Müasir Vyanaya və
Avstriyanın zəngin
tarixinə səyahət
(Əvvəli ötən şənbə sayımızda)
1701-ci ildən
1714-cü ilə kimi Fransa Avropanın qalan hissəsi ilə üz-üzə gəldi, İspaniyanı və imperiyanın çox hissəsini Burbonlar əldə etməyə qadir oldu. Müharibə həmçinin göstərdi
ki, Habsburq Avstriyası
Avropada hakimiyyətlərin
yeni tarazlığında təkər
milinə çevrilmişdir
və həm də protestant İngiltərəsi
ilə katolik imperator arasındakı ittifaqın
bütöv bəhrəsinə
yiyələnə bilmişdir.
İspan irsi uğrunda müharibə
1713-cü ildə Utrext
sülhü və
1714-cü il Rastatt sülhü ilə başa çatdı. Razılaşma
əsasında V Filip İspaniya
hökmdarı oldu, bununla da İspan Burbon sülaləsi yarandı və bu sülalə XX əsrin 30-cu illərinə
qədərki dövrdə
və Franko hakimiyyətindən
sonra orada hakimiyyətdə qalmaqda davam edir. Lakin İspaniya və Fransa taxt-tacları bir-birindən ayrı olaraq qaldı.
Utrext sülhünün real qalibi
isə İngiltərə
oldu, o, Gibraltar adasını,
Amerikada isə Nyufaundlend, Hadson Buxtası Ərazisi və Nova Skotiya torpaqlarını özünə
götürdü. Əlbəttə,
Fransa böyük dövlət olaraq qalırdı, İngiltərə
isə güclü dəniz donanmasına malik
olan ölkə kimi meydana çıxdı.
Utrext sülhündən iki il sonra böyük bir səltənətin kralı öldü. Günəş kral adlanan XIV Lui Fransanı borc və düşmənlərinə
təslim olmuş kimi qoyub gedirdi.
Ölüm yatağında
76 yaşlı qoca özünün varisi olacaq 5 yaşlı nəticəsinə məsləhət
verəndə tam peşman
olmuş, vicdan əzabı çəkən
kimi görünürdü.
O, varisinə özünün
müharibə həvəskarı
olduğunu etiraf etməklə, ona bundan çəkinməyi,
qonşularla dinc şəraitdə yaşamağı
vəsiyyət etdi.
1703-cü
ildə Avstriyada sərt böhran baş verdi, onun nəticəsi Bavariyanın hücumu və Macarıstandakı narahatlıq oldu. Avropanın vuruş səhnəsinə gələn
Hersoq Malboro-Con Cörcill isə burada heç bir müqavimət görmədi. Onun Blenheymdəki 1704-cü ildə
qazandığı qələbə
Bavariyanı müharibədən
uzaqlaşdırdı. Sonra isə onun 1709-cu ilə kimi beş
il davam edən üç qələbə
seriyası baş verdi.
Leopoldun
1705-ci ildəki ölümündən
sonra imperator olan I İosif isə 1716-cı ildə çiçək
xəstəliyindən öləndə,
Karlı özünün
varisi kimi qoyub dünyadan köçdü. Karl 1711-ci ildə
imperator seçildi. Macarıstandakı
qiyamın yatırılmasına
görə, onun mövqeyi möhkəmləndi.
Həm Habsburq imperiyasının və həm də İspaniyanın taxt-tacına
onun sahib olması müəyyən ziddiyyət
yaradırdı. VI Karl inadkarlıqla
İspaniya taxt-tacını
arzu edirdi. Öz müttəfiqlərindən
uzaqlaşmaqla, 1713-cü ildə
Utrext sülhünü bağladı.
Böyük Britaniya
da Avstriya və İspaniyanın birləşməsi
nəticəsində onların
qorxulu təhlükəyə
çevriləcəyindən ehtiyat edib, öz
müttəfiqi Avstriyaya
xəyanət etdi və Fransa ilə ittifaqa girdi.
Müharibələrə, münaqişələrə
baxmayaraq, Byana bu vaxt ən
böyük imperiyanın
paytaxtı idi. İmperiya paytaxtı olmasını həm də saraylarla, möhtəşəm binalarla,
heykəllərlə də
sübut edirdi. Vyana incəsənətin,
musiqinin tanınmış
mərkəzi idi.
VI Karl İspaniyanın itirilməsi
ilə barışa bilmirdi. Onun oğul övladı yox idi, arvadı
Yelizaveta çox gözəl
olsa da, təəssüf
ki, ona irsə yiyələnmək üçün
varis doğmamışdı.
Ona görə də Avstriyada heç bir qadın ershersoginiya titulunu daşımamışdı. 1740-cı ildə VI Karl göbələk
yeyib, öldü. Qızı Mariya Terezanı özünə
varis etməklə, mərhum mövcud situasiyanı daha da pisləşdirdi. Axı qız Lotaringiyalı Frants Stefenə nişanlanmışdı. 1733-cü ildə Avropada başlanan müharibə beş il sonra sülhlə nəticələnəndə,
Avstriya İtaliyadakı
ərazilərinin də
çoxunu itirmişdi.
Kompensasiya kimi Toskana lotaringiyalı Frants Stefenə verildi, bu, Lotaringiyanın
özünün itirilməsinə,
Fransaya keçməsinə
görə edilmişdi.
Habsburqun
taleyi ölkə daxilində heç də yaxşı deyildi. 1737-39-cu illər İkinci Türkiyə müharibəsi, əsl hərbi və diplomatik bədbəxtlik idi. Sülh müqaviləsi isə Avstriyanın əldə etdiklərinin çoxunun itirilməsi ilə nəticələnmişdi. Bu əks
xarakterli hərəkətlər
nəticəsində nüfuzun
itirilməsi, ərazi
itkilərindən daha
ağır idi.
1740-cı ildə VI Karl öləndə
zəifləmiş Avstriya
Monarxiyası XVIII əsr
Avropasının sülalə
dövləti siyasətini
sual altında qoydu. Mariya Tereza taxt-tacı qəbul etsə də, Karl qızının legitimliyinin
sübut olunmasının
müdafiəsini mümkün
olmayan bir şəkildə qoyub getmişdi.
Mariya
Tereza Avstriya taxt-tacında
1740-cı
ilin dekabrında, Mariya Terezanın hökmranlığının başlanğıcında
Prussiya qoşunları
Sileziyaya müdaxilə
etdi. Sileziyanın itirilməsi Habsburq siyasəti, yeni kraliça
Mariya Tereza üçün
dərin dəyişikliklər
dövrünü açdı.
İndi bu, rəsmi olaraq Habsburq - Lotaringiya adlanırdı. Prussiyanın təcəssüm
etdirdiyi real güc siyasi erası Habsburq maraqlarını himayə etmək işində Mariya Terezanı və onun məsləhətçilərini
problemlərlə üzləşdirdi.
Bilavasitə məqsəd Sileziyanı
geri almaq və Prussiyanı darmadağın etmək idi, bu vəzifə
isə özünün
qeyri-mümkün olduğunu
göstərdi. Habsburqlar
hakimiyyəti Maarifçilik
erasında meydana çıxan və uyğunlaşmaq vəzifəsi
kimi özünü göstərən ekzistensial
vəziyyətlə üzləşməli
oldu. Bu, həm də icra hakimiyyətinin
böyüməsi, ənənənin
rasional çağırışı
erası idi.
Yarım
əsr ərzində Habsburq hökmdarları islahatlar aparmağa cəhd etdilər, çünki Habsburq Monarxiyası özünün
mövcudluğuna qarşı
qorxulu bir təhlükə altında
idi. Bu böhranın başlıca təhrik edəni Prussiya kralı II Fridrix idi, az sonra
o, Böyük Fridrix kimi adlanmağa başladı. O, Bavariya kurfyurstu Karl Albrextin Mariya Terezanın varis seçilməsinə
qarşı olan etirazını istismar edərək, Habsburqları
şantaj etməyə
əl atdı, onun "təklifi" rədd edildikdə, Sileziyaya müdaxilə etdi. 1741-ci ildə Avstriya üzərindəki
II Fridrixin Mollavits qələbəsi Habsburq ərazisini parçalamaq üçün Avropanın
qalan hissəsinə verilən bir siqnal idi. II Fridrixin cəhdi əsassız deyildi, hətta Bohemiya və Yuxarı Alplar, həmçinin kübar təbəqələri
Mariya Terzanın əvəzinə 1740-cı ildə
həmin taxt-taca iddia edən Karl Albrexti Avstriya kralı kimi tanımağa hazır idilər. İstehza şəklindəki bircə
istisna var idi, bu da Macarıstan idi. Macarıstan parlamenti həmin ilin payızında Mariya Terezanı dəstəkləmişdi.
Mariya
Tereza İngiltərənin XVI əsrdəki məşhur
kraliçası Elizabet kimi
zəif qadın bədəninə sahib olsa
da, polad bir iradəyə malik idi, bununla o, həmvətənləri
olan avstriyalıların
özünü də
təəccübləndirirdi. O, tac uğrunda mübarizə aparıb, onu qoruyub saxlaya bildi. Onun zəhməti
Sizif əməyinə
bənzəyirdi. Onun düşməni heç
də sadə bir adam deyildi.
Prussiya kralı II Fridrix uğurlu kral və bacarıqlı
sərkərdə idi,
cəsarətli bir hərəkətlə Avstriyaya
məxsus olan Sileziyanı tutmuşdu.
Əlacsız qalan Mariya Tereza
Macarıstana yollandı
və oranın parlamenti qarşısında
əsl aktyorluq ustalığı göstərdi.
Qucağındakı oğlu,
kiçik İosifi göstərib dedi ki, gələcək kral və taxt-tac təhlükədədir. Mariya
Terza Sileziyanı itirsə
də, tacını qoruyub saxlaya bildi. Bohemiyanı özünə qaytardı
və Macarıstana hökmranlıq etdi. Lakin ailəsində də problemlər var idi, əri Frants Stefen başqa qadınlarla yaxınlıq
edirdi, bu isə kraliçanın narazılığına səbəb
olurdu.
Lakin Habsburqlar tezliklə əks xarakter daşıyan çox pis cavab aldılar.
Karl Albrext 1742-ci ildə
Müqəddəs Roma imperatoru
seçildi və taclandı.Yalnız üç il imperator tacını
daşımaqla, o, yeganə
Habsburq olmayan imperator olaraq qaldı. İki "Sileziya müharibəsi" müvafiq
olaraq 1742-ci ildə və 1745-ci ildə başa çatdı. Niderlandlardakı və İtaliyadakı müharibələr,
Fransa ilə Britaniya arasındakı müstəmləkələr uğrundakı
müharibə yalnız
1748-ci ildə başa
çatdı.
Karl Albrext 1745-ci ildə öləndə, müvafiq
olaraq Mariya Terezanın əri, Lotaringiyalı Frants Stefenin imperator seçilməsi
Habsburqun ənənəvi
hakimiyyət bazasını
bərpa etdi. İtaliyadakı ərazi itkisi də o qədər böyük deyildi. Lakin Prussiya bütün Sileziyanı əlində saxlayırdı.
Avstriyaya yalnız Yuxarı Sileziyadakı üç qraflıq qalmışdı.
Mariya
Tereza protestant iş adamlarına
və maliyyəçilərinə
tolerant münasibət göstərməyə
hazırlaşırdı. Yəhudi
maliyyəçiləri Habsburq
tədbirləri üçün
istifadə edilən kreditlərin mühüm mənbəyi idi. Lakin Mariya Tereza yəhudilərin
Praqadan qovulması göstərişini verdi.
O deyirdi: "Mən bu irqdən daha böyük taun xəstəliyini tanımıram, çünki
aldatmaq, sələmçilik
etmək və pul ehtiyatı yığmaq hesabına onlar mənim təbəələrimi dilənçi
vəziyyətinə gətirib
çıxarmışlar".
Həm də Mariya Tereza əla çeviklik və siyasətdə açıq baxış nümayiş etdirirdi, bunlar isə yeni çağırışlara uyğunlaşmaqda
Avstriya Monarxiyası üçün xüsusilə
mühüm əhəmiyyətə
malik idi. Macarıstan parlamenti qarşısında
həvəskar qaydadakı
bir dramatizmdən istifadə edib, kömək xahiş edəndə, onun dörd aylıq oğlu İosif gənc ananın qolları üstündə
idi. O, öz məsləhətçilərini də diqqətlə dinləyirdi, onlar da onu inandırırdılar
ki, onun "Evi" öz icra və
maliyyə strukturlarını
dəyişdirməlidir ki, çətin vəziyyətdən
salamat çıxmaq mümkün
olsun.
Yeddi illik müharibə
(1756-1763-ci illər) başlayanda,
Mariya Terezanın monarxiyasında situasiyanın
xeyli yaxşılaşmasının
ziddinə, onun çox ehtiyatlı tərpənən orduları
hələ də Prussiyaya qarşı həlledici qələbə
qazanmaqda uğursuzluğa
uğrayırdı. Berlin ruslar
tərəfindən işğal
olunmuşdu və bəzi vaxtlarda II Fridrix monarxdan daha çox qaçqına bənzəyirdi.
Lakin o və onun qüvvələri dirilə
bildi.
Bu vaxt Fransa okeanın
o tərəfində Böyük
Britaniya qüvvələri
tərəfindən ağır
məğlubiyyətə uğramaqdan
əziyyət çəkirdi
və öz Avstriya müttəfiqi üçün onların
göstərdiyi entuziazm
əbəs bir cəhdə çevrilmişdi.
Rusiyada 1762-ci ildə baş verən hadisələr vəziyyəti
dəyişdi, ruslar bu vaxt Prussiya
ilə qalibiyyətli qaydada vuruşduqları halda, yeni çar III Pyotr qəflətən Fridrixin ölkəsinin müttəfiqi oldu. Yüngül xasiyyətli
III Pyotr II Fridrixi özünün kumiri sayırdı. Bu hərəkəti
ilə o, əslində,
pərəstiş etdiyi
sərkərdənin və
Prussiyanın xilas olmasına şərait yaratdı. Onun devrilməsi və öldürülməsi Avstriyanın
dəhşətlərinə son qoydu. Lakin taxt-taca çıxan II Yekaterina da neytrallıq
mövqeyini seçdiyindən,
bu, Avstriya oyununun başa çatması mənasını
verirdi.
Müharibə, Fransanın Britaniyaya
təhvil verməli olduğu müstəmləkə
itkiləri ilə yekunlaşdı. Fransa- Avstriya ittifaqı nisbətən yaxşı
nəticələndi, 1763-cü il sülhü ilə ərazi status quo ante - ərazi
üzrə keçmiş
status-kvo təsdiq edildi. Avstriya münaqişəyə cəlb
olunmaqla, ağrılı
narahatlıq qazandı.
Habsburqlar vaxtilə başlıca güc idi, lakin bu
işdə iştirak
etməklə, arzuladıqları
nəticəyə sahib ola bilmədilər.
Sileziya hələ də Prussiyanınkı olaraq qalırdı.
Uğursuzluq Monarxiyanı digər
bir çətinliyə
də aparıb çıxardı. Direktoriya
Birləşmiş Avstriya
və Bohemiya kanslerliyi kimi hərəkət etdi. Separat, müstəqil ədliyyə sisteminə və ayrıca maliyyə orqanlarına
sahib oldu.
Həm də dini və
mədəni işlərdə
dəyişiklik meydana
gəldi. 1760-cı illərdə
həyata keçirilən
islahatlar artıq Maarifçiliyə doğru
irəliləyirdi. Digər
radikal bir dəyişiklik aqrar siyasətdə baş verdi. Sileziya toxuculuq sənayesi Şimali Bohemiyaya keçirildi. Aqrar siyasətin açarı kübar imtiyazlarının
hansı şəkildə
azaldılması və
ya ən azı onların nizamlanması idi. Geniş yayılan kəndli həyəcanları
müharibə effektləri
ilə birgə meydana gəlmişdi, buna həm də 1770-72-ci illərin aclığı
səbəb olmuşdu.
Kübarlar da malikanə
hüquqlarından sui-istifadə
edirdilər, öz müdaxilələrini çox
asanlıqla həyata keçirirdilər.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 5 avqust.- S.14.