, millətçi qurumların yaranmasına rəvac vermişdi. 1968-ci ildə Novruz bayramının ilk dəfə dövlət səviyyəsində qeyd edilməsi, rus dilinin əsas dil   kimi Azərbaycan dilini sıxışdırması, rus dilini bilməyən, yaxud zəif bilən  insanların vəzifə pillələrinə yaxın buraxılmaması də milli duyğuları qıcıqlandıran amillər sırasında idi.

Azərbaycanda Moskvanı qane edəcək bir qayda-qanun yaratmaq, milli maraqları qızışdıran qüvvələri neytrallaşdırmaq, millətçilik toxumlarını məhv etmək lazım idi. SSRİ-də mövcud olan ənənəyə görə, həmin dövrdə bir qayda olaraq, respublikalarda Birinci katib vəzifəsinə Ali Sovetin Rəyasət Heyətinin sədri, Mərkəzi Komitənin digər katibi, müstəsna hallarda isə Nazirlər Sovetinin sədri  təyin edilirdi. Ona görə də Əli Əmirov (MK-nın sənaye üzrə katibi), Məmməd İsgəndərov (Ali Sovetin Rəyasət Heyətinin sədri) və Ənvər Əlixanov (Nazirlər Sovetinin sədri) arasında açıq və gizli mübarizə gedir, Vəli Axundovla hesablaşmaq istəməyən bu insanlar hakimiyyətdə anarxiyanın dərinləşməsinə bir az da rəvac verirdilər.

Həmin mürəkkəb dövrdə respublika rəhbəri vəzifəsinə ən azı beş güclü namizəd var idi ki, hər birini Kremlin ayrı-ayrı nüfuzlu dairələri israrla müdafiə edirdi. Ziyalı və humanist insan olan Vəli Axundovla hesablaşmayan İsgəndərov və Əlixanov "birinci" seçilmək ümidində idilər və dövlətin zəifləməsi onların xeyrinə işlədiyi üçün sabotaj etməkdən də çəkinmirdilər. Baş katib Brejnevə artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovu da ayrıca təqdim etmişdilər və onun rəhbərliyə gətirilməsi fikri də mövcud idi. Artıq qeyd edildiyi kimi, Moskvanın ən yüksək dairələrində MK katibi Əli Əmirovun da Birinci katib olması məsələsi müzakirə edilirdi. Belə bir mürəkkəb vəziyyətdə Baş katibə yaxın olan Semyon Sviqun və Yuri Andropov həlledici rol oynadılar. Onlar Brejnevi inandıra bildilər ki, təhlükəsizlik orqanı nümayəndəsinin rəhbərliyə gətirilməsi millətçiliyi boğmaq baxımından çox əlverişli seçim olardı. Məhz DTK-nın rəhbəri Heydər Əliyev zəif nöqtələri ən yaxşı bilir və tezliklə Azərbaycanda istədiyimiz qayda-qanunu yarada bilər.

Nəhayət, iyulun 13-də Moskvadan Sov.İKP MK  katibi İ.V.Kapitonov  Bakıya təşrif  buyurdu və 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirildi. Plenumda Sov.İKP-nin katibi İ.V.Kapitonovla birgə Sov.İKP bölmə müdiri Y.M.Startsev də iştirak edirdi. Müzakirəyə bir məsələ - təşkilat məsələsi qoyulmuşdu. Plenumu Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov açıq elan edir və sözü İ.V.Kapitonova verir. O, son illərdə respublikanın iqtisadi və mədəni inkişafının ümumi xarakteristikası və meydana gələn geriliyindən məlumat verir. Kapitonov qeyd edir ki, son on ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyən V.Y.Axundov respublikanın iqtisadiyyatı və mədəniyyətini inkişaf etdirmək, təşkilat və ideoloji işi yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi etmiş və xeyli qüvvə sərf etmişdir. Lakin son vaxtlar V.Y.Axundovun səhhəti pisləşmişdir və bunu özü də başa düşür ki, birinci katib vəzifəsində respublika qarşısında duran böyük və mürəkkəb işləri həyata keçirmək onun üçün çətindir.

Bununla əlaqədar olaraq Sov.İKP MK-ya elmi işə keçirilməsi haqqında xahişlə müraciət etmişdir. Sov.İKP MK-nın katibi İ.V.Kapitonov çıxışında qeyd edir ki, Azərbaycan yüksək inkişaf etmiş sənaye ölkəsidir. Çoxşaxəli kənd təsərrüfatı strukturuna malikdir. Böyük miqyasda tikinti işləri aparılır. Elm və mədəniyyət inkişaf edir. Bir sözlə, respublikanın təsərrüfatı böyükdür, eyni zamanda, olduqca mürəkkəbdir. Respublikada bir çox problemlər, həll edilməmiş vəzifələr, çətinliklər və çatışmazlıqlar vardır.

Bütün bunları və Vəli Axundovun səhhətini nəzərə alaraq partiyanın Mərkəzi Komitəsi onun xahişini yerinə yetirməyi qərara almışdır. Azərbaycan Kommunist Partiyasının 1969-cu il 14 iyul tarixli plenumu respublika partiya təşkilatının birinci katibliyinə namizəd məsələsini də müzakirə etdi. Sov.İKP MK-nın katibi İ.V.Kapitonov  qeyd etdi ki, məsələ bu vaxta qədər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində uzun müddət və hərtərəfli araşdırılmışdır. Birinci katib vəzifəsinə bir çox namizədlər irəli sürülmüş və müzakirə edilmişdir. Ciddi və hərtərəfli öyrənildikdən sonra Sov.İKP Mərkəzi Komitəsi Heydər Əliyevin namizədliyi üzərində dayanmışdır.

İ.V.Kapitonov plenum üzvlərinin Heydər Əliyevi yaxşı tanıdıqlarını nəzərə alaraq onun haqqında Mərkəzi Komitənin fikrini çatdıraraq deyir: "Heydər Əliyev yoldaş obyektiv olaraq üstünlüyə malikdir. Ən böyük üstünlüyü ondadır ki, o, hələ cavandır. 1923-cü ildə anadan olub. Onun 46 yaşı vardır. Birinci katib vəzifəsinə üç il, beş il müddətinə yox, daha uzun müddətə seçmək lazımdır... Əliyev yoldaş respublika partiya təşkilatında fəal iştirak edir. Partiyanın Mərkəzi Komitəsinin tərkibinə daxildir, respublika Ali Sovetinin üzvüdür. Əliyev yoldaş əməli fəaliyyətində özünü yetkin siyasi savadlı işçi kimi göstərmişdir. Sov.İKP Mərkəzi Komitəsində də biz onu belə qiymətləndiririk, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin bürosunda da sizin yoldaşlar belə qiymətləndirirlər. O, yaxşı təşkilatçıdır, adamlarla işləməyi bacarır, bununla yanaşı, özünə və başqalarına qarşı tələbkardır. Sizə məlumat vermək istəyirəm ki, yoldaş Əliyev Sov.İKP Siyasi bürosunun iclasına dəvət edilmiş, onunla söhbət aparılmışdır. Bütün bunları nəzərə alaraq, Sov.İKP-nin Siyasi Bürosu Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü seçilməsi barədə təklifi plenumun müzakirəsinə verir.

 Plenuma sədrlik edən Azərbaycan KP MK-nın ikinci katibi S.V.Kozlov bu məsələ ilə bağlı heç kəsin sualı olmadığını bildirdikdən sonra sözü sabiq birinci katib V.Axundova verir. O xəstələndiyini, üç aya yaxın Moskvada xəstəxanada yatdığını qeyd edir və səhhətinin kəskin pisləşməsi ilə bağlı vəzifədən azad edilməsi haqqında xahişlə müraciət edərək, elmi işlə məşğul olmaq istədiyini bildirir. Respublikaya 10 il başçılıq edən Vəli Axundov plenumda Heydər Əliyev haqqında belə söyləyir: "Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə imkan verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər obyektiv, vicdanlı və layiqli insandır. Dzerjinski demişdi ki, çekistin isti ürəyi, soyuq ağlı, təmiz əli olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevə məxsusdur və mən əminəm ki, respublikaya başçılıq edərkən o, bu cəhətlərindən istifadə edərək respublikanın tarixi adət-ənənələrini layiqincə davam etdirəcəkdir".

Plenum V.Axundovun xahişini təmin edir, səhhətini və elmi işlərlə məşğul olmaq arzusunu nəzərə alıb, onu Azərbaycan KP MK-nın rəhbərliyindən azad edir (Vəli Axundov Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü və vitse prezidenti vəzifəsinə seçilir). Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü seçilməsi məsələsi səsverməyə qoyulur. Onun eyni zamanda Azərbaycan KP MK üzvlüyünə namizədlikdən MK-nın üzvü seçilmək məsələsinə də baxılır. Plenum yekdilliklə Heydər Əliyevə səs verir və o, Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçilir. Plenumda çıxış edən Heydər Əliyev göstərir ki, o, tam məsuliyyətlə qarşıda duran çətin və mürəkkəb vəzifələri anlayır və öz əməli işində bunların həlli üçün əlindən gələni əsirgəməyəcək: "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır".

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev çıxışında ona böyük etimad göstərilməsinə görə, Sov.İKP MK-ya, onun baş katibi L.İ.Brejnevə və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə səmimi təşəkkürünü bildirir. Plenumda Heydər Əliyev deyir: "Bu vəzifəyə keçməklə mən üzərimə düşən məsuliyyəti dərk edirəm, qarşımda duran vəzifələrin mürəkkəbliyini və çətinliyini başa düşərək əmin etmək istəyirəm ki, bu böyük və yüksək etimadı doğrultmaq üçün əlimdən gələn bütün imkanlarımdan istifadə edəcəyəm. Bununla mən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin bütün tərkibinə, MK-nın büro üzvlərinə, Respublikamızın bütün rəhbər partiya, sovet və təsərrüfat işçilərinin köməkliyinə və müdafiəsinə arxalanıram və ümid edirəm. Hesab edirəm ki, birgə səmimi fəal işimiz bizim gələcək müvəffəqiyyətlərimizin rəhni olacaqdır". Heydər Əliyevin ümidverici və səmimi çıxışı alqışlarla qarşılanır.

Ulu öndərin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan, 15 müttəfiq respublika arasında 14-cü yerdə olan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilə bildi. Təsadüfi deyil ki, bu illər tariximizin Heydər Əliyev dövrü adlandırılır.

Azərbaycan tarixinin 1969-cu ilin 14 iyulundan sonrakı dövrünün əhatəli təhlili və qiymətləndirilməsi belə bir həqiqəti də aşkar edir ki, Heydər Əliyevin respublikaya rəhbər seçilməsi öz əhəmiyyətinə və əzəmətli nəticələrinə görə adi rəhbərlik dəyişdirilməsi prosedurundan məna və keyfiyyətcə çox-çox fərqlənən hadisə olmuşdur. Bu, əslində, ölkəmizin çağdaş tarixində xronologiya baxımından XX əsrin dar çərçivələrinə sığınmış, lakin çox böyük məzmun yükünə malik olan yeni eranın başlanğıcı demək idi. Çünki 1969-cu ilin ortalarından etibarən Azərbaycan cəmiyyətinin mövcudluğunun, fəaliyyətinin, bütünlükdə həyatının ideya-konseptual prinsiplərində yeni milli-mənəvi dəyərlərin və fəlsəfi yanaşmaların əsası qoyuldu. Əslində, 14 iyul 1969-cu il Azərbaycanın ən yeni tarixinə dönüş mərhələsi kimi daxil olmuşdur. Bu, tənəzzül içində olan Azərbaycanın tərəqqiyə, cəmiyyətin isə keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüşünün başlanğıcı idi.

Əlbəttə, necə deyərlər, "heç kəs qırmızı xalça sərib"  Heydər Əliyevi gözləmirdi. O zamanlar onunla bir yerdə işləmiş, sonralar mənim həmkarım olmuş Lidiya Rəsulova danışırdı ki, Heydər Əliyevin Azərbaycanda rəhbər vəzifəyə gəlməsi istər Moskvada, istərsə də Bakıda birmənalı qarşılanmamışdı. Kremlin ən yüksək dairələrində  Yuri Andropovla Semyon Sviqundan başqa demək olar ki, heç kəsin tanımadığı Heydər Əliyevin radikal addımları, sərt manevrləri, kəskin çıxışları, onlarla məsləhətləşmədən apardığı kadr islahatları çoxunu qıcıqlandırırdı. Ən çox qıcıq yaradan isə "Moskvanın adamlarına" qarşı aparılan sistemli kompaniya idi.  "Kremlin sevimlisi", bahalı hədiyyələri ilə onları tez-tez sevindirən Ənvər Əlixanov,  respublikaya rəhbər olmağına "5 dəqiqə qalmış" "səxavətli" Məmməd İsgəndərov    başqaları  Heydər Əliyevi "dünənki uşaq", "Vəli Axundovun bir tayı" hesab edərək onunla hesablaşmaq istəmir, Moskvadakı "arxalarına" güvənərək  açıq-aşkar saymazlıq edirdilər.

30 yaşından rəhbər vəzifələrdə işləyən, 3 dəfə Lenin ordeni almış,  Bakı Şəhər Partiya Komitəsinin birinci katibi, Mərkəzi Komitənin katibi, Nazirlər Sovetinin sədri kimi yüksək postlarda möhkəmlənən "şıltaq" Məmməd İsgəndərov həmin dövrdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri idi. Moskvadan aldığı "toxunulmazlıq" hüququndan sui-istifadə edərək bir qədər yumşaq xarakterli, ziyalı rəhbər olan Vəli Axundovun liberallığı müqabilində istədiyini edir, heç kəslə hesablaşmırdı. O dövrün şahidlərinin söhbətlərindən məlum olur ki, "Mamed Abduloviçin" nəinki özü, hətta ailə üzvləri də ölkədə "at oynadır", sorğu-sualsız "padşahlıq" edirdilər.

Bu şəxslə bağlı maraqlı söhbətlərdən birini BDU-nun kafedra müdiri, professor Məmmədəli Zeynalov danışmışdı. 1960-cı illərdə Maaarif nazirinin (Mehdi Mehdizadənin) birinci müavini vəəzifəsində işləyən Məmmədəli müəllimə hökumət telefonu ilə şəxsən Mamed Abduloviç özü zəng edir:

- Sənin nazirinə söz  deyiləsi deyil (cəmiyyətdə böyük nüfuzu olan ağır xasiyyətli Mehdi Mehdizadə heç kəsin, o cümlədən, Məmməd İsgəndərovun da sözünü "eşitməzdi"), sən də heç ona deməyəsən, bunu şəxsən sənə tapşırıram, səhər sənin yanına bizim bir yerlini göndərəcəyəm, onu filan rayona Maarif müdiri göndər getsin, qalan məsələlərlə işin yoxdur, mən yuxarıyla razılaşdırmışam, - deyib telefonu asdı.

Məmmədəli müəllim deyir ki, bu Mamed Abduloviç o qədər qəliz adam idi ki, fikirdən səhərəcən yata bilmədim, Mehdi müəllimə deməmiş bu işi necə görə bilərdim, bu yandan da bunun ultimatiumlu zəngi oldu. Allaha yalvardım ki, ay Allah, bu işi birtəhər yoluna qoy, Mamed Abduloviç mənim başıma min oyun açacaq. Elə bil allah səsimi eşitdi, səhər həmin adam  gələndə şəxsi işini vərəqləyib gördüm ki, bunu nəinki uyğun iş təcrübəsi, heç ali təhsili də yoxdur. Tələsik İsgəndərova zəng elədim:

- Mamed Abduloviç, bu adamın ali təhsili yoxdur, onu belə vəzifəyə təyin etmək olmaz!

  Telefonda onun istehzalı qəhqəhəsini eşitdim:

- A kişi, sənin başının üstündəkinin ali təhsili var ki, sən bundan ali təhsil tələb edirsən? Bu boyda ölkəni diplomsuz idarə etmək olur, bir balaca rayonun  təhsilini idarə etməyə diplom lazımdır? Get,həll elə!!! - qışqırıb telefonu asdı.

Donub qaldım, əvvəl elə bildim Mehdi müəllimi deyir, yadıma düşdü ki, Mehdi Mehdizadə elmlər doktorudur, professordur, yox, bunu demir, çevrilib arxada başımın üstünə baxdım, ölkə rəhbəri Nikita Xruşovun şəkli var idi. Demə, gözü ayağının altını görməyən Mamed Abduloviç SSRİ-nin birinci adamı Xruşovu da bəyənmir, işini aşırmaq üçün onu pis bir nümunə kimi göstərir...

Heydər Əliyev çox qısa müddətdə nəinki bu "ipə-sapa yatmayan" "Moskvanın adamını" yerinə oturda bildi, hətta 1969-cu ilin dekabrında Moskvanın ciddi müqavimətinə baxmayaraq onu vəzifəsindən azad etdi...

1951-ci ildən yüksək vəzifələrdə surətlə irəliləyən, Azərdənizneft birliyinin rəisi, Azərneft birliyi rəisinin birinci müavini,  Azərbaycan SSR Neft sənayesi nazirinin birinci müavini, Neft sənayesi naziri, Azərbaycan KP MK katibi, 1961-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin sədri olan Ənvər Əlixanov da ölkədə heç  kəslə hesablaşmırdı. Vəli Axundovun çağırdığı iclaslara həmişə hamıdan axırda gəlib şəstlə yuxarı başa keçən,  üz-gözünü turşudub heç "birinciyə" də salam verməyən Ənvər Nəzəroviç Heydər  Əliyevin keçirdiyi ilk büro iclasına da hamı yerinə oturandan 5 dəqiqə sonra daxil olub. Heydər Əliyev onu qapının ağzında sorğu-suala tutub ki, həmişəki kimi keçib yerinə oturmağa macal tapmasın: "Ənvər Nəzəroviç, büroya və mənə hörmət etmirsiniz, bunu başa düşdük, yaxşı, bəs bu camaata niyə belə münasibət?". "Qonaqlarım var  idi", - deyib sivişmək istəyən Ənvər Əlixanovu Heydər Əliyevin sərt səsi və kəskin baxışları qıpqırmızı qızardıb: "Siz həmişə belə edirsiniz, bu, birinci dəfə deyil, ancaq axırıncı dəfədir", - deyərək yumruğunu stola çırpıb. O dövrün ən yüksək fəxri adı - Lenin mükafatı laureatı olan nadir adamlardan biri, iki dəfə Lenin ordeni, bir dəfə Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüş "odda yanmaz, suda batmaz" Ənvər Nəzəroviç bu münasibəti həzm edə bilməsə də, bir müddət sonra - 1970-ci il aprelin 10-da Nazirlər Kabinetinin sədri vəzifəsindən azad edildi.

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

525-ci qəzet.- 2023.- 26 aprel.- S.10-11.