Cəmil Aleksandroviç şəxsiyyətinin
sirri
Vilnüsdə ötən yüzilliyin 20-ci illərində
respublikamızın ərazisində aparılan bütün
arxeoloji ekspedisiyaların iştirakçısı və Azərbaycanın
ilk arxeoloqlarından birinə - Litva tatarı Cəmil
Aleksandroviçə (Nasıfiyə) həsr olunmuş kitab
çapdan çıxıb.
"Litva tatarlarının tarixi və Azərbaycanın
qədim tarixi" kitabı YUNESKO-nun işləri üzrə
Azərbaycan Respublikası Milli Komissiyasının və Azərbaycan
Respublikasının Litva Respublikasında Səfirliyinin köməyi
ilə nəşr edilib. Kitabın elmi redaktoru, diplomat, ictimai xadim, filologiya elmləri
doktoru Vilayət Quliyev, tərtibçisi və ön
sözün müəllifi Azərbaycan Milli Elmlər
Akademiyasının A.A.Bakıxanov adına
Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix
üzrə fəlsəfə doktoru Tamilla Kərimova-Qocayevadır.
Təqdim olunan kitaba Cəmil Aleksandroviçin həyat yolu və
yaradıcılıq irsi barədə ətraflı
oçerk, həmçinin, Azərbaycanda
yaşadığı dövrdə yazdığı
bütün məqalələr, habelə müxtəlif illərdə
Bakıda və Moskvada dərc olunmuş Litva
tatarlarının tarixi üzrə bir neçə maraqlı
məqalə daxil edilib.
Kitab haqqında tarix üzrə fəlsəfə doktoru
Tamilla Kərimova-Qocayeva ilə söhbəti təqdim edirik.
- Tamilla
xanım, Cəmil Aleksandroviçlə bağlı
axtarışlara necə başladınız?
- Mən
tək o qədər adamı tapa bilməzdim. Arxeoloji komitənin
elmi katibi, Azərbaycanın tədqiqi və öyrənilməsi
cəmiyyətinin müxtəlif komissiyalarının əməkdaşı
olmuş Litva tatarı Cəmil Aleksandroviçin adı bizim
arxeoloqlarımız arasında böyük maraq
doğurmuşdu, lakin onlar uzun illər bu alim haqqında
hansısa məlumat tapa bilməmişdilər. Bir
dəfə kitabxanada mən elmi əsərlərin
üzünü çıxaran bir qadın gördüm,
Litvadan gəlmişdi. Bu qadın da onun bəzi
əsərlərinin yalnız surətlərini
çıxarmaqla kifayətləndi.
Cəmil Aleksandroviç tarixçi, arxeoloq idi. Bakıya
ötən əsrin əvvəllərində gəlmişdi.
1926-cı ildə, komitədə işlədiyi
dövrdə İ.İ.Meşaninovun rəhbərliyi
altında ekspedisiyada olmuşdu. Burda o,
V.Zummer, Ə.Ələkbərov, İ.Cəfərzadə,
V.Sısoyev və başqaları ilə birlikdə respublikada
ilk dəfə aparılan bütün arxeoloji ekspedisiyalarda
iştirak etmişdi. Cəmil
Aleksandroviç Dağlıq Qarabağda (Xocalıda),
Naxçıvanda (Qızıl Vəngdə - Qızıl
Burunda), Qız qalası rayonunda və başqa yerlərdə
böyük işlər aparmışdı. Mən onun barəsində ətraflı məlumat
axtarır, çox əlləşib-vuruşurdum. Bir təsadüf mənə çox kömək elədi.
Oğlumun ingilis dili müəllimi mənim tarixçi
olduğumu biləndə dedi: "Bilirsinizmi, mənim nənəmin
qardaşı da arxeoloq olub?" "Onun
familiyası necədir?" - deyə
soruşdum. Cavab verdi:
"Aleksandroviç". Bax,
axtarışlarımın dairəsi beləcə genişləndi.
Həmin qadın mənə onun şəklini və lazımi
məlumatlar verdi. Aleksandroviçin
İslam tarixi barədə heç kimin adını bilmədiyi
kitabının olduğunu da ondan eşitdim. İki il əvvəl Almaniyadan gəlmiş rəfiqəmlə
təsadüfən görüşdüm. Öz
işlərim barədə, planlarımdan danışdım,
Aleksandroviçdən söhbət açdım. Rəfiqəm
mənə dedi ki, dayısı, tanınmış Azərbaycan
bəstəkarı Rafiq Babayevin həyat yoldaşı, onun nənəsi
Fəridə xanım Aleksandroviçin yaxın qohumudur. İndi mənim halımı təsəvvür edin.
Neçə illərdir biz rəfiqəlik
edirik, mən onun qohumu haqqında heç nə bilmirəm.
Qismət!.. Görürsünüz
həyatda nələr olur? Fəridə xanım
Aleksandroviçin anasının və bacılarının
fotoşəkillərini mənə verdi,
onun ailə həyatından danışdı.
Litva
hökumətinin sərəncamı ilə ötən il geniş şəkildə qeyd olunan "Litva
tatarlarının tarixi və mədəniyyəti ili"ndə
Cəmil Aleksandroviçin şəxsiyyətinə və
yaradıcılığına maraq xüsusilə artdı. Elə
həmin il ADA-da bu hadisəyə həsr
olunmuş konfrans keçirildi. Bu məclisə
Aleksandroviç haqqında yazdığım məqalələrlə
tanış olan Litva Tatarları Cəmiyyəti
İttifaqının sədri, professor Adas Yakubaukas məni də
dəvət eləmişdi. Konfransda filologiya
elmləri doktoruVilayət Quliyev də çıxış elədi.
O, Litva tatarları barədə Cəmil Aleksandroviçin
seçilmiş məqalələrindən, Azərbaycanın
qədim tarixindən bəhs edən və Bakının elmi nəşrlərində
dərc olunmuş məqalələrindən ibarət
kitabı çapa hazırlamağı mənə məsləhət
gördü. Bu iş məni çox maraqlandırdı və
qısa müddətdə kitabı hazırladım. Litvadakı Azərbaycan səfirliyi kitabın
çapını öz üzərinə götürdü.
- Bəs
bu Aleksandroviç kimdir?
- Cəmil Aleksandroviç XX əsrin əvvəllərində
Azərbaycana gəlmiş Litva tatarlarının ən parlaq
nümayəndələrindən biridir. Alim, arxeoloq,
bütün qüvvəsilə, böyük şövq və
həvəslə işləyən adamdır. Cəmil
Aleksandroviçin Bakıya qədərki həyatı və fəaliyyəti
barədə otuzuncu illərin nüfuzlu Litva tatar xadimi Leo
(Arslan bəy) Kriçinskinin nisbətən yaxınlarda
üzə çıxardığı və şəbəkəyə
daxil etdiyi yalnız iki əsərində məlumat var.
Bunların birincisi Polşa, Litva, Belorusiya və Ukrayna
tatarları haqqında "Biblioqrafik materiallar" (1917-ci il) adlı broşuradır. Burda
Kriçinski Aleksandroviçə məxsus
"Cim-Əlif" təxəllüsünü üzə
çıxarıb. Burda o,
Aleksandroviçin həm təxəllüsü, həm də
öz adıyla tərtib etdiyi bir sıra nəşrlərin
adını çəkib. Cəmil
Aleksandroviçin barəsində də ilk xatirələri biz
həmçinin, "Azərbaycanın elmi işçiləri"
soraq kitabçasında (Bakı, 1927), "Azərbaycan
Arxeologiya Komitəsinin Xəbərləri"ndə, eləcə
də Azərbaycanın Tədqiqi və Öyrənilməsi
Cəmiyyətinin Xəbərləri"ndə tapdıq.
Onun tərcümeyi-halına aid olan bəzi sənədləri
və materialları yaxın qohumları Fəridə Babayeva və
Cəmilə Axundova təmənnasız verdilər. Bu materiallarda Aleksandroviçin nəslinin dvoryan mənşəyini
təsdiq eləyən sənəd də var.
Cəmil
Aleksandroviç 1883-cü il yanvarın
28-də Qrodno quberniyasının Slonim şəhərində
xırda müsəlman məmurunun ailəsində anadan olub.
O, 1920-1930-cu illər üçün xarakterik olan hərtərəfli
inkişaf etmiş şəxsiyyət - fəal ictimai xadim,
müsəlman xalqlarının tarixinin və mədəniyyətinin
ilk tədqiqatçılarından biri, geniş
dünyagörüşlü humanitar alim idi: ölkəşünaslıq,
muzeyşünaslıq, arxeologiya, etnoqrafiya. Yuxarıda
adları çəkilən sahələri o, jurnalist fəaliyyəti
ilə, elmi jurnallar üçün müxtəlif məqalələr,
məlumatlar yazmaqla birləşdirə bilmişdi. Vilen Realnı Məktəbini bitirən Cəmil
1903-cü ilin yayında 1918-ci ildən Moskva Ali Texniki Məktəb
(MATM) adlandırılmağa başlayan və 1915-ci ilə qədər
tələbəsi olduğu (fasilələrlə) Moskva
İmperator Texniki Məktəbinin (MİTM) mexanika şöbəsinə
daxil olmuşdu. Lakin bütün
ömrü boyu Cəmil Aleksandroviç humanitar fənlərə
həvəs göstərmişdi. Ona
görə də paralel olaraq ədəbi fəaliyyətlə,
həmçinin, ictimai işlərlə də məşğul
olmuşdu. Moskva Müsəlmanlar
İttifaqının üzvü olarkən 1907-ci ildə o,
Moskvada "Birinci müsəlman toplusu" adı ilə on
altı səhifəlik broşüra çap etdirir. 1911-ci ildən başlayaraq Cəmil Aleksandroviç
"Cim-Əlif" təxəllüsü ilə rus dilində
çıxan bir neçə Ümumrusiya müsəlman qəzet
və jurnallarında çıxış edir. Bu cür nəşrlərdən biri 1908-ci və
1910-1911-ci illərdə Parisdə buraxılan
"Musulmanin" jurnalı və Peterburqda çıxan
"Müsəlman aləmində" qəzeti idi.
Cəmil
Aleksandroviç, şübhəsiz, zəmanəsinin parlaq və
görkəmli simalarından idi. Bu, onun Rusiya
imperiyasının bir sıra elmi cəmiyyətlərinin
üzvü olması ilə təsdiq edilir. Məsələn, Cəmil Aleksandroviç
1914-cü ildə Moskvada təsis olunan Rusiya müsəlmanlarının
tarixi, ədəbiyyatı, məişət və adətləri
üzrə cəmiyyətin təşkilatçılarından
idi. Moskva Litva tatarları cəmiyyətinə
gəldikdə isə o, Fevral Demokratik Burjua inqilabından sonra
yaranmışdı. Cəmil
Aleksandroviç o vaxt cəmiyyətin şura sədrinin
müavini vəzifəsini tuturdu.
Aleksandroviçin həyatının sonrakı illəri
Azərbaycanla bağlı idi. XIX yüzilliyin əvvəllərində
azsaylı Litva (Polşa) tatarlarının nümayəndələri
Azərbaycanın ictimai-siyasi və mədəni həyatında,
xüsusən də, ilk respublikanın (1918-1920) tarixində
müəyyən rol oynamışdılar. Onların bizim ölkəmizə maraq və həvəsləri,
ilk növbədə, iki xalqın ümumtürk mənşəyi
ilə, etnik qohumluq əlaqələri ilə bağlı idi.
1918-ci ilin dekabrında Krım Ölkə Hökumətinin
daxili və hərbi işlər naziri, general-leytenant Matvey
(Matsey) Sulkeviç Azərbaycana gəldi. Məlumdur ki,
həmin illərdə öz rəhbərləri, general
Sulkeviçin ardınca Krım vasitəsilə Azərbaycana
çoxlu Litva tatar xadimləri də gəlmişdi. Krım hökumətinin başçısı kimi
general Sulkeviç fəaliyyətinin ilk günlərindən
Azərbaycan Demokratik Respublikasının rəhbərliyi ilə
işgüzar münasibətlər yaratmağa
çalışırdı. Bunu Sulkeviçin Fətəli
xan Xoyskiyə yazdığı 5 noyabr 1918-ci il
tarixli məktubu təsdiq edir. Həmin məktubu
generala M.Sulkeviçin rəsmi nümayəndəsi kimi Cəmil
Aleksandroviç təqdim etmişdi.
Cəmil Aleksandroviç Bakıya artıq Sovet hakimiyyəti
qurulandan sonra gəlmişdi. Qohumlarının məlumatlarına
görə onun bacısı Mariya Bakıda
yaşayırdı və Cəmil Aleksandroviç bura
yaşamağa gəlmişdi. Bakıda o,
qədim abidələrin tədqiqinə özünün
çoxdankı həvəsini göstərdi, arxeoloji tədqiqatlarla
maraqlandı, arxeologiya ilə məşğul olmaq onun
üçün mühüm həyati məqsədə
çevrildi. Bu sahədə onun fəaliyyəti
olduqca müxtəlif idi. 1924-cü il
avqustun 25-də Cəmil Aleksandroviç Azərbaycan Arxeologiya
Komitəsi sədrinin müavini seçilmişdi. Həmin dövrdə Azərbaycan
arxeoloqlarının tədqiqatları elm aləmində
böyük maraq doğururdu. 1924-cü ildə
Cəmil Aleksandroviç yenicə yaradılmış "Azərbaycanı
Tədqiq və Öyrənmə Cəmiyyəti"nə
(1923-1929) işə dəvət olundu. Bu cəmiyyət
arxeologiya və etnoqrafiya sahəsində respublikanın əsas
elmi mərkəzinə çevrilmişdi. Burda o, cəmiyyətin tarix-etnoqrafiya bölməsinin
apardığı qazıntılarda və tədqiqatlarda fəal
iştirak edirdi.
XX əsrin iyirminci illərində respublikanın şəhərlərinin
arxeoloji tədqiqinə başlanılmışdı. Arxeoloji
ekspedisiyalar Azərbaycanın şəhərsalma mədəniyyətinin
öyrənilməsində böyük rol oynayır və
şəhərlərin tarixi haqqında çoxlu əsərlərin
yazılmasına imkan yaradırdı. Həmin
dövrdə bu mövzuda Cəmil Aleksandroviçin əsərləri
də işıq üzü görürdü. Məsələn,
onun bir-birinin ardınca respublikanın şəhər və kəndlərinin
- Bakı, Gəncə, Şamaxı, Yevlax, Şuşa,
Bərdə, Ağdam, Xocalı və s. arxeoloji tədqiqinə
dair məqalələri çıxırdı.
1925-ci ilin iyununda komitə şair Nizami Gəncəvinin
qəbri üzərindəki məqbərənin vəziyyətini
öyrənmək və bərpa edilmək təklifini irəli
sürmək tapşırığını alanda Cəmil
Aleksandroviç Azkomstarisin təlimatçısı İsa
Əzimbəyovla birlikdə Gəncəyə
tanışlıq səfərinə yollandı. Geri qayıdarkən onlar
Şamaxıya gəldilər və Şirvanşahlar dövlətinin
qədim paytaxtının tarixi abidələri ilə tanış oldular.
1926-cı
ilin yayında cəmiyyətin vəsaiti hesabına və
İ.İ.Meşaninovun rəhbərliyi altında onun üzvlərinin
qüvvəsi ilə professor A.A.Müllerin
başçılıq elədiyi Zaqafqaziya Elmi
Assosiasiyasının ekspedisiyası ilə birgə
Qızıl Vəngdə (Qızıl Burunda) Şuşa
yaxınlığındakı Xocalı kurqanına və
Naxçıvan Respublikasına iki ilk arxeoloji ekspedisiya təşkil
olundu. Bu ekspedisiyalar xeyli müsbət nəticə verdi və Azərbaycan ərazisində tarixdən
qabaqkı mədəniyyətlərin öyrənilməsini
faktiki olaraq ölü nöqtədən hərəkətə
gətirdi. Dağlıq Qarabağa ekspedisiyada
C.Aleksandroviç, V.M.Zummer, Ə.Ələkbərov, İ.Cəfərzadə,
B.Latınin, T.Passek, V.M.Sısoyev iştirak edirdilər.
Cəmil Aleksandroviç Qız qalasının tədqiqi ilə də məşğul olurdu. "Bakıda Qız qalası" məqaləsində o, qalanın möhkəmliyi qənaətinə gələrək özünün mühəndislik biliyini də nümayiş etdirmişdi.
Maraqlıdır ki, Litva tatar alimi Bakı mətbuatında "Aleksandroviç" və "Nasıfi" familiyaları ilə çıxış edirdi. Bir çox tədqiqatçıların fikrincə, o öz türk kökünü nəzərə çarpdırmaq üçün familiyasını qəsdən dəyişdirmişdi. Lakin son illərdə Nasıfinin Litva Aleksandroviçlərinin ailəsinin də kökləri gedib-çıxan Qərbi Belorusiyanın nüfuzlu tatar nəslinin adı olmasını təsdiq eləyən etibarlı informasiya meydana çıxdı.
Aleksandroviçin gələcək taleyi, onun vəfatı tarixi və ölüm şəraiti naməlum qalır. Leon (Arslan bəy) Kriçinskinin məqaləsində deyilir ki, o, Səmərqəndə köçmüş və 1930-1931-ci illərdə orda yaşamışdı. Aleksandroviçin qohumlarının məlumatlarına görə yalnız 1930-cu ilə qədər onun Bakıda yaşadığı, sonra repressiya olunduğu məlum olur. Azərbaycan arxivlərində 1930-cu ildən sonra Cəmil Aleksandroviç haqqında məlumat yoxdur.
Kitabın redaktəsində və nəşrində böyük köməklik göstərmiş kitabın redaktoru, filologiya elmləri doktoru Vilayət Quliyevə, Azərbaycan Respublikasının Litvadakı səfiri Tamerlan Qarayevə, habelə kitabın nəşri üzrə təşkilati məsələlərin həll edilməsində fəallıq göstərən səfirliyin əməkdaşları Atəş Qırxıyevə və Cavanşir Məcidova xüsusi təşəkkürümü bildirmək istəyirəm. Mən bu kitabı əlinə alan, Cəmil Aleksandroviçin şəxsində Litva tatarlarının Azərbaycanın elm və mədəniyyət tarixində rolları ilə tanışlıq yolunda onu ilk addım hesab edən hər kəsə daha çox minnətdarlığımı bildirirəm. Cəmil Aleksandroviçin ölümündən sonrakı taleyi elə olub ki, onun adını yalnız Litva və tatar xalqları yox, həm də Azərbaycan xalqı elmimizə öz qiymətli töhfəsini verən alimi hörmətlə yad edir. Və bu, tamamilə qanunauyğundur, ona görə ki, onun irsi xalqlarımızın və mədəniyyətlərimizin ümumi rifahı naminədir.
Firəngiz XANCANBƏYOVA
525-ci qəzet.- 2023.- 27 aprel.- S.14;15.