GƏLƏCƏK YOLLARINDA
BÜDRƏMƏMƏYİN ÇARƏSİ
Geci-tezi
var, bütün millətin
gözlədiyi o günlər
də, uzaq olmayan sabahlar da, nəhayət ki, yetişəcək.
2 əsr ərzində
itirdiklərimizin hamısı
- ya silah, ya məkrli siyasət gücünə
qəsb edilmiş ən son kəndimiz və yüksəkliyimiz də, ən axırıncı meşəliyimiz
və otlağımız
da qayıdacaq, illərlə
gözü yol çəkmiş torpaqlarımızın
hamısı böyük
yurdumuza qovuşacaq.
Dünyanın irili-xırdalı xalqlarının
hamısının ağıları
var. Yer üzünün
hər yerində insan insandır. Qeyb etdiklərinin dözülməz dərdinə
göynədiyi anlarda
ürəyini ağılar
söyləməklə ovudub.
İnsan torpağınkıdır.
Ömrü boyu torpaqla yaşayır, sonucda Böyük Anaya - vətən torpağına
qovuşur. Ölüm,
ağrıların ən
müdhişi deyil. Hər gələn onsuz da bir gün
gedir. Daha dəhşətli olan səni qoynuna alacaq torpağı itirməyindir. Belədə
insana oxunanlardan qat-qat
yanıqlı ağılar
doğulur.
Əmanət qoymuşdu babalarımız,
Müqəddəs ocaqdı Murtuz dağımız,
Həm ümid yerimiz, yadigarımız,
Niyə
kəsilibdir yolu Tağların?!
Gözəl Gədəbəyin doğma
parçasıydı Tağlar
kəndi. Güllə
ilə deyil, Kremlin silahdan kəskin təcavüzçü siyasəti
ilə verildi ermənilərə. İrəvan
kimi, Zəngəzur kimi, Vətənin başqa neçə sevimli və nisgili həmişə qəlbimizi əzən parçaları kimi.
Bu millətin taleyində ayrı düşdüyü
o yavruları ilə qol-boyun olacağı bəxtiyar günlər, əlbəttə ki, var!
1969-cu il iyul ayının 22-si idi, Mərkəzi Komitənin Büro iclası gedirdi, vur-tut bir həftə
əvvəl respublikaya
rəhbər seçilmiş
Heydər Əliyev ilk
müstəqil iclasını
aparırdı. Müzakirəyə
çıxarılan məsələlərdən
biri "Gədəbəy
rayonundakı Kalinin və
Nərimanov adına kolxozlara kömək göstərilməsi" haqqında
idi.
Bu müzakirənin getdiyi vaxt artıq Kreml keçən ildən qərar qəbul etmişdi ki, Gədəbəyin iki yüzdən çox yaşı olan Tağlar kəndi Ermənistan ərazisi kimi tanınsın, guya "gələcəkdə
inkişafın olmadığı"
fərz edilən həmin yaşayış
məntəqəsi, eləcə
də Ceyrançöl
səmtindəki yüz
hektarlıq qış
otlağı Azərbaycandan
qoparılaraq Ermənistana
aid Şəmşəddil (adına baxın, görün bu da əslində kimindir!) rayonunun Ayqedzor kolxozuna qatılsın. Ancaq erməniliyin tükənməz iştahı
və torpaq acgözlüyü bununla soyumamışdı, onların
həmin həndəvərdə
yeni ərazi iddiaları
da vardı.
Arxalı
köpək qurd basar deyiblər və haqq varmış
bu sözlərdə.
Erməniçilik axırıncı
2 əsrlik müddətdə
Azərbaycandan çırpışdırdığı
torpaqların çoxunu
elə bu yolla əldə etməyibmi?! Gədəbəydə
Tağları Moskvanın
əli ilə rəsmən xəritədən
yox edib o səfalı torpaqları özününküləşdirəndən
sonra erməniçiliyin
qəsdi Qaravəllər
kəndini qapazlamaq idi. Qəsbkarlığın
hər təzə nəticəli addımı
isə Azərbaycan ərazilərinə daha dərin girə bilmək, səssiz işğalın çevrəsini
genişləndirməkçün yeni fürsətlər qazanmaq
demək idi.
Bu hadisələrdən 27 il sovuşarkən,
1996-cı il iyunun 21-də Azərbaycan
Elmlər Akademiyasında
görkəmli dövlət
xadimi, respublika rəhbəri vəzifəsində
sələfi olmuş
Vəli Axundovun 80 illik yubileyi mərasimindəki çıxışında
artıq müstəqil
Azərbaycanın Prezidenti
olan Heydər Əliyev təzadlarla dolu keçmişin o həyəcanlı günlərinə
də qayıdırdı
və bunu səbəbsiz etmirdi. Çünki həmin mürəkkəb dövrün
olmuşlarını ən
yaxın məsafədən
müşahidə etmiş,
bilavasitə gedişatda
olmuş insan idi. Bilirdi ki, torpaq məsələləri
ilə bağlı söhbətlər millətin
ən həssas yeridir. Onu da yaxşı anlayırdı
ki, Moskvanın hökmü
altında edilmiş hansısa ərazi güzəştlərinə sonralar,
hadisələrin əslində
necə baş verməsindən bixəbərlər
ayrı bir zaman qatında ən azı bilgisizlikdən ləyaqətli şəxsiyyətlərə
çirkab da ata bilərlər. Ona görə
bunları söyləyirdi
ki, həm o toplantıda
iştirak edənlər
bilsinlər, həm də (və daha vacibi) bu
mötəbər şahidlik
tarix üçün
qalsın.
Bu da həmin zəruri və əvəzolunmaz şahidliyin növbəsinin
yetişdiyi daha bir an, sözümüzə
söykək olaraq qayıdırıq Heydər
Əliyevin həmin nitqinə. Belə anırdı: "O vaxtlar
Qarabağ məsələsi
qaldırılmışdı. Xatirimdədir, bir dəfə hətta yenə məcbur etmək istəyirdilər
ki, Qarabağ məsələsinə
baxılsın. Vəli
Axundov bir neçə dəfə mənimlə də məsləhətləşdi. Bu məsələnin qarşısı
alındı. Ancaq sonra bir neçə
erməni, eləcə
də Ermənistan çalışırdı ki, Azərbaycanın Ermənistanla
sərhəd rayonlarında
bəzi torpaqlarımızı
öz torpaqları kimi əllərinə keçirsinlər. Onlar köhnə xəritələri
- 1928, ya 1929-cu ilin xəritələrini ortaya
çıxarmışdılar".
Nə imiş ermənilərin istinad etdiyi o mənbələr?
Azərbaycan kənd təsərrüfatı
nazirinin müavini N.Hüseynbəyovun 1969-cu ilin iyununda sərhəd
məsələlərinə dair hazırlayıb imzaladığı arayışda
göstərilir ki, 1968-ci ilə
qədər Ermənistan
və Azərbaycan respublikaları arasında
sərhədlər SSRİ Baş Geodeziya və Xəritəçəkmə İdarəsinin
1945-ci ildə təsdiq
etdiyi cizgilər əsasında müəyyənləşdirilmişdir.
1968-ci ildə ərazi
mübahisəsinə baxılarkən,
daha dəqiqi - ermənilərin göz dikdikləri torpaqlarımızı
zəbt etmək hiyləsinə rəvac verilərkən Zaqafqaziya Mərkəzi İcraiyyə
Komitəsinin 1927-1930-cu illərdə
təsdiq etdiyi kartoqrafiya materialları əsas götürülür.
1945-ci ildə daha peşəkar bir qurum SSRİ BGXİ sərhədləri
müəyyənləşdirərkən
də Zaqafqaziya
MİK-in materialları ortada
olmuşdu. Həmin materiallara məhəl qoymadan məhz 1968-ci ilin iyununa qədərki
sərhədləri təsdiqləmişdilərsə
və 23 il ərzində
xəritənin məhz
bu cür olması heç bir sual doğurmamışdısa,
1968-ci ildə baş vermiş sərhəddəyişmə
əməliyyatı hər
hansı saxtakarlıqların
edilib-edilməməsi baxımından
mütləq araşdırılmalıdır.
Əgər 1968-ci ilin
iyununda əsaslanaraq qərar çıxarılan
kartoqrafiya materialları
səhih idisə, bəs niyə SSRİ
BGXİ 1945-ci ildə dəqiq
sərhədlər haqda
qərarını verərkən
onlara məhəl qoymamışdı? Ya bəlkə həmin başqa sərhəd mənzərəsi cızan
xəritəçilik materialları
heç əvvəldən
yoxmuş və saxtakarlığa alışqan
erməniçiliyin Kremlə
də sırıdığı
qondarma, sonradanquraşdırma
cizgilər imiş? Çoxdan Tağlar adında kənd yoxdur, ermənilər, söz yox ki, oralara kələkötür
sözlərindən birini
ünvan olaraq yamaq ediblər, köhnə tağlılardan
da indiyə kim qala, kim qalmaya.
Ancaq nənə-babaları
oralı olan, indi Gədəbəyin başqa kənd-kəsəyində
ömür sürənlər
az deyil, xatirə də, əlbəttə, yaşamaqdadır.
1969-cu ilin yayında Bakıya, Mərkəzi Komitəyə əslən
Gədəbəyin Hacılar
kəndindən olan, oradakı Kalinin kolxozunun qurucularından biri, el ağsaqqalı Həsən Qiyasov da gəlmişdi. Onun o vaxt Mərkəzi Komitədə söylədikləri
sözbəsöz kağıza
köçürülüb, sənədləşdirilib və
istəyirəm ki, insanımız
bu şahid ifadəsindən xəbərsiz
qalmasın. Həsən
kişi yada salmışdı
ki, vaxtilə kolxozlar qurulanda, sərhədlər
dəqiqləşdiriləndə buraya 18 yerölçən
gəlmişdi və onların hazırladıqları
cizgiləri o tərəf
də, bu tərəf də qəbul etmişdi. Bəs niyə indi erməninin şikayətinə qulaq asıb, bizim sözü isə dinləmək istəmirlər?!
Onunla birgə Mərkəzi Komitəyə
təşrif gətirən
digər ağsaqqal - Məcid Vəliyev isə demişdi ki, 1945-ci
ildə təsdiqlənən
yox, daha köhnə xəritəyə
qayıtmaq məsləhətdirsə,
onda elə bu yerlərin 1924-cü ildə tərtib olunmuş xəritələrini
əsas götürək.
Ermənistanla Azərbaycan arasında
sərhədlərin delimitasiya
və demarkasiyası istiqamətində aparılacaq
söhbətlər əsnasında
münasib məqamı
çatınca Gədəbəy
rayonunun Ermənistanla
həmsərhəd ərazilərində
süni yollarla ərazimizdən qoparılmış
bu torpaqların məsələsi də gündəliyə gətirilməlidir.
Yenə
qayıdıram Heydər
Əliyevin 1996-cı ildə,
Vəli Axundovun yubiley mərasimində bu düyünlü tarixi məsələlərə
aydınlıq gətirən
çıxışına: "2-3 il danışıqlar getdi.
Bu danışıqları tək Vəli Axundov deyil, Məmməd İskəndərov
(Ali Sovetin sədri -
R.H.), Ənvər Əlixanov
(Baş nazir - R.H.), ikinci
katib Pyotr Yelistratov birlikdə aparırdılar. Təəssüf
ki, bu danışıqlar
nəticəsində 1969-cu ilin may ayında Azərbaycan Ali Soveti elə bir qərar
qəbul etmişdi ki,
həmin sərhədyanı
torpaqlar guya Ermənistana mənsubdur və ona verilməlidir.
Mən iyul ayında Azərbaycana rəhbər seçilən
kimi bu məsələni
1 ay müddətində təhlil
etdim və həmin qərardan imtina etdim. Çox
çalışdılar ki, bu qərar həyata
keçirilsin, lakin mən buna imkan vermədim. Bu qərarın
o vaxt necə qəbul olunduğunu da bilirəm. İndi bunu danışmağa ehtiyac yoxdur. Amma bununla demək istəyirəm
ki, şübhəsiz, o da həmin
torpaqların verilməsini
istəməmişdi. Ancaq
həm yuxarıdan, Moskvadan olan təzyiqlər, həm sağdan, həm də soldan olan təzyiqlər birlikdə
bu cür qərarın qəbul edilməsinə gətirib
çıxarmışdı".
...1969-cu ilin 22 iyulu idi,
Heydər Əliyev Mərkəzi Komitənin Birinci katibi kimi ilk iclasını keçirirdi və o, rəhbər kimi yolunun lap başlanğıcdan
artıq erməni qovğaları ilə üzbəüz idi və bu qara
yaranın bir az da qol-qanad atmamasının, gələcəkdə
işləməyə yeni narahat
maneələr yaratmamasının
bəri başdan qarşısını nəyin
bahasına olur-olsun almaq barədə düşünməyə bilməzdi.
Əlbəttə ki, o, baş
vermiş xoşagəlməz
hadisələrin bütün
gedişatından xəbərdar
idi. Birinci katib vəzifəsinə Dövlət Təhlükəsizlik
Komitəsinin sədri
kürsüsündən gəlmişdi,
amma artıq dövlət sirlərinə
lap yaxın olduğu bu vəzifəni tutmazdan çox qabaq da, hələ 1950-ci illərin əvvəllərindən
Bakıya Moskvadan, Baş İdarədən gələn və erməniçiliklə əlaqədar
məxfi sənədlərlə
işləməyə başlayandan
bu mərəzin necə yırtıcı,
necə rişələr
atan, Sovet İttifaqı hüdudlarından
kənarlardakı uzantılarından
da, kərtənkələ kimi bu tərəfdəki
ilanlara ağu ötürən olmasından
da yerli-yataqlı xəbərdar
idi. Ona görə də indi qəbul
edilən qərar, təzə Birinci katibin imzaladığı
ilk sənədlərdən biri erməni ehtiraslarının getdikcə
artan şiddətlə
yönəldiyi Gədəbəyin
Ermənistanla sərhəd
hissəsinə diqqət
və qayğının
artırılması ilə
bağlı idi. Qərara görə Şamxor (indiki Şəmkir) rayonunun Kirov
adına və "Şəfəq" kolxozlarının
əkinə yaralı
ərazilərindən 100 hektar
müvəqqəti olaraq
Nərimanov və
Kalinin adına kolxozlarçün
ayrılır, elə
1969-cu ildəcə hər
iki Gədəbəy kolxozunda hərəsində
500 pətək olmaqla
arıçılıq fermaları
təşkil edilir, heyvandarlığın əsaslı
şəkildə inkişafı
üçün kompleks
tədbirlər müəyyənləşdirilirdi.
Bu bölgəyə ayrılan
zəruri kənd təsərrüfatı texnikasının
sayı xeyli artırılır, Şınıx
tərəflərdə əhalinin
ticarət malları ilə təminatını
yaxşılaşdırmaqdan ötrü ayrıca Kənd İaşə Cəmiyyətinin yaradılması
(camaat arasında buna adətən rus kəlməsiylə "selpo"
deyərdilər), Qaravəllər
kəndində mağaza
tikilməsi, bu tərəflərə respublika
əhəmiyyətli yol
çəkilməsi, 1970-ci ildəcə Qaravəllər
kəndində xəstəxananın
inşa edilməsi, Hacılar kəndində xalçaçılıq sexinin
qurulması, sexin müvafiq tikililər və səriştəli işçilərlə təmin
edilməsi tələbləri
qoyulurdu. Kənd Təsərrüfatı Nazirliyindən
isə təxirə salmadan hərəkətə
keçmək, dekabrın
15-dək MK və Nazirlər
Sovetinə bu qərarda müəyyən
edilmiş vəzifələrin
icrası barədə
hesabat verməsi istənilirdi.
Heydər
Əliyev Büro üzvlərinə bu təxirəsalınmazlığın səbəblərini də
izah edirdi ki, icrayla məşğul olacaq şəxslərin yalnız dövlət qarşısında cavabdehliyi
yox, vicdani məsuliyyətləri də
daha çox artsın.
İş ondadır ki, 1968-ci ilin
iyununda Moskvanın təkidi və SSRİ kənd təsərrüfatı
nazirinin iştirakı
ilə iki qonşu respublika rəhbərinin imzaladığı
anlaşma ilə Azərbaycanın Gədəbəy
rayonu ilə Ermənistanın Şəmşəddil
rayonu arasında bizim müəyyən torpaqlar onlara güzəştə gedildikdən
sonra sərhədlər
dəqiqləşdirilmişdi. Qəbul edilmiş aktda göstərilmişdi
ki, tərəflər bölgü
xətti yaxınlığında
inşaat işləri
aparmayacaq, aralıq sahə yalnız ot biçini üçün istifadə
edilə bilər. Ancaq gəlinmiş razılığa rəğmən,
erməni tərəfi
1969-cu ilin mayında Qaravəllər və Tağlar kəndi yaxınlığında 3-4 hektarlıq
sahədə heyvandarlıq
fermasının tikintisinə
başlamışdı. Bu, Moskvanın fitnəkar dəstəyi ilə Azərbaycandan qopara bildikləri torpaqların bir az da şitəndirdiyi,
daha artıq tamahsılandırdığı ermənilərin Qaravəlləri
də eyni üsulla mənimsəmək
üçün həyasız
müqəddimələri idi.
Təsəvvür edin
ki, onların tikintisinə
başladıqları ferma
Qaravəllər və
Tağlar kəndinin
500 metrliyində, cızılmış
sərhəd xəttinin
150 metrliyində, Ermənistanın
Şəmşəddil rayonunun
Ayqedzor kəndindən
isə 45 kilometr aralıda idi. Azərbaycan Mərkəzi
Komitəsinin Kənd təsərrüfatı şöbəsinin
müdiri Ermənistan
MK-nın katibinə qanunsuz tikintini dayandırmaqla bağlı
müraciət etsə,
sözdə razılıq
alsa da, iş davam etdirilmiş, başa da çatdırılmışdı.
Aparılmış müşahidələr
göstərmişdi ki, bu
tikintinin öhdəsindən
belə qısa müddətdə bir kolxozun gücü və texnikası hesabına heç vəchlə gəlmək
mümkün ola bilməzdi,
məhz yuxarıdan göstərişlə digər
kəndlərdən də
çoxlu ağır
texnika və işçi qüvvəsi
cəlb edilmişdi
ki, iş tez bitsin, Azərbaycan tərəfi hazır fakt qarşısında qoysunlar. Tikinti materialı üçün
də uzağa getməmişdilər. Bir ucdan
qayaları partladırdılar
- daşları hazır
idi. Fermanı orada salmışdılarsa,
bunun ardı kimi Azərbaycan ərazilərinin içərilərinə
doğru hektarlarla sahəni eyni quldur üsullarla otlaq, örüş yeri kimi mənimsəmək
növbəti hədəfləri
idi. Bir az sonra isə bir az da irəlilərə!
Ermənilərin sərhəd
xətti yaxınlığında
tikinti aparmamaq haqda müqaviləni pozmasının, onların
nümayişkaranə şəkildə
qopardığı partlayışlardan
sonra qaya parçalarının Qaravəllər
kəndi ərazisinə
uçub taxıl zəmiləri və biçənəklərə düşməsinin
ardınca bizim kəndlilər də Nərimanov kolxozu üçün sərhədə
yaxın yerdə tövlə tikməkçün
təməl tökməyə
başlamışdılar. Bundan xəbər tutunca Ermənistanın Şəmşəddil rayonu
(hər dəfə
"Ermənistan"ı ona
görə yazıram
ki, Şəmşəddil istər-istəməz
bunun bizimki olduğu təəssüratını
yaradır) "Kommunizm
yolu" kolxozunun kolxozçuları külünglə,
bellə, baltayla silahlanaraq hücum çəkmişdilər, bünövrəni
dağıtmışdılar və daha böyük
təxribatların törədilməsinin
qarşısı zorla
alınmışdı.
Ermənilərin 1969-cu ilin iyununda
əldə olunmuş
sərhəd dəqiqləşməsindən
sonra yenə Azərbaycandan təzə
kilometrlər oğurlamaq
təşəbbüsləri bunun sabah elə
Tağları özününküləşdirmələri
kimi, Kremlin əli ilə Qaravəllərin də növbəti rəsmiləşdirilmiş işğalın
qurbanına çevrilə
biləcəyini istisna
etmirdi.
Demək,
bəri başdan ayıq tərpənmək,
Moskvaya da bozarmaq lazım idi. Bunu elə gədəbəylilərin
etməsi daha münasib idi və 41 nəfər yola düşür sovet paytaxtına. Əksərən Qaravəllər
kəndinin sakinləri
idilər, amma aralarında neçə nəfər də Tağlardan olan vardı.
Gədəbəy rayonunun Kalinin adına
kolxozundan gəlmiş
bu 41 nəfər yollanır Kremlə, Sov.İKP MK Baş katibi Leonid Brejnevlə görüşmək istədiklərini
bildirirlər. SSRİ Daxili
İşlər Nazirliyi
Moskva idarəsi işçilərinin
və SSRİ Dövlət
Təhlükəsizlik Komitəsi
əməkdaşları ilə
ilkin söhbətdə
onlar hamısı şikayətlərinin nədən
ibarət olması barədə məlumat verməkdən qəti imtina edirlər, söyləyirlər ki, nə
istədiyimizi yalnız
Leonid İliçin özünə
deyəcəyik.
O adamlar ora gedib
çıxmışdılarsa və bu təhər
qətiyyətli mövqe
göstərirdilərsə, həmin əyyamlara bələd olanlar hiss edər ki, belə inadkar etirazçılıq
yolgöstərənsiz, başasalansız
gerçəkləşə bilməzdi. Gerçəkləşmək
nədir, onun qarşısını Bakı
özü alardı.
Bu yekəlikdə dəstə
Moskvaya Baş katibə şikayətə
gedirsə, Azərbaycanda
DTK da, MK da bundan, əlbəttə
ki, məlumatsız deyildilər.
Əvvəl hara getməyi,
kimlərlə necə
danışmağı da onlara
irəlicədən anladanlar
da olmamış deyildi.
Şübhəsiz, o 41 nəfərin
hamısı ehtirama layiq idi. Ancaq
bu cəsarətin ardındakı cəsarəti
də unutmayaq. Çünki Moskvada onlarla ilk görüşmüş
milis və təhlükəsizlik işçiləri
də peşəkarlar
olaraq belə dikbaşlıqların necə
həyata keçirilməsinin mümkün
sxemlərini təsəvvür
etməmiş deyildilər.
Bütün bu dəqiq xəbərləri elə
həmin vaxt tərtib edilmiş və 1969-cu ilin iyulunda keçirilən Büro iclasının materialları arasındakı
arayışlardan alıram.
Moskva milis idarəsinin rəisi A.Kozlovun
xahişi ilə Gədəbəydən gəlmiş
etirazçılar öz
aralarından 7 nəfəri
seçirlər və
onları Sov.İKP MK
Qəbul otağının
müdiri V.Tixomirovun yanına aparırlar. Ancaq bir daha
sezilir ki, onlar çox yüksək peşəkarlıqla təlimatlandırılıblarmış
ki, nəyə hansı
həddə qədər
razılıq verməyi
dəqiq bilirmişlər.
V.Tixomirov onları qəbul edir, ancaq onlar yenə
Moskvaya niyə gəlmələrinin, dərdlərinin
nədən ibarət
olmasının məzmununu
açmaqdan imtina edirlər: "Bizim sözümüz şəxsən
Leonid İliçədir!"
Şübhəsiz, rəsmi Bakı
bu səfərin hər anından xəbərdar idi və rəsmi prosedurlara bələd olduqlarından onu da gözəlcə dərk edirdilər ki, Baş katib nümayəndə heyətini şəxsən
qəbul edən deyil. Ona da, Mərkəzi Komitə katiblərinə
də Azərbaycandan gələn bu şikayətçi dəstə
haqda məlumat çatdırılacaq, lakin
qəbul edən, dinləyən daha aşağı ranqlı məmurlar olacaq. Əslində umulan elə bu idi.
Məqsəd məsələni
bacardıqca şişirtmək
idi. Aydın idi ki, istənilən halda Baş katibə məruzə ediləcək, Kremlə açıq şəkildə
eşitdirilmiş olacaq
ki, xalq Azərbaycandan,
Gədəbəydən hansısa
ərazilərin ayrılıb
Ermənistana verilməsinə
qarşıdır.
Azərbaycanlı nümayəndələri Kreml
məsulları Starçenko,
Tixomirov və Kiselyov qəbul edirlər. Qonaqları əmin etməyə çalışırlar ki,
şikayətinizin nədən
ibarət olduğunu deyin, söz veririk ki, Mərkəzi
Komitə qaldırdığınız
sualların ədalətli
həlli üçün
zəruri tədbirləri
görəcəkdir.
Ancaq şikayətçilər
yenə yola gəlmirlər, müqaviməti
bir qədər də davam etdirmək
lazımdır. Bir neçəsi danışır.
Deyirlər ki, biz bura o qədər
uzaq məsafəni qət edərək, çətinliklərdən keçərək,
maneələri adlayaraq
gəlib çatmışıq.
İndi bu qədər əziyyət
çəkib Moskvaya yetişəndən sonra da bizim böyük
rəhbərimiz Leonid
İliç Brejnevlə
görüşümüzə imkan verilmir. Biz şikayətimizin mahiyyətini ya yoldaş Brejnevə, ya da yoldaş
Kosıginə birbaşa
çatdırmaq istəyirik.
Vəziyyəti belə görəndə qət edirlər ki, şikayətçilərə
sabaha qədər dincəlmək imkanı yaradılsın. Kremlin qəbul otağının
müdiri və Daxili İşlər Nazirliyi təmsilçilərinin
köməyi ilə gədəbəylilərin hamısı
xüsusi olaraq onlarçün ayrılmış
mehmanxanada yerləşdirilir.
Gecə ilə
Azərbaycandan Gədəbəy
Rayon Partiya Komitəsinin birinci katibi İ.Allahverdiyevi Moskvaya dəvət edirlər. Ertəsi günü Kremldə gədəbəylilərlə söhbəti
Sov.İKP MK-nın Təşkilati-partiya işi
şöbəsinin instruktoru
A.Kiselyov aparır. Həmin qəbulda artıq həm Gədəbəy raykomunun
birinci katibi, həm də Azərbaycanın Moskvadakı
Daimi nümayəndəsinin
müavini E.Hüseynov
iştirak edirlər.
Artıq görüş
rəsmi formata girmişdi və danışmaq olardı. Bir-bir söz alırlar - Əhməd Mirzəyev, Həsən Qiyasov, Əli Qasımov və digərləri qısaca həm tarixçəni çatdırırlar, həm
də üzləşdikləri
bəladan bəhs edirlər, qadınlardan da Nənəxanım və Sədat Cəfərovalar çıxış
edir. Həmin vaxt hazırlanmış arayışda onların nə söylədikləri
də əksini tapıb. Demişdilər ki, biz köçəri
deyilik, bu torpaqlarda ən qədim zamanlardan babalarımız yaşayıb,
sizdən torpağımızı
istəyirik. Biz əkinçiliklə, heyvandarlıqla
dolanırıq. Son 2 ilə qədər sakit yaşayırdıq, ancaq indi Ermənistanın
Şəmşəddil rayonunun
rəhbərliyi yuxarıların
razılığı ilə
torpaqlarımızı əlimizdən
alaraq bizi aclığa və səfalətə məhkum
edib. Söyləmişdilər
ki, Qaravəllər və Tağlar kəndlərində 400-500 təsərrüfat
var. İndi bizim yaşamağa heç nəyimiz yoxdur. Bizim əlimizdən
mal-qaramızı otarmaq,
ot biçmək, əkib-becərmək imkanımızı
alıblar. Qonşu Şəmşəddil rayonunun
Ayqedzor kəndinin sakinləri bizim üstümüzə hücum
edirlər, bizə xətər yetirirlər, milli hisslərimizi təhqir edirlər, bizi böyük qarşıdurmalara təhrik
edirlər. Qanunsuz tikintilər aparırlar, qayaları partladırlar.
O partlayışlar zamanı
heyvanlarımız tələf
olub, neçə nəfərimiz xəsarət
alıb. Ermənilər
bizim sahələrə
200 başdan artıq donuzlarını buraxıblar
və bununla da bütün bağ-bostanımız, əkdiklərimiz
məhv olub. Bütün bunların əsas səbəbkarı
isə Şəmşəddilin
raykom katibi Avakyandır. O, bizim üstümüzə silahlı
həmlə təşkil
elədi, böyüyə-kiçiyə,
qadına-uşağa baxmadan
vəhşicəsinə döydürdü,
neçə nəfəri
də əsir kimi götürüb Şəmşəddil rayon
mərkəzinə apardılar.
Həm də sadəcə aparmadılar,
maşınlara, traktorlara
bağlayaraq, torpaqla sürüyərək apardılar.
Onların bir çoxu uzun müalicədən sonra da sağalmadı, şikəst qaldı.
Gədəbəylilər danışırdılar və
etiraz edirdilər ki, keçən il Mərkəz bizim torpaqlarımızın
Ermənistana məxsus
olması haqda qərar qəbul edib. Biz bu
qərarla razı deyilik və rayonlarımız arasında
əsrlərcə mövcud
olmuş sərhədlərimizi
nəzərə alaraq
ona yenidən baxılmasını xahiş
edirik. Əgər hətta qəbul etsək ki, həmin qərar düz imiş və sərhədlər elə həmin qərarda göstərildiyi
kimi olmalıymış,
onda nəyə əsasən ermənilər
ora bir neçə
həftə əvvəl
təzədən texnika
tökərək yeni
sərhəd xətti
qazmağa başladılar?
Yekun olaraq
gədəbəylilərin sözü bu idi ki, Moskvaya
gəlməkdə ümidimiz
məruz qaldığımız
ağır sıxıntıları
yoldaş Brejnevə yetirmək və ondan bu məsələləri
araşdıran xüsusi
komissiya yaradılmasını
rica etməkdir.
Onların çıxışlarından
sonra Kreml təmsilçisi A.Kiselyov
da cavablarını verir. Deyir ki,
biləsiniz, hətta Ermənistanla aranızdakı
bu ərazi mübahisəsi olmasaydı
belə, Azərbaycan
KP MK plenumunun qərarı
var, Hacılı kənd soveti, bir çox ətraf kəndlərin böyüdülməsi nəzərdə
tutulur, Qaravəllər
və Tağların da həmin qərarla
başqa, daha münasib yerə köçürülməsi qət
edilib.
Təbii ki,
onin dedikləri öz sözləri deyildi, rəhbərliyin rəyi, Kremlin mövqeyi idi. Bildirir ki, o torpaqlar ki artıq
rəsmi qərarla Ermənistana verilib, onlar geri qaytarılmayacaq.
Ancaq o sərhəd xətti ki həmin
qərardan sonra müəyyənləşdirilib, o da dəyişməyəcək.
Başqa sözlə,
bu səfərin başlıca məqsədi
baş tutmuşdu. Niyyət ondan ibarət idi ki, Ermənistanın əldə etdiyindən daha artığına nail olmaq üçün
atdığı və
real təhlükələr
vəd edən addımlarının qarşısı
alınsın. Həmin
səylərinsə, elə
əvvəlki qərar
kimi, həyata keçməsinə rəvacı
son olaraq Moskva verəcəkdi. Bu gəliş Moskvanı həmin mümkün addımdan daşındırmaqçün həlledici rolunu oynamışdı. Bu səfər anlatmışdı
ki, riskli təşəbbüs ciddi
fəsadlara gətirib
çıxara bilər
və ona görə də bəyan edirdilər ki, daha sərhədlərdə
dəyişiklik olmayacaq.
Üstəlik, əvvəldən Qaravəllər
camaatının da başqa Gədəbəy
kəndlərinə köçürülməsi
qərara alınmışdısa,
bunun da qarşısı alınır.
Köçürülmə düşünülürdüsə, demək, həmin ərazinin də Moskva tərəfindən Ermənistana peşkəş
olunacağı gözaltı
edilibmiş.
Gədəbəyli 41 kolxozçunun Moskvaya o səfəri, həmin etiraz səbəb olur ki, təxirə
salmadan Bakıda
1969-cu il iyulun 14-də
Mərkəzi Komitə
Bürosunda Gədəbəy
rayonundakı Kalinin və Nərimanov adına kolxozların iqtisadi yüksəlişini
təmin etməklə
bağlı xüsusi
qərar da qəbul edilir və Azərbaycanın onsuz da istədiyi
bu məsələni belə təcili gündəliyə gətirmək,
əməli tədbirlər
görmək idi. İndi isə bunu həm də
birbaşa Kremlin tövsiyəsi kimi və daha geniş
həcmdə həyata
keçirməyə əlverişli
imkan yaranmışdı.
Çünki gədəbəyli
kolxozçuların Kremlə
gedişindən sonra artıq Moskva Bakıya, Mərkəzi Komitəyə narazı əhaliylə danışıqlar
apararaq onları sakitləşdirmək tapşırığını
vermiş, həmin kəndlərdə əhalini
məmnun edəcək
müəyyən tədbirlər
görməyi məqsədəuyğun
saymışdı.
Moskvada Kreml
sözçüsü Kiselyov
elan etmişdi ki, Sov.İKP MK həm Azərbaycan, həm Ermənistan rəhbərliklərinə tapşırıb
- Qaravəllər və
Tağlar kəndlərində
kənd təsərrüfatı
üzrə Mərkəzi
Komitə katibləri səviyyəsində görüşlər
təşkil edilsin, nə şikayətləriniz,
iradlarınız var, söyləyəsiniz və
bütün açıq
qalmış problemlər
də həllini tapsın.
Moskvada elə
demişdilər, Bakıda
isə respublika rəhbərliyinə yenicə
gəlmiş Heydər
Əliyev elə həmin Kreml zəmanətindən yararlanaraq
bir az da
artığını edir:
MK katiblərinin görüşü
öz yerində - qoy o da olsun,
cari məsələlərə
baxılsın, həll
yolları aransın, mübahisəli məqamlara
aydınlıq gətirilsin,
fəqət ümdə
olan sərhədlərin
toxunulmazlığıdır və bu məsələyə
də mütəmadi qayıtmamaqçün başqa
daha mühüm bir görüşə və söhbətə lüzum var.
Yerevanla, Mərkəzi
Komitəylə telefon
laqəsi yaradır və Birinci katib Anton Koçinyana
"Görüşməyimiz, bir sıra məsələləri
müzakirə etməyimiz
lazımdır", - deyir.
İki onillik
sonra, Ermənistanın
Azərbaycana qarşı
yeni ərazi iddialarının qanlı
qarşıdurmalara gətirib
çıxaracağı ərəfələrdə,
Qarabağ ocağının
bütün şiddəti
ilə yanmağa başlamasından az öncə Moskvadan Azərbaycana təzəcə
qayıtmış Heydər
Əliyev xəyalən
1969-cu ilə qayıdır
və hər gününün tarım
gərilmiş sim kimi olduğu hadisələri xatırlayırdı:
"Birinci katib seçiləndən ay yarım sonra, 1969-cu ilin sentyabrında Ermənistan KP MK-nın Birinci katibi Anton Koçinyana zəng edib onunla görüşmək
istədiyimi bildirdim. Görüşümüz Qazax
rayonu ilə İcevan rayonunun sərhədində oldu. Mən məsələni qəti qoydum və Koçinyana təklif etdim ki, Ermənistandakı millətçi adamları
öz ərazi iddialarından çəkindirmək
üçün əməli,
konkret işlər görsün. Zənnimcə,
o görüşümüz səmərəli oldu. Çünki sonrakı dövrlərdə respublikalarımız
arasında bizi narahat edən hadisələr baş vermədi".
Azərbaycan və Ermənistan birinci katiblərinin görüşünün daha
bir nəticəsi də bu olur
ki, 1969-cu ilin 17 noyabrında Heydər Əliyev, Anton Koçinyan və SSRİ
kənd təsərrüfatı
naziri Vladimir Matckeviçin imzası ilə Sov.İKP MK-ya bir məktub
göndərilir. Həmin
məktubda əldə
edilmiş müştərək
razılığın ifadəsi
olaraq belə bir təklif də yer alırdı
ki, gələcəkdə
tərəflər arasında
yeni qarşıdurmaların
baş verməməsindən
ötrü Ermənistanın
Şəmşəddil rayonu
Ayqedzor kolxozunun sərhədin yaxınlığında,
1968-ci il iyun razılaşmasına görə
əslində yalnız
tərəflərin ot
biçmək üçün
istifadə edə biləcəkləri yerdə tikdiyi ferma daha aralıya
- artıq rəsmən
onlara verilmiş Tağlar kəndində hələ yaşamaqda olan əhali başqa Gədəbəy
kəndlərinə köçürülüb
qurtarandan sonra oradakı meşəlik əraziyə keçirilsin.
...Bu hadisələr
cərəyan edəndə
Ermənistana da, Azərbaycana da çox faciələr gətirəcək iki Qarabağ müharibəsi
də, 30 illik işğaldan sonra, nəhayət ki, millətimizə qəddini
şax tutmaq xoşbəxtliyi bağışlayan
misilsiz Zəfərimiz
də xeyli uzaqda idi.
O köhnə çağlarda ermənilərlə
yaxın sərhəddə
həmişə mərd-mərdanə
dayanmış gədəbəylilər
yeni zamanın bu ağır sınağından da kişi kimi, alnıaçıq, üzüağ
çıxdılar. Həmin
Qaravəllər kəndi
ilə erməni hərbçilərin yerləşdiyi
postun arası vur-tut 70 metr idi. 30 ilə yaxın sürən Qarabağ müharibəsi
dönəmində bu
kəndin uşaqları
düşmən silahlarının
hədəfində olan
talalarda oynaya-oynaya, erməni avtomatlarının
tuşlandığı yollarla
məktəbə gedib-gələrək
böyüdülər, ailə
qurdular, oğul-uşaq
sahibi oldular, cəbhələrə yollanıb
döyüşdülər, hansılarınınsa bu kəndə Üçrənglimizə
bürünmüş tabutları
gəldi, yaşlaşmış
ata-anaları, səksəkəli
yaşayışa adət
etmiş məğrur
valideynləri şəhid
övladlarını kənd
məzarlığına da
yenə düşmən
snayperlərinin nişangahında
olduqlarından çəkinmədən,
əyilmədən vüqarla
apardılar...
...Azərbaycanın da Sovet İttifaqının
tərkibindəykən qatıldığı,
dünyanı faşizm
taunundan xilas etmək naminə yüz minlərlə qurban verdiyi, o vaxtlar Böyük Vətən müharibəsi
adlanmış savaşda
qələbənin əsas
müəlliflərindən biri fədakar neftçilərimiz, cəbhəni
1941-1945-ci illər boyunca
yanacaqla təmin etmiş Bakımız oldu. Həmin müharibənin gedişində
şücaətli izlərini
qomuş yerlərə
"Qəhrəman şəhər"
fəxri adı verilirdi və zamanına görə bu adın o şəhərlərə gətirdiyi
bir çox imtiyazlar da vardı.
Azərbaycana qarşı
Sovetin bir haqsızlığı da
bu oldu ki,
o vaxt o adı "qara qızıl"lı
Bakımızdan əsirgədilər.
Azərbaycan 2020-nin noyabrında bütün tarixinin ən ali qələbəsini çaldı, düşməni
xar etdi, illərlə həsrətində
olduğumuz əsir yurdlarımızı işğaldan
qurtardı.
İndi millətimizə
bu səadəti nəsib etmiş yüzlərlə, minlərlə
igidimizin köksünü
Qələbəmizin rəmzi
olan təltiflər bəzəyir. O kökslərə
iftixar etmədən, qəhərlənmədən baxmaq
olmur. Amma mən çox istərdim ki, Böyük Milli Savaşımız və Zəfərimizdə müstəsna
hünəri olan şəhərlərimiz, kəndlərimizi
də ağırlamaq,
daha da şərəfləndirməkçün
onlara xüsusi imtiyazlar da verən
və artıq yaşanmış tarixdə
örnəyi də olan "Qəhrəman yurd" deyilən bir təltif də yaransın.
Əgər haçansa
bu ənənə bizdə yaranacaqsa, gərək "Qəhrəman
yurd" adlanmaq şərəfinə layiq
görülənlərdən biri elə Gədəbəyin
Qaravəlləri ola və bu göyçək,
yenilməz bölgəmizin
cəsur insanlar yaşayan daha neçə kəndi, qəsəbəsi.
Əgər yaxın
sabahlarımızda milli
təltiflərimiz sırasında
"Qəhrəman yurd"
şərəfləndirməsi də yerini tutacaqsa, gərək mükafatlandırmaqçün yada ilk düşənlər
sırasında Qazaxın,
Tovuzun, Naxçıvanın,
Gəncəbasarın, Qarabağın...
bu tarixi sınaqda dəyanət, şücaət rəmzinə
dönməyi bacarmış,
mətin insanlarla bəzənən şanlı
obaları ola!
Bugünün ucalarından dünənimizin
bəzən qəmli,
hərdən itkili, ancaq daim sınaqlı
və mübarizəli
səhifələrinə tez-tez
baxaq ki, gələcək yollarında
büdrəməyək, qazandıqlarımızın
qədrini daha çox bilək, bu fəxarəti bizə qismət edənlərə minnətdarlığı
heç vədə unutmayaq, həmişə də bundan da artığına, daha yüksəyinə doğru can ataq!
9 avqust 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 12 avqust.- S.10-11.