Qayıdılası, bilinəsi, öyrəniləsi, əməl
ediləsi
Onun ən başlıca məziyyəti yüksək
peşəkarlıq idi.
Peşəkarlıqsa özündə
bir qatar üstün keyfiyyətləri
qovuşduran qabiliyyətdir.
Elə müstəsna
qabiliyyət ki, insanı
çalışdığı istənilən sahədə
seçdirir, önə
çıxarır, ona
mahiyyəti daha tez görmək və səmtləri bəzən sanki elə sövq-təbii, amma həmişə doğru seçərək
düzgün qərarlar
vermək səriştələrini
aşılayır.
Peşəkarlıq bir tərəfdən təcrübənin,
keçilən yolların,
yaşanan illərin bəxş etdiyi məziyyətdir, ancaq digər yandan elə bu da fitri istedadın qanadlarından biridir. Peşəkarca yanaşa bilmək yaddaş, itigörmə, duyğu həssaslığı, müdriklik
sayaq bir cövhərdir ki, insana təməldən nəsib
olursa, irəliləyən
zaman, artan biliklər,
keçilən sınaqlar
bu vərdişi daha da bişirir, qabarıqlaşdırır, zənginləşdirir.
Hansı sahəyə
üz tutsalar, belələri qısa müddətdə işin
sahibinə, mövzunun
yiyəsinə dönə
bilirlər. Heydər Əliyevə də peşəkarca yanaşa bilmək gücü elə əvvəldən,
gənclik çağlarından
xas olan xüsusiyyətdir ki, onu
lap cavanlığından yaşıdları
arasında da ağsaqqala,
məsləhət alınası,
doğru yol soruşulası münsifə
çevirmişdi. Uzaq
1950-ci illərdə Dövlət
Təhlükəsizlik Komitəsində
gənc Heydər Əliyevin rəhbərlik
etdiyi şöbədə
işləmiş, artıq
ömrün 93-cü ilini
yaşayan polkovnik, köhnə çekist Oqtay Mansurov xatırlayır
ki, onunla aramızda yaş fərqi böyük deyildi. Ancaq hər təzə bir işi araşdırmağa
başlayanda qovluğu
götürüb gedərdim
yanına. Katibəsindən
soruşardım ki, adam
varmı içəridə,
desə ki, təkdir, baxardım, telefonla danışmırsa, keçərdim
içəri. Bilirdim
ki, telefonla danışanda
otağına başqasının
girməsindən xoşu
gəlmir. Sənədləri
vərəqləyincə, sanki
çoxdan bu məsələnin içindəymiş
kimi, elə tövsiyələr verər,
elə yollar göstərərdi ki, həmin
işi aparmaq xeyli asanlaşardı. Özü də qızışardı. Bir ağ
vərəq ayırıb
bənd-bənd yazardı
ki, birinci nə etməli, ikinci nə, üçüncü
nə, dördüncü
nə. Yəni bir neçə dəqiqənin içində
bizim öz aramızda "tədbirlər
planı" dediyimiz əməliyyat layihəsini
cızardı. Məəttəl
qalası iş idi. Bu, yalnız uzun illər boyu bizim sistemdə
çalışmış, çox püxtə, vergili əməkdaşlarda
ola biləcək nadir bacarıq
idi. O isə bizim kimi cavan
idi axı! Ancaq hərəkətləri,
sözləri, fikirləri
sanki lap köhnə peşəkarınkı idi.
Allah ona fövqəladə
bir fəhm vermişdi ki, onlarla, yüzlərlə xırda
detalın arasından
məhz ən gərəkli olanları dərhal tuta bilirdi. Qabağı görmək hissiyyatı,
intuisiyası misilsiz dərəcədə qüvvətli
idi.
1970-ci illərdə, Heydər Əliyevin respublikaya rəhbərliyə yenicə
başladığı dövrdə,
hər gün xüsusi həvəs və enerji ilə çalışdığı
çağlardan qalan
büro iclaslarının
sənədlərini vərəqləyərkən
onun ifrat peşəkarlığının bariz nəticələrindən
birini əyaniliyi ilə müşahidə edirəm. Ayrı-ayrı mürəkkəb məsələlərlə
bağlı qərarlar
qəbul edə bilməkçün təqdim
edilmiş, yüzlərlə
vərəqə sığan
müxtəlif arayışlar,
izahatlar, yardımçı
sənədlər arasından
ən vacib olan mətləbləri tutmaq, ən məqbul qənaətə
gəlmək üzdən
kiməsə asan da görürnə bilər
ki, nə var, köməkçi
materiallar hamısı
əl altındadır.
Ancaq əslində bu, sürətlə axan dağ çayında
əllə balıq tutmaq kimi çətin
işdir. Dar bir vaxt kəsiyində düşünmək, təhlil
etmək, mümkün
qərarlar sırasından
ən dürüstünün
üstündə dayanmaq
üçün ayrılan
qısa zamanda (zaman da
ona görə qısadır ki, arxadan sel kimi dalğa-dalğa
yeni işlər gəlir)
buna müvəffəq olmaq
ilk növbədə ali
peşəkarlıqla əlaqədar
məsələdir.
Elə bircə bu iclas
- Mərkəzi Komitənin
1973-cü il mayın 22-dəki toplantısı qəliz mövzuların elə əlvan spektrini əhatə edir ki, həmin müzakirələrin
bir neçə günə zorla başa çata biləcəyini fərz edirsən. Ancaq 4-5 saat ərzində bütün müzakirələr
də keçirilib, hər məsələ ilə bağlı Heydər Əliyev ayrıca çıxış
edib və indi yarım əsrlik vaxt hündürlüyündən baxarkən
onu da dərk edirsən ki, hər qərara, qərardakı hər bəndə rəhbərin münasibəti
nə qədər sərrastdır, dilindən
qopmuş hər cümlə necə ölçülü-biçilidir. Bir anlıq düşünürsən
ki, tarixin rekonstruksiyası
baxımından son dərəcə
maraqlı ola biləcək
eksperiment keçirəsən
- son qərarları göstərmədən,
Heydər Əliyevin oradakı çıxışlarını,
replikalarını təqdim
etmədən bütün
ilkin sənəd və materialları qoyasan bu gün
yüksək dövlət
vəzifələri tutan
məmurların, dövlətçilik,
siyasət məsələləri
ilə məşğul
olan ortabab da deyil, qabiliyyətli araşdırıcıların qarşısına ki, siz nə deyərdiniz, siz necə hərəkət
edərdiniz? Klassik ərəb şeirşünaslıq
elmində "səhl-i
mümtənə" -"çatılması çətin
olan sadəlik" deyilən bir məfhum var. Heydər Əliyevin də bütöv yolunu göz önünə gətirib
onun ən müxtəlif tarixi dönəmlərdə, çox
zamansa ən ekstremal şəraitlərdə
verdiyi qərarları
yaddaşda sıralayanda
dərk edirsən ki, elə bunların əksəri məhz zahirən sadə görünən, ancaq hec vəchlə sadəliklə gəlib yetişiləsi nəticələr
deyil.
Bu iclasda bir sıra
aktual məsələlərə
baxılırdı. Amma bu,
hələ hamısı
deyildi. Bir silsilə təyinatların təsdiqi,
partiya cəzası almış onlarla şəxsin apellyasiya şikayətlərinin nəzərdən
keçirilməsi, partiya
üzvlüyünə bərpa
məsələləri, fərdi
təqaüdlərin təyini...
Bir sözlə, gerçəkdən
də bu qədər mövzunun bircə toplantıya necə sığışmasına
heyrətlənməyə bilmirsən
və heyranlığı
ikiqat artıransa bu cəhətdir ki, stenoqramların da təsdiqlədiyi
kimi, heç bir mövzuya səthi yanaşılmır,
hər qoyulan suala qaneedici cavab alınanadək fikir mübadilələri
davam edir. O gün diqqət mərkəzində dayanan
və ən qaynar müzakirələrə
səbəb olan məsələlərdən biri
də Mingəçevir
Şəhər Partiya
Komitəsinin işi ilə bağlı idi. Bu mövzunu digər məsələlərdən
ayıraraq Heydər Əliyevin yanaşmalarındakı
məxsusi peşəkarlığın
təsdiqi üçün
bir nümunə olaraq önə çəkməyim səbəbsiz
deyil. İki Həsənov arasında ciddi qarşıdurma vardı. Biri Mingəçevir
Şəhər Partiya
Komitəsinə rəhbərlik
edən Arif Həsənov, digəri icraiyyə komitəsinin sədri Züleyxa Həsənova. Bu yığıncaqdan
əvvəl ötən
aylar boyunca hər ikisi Mərkəzi Komitədə
də olmuşdu, onlarla söhbətlər də aparılmışdı.
Ancaq Mingəçevirdə
iki əsas rəhbər arasındakı
gərginliyin şiddəti
azalmamışdı. O dövrdə
Mingəçevir şəhər
prokuroru işləmiş
general Akif Rəfiyevdən onların
haqqında soruşuram,
hər ikisini kadr kimi yüksək
dəyərləndirir.
Təbii,
həm onun, həm bunun tərəfdarları vardı,
onu istəyənlər
bundan, bunu özlərinə yaxın
bilənlər o birindən
tez-tez müxtəlif şikayətlərlə Bakıya
ardıcıl ərizələr
göndərirmişlər, yoxlama yoxlama dalınca gedirmiş və sağlam olmayan bu gedişat
işə də mənfi təsirini göstərməyə bilməzdi.
Mərkəzi Komitə
özü də vəziyyəti yerində araşdırmaq üçün
komissiyalar yollamışdı.
Həm onun, həm bunun xeyli nöqsanları da üzə çıxmışdı.
Arif Həsənov Mingəçevirə gedənədək
12 il Mərkəzi Komitədə
çalışmışdı, sənaye şöbəsinə
rəhbərlik etmişdi,
təcrübəli idi
və bir neçə il onunla birgə işləmiş,
sıx təmasda olmuş Akif Rəfiyev Arif Həsənovu insanlıq keyfiyyətlərinə
görə də müsbət səciyyələndirir.
Ancaq o materiallar ki toplanmışdı, o məktublar
ki iclasa aid qovluğa bu məsələ ilə bağlı əlavə olunmuşdu, hər iki rəhbər
işçi ilə əlaqədar elə xoşagəlməz məqamlara
da toxunurdular ki, onlar nəzərə alınsa,
elə gərək Büroda onların hər ikisi ilə xudahafizləşiləydi.
Uzun sözün qısası, münasibətlər
elə tarıma çəkilibmiş, emosiyalar
elə coşubmuş
ki, artıq ləngimədən
nöqtəni qoymaq lazım idi, çünki iki rəhbərin didişməsindən
bütövlükdə ümumi
iş, Mingəçevir
itirirdi. Heydər Əliyev başlayır danışmağa və bu, bayaqdan edilən
çıxışlara, təqdim
olunmuş bütün
arayışlara cavab olan əsl ailə
başçısı çıxışı,
müdrik ağsaqqalın
həm tənbehi, həm öyüd-nəsihətidir.
İmtina etməyə,
birinin yerinə digərini qoymağa nə var ki! Heydər Əliyev agahdır ki, onlar işin bu mərhələsində
müəyyən nöqsanlar
buraxıblar, ancaq hələ çox fayda da verə bilirlər, belə kadrların yetişməsi
üçün illər
lazımdır, əldə-ovucda
olanı həm də qorumaq gərəkdir. Arif Həsənovu qınayırdılar
ki, müəyyən şəxslər
onun sevimliləri olub, kiminsə qüsurlarına göz yumub, kiməsə daha çox güzəştə gedib.
Heydər Əliyevi sovet dövrünün mühafizəkar klassik məmurlarından seçdirən
həm də o idi ki, ruhu etibarı
ilə demokratikdi, hər məsələyə
daha geniş və azad, yalnız
məhdud partiya normativləri bucağından
deyil, insani baxımdan yanaşmağa
da daxilən hazır idi və indi
birinci katibə edilən bu tənqidlərin əksərinin
onu kənara qoymağa qətiyyən əsas vermədiyinə daxilən əmin idi. "Birinci katib prinsipiallıq, işdə, məişətdə
və şəxsi həyatda tələbkarlıq
örnəyi olmalı,
hər kəsi həm də öz nümunəsi ilə tərbiyə etməlidir. O, insanları
öz bilikləri, təcrübələri və
digər bütün imkanları ilə yetişdirməlidir. Mən
razıyam ki, Həsənova
yoldaş 11 ildir ki, icraiyyə komitəsində
işləyir, ancaq o
da diqqəti yalnız
yoldaş Həsənovun
fəaliyyətindəki mənfi
saydığı tərəflərə
yönəltməməlidir, eyni zamanda həmin
qüsurların düzəldilməsində
birinci katibə necə kömək etməyin yollarını
da aramalıdır. Burada
yoldaşlar da düz dedilər, qətiyyən şəhər partiya komitəsi ilə icraiyyə komitəsini qarşı-qarşıya qoymaq
olmaz. Hər orqanın öz yeri var, daha artığına iddia etməyə heç kəsin haqqı yoxdur. Yoldaş Həsənov, mən sizə açıq deməliyəm, biz bütöv
bir ili bu
məsələ ilə
məşğuluq və
belə rəy yaranmışdır ki, siz
öz üzərinizdə
çox işləməlisiniz.
...Siz bütün yoldaşlara, ilk növbədə
yaxın köməkçilərinizə
münasibətinizi dəyişməlisiniz.
Bu irad Həsənova yoldaşa da, elə bütün Büro üzvlərinə də aiddir. Siz kimisə
sevirsiniz, kimisə yox - bu, rol
oynamamalıdır, kiməsə
hüsn-rəğbətiniz var, kiməsə yox - bunun işə təsiri olmamalıdır.
İşçiniz özünü
düzgün aparırsa,
yaxşı çalışırsa,
onun sizin xoşunuza gəlib-gəlməməsindən
asılı olmayaraq münasibətləriniz normal qurulmalıdır,
bir işçi sizi tənqid edirsə, ona da münasibət qaydasında
olmalıdır.
...Bu iclasdan sonra indiyəcən nə olubsa unutmaq, buradan təzələnərək
çıxmaq və məhsuldar işləmək
lazımdır. Beləliklə,
biz ümid bəsləyir
və hesab edirik ki, Mingəçevir
partiya təşkilatının
belə imkanları
var ki, siz hamınızın
orada işinizi davam etdirəsiniz, səmərəli çalışasınız,
öz çatışmazlıqlarınızdan
qurtulasınız, münasibətlərinizdə
yaranmış normal olmayan
vəziyyəti tamamilə
ləğv edəsiniz.
Elə belə bir qərar da qəbul edək".
Bunca barışdırıcı, sülhlü,
adil bir yekun.
...Mərkəzi Komitənin
1973-cü il 22 may iclasında mətbuatla əlaqədar
daha bir məsələ vardı.
Ancaq əvvəlki məsələ mətbuatın,
mətbuat işçisinin
müdafiəsi barədə idisə, bu biri müzakirə
mətbuatdan müdafiə
haqqında idi. Azərbaycanla bağlı
ümumittifaq mətbuatında
dərc edilmiş tənqidi məqalədəki
faktların yoxlanılmasının
nəticələri ətrafında
gərgin fikir mübadiləsi gedirdi. O vaxtlar Sovet İttifaqında
çox məşhur
olan "Krokodil"in
1973-cü il 3-cü sayında jurnalın xüsusi müxbiri A.Qolubun
2 səhifəlik "Saatlının
qızmar səması
altında" felyetonu
dərc edilmişdi.
SSRİ-nin baş satirik jurnalında Azərbaycan mövzulu hər hansı böyük, ya kiçik tənqidi yazının dərc edilməsi heç xoşagələn hadisə
deyildi. Ancaq bu felyetonun xüsusi
narahatlıq doğurması
ona görə idi ki, zahirən bir məişət məzmunlu məsələni
guya əsas hədəfi kimi götürsə də, bütövlükdə respublikanın
nüfuzuna xələl
gətirə biləcək
neqativ təmayüllər
ətrafında gəzişmələr
edirdi. Ən əvvəl SSRİ-nin baş satirik jurnalında belə həcmli və sərt məqalənin birdən-birə niyə dərc edilməsi düşüncələr oyadırdı.
O boyda jurnalın xüsusi müxbirinin Moskvadan Saatlıya təşrif gətirməsi,
belə geniş yazı qələmə alması qətiyyən təsadüf sayılmamalı
idi və hər belə hadisənin arxasında bir təşkilin, yönəltmənin, örtülü
məqsədin gizlənmiş
olması ilk ağla gələn ehtimal idi. Həm də
burası vardı ki, adətən nəinki bütün Sovet İttifaqına aid Moskva mətbuatındakı
tənqidi yazı, hətta respublikadakı bölgə, çoxtirajlı
müəssisə qəzetlərində
belə nöqsanlardan
bəhs edən yazılar çap olunanda cavab istənilirdi, görülmüş
tədbirlərlə bağlı
həmin mətbuat orqanındaca ayrıca yazı da işıq üzü görürdü.
"Krokodil"in müxbiri məqaləsində onunla
birgə Saatlıya getmiş "qələm
qardaşım azərbaycanlı
satirik" deyə təqdim etdiyi Ağasəfa Yəhyayevin
də adını çəkirdi. Bu, 1971-ci ildə
yazıçı Seyfəddin
Dağlının Bakı
Parovoz deposundakı fəhlə işindən
ayıraraq redaktoru olduğu "Kirpi" jurnalına gətirdiyi, 11
il həmin redaksiyada çalışmış, sonralar
Azərbaycanın ədəbi
həyatında yetərincə
tanınmış şair
və tərcüməçi,
bu gün doğma Xızısının
Qarabulaq kəndinə
sığınaraq 80-i arxada
qoyandan sonra da yazıb-yaratmaqda davam edən Ağasəfadır.
Əhvalat barədə
həyatda olan tək şahiddən - köhnə dostum Ağasəfadan təfərrüatları
xəbər alıram.
Deyir ki, moskvalı jurnalist A.Qolubla
mənim tanışlığım
yox idi. "Kirpi"nin əməkdaşı
idim, məni qonağa qoşmuşdular
ki, tərcüməçi-bələdçi
kimi onunla Saatlıya gedim. Ancaq redaksiyada həmin müxbirlə görüşüb tanış
olandan sonra baş redaktorumuz Seyfəddin Dağlının
nəsə dalağı
sancmışdı və
Mərkəzi Komitəyə
də bildirmişdi
ki, bu, xatalı adama oxşayır. Təcrübəli Seyfəddin
müəllimin gümanı
düz çıxdı.
Sən demə, xüsusi müxbir Azərbaycana elə xüsusi tapşırıqla
da gəlibmiş. Mənim
də adımı guya hörmət göstərmək naminə
yazısına salmışdı,
məqaləsində də
dilimdən artıq-əskik
sözlər yazmışdı
və bunun da başağrısını xeyli
çəkəsi, sonralar
bir neçə dəfə izahatlar yazası oldum.
Açıram ötmüş əyyamlarda
SSRİ paytaxtından Vladivostoka
qədər əl-əl
gəzən, yazıları
ütülü, fikir
ifadəsi çərçivəli
bütün sovet mətbuatı ilə müqayisədə cəsarətliliyi
rüsxət verilmiş
müəyyən həddə
qədər çatsa
da, hər halda tənqidi ruhu ilə cəmiyyətə
cüzi də olsa azadlıq havası gətirdiyindən
hər sayı maraqla gözlənilən
"Krokodil"in həmin
sayını. Üzdən
baxanda sanki xırda məsələdir,
məişət mövzusudur,
heç "Krokodil"lik
söhbət deyil. Çünki yazının
böyük hissəsi
məhz bu hadisənin təfərrüatlarını
nağıl edirdi. Salyanda yeyib-içmək süfrəsi arxasında
rayon tədarük idarəsinin
işçiləri arasında
söz çəpləşibmiş
və məclis bitəndən sonra mübahisələrin yekunu
olaraq müsahib döyülübmüş. Görünür,
müsahibin üstünə
düşən və
onunla eyni idarədə işləyən
içkili başlı
iki qardaş bir neçə şillə-təpiklə kifayətlənməyərək
onu əməlli-başlı
xurd-xəşil eləyiblərmiş.
Çünki jurnalın
yazmasınca, kişi düz 21 gün xəstəxanada yatası
olubmuş və sonra da başlayıbmış
bu hadisə dolayısınca ora-bura şikayət məktubları
yazmağa. Ancaq
SSRİ boyu restoranlarda,
kafelərdə və
şəxsi məclislərdə
hər gün-günaşırı
sərxoşluq zəminində
neçə-neçə oxşar,
hətta bundan da
qat-qat betər münaqişələr
də, döyülmələr
də baş verirdi və əslində bu hal Rusiya ilə
tutuşdurularsa, daha çox onlarçün səciyyəvi idi və mahiyyəti etibarilə də elə mühüm hadisə deyildi axı bu qədər
şişirdilərək "Krokodil" səviyyəsinə
qaldırılsın, oradan
balaca əyalət şəhərinə el basa-basa nüfuzlu jurnalın xüsusi müxbiri gəlsin, bu yekəlikdə məqalə yazılsın.
Torbanın içində
pişik varmış.
Bu xırda hadisəni
bəhanə edərək,
guya əsas mövzu elə budur təəssüratı
yaratmaqla gözə kül üfürərək respublikanın təsərrüfat həyatındakı
qanun pozuntularından,
saxtakarlıqlardan bəhs
edilirdi və orası maraqlıdır
ki, bu, hansısa dəlillər-sübutlar əsasında
deyil, şayiəvari söhbətlərə, ayrı-ayrı
adamların qeybətlərinə
əsasən edilirdi.
Yazı
belə başlanırdı
ki, müəlliflə bələdçisi
göydən od yağan bir yay günündə Saatlının
günəşin yandırıb
qarsdığı torpaq
yolu ilə gedə-gedə yada müxtəlif
şeirlərdən parçaları
salırlar, guya bir şairin bu misralarını da xatırlayırlar ki, Muğan
çöllərinə bircə
damla yağış düşməsə belə,
məhsul əkilib-becəriləcək,
pambıq planı da ödəniləcək. Sonra
da özləri başlayırlar mövzunu
davam etdirməyə ki, heç qoyun olmasa da,
yun planı dolacaq, toyuqlar olmasa da, nə
qədər lazımdır
yumurta veriləcək,
plan artıqlaması ilə ödənəcək.
Bəs nə təhər? Bu müəmmanın cavabını
moskvalı müxbir mehmanxananın növbətçi
inzibatçısının dilindən verir, əlüstü, bələdçisi
kimi onu da öz yazdıqlarına
şahid və şərik çıxararaq
zibilə salırdı.
Yazırdı ki, mən təəccüblə
mehmanxananın inzibatçısından
toyuqsuz yumurta əmələ gəlməsi
möcüzəsinin sirrini
soruşanda o, burada əcaib bir şeyin olmadığı
cavabını verdi. Söylədi ki, bir neçə kisə arpanı-buğdanı
çıxarırlar bazara,
satıb onun puluna lazım olan sayda yumurta
alıb gətirirlər,
plan da dolur,
toyuqlarla məşğul
olmaq əziyyətlərindən
də canları qurtarır.
"Krokodil" bu yazıya hələ bir karikatura da əlavə
etmişdi. Üstüaçıq
yük maşını,
içərisində kisələrlə
taxıl bir tərəfə gedir, əks tərəfdən də elə həmin maşın qayıdır, bu dəfə kuzovunda içərisi yumurta dolu qutular.
Saatlıdakı kiçik mehmanxananın nə qədər işçisi olasıydı
ki. Yazı çıxandan sonra moskvalı müxbir gələndə kimin növbədə olduğunu
müəyyənləşdirmişdilər,
soruşmuşdular ki,
belə söz demisən, and-aman eləmişdi ki, vallah, onunla heç kəlmə kəsməmişəm, mən
heç yerli-dibli rusca bilmirəm, qətiyyən elə söz deməmişəm,
"Quran" gətirin,
əl basım.
Sovet hökuməti
"Quran"a inanan deyildi, onun inandığı
öz komissiyaları idi və Moskvadan
Azərbaycana SSRİ Yüngül
Sənaye Nazirliyinin təmsilçilərindən ibarət
heyət göndərilmişdi
ki, gedin məsələləri yerindəcə
yoxlayın.
Felyetonsa yoxlamalı
çox nöqtələri
tuş verirdi. Moskvalı müxbir yazırdı ki, guya mühasibi Saracallar tədarük məntəqəsindəki qanun
pozuntularına göz
yummadığı, orada
törədilən cinayətlərə
qoşulmadığı üçün
döyüblər. Moskvalı
müxbir bunu da aləmə car çəkirdi ki, danışılanlara görə, yumurtanı bazardan alıb sayı düzəltdikləri
kimi, Saatlı rayonunda pambıq planını da Türkmənistandan gətirilən
məhsulun hesabına
doldururlar. Yun da belə, digər
sahələr də həmin cür.
Bunların hər
biri çox ağır ittihamlar idi və felyetonda
Türkmənistan söhbəti
açıldığından Mərkəzdən göndərilən
yoxlama komissiyasına Aşqabad və Daşkənddən də
mütəxəssisləri əlavə etmişdilər.
Günlərlə Saatlıda oturmuşdular, diqqətlə aparılan araşdırmalar onu sübut etmişdi ki, 1971-ci ildə də, 1972-də də Saatlıda, həm də adı ayrıca vurğulanan
"Vətən" koxozunda
həm yumurta, həm yun tədarükü
planı heç bir əyintiyə yol vermədən yerinə yetirilib. Pambıq məsələsində
lap dərinə getmişdilər. Məlum
olmuşdu ki, həqiqətən buralara
Türkmənistandan pambıq
gəlir, ancaq bu, tamamilə başqa məsələdir.
İş ondadır ki, sovet iqtisadi
siyasəti respublikaları
bir-birindən asılı
etmək prinsipi üzərində qurulmuşdu.
İstehsalın hansısa
mərhələsində sən
digər bir, ya bir neçə
müttəfiq respublikaya
möhtac idin. Əli Bayramlıda (indiki Şirvan) pambıq emalı zavodu vardı və Türkmənistan da topladığı məhsulu bura göndərməli idi. Saatlı yığmalı
olduğu qədər
pambıq toplamış,
zavoda çatdırmalı
olduğu qədər
də təhvil vermişdi. Mötəbər
komissiyanın yekun rəyi bu idi
ki, o vaxtın yığcam, terminləşmiş
və içərisində
çox mənaları
daşıyan rus kəlməsi ilə ifadə ediləcək olursa, "pripiska"ya (süni yolla rəqəmlərin şişirdilməsinə,
artırmaya, bilərəkdən
saxtakarlığa) yol
verilməyib. Bir sözlə, mötəbər
komissiya təsdiq edirdi ki, "Krokodil"in dərc etdiyi məqalədə əks edilənlər təsdiqini tapmayıb, yazı müəllifi obyektiv tədqiqat aparmaq əvəzinə ayrı-ayrı narazıların
təhrifedici, saxta və bədxahcasına verilmiş məlumatlarına,
yoxlanmış faktlara
deyil, ara söhbətlərinə əsaslanıb.
Ancaq "Krokodil"dəki
yazı tək qalmamışdı, SSRİ-nin
"Pravda"dan sonrakı
ikinci əsas qəzeti "İzvestiya"
da Saatlı ilə bağlı yazı vermişdi və bəlkə də rayonun tarixində ilk dəfə idi onun adı təqribən
eyni vaxt aralığında Sovet İttifaqının iki sanballı dövri nəşrində görünürdü.
Şəksiz, bu, təsadüfi ola bilməzdi və Heydər Əliyev də göstəriş vermişdi ki, bu özəl marağın pərdəarxası
tərəflərini da
bizimkilər ayrıca
təhqiq etsinlər. Mərkəzi Komitənin Büro iclasından əvvəl respublika rəhbərinin masası üstünə MK-nın
Kənd təsərrüfatı
və Təşkilati-partiya
işi şöbələri
rəhbərlərinin, eləcə
də respublika prokurorunun müavininin imzaladığı arayış
qoyulmuşdu. Orada qeyd edilirdi ki,
Saatlı Rayon Partiya Komitəsinin birinci katibi ilə rayon icraiyyə komitəsi sədrinin arasında çoxdan bəri davam edən qarşıdurma varmış.
İşində ciddi
nöqsanlar olan rayon xəstəxanasının
baş həkimini birinci katib haçandır
vəzifəsindən kənarlaşdırmaq
istəyirmiş, ancaq
qəti sözünü
deməkdə tərəddüd
edirmiş, çünki
baş həkim icraiyyə komitəsi sədrinin yaxın qohumuymuş. Elə həmin münaqişə
də müxtəlif badalaqvurmalara gətirib çıxarmışdı ki,
bunun ən bəd nəticələrindən
biri də löyün-löyün dedi-qoduların,
qeybətlərin artması,
tənqidi yazıların
ortaya çıxması
idi. Rayon Xalq Nəzarəti Komitəsinin sədri də bu gedişatda
nala-mıxa vururmuş.
Elə Mingəçevirdəki
kimi Saatlının da rəhbərliyində əmələ gəlmiş
ikitirəliyin ümumi
işə zərbəsi
daha dərinlərə
işləyibmiş, indi
ortaya çıxanlardan
da artıq fəsadları varmış.
Beləcə, əks qüvvələr əl-ələ
verib həm bir ucdan respublikadakı
və kənarlardakı
yaxın-uzaq ünvanlara
qalaq-qalaq şikayətli
məktub və ərizələr yollayır,
həm də ayrı-ayrı şəxsi
əlaqələrdən istifadə
edərək mətbuatı
Saatlıya qarşı
diş qıcatmağa
sövq edirmişlər.
Mərkəzi Komitənin sənədlərində
də, "Krokodil"in
felyetonunda da bütün adlar-soyadlar açıqlığı ilə
verilib. Mən adları açıqlamağı
münasib saymadım.
Əvvələn, indi
bunun əhəmiyyəti
yoxdur, əksinə, kimlərinsə qəlbini
də incidə bilər. Digər tərəfdən, keçmişdən
bəhs edən sənədləri qaldıranda
istər müsbət,
istər mənfi müstəvidə o adları
açmaq məsləhətdir
ki, həmin adların bu gün xatırlanmasında
ya örnəklik, ya ibrətlik var. Yaxşı izləri qalırsa, oxuyan bu adı
çəkib rəhmət
oxuyacaq, bənzəməli,
nəcib əməllərini
davam etdirməli şəxsiyyəti ehtiramla
anacaq, izlər könülaçan deyilsə,
o qəbahətli əməllərdən
yurda, millətə təsirli xətərlər
yetişibsə, müasirlər
həmin mənfi adların niyə dünəndən dartılıb
bugünə gətirilməsinə
görə qınamayacaq,
xortdadılan şəxsin
nəslinin yaşayan insanlarına niyə sıxıntılar doğurursunuz
deməyəcək, əksinə,
anlayacaq ki, bu da bir
dərsdir, gərək
hər bir adam yalnız ömrünün ərzindəki
deyil, ölümündən
sonrakı çağların
da məsuliyyətini daşısın, elə yaşasın ki, o, həyatdan gedəndən sonra soyundan olanlar, ona müxtəlif
tellərlə bağlılar
başabəla sələfin
ucbatından xəcalət
çəkməsinlər.
...Bəzən respublika rəhbərliyinə
gəldiyi ilk illərdə Heydər Əliyevin çox sərt və güzəştsiz mövqe
tutması, xeyli yüksək vəzifə
sahibini ard-arda işdən azad etməsi və cəzalandırması ilə
bağlı mülahizələrini
bölüşənlər ondan əvvəlki dönəmdə Vəli Axundovun da, İmam
Mustafayevin də yüksək vəzifəli
məmurlara münasibətdə
daha yumşaq davrandığını təsdiqləyirlər.
Heydər Əliyevin başlanğıcda belə
barışmaz və bir qədər də amansız kimi görünən rəftarını onun
DTK-dan gəlməsi, hərbiçi olması ilə əlaqələndirirdilər
və hətta yarızarafat-yarıciddi bunu
da söyləyirmişlər
ki, indi SeKa KP dönərək ÇeKa KP olub (Seka - ÜK KP Üentralğnıy
Komitet Kommunistiçeskoy
Partii - Kommunist Partiyasının Mərkəzi
Komitəsi; ÇK - Çrezvıçaynaə
Komissiə - Dövlət
Təhlükəsizliyi Komitəsinin
köhnə adı). Amma istənilən tarixi hərəkətləri
qiymətləndirərkən hökmən o çağın
şərtləri də
göz önünə
alınmalıdır. Elə
Saatlıdakı kimi xəstə vəziyyət
yarandığı, rayonun
idarəçiliyində quyuqazma
səciyyəli müxaliflik
ortaya çıxdığı
halda pişim-pişimlə
yola vermək, qəti addımlar atmamaq sonra ümumi
işə daha ağır zərbələrin
dəyməsinə gətirib
çıxarmazdımı?
1973-cü il mayın 22-dir və Büronun icasında Heydər Əliyev danışır. Bunlar heç vaxt toplantının keçirildiyi
zaldan kənarda eşidilməmiş, qəzetlərdə
dərc edilməmiş,
yarım əsrlik sükutdan sonra oxucusu ilə ilk dəfə görüşən mətnlərdir.
Zənnimcə, həm
müdrik, həm ədalətli, həm kəskin, amma həm də insaflı, baltanı dibindən vurmayan bir mövqedir. Əsl rəhbərin, Azərbaycan ailəsinin qayğıları ilə
sidq ürəkdən
yaşayan bir rəhbərin baxışlarıdır:
"Düşünürəm ki, faktların təsdiqini tapmadığı
haqda komissiyanın arayışını biz
qəbul edəcəyimiz
qərarda nəzərə
almalıyıq. Mən
komissiyanın bu fikri ilə razıyam və əminəm ki, bütün bunlar ayrı-ayrı şəxslərin
uydurmalarıymış və
"Krokodil"in müxbiri
Qolub yoldaş, görünür ki, nadürüst mənbələrdən
yararlanmışdır. Ancaq
bütün bunlar ona görə baş tutub ki, Saatlı partiya komitəsinin birinci katibi rayona lazım olan qaydada rəhbərlik
etməyib və edə bilmir".
Heydər Əliyevin
nitqini başlayan kimi dediyi bu
ilk cümlələrdən
sonra belə təsəvvür oyanır
ki, işi bu dərəcədə mənfi qiymətləndirilən
birinci katib yığıncaqdan artıq
sabiq rayon rəhbəri kimi çıxacaq. Ancaq Heydər Əliyevin idarəedici olaraq bir sabit keyfiyyəti
də son şansı əsirgəməmək,
özünü doğrultmaqçün
fürsət vermək
nəcibliyi idi. Saatlının raykom katibinə üz tutaraq davam edirdi
və ən azı bundan sonra necə işləməyin dərsini
verirdi, daha qətiyyətli, daha prinsipial olmağa səsləyirdi: "Gileylənirsiniz
ki, 2 ayın ərzində "İzvestiya"
qəzeti və "Krokodil" jurnalı sizin rayona 2 dəfə diqqət ayırıb və bunun da səbəbi
odur ki, siz baş həkimi vəzifəsindən
xaric etmisiniz. Ancaq siz baş
həkimi işdən
çıxaranda və
digər qərarlarınızı
qəbul edəndə
prinsipsizlik göstərməmisiniz,
işi başa çatdırmamırsınız, bunlar da belə
qüsurlara gətirib
çıxarır. Ona
görə də siz rayona indiyə
qədər olan kimi rəhbərlik edəcəksinizsə, açıq
deməliyəm, biz sizə birinci katib vəzifəsini bundan sonra etibar
edə bilmərik. Siz rayonun siyasi
rəhbərisiniz, siz
siyasi, təşkilati,
tərbiyəvi rəhbərliyi
təmin etməlisiniz.
Amma bircə məsələnin həlli
sizdə 1 il uzanıb. Nə var-nə var, bu adam icraiyyə
komitəsi sədrinin
qohumudur və onu işdən çıxarsam, buna icrakom necə baxacaq. Əgər siz əmin idinizsə
baş həkim layiqli adam deyil,
dərhal ölçü
götürmək lazım
idi. Siz gah məsələ qaldırırdınız ki,
rayon icraiyyə komitəsinin sədrini dəyişmək lazımdır,
gah da bizimlə
söhbətdə deyirsiniz
ki, işdən çıxarmamaq da olar. Bu nə
mövqesizlikdir, nə
ləngər vurmaqdır?!
Məndə belə qənaət yaranır ki, siz sanki
icraiyyə komitəsinin
sədrinin, ya başqa kiminsə vəzifəsindən kənarlaşdırılmasını
istəyirsiniz, ancaq ürəyinizdən keçir
ki, bunu Mərkəzi Komitə etsin. Belə olmaz! Rəhbər başçılıq etdiyi
sahədə məsuliyyəti
üzərinə götürməyi
bacarmalıdır və
qoyduğu məsələlərin
düzlüyünə əmindirsə,
qorxmamalı, çəkinməməlidir.
Sizdə bu çatmır. Biz sizi koxoz sədri
qoymamışıq ki,
işiniz pambıq istehsalından ibarət olsun, təkrar edirəm ki, siz siyasi rəhbərsiniz,
siz insanları nöqsanlarla barışmazlıq,
vəziyyəti tənqidi
baxımdan təhlil edə bilmək ruhunda tərbiyə etməlisiniz".
Bu, ustad
dərsidir, idarəçilik
məktəbidir. Çətin
yollardan keçmiş
bir dünyagörmüşün
öyüdləridir. Həmin
iclasda bu sözü yalnız bir nəfərə - Saatlı raykomunun başçısına demirdi
ki! Həmin toplantıya çox adam qatılmışdı,
təxminən hamısı
da çox yüksək vəzifə
sahibləri, ya indi tutduqlarından da ali kürsülərə
iddialı olanlar. Tövsiyəni hamıya edirdi ki, rəhbərsənsə,
sözünün kəsəri
olmalıdır, rəhbərsənsə,
sənə gərək
olan ən birinci və ən ümdə keyfiyyət qətiyyətdir.
Lazım olan anda lazımi qərarı verməyə
özündə iradə,
güc tapa bilməyib sonraya saxlayacaqsansa, elə indi haqqında bəhs edilən rayon rəhbərinin aqibəti sizi də haqlayacaq. "Get işini davam etdir" deyir, amma həm də
"indiyəcən işlədiyin
kimi işləmə"
deyir, "özünüzü
içəridən yenidən
qurun", yəni
"yola davam" deyir, amma həm
də xəbərdarlıq
edir ki, belə ola bilməsəniz,
bunca yüksək vəzifədə qala bilməyəcəksiniz.
Ulu yunan
mütəfəkkiri Aristotelin
"Politika"sından tutmuş
XV-XVI yüzillərin məşhur
italyan düşünəri,
siyasət nəzəriyyəçisi
və dövlət xadimi Nikkolo Makiavellinin "Hökmdar"
traktatına qədər,
Tomas Ceffersonun "Möhtəşəm Amerika.
Hakimiyyətin gizli gücü" əsərindən
ta Otto fon Bismarkın "Dünya savaş astanasında"
düşüncələrinədək, Marqaret Tetçerin "Dövləti idarə etmək sənəti"ndən
Zbiqnev Bjezinskinin "Böyük şahmat taxtası"nacan siyasət
və dövlətçilik
kompası sayılası
neçə aqil kitab yazılmış, dünyanın sıra-sıra
dillərinə çevrilərək ümumbəşəri
istifadəyə başlanmışdır.
Onların hamısından
oxuyaq, öyrənək.
Amma özümüzün
də işləyə-işləyə,
yaşaya-yaşaya, elə
təcrübənin axarında
nəzəriyyələr də
yaratmış, ağıllı
dövlətçilik və
idarəediciliyin düsturlarını,
qəliblərini, çeşnilərini
doğurmağa müvəffəq
olmuş Heydər Əliyev kimi qüdrətlilərimizin də
irsindən yararlanaq, öyrənək, yeni günlərimizdə də
bizə kömək ola biləcək dərslərindən istifadə
edək.
Niyə qədimlərdə
yazılmış, orta
əsrlərdə qələmə
alınmış, yaxın
əsrlərdə araya-ərsəyə
gətirilmiş və
idarəçilik, dövlətçilik,
siyasət dərslikləri
səviyyəsinə qalxmış
bu və bu qəbil kitablar
əskiləşmir, dəbdən
düşmür, faydalılıq
və gərəkliliyini
hifz edə bilir?! Çünki dünya və insan sürətlə dəyişsə də, insanı insan, cəmiyyəti cəmiyyət
edən bir çox təməl şərtlər kimi, dövlət anlayışı
da keçmişlərin
sınaqlarından aşıb
gələn çox qayda və üsullarını
vasvası mühafizəkarlıqla
qoruyub saxlayır.
Şahmatın oyun qaydaları sabitdir, toxunulmazdır, piyada da, fil
də, at da, top da,
vəzir də, şah da 100 il öncə necə hərəkət edirdisə, bu gün də o cür tərpənir, sabah da həmin
təhər olacaq, amma oyunun içərisində
hər gün bir yenilik, daim
təzə kəşflər
var. Siyasət də, dövlətçilik
də, idarəedicilik
də belə. Uduzmaq istəməyənlər
gərək həmişə
geriyə baxmağa, dünəndən və dünəndəkilərdən öyrənməyə hazır
ola. Həmin dünənin içərisində
Heydər Əliyevin də dönə-dönə üz tutulası, öyrəniləsi,
əməl ediləsi
köhnəlməz dərsləri
qalır.
5 avqust 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci
qəzet.- 2023.- 9 avqust.- S.8-9.