"Heydər Əliyev dedi ki, uduzsaq, özünüzdən küsün..."

 

HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏT KOMANDASINDA ON İLƏ YAXIN NAZİR VƏZİFƏSİNDƏ ÇALIŞMIŞ ƏBÜLFƏS QARAYEV ÖTƏNLƏRİ XATIRLAYIR

 

Fəaliyyəti, əməlləri ilə təkcə yaşadığı zamana deyil, özündən sonrakı dövrə də möhürünü vurmağı bacarmış insanlar tarixdə əbədi qalır. Anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixində müstəsna yeri də, əslində, zamana sığmayacaq miqyasdadır. Təsadüfi deyil ki, böyük dövlət xadiminin xatirəsi bu gün Azərbaycanın hüdudlarından kənarda da ehtiramla yad edilir. Ümummilli lider Heydər Əliyevin liderlik keyfiyyətlərini, yüksək idarəçilik bacarığını yaxından görüb izləmiş şəxslərin xatirələrində onun böyüklüyü, dahiliyi bir daha etiraf edilir.

Heydər Əliyevin rəhbərliyi altında, onun hakimiyyət komandasında on ilə yaxın fəaliyyət göstərmiş, 1994-2001-ci illərdə Azərbaycanın gənclər və idman naziri, 2001-ci ildən isə gənclər, idman və turizm naziri olmuş Əbülfəs Qarayevin də o dövrlə bağlı, Heydər Əliyevlə ünsiyyətdən yadda qalan çoxlu xatirələri var. Sabiq nazir onların bir qismini bizimlə bölüşdü...

Hər dəfə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında söhbət açılanda yaxın tariximizin qürur doğuran səhifələri vərəqlənir, Ulu öndərin fəaliyyəti ilə əbədiləşən zaman göz önündə canlanır. Tarixdə şəxsiyyətlərin həmişə önəmli rolu olub. Böyük şəxsiyyətlər təmsil etdikləri xalqın sərvətidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir şəxsiyyət, hələ sağlığında tariximizin canlı əfsanəsi idi. Belə nəhəng şəxsiyyətlər, əslində, öz əməlləri ilə tarix yaradırlar. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə - həm sovet dövrünə, həm də müstəqilliyin bərpasından sonrakı vaxta diqqətlə nəzər salsaq, tarixi prosesləri təhlil etsək, bir gerçəkliyi aydın şəkildə görərik.

Onun Azərbaycana rəhbərlik etdiyi, respublikada böyük dəyişikliklərin baş verdiyi 70-ci illərdə mən tələbə idim, Xarici Dillər İnstitutunda oxuyurdum. Yadımdadır, biz tələbələr üçün Heydər Əliyev respublikanın rəhbəri olmaqla bərabər, Azərbaycana yeniliklər gətirən şəxsiyyət, o dövr təsəvvürümüzdə böyük bir inqilabçı idi. Yəni onu gördüyü böyük işlərə, liderlik keyfiyyətlərinə, o cümlədən, xalq qarşısında çıxışlarına, yüksək natiqlik qabiliyyətinə görə belə qəbul edirdik. Həqiqətən də, Sovet İttifaqının məlum siyasi-ideoloji, idarəçilik çərçivələri daxilində o, Azərbaycanı müttəfiq respublikalar içərisində ön sıralara çıxarmaq, Azərbaycan xalqının şan-şöhrətini - mədəniyyətini, elm, sənət və ədəbiyyatını tanıtmaq üçün böyük işlər görürdü. Onu da deyim ki, bunu sonralar - komsomol-partiya işində işlədiyim vaxtlarda, eləcə də Moskvada aspiranturada oxuduğum dövrdə daha dərindən dərk etdim.

...Həmin dövrdə Azərbaycanda başlanan inkişaf ölkə həyatının bütün sahələrini əhatə edirdi. Respublikamızda yeni ali təhsil ocaqları, ixtisaslar açılırdı. Heydər Əliyev istedadlı gəncləri xüsusilə qoruyur, irəli çəkir, onların cəmiyyət arasına çıxmasına, geniş şəkildə tanınmasına çalışırdı. Bilavasitə böyük şəxsiyyətin təşəbbüsü ilə istedadlı gənclər Sovet İttifaqının qabaqcıl ali məktəblərinə oxumağa göndərilirdi. Bu da cəmiyyətdə, təbii ki, ilk növbədə gənclər arasında yenilik mühiti yaratmışdı, onlara daha yaxşı oxumaq, təhsil alıb karyera qurmaq üçün stimul olmuşdu. Gənclərin inkişafına, onların özlərini realizə etməsinə verilən bu dəstəyin bütövlükdə cəmiyyətə böyük müsbət təsiri vardı. Sözsüz ki, o zaman gənc idim və bu proseslər mənim də gözümün qarşısında baş verirdi. Etiraf edim ki, mənim gələcək həyat yolumun formalaşmasında dahi şəxsiyyətin təsiri oldu...

...Hərçənd ingilis dili fakültəsini bitirdikdən sonra müəllimliklə məşğul olmağı düşünürdüm. Bir müddət Saatlı rayonunda müəllim kimi çalışdım. Lakin sonra tale elə gətirdi ki, mənim də yolum partiya təşkilatından, komsomoldan keçdi. 1980-ci ildə respublika komsomol təşkilatında təlimatçı vəzifəsində işləməyə başladım. Bundan sonra xalqımızın böyük oğlunu artıq müxtəlif tədbirlərdə, toplantılarda görmək, çıxışlarını dinləmək, daha doğrusu, natiqlik məharətini yaxından izləmək və öyrənmək, siyasi duruşunu müşahidə etmək imkanı qazandım.

...Heydər Əliyevlə bağlı xatirimdə qalan ilk böyük hadisələrdən biri 1990-cı ilin 20 Yanvarı ilə bağlıdır. Onda mən Moskvada aspiranturada oxuyurdum. Faciənin ertəsi günü, yanvarın 21-də Böyük öndər Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, orada tarixi çıxışını etdi. Həmin gün biz Moskvadakı digər soydaşlarımızla birlikdə orada idik. O tarixi çıxışı zaldan dinləmək mənə də nəsib oldu. Qeyd edim ki, o zamana qədər də biz Heydər Əliyevi cəsarətli, açıqfikirli, vətənpərvər dövlət xadimi kimi tanıyırdıq. Ancaq onun həmin çıxışı bənzərsiz idi. Heydər Əliyevin kəskin nitqi Sovet İttifaqı haqqında 70 ildə formalaşmış bütün miflərin dağıldığı an idi. Bizlər elə orada, həmin vaxt başa düşdük ki, bundan sonra Azərbaycanın yolu bu ittifaqla davam edə bilməz...

...1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunda - indiki Dövlət İdarəçilik Akademiyasında baş müəllim işlədim... 1993-cü il. Azərbaycan dərin böhran içindədir. Yenicə əldə etdiyimiz müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzəyik. Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi genişlənir, üstəlik, ölkədə vətəndaş müharibəsi alovlanmaq üzrədir... Belə bir vaxtda Ulu öndərin hakimiyyətə qayıdışı bizim üçün ümid işığı oldu. Heydər Əliyev müdrik siyasətçi, təcrübəli dövlət xadimi idi və problemlərin həllinə haradan və necə başlamağı çox gözəl bilirdi. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz yenidən inkişaf yoluna çıxdı. Dağılmaqda olan ölkə iqtisadiyyatı bərpa olunmağa başladı. Dövlətin gələcəyi üçün mühüm addımlar atıldı, təməllər qoyuldu...

 ...Öncə də vurğuladığım kimi, Ulu öndər həmişə gənclərimizi, onların uğurlu gələcəyini düşünüb. O, gəncləri ölkəmizin gələcəyi kimi gördüyünə görə bu istiqamətdə əməli addımlar atıb. Heydər Əliyev 1994-cü ildə, ölkəmizin rəhbərliyinə qayıdışının birinci ildönümündə göstəriş verdi ki, Azərbaycanda gənclərlə bağlı ayrıca bir nazirlik olmalıdır. Təsəvvür edin ki, ölkə müharibə şəraitində, məcburi köçkünlər, iqtisadi imkanlar çox zəif... Amma Ulu öndər düşünürdü ki, mütləq Azərbaycan gənclərini birləşdirən bir nazirlik olmalı və onların gələcək inkişafı üçün addımlar atılmalıdır. Belə də oldu. Gənclər və İdman Nazirliyi yaradıldı.

Heydər Əliyev məni nazir təyin edəndə soruşdu ki, hansı partiyanın üzvüsən? Mən də dedim ki, Kommunist Partiyasının üzvü olmuşam, o vaxtdan sonra da heç bir partiyanın üzvü deyiləm. O dedi ki, sən heç bir partiyanın üzvü olmamalısan. Bütün gənclərin naziri olaraq, onların gələcək inkişafı üçün çalışmalısan...

...Ulu öndərin rəhbərliyi altında işimizi, çətinliklə də olsa, qurmağa çalışırdıq. Bütün gənclər təşkilatları ilə görüşlər keçirildi. Gənclərlə Heydər Əliyevin Azərbaycanı birləşdirən, doğru yolda inkişafa, gələcəyə aparan siyasəti ilə bağlı geniş söhbətlər aparırdıq. Sonda Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Hətta bu təşkilat Avropa Şurasının gənclərlə bağlı təşkilatına üzv də oldu.

Heydər Əliyev ölkəmizin o çətin, sosial problemlərin məngənəsində olduğu vaxtlarında idmana, gənc idmançılara böyük diqqət ayırırdı.

Yaxşı xatırlayıram, 1995-ci il martın 5-də Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri ilə görüş keçirdi. Həmin tarixi görüşdə ölkədə bədən tərbiyəsi və idmanın gələcək inkişafı üçün yeni strateji istiqamət müəyyənləşdirildi. Heydər Əliyev dedi: "İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz". Onu da deyim ki, sonralar Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 5 mart tarixi Azərbaycanda "Bədən tərbiyəsi və idman günü" kimi təsis edildi... 1995-ci ildə müstəqil  Azərbaycanda ilk dəfə beynəlxalq idman tədbiri - sambo üzrə Avropa çempionatı keçirildi. Çoxlu xarici qonaqlar gəldi. Bu, gənc müstəqil respublikamızın həyatında böyük bir hadisəyə çevrildi və əsl idman bayramı yaşandı.

...Azərbaycanda dövlət gənclər siyasətinin gerçək təntənəsi isə, sözsüz ki, ölkə gənclərinin ilk forumunun keçirilməsi oldu. Qeyd edim ki, bu forumun ideyasından başlayaraq, hazırlıqla bağlı bütün məsələlər məhz dahi rəhbərin xüsusi diqqəti və tövsiyələri əsasında həyata keçirilirdi.

1996-cı ilin 2 fevralında gerçəkləşən forum gənclərə böyük ümid bəsləyən Ulu öndərin bu sahəyə qayğısının bariz təzahürü olmaqla mütərəqqi bir ənənənin möhkəm təməlinə çevrildi. İki gün ərzində bütün çıxışları diqqətlə dinləyən Heydər Əliyevin həmin forumdakı parlaq və proqram xarakterli çıxışı Azərbaycan gəncliyinin yol xəritəsi timsalında idi.

Onun bu sözlərini yəqin çoxları xatırlayır: "Mən istəyirəm ki, gənclərimiz Nizami Gəncəvini azərbaycanca, Puşkini rusca, Şekspiri də ingiliscə oxusunlar". Əlbəttə, bu, əbəs yerə deyilmiş sözlər deyildi. O, gənclərimizin hərtərəfli bilikli, savadlı olmasını istəyirdi.

Heydər Əliyev gəncliyin gücünə böyük ümidlər bəslədiyini yüksək kürsüdən bilavasitə gənclərin auditoriyasına söylədi. Bu da, təbii ki, dövrün çətinliklərindən hələ də tam xilas ola bilməmiş, gələcəklə bağlı fərqli fikirlər içərisində olan gənclərimizdə özünə böyük inam yaratdı. Getdikcə gənclərin müxtəlif sahələrdə ölkəmizdə və xaricdə uğurları sıralanmağa başladı. Ən əsası isə təqvimə Azərbaycan gənclərinin bayramı olan bir gün - "2 fevral Gənclər günü" daxil oldu. Onun gənclərə çox böyük diqqəti, qayğısı var idi. O istəyirdi ki, çox güclü Azərbaycan gəncliyi formalaşsın. 90-cı illərin ölkəmiz üçün məhdud maliyyə imkanları daxilində belə gənclərin xaricdə təhsilinə də önəm verirdi. Sonralar Ulu öndərin tapşırıqları ilə həmin gənclərin bir qismi müxtəlif vəzifələrə təyin edildilər...

...Azərbaycanda gənclər və idman siyasəti sahəsinə daha bir dönüş nöqtəsi 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə reallaşdı. Onu da qeyd edim ki, həmin vaxt idman ictimaiyyətinin bu seçimi Ulu öndərin böyük sevincinə səbəb oldu. Bununla ölkəmizdə idman sahəsi yeni inkişaf yoluna qədəm qoydu. Ölkəmizin ayrı-ayrı yerlərində olimpiya kompleksləri açılmağa başladı. Heydər Əliyev onların açılışında şəxsən iştirak edirdi. Bütün bu tədbirlərin nəticəsində ölkə idmanı inkişaf etdi, beynəlxalq yarışlarda medalların sayı artdı, bayrağımız zirvələrdə dalğalanmağa başladı və Azərbaycan dünyada bir idman ölkəsi kimi tanındı. 1996-cı ildə Atlantada, 2000-ci ildə Sidneydə Yay Olimpiya Oyunlarında uğurla iştirak etdik...

Haşiyə: Bu yerdə bir maraqlı hadisəni də yada salmaq istərdim. 1996-cı il. Azərbaycan ilk dəfə futbol üzrə dünya çempionatının (1998-ci il çempionatı) seçmə qrup mərhələsində iştirak edir. Millimiz Bakıda İsveçrə ilə qarşılaşırdı. Heydər Əliyev də stadionda oyunu izləyirdi. Hökumət üzləri də ordaydı. Elə oldu ki, birinci hissədə millimiz 1:0 önə keçdi. Ulu öndər ikinci hissəyə qalmadı. Biz xahiş etdik ki, fasilədən sonra da izləməyə davam etsin. O da dedi ki, mən öz işimi gördüm, gedirəm. Uduzsaq, özünüzdən küsün... Yaxşı ki, qarşılaşma 1:0 hesabı ilə də bitdi. Belə bir xoş xatirə də yaddaşımıza həkk olub...

...2001-ci ildə mənim rəhbərlik etdiyim nazirliyin fəaliyyət istiqamətinə turizm də əlavə olundu. Ulu öndərin fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Bu da onun uzaqgörən siyasətinin nəticəsi idi. O, dünyada gedən tendensiyaları aydın görürdü. Azərbaycanının zəngin mədəniyyəti və turizm potensialından istifadə edərək iqtisadi gücümüzün gələcəyə hesablanmış bir istiqamətini müəyyən etmiş oldu.

Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda turizmin inkişafı üçün mühüm addımlar atmışdı. 1982-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Sovet İttifaqı miqyasında ikinci əhəmiyyətli turizm zonasının Xəzər sahilində, Azərbaycanda yaradılmasına başlanılmışdı. Birinci ittifaq əhəmiyyətli turistik zona Krım, Soçi, Abxaziya daxil olmaqla Qara dəniz ətrafında idi. Təəssüf ki, sonrakı məlum proseslər bu böyük proqramı reallaşdırmağa imkan vermədi...

Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılandan sonra respublikamızda bu sahənin inkişafı istiqamətində ardıcıl işlər görülməyə başlandı. Həmin il Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatına üzv oldu, bu sahədə müxtəlif ölkələrlə əməkdaşlıq quruldu. 2002-ci ildə Heydər Əliyev turizmin inkişafı üzrə ilk Dövlət Proqramını təsdiq etdi. Həmin il Bakıda AİTF - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin də əsası qoyuldu və o vaxtdan bu sərgi ənənəvi olaraq indi də keçirilir.

Ulu öndərin 2002-ci ildə Dünya Turizm Təşkilatının baş katibi Françesko Franjiallini qəbul edərkən onunla geniş və əhatəli söhbəti də yaddaşımda dərin iz buraxıb. Onun ölkəmizin hər bir guşəsinin gözəlliyi, zəngin mədəniyyəti, tarixi, xalqımızın qonaqpərvərliyi, adət-ənənələri haqqında nə qədər dolğun məlumata sahib olduğunu və bu məlumatları qonağa necə böyük sevgi ilə izah etdiyini yada salanda təsirlənməmək qeyri-mümkündür. Bu gün daxilən fərəh hissi keçirirəm ki, Ulu öndərin bu sahədə təməlini qoyduğu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan yüksək səviyyəli turizm infrastrukturuna malik ölkəyə çevrilib.

...Heydər Əliyevlə bağlı xatirələrimi yada salarkən bir sahəyə də toxunmaya bilmərəm. Bu da, sözsüz ki, mədəniyyətdir. Düzdür, Ulu öndərin rəhbərliyi dövründə hökumət işində çalışarkən bu sahə ilə əlaqəm olmayıb. Amma onun Azərbaycan mədəniyyətinin böyük himayədarı olduğunu, mədəniyyət və incəsənət xadimlərinə necə diqqət və qayğı göstərdiyini hələ gənc vaxtlarımda, özümün də yaşadığım ailə mühitində görüb hiss etmişəm. Sonralar, hökumət üzvü kimi qatıldığım bir çox tədbirlərdə Heydər Əliyevin mədəniyyətə nə qədər bağlı olduğunun, həssas münasibət bəslədiyinin şahidi olmuşam.

Heydər Əliyevin nəzərində xalqın mədəniyyəti, qədim irsi tükənməz bir zənginlik qaynağı idi. Elə bir qaynaq ki, ondan bəhrələnərək ölkənin gələcəyini qurmaq olar. O deyirdi ki, zəngin mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək.

Bu gün bir vətəndaş olaraq böyük qürur hissi keçirirəm ki, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin liderliyi, Ali Baş Komandan kimi qətiyyəti, ordumuzun şücaəti sayəsində Azərbaycan mədəniyyəti işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağda, Mədəniyyət paytaxtımız Şuşada da öz təntənəsini yaşamağa başlayır. Bir azərbaycanlı olaraq fəxr edirəm ki, biz sərhədləri bütöv ölkədə, qalib bir xalq olaraq yaşayırıq. Bu gün Ulu öndərin ruhu şaddır. Çünki qurucusu olduğu dövlət - müstəqil Azərbaycan müzəffər lideri ilə öz inkişaf yoluna davam edir...

 

F.HÜSEYNOV

525-ci qəzet.- 2023.- 29 aprel.- S.14;15.