"Mütləq qayıdacam"
dedim
Bəşəriyyət yaranandan indiyə qədər bu deyilir və
deyiləcək də.
Bütün peşələrin
fövqündə dayanan
bir sənət var - müəllimlik. Elə özüm də az yazmamışam onlar haqda. Və
hər dəfə də əmin olmuşam ki, bizi yetişdirən müəllim
adı həqiqətən
müqəddəsdir.
Ötən ay müəllimlər üçün çox narahat, həyəcanlı,
əhəmiyyətli bir
ay oldu. Cəmiyyətin
gələcəyini yetişdirən
bu müqəddəs peşə sahibləri Müəllimlərin İşə
Qəbulu (MİQ) imtahanlarının
həyəcanını yaşadılar.
Özlüyümdə qərar
vermişdim ki, qaliblərdən
biri haqqında yazı hazırlayım. Seçimin kim olacağını da təqribi
bilirdim. Sosial şəbəkədə maraqlı
və məntiqli paylaşımları ilə
həmişə diqqət
çəkməyi bacaran
bu MİQ-çi ilə aramızdakı
böyük zaman fərqinə
baxmayaraq, eyni məktəbin məzunları
olmuşuq. Bu da o demək
idi ki, Sona Tağıyeva
kimi bir şəxsiyyətin yetişdirdiyi
ordunun əsgərləri
idik. Söhbət Azərbaycan təhsilində
hələ də əlçatmaz olaraq qalan 190 saylı orta məktəbdən gedir. Baxmayaraq ki, yaxın vaxtlarda uzun illərin qonşusu olan bir məktəbi qocaman təhsil ocağı ilə birləşdiriblər, 190 saylı
məktəbin tarixə
çevrilmiş nüfuzu
hələ də qalmaqdadır. İndi isə
kiçik bir söhbət üçün
iki nəsil kimi üz-üzə oturmuşduq. Həmsöhbətim
MİQ imtahanı mərhələsində
fizika fənni üzrə ölkə birincisi və artıq məzunu olduğu 189-190 saylı məktəbə bir müəllim kimi qayıtmağa hazırlaşan
Fikrət Abdulovdur.
- Bizlərə möhkəm
addım atmağı
öyrədən müəllimdir...
- Müəllimlik mənim üçün bir missiyadır. Bu, elə bir missiyadır ki, sən vətəndaşı
olduğun ölkənin
gələcəyinə toxunmağı
bacarırsan. Sənin
işığın sönmür
və sən gələcəyə işıq
saçıb parlaya bilirsən. Sən dünyadan köçürsən,
lakin şəxsiyyət
kimi formalaşdırdığın
şagirdlərinin əməllərində
yaşayırsan. Müəllimlik
nədir? Müəllimlik
bir təsəllidir. Dəyişə bilmədiyin
nələrinsə istiqamət
verdiyin şagirdlərdə
dəyişəcəyinə ümid edirsən, qazana bilmədiklərini onların əldə etməsini arzulayırsan. Müəllimlik sevgidir. Yüzlərlə, minlərlə
balanı öz övladın kimi sevirsən. Müəllimlik
fədakarlıqdır. Özünü
şagirdlərin inkişafına,
onların uğuruna həsr edirsən. Müəllimlik vicdandır,
ədalətdir ki, davranışında
bu xüsusiyyətləri
əks etdirirsən. Sadaladıqlarımı özündə
daşıyan insan müəllim kimi doğulur və sənət özü onu seçir. Bu xüsusiyyətləri olmayanlar məktəbdə
yalnız dərs deyə bilir, lakin şagirdi üçün nə ustad olur, nə
də müəllim.
- Artıq on il arxada qalan ucqar kənd
məktəbi...
- O məktəb müəllim
sənətində ilk addımımdır.
H.Sovqatov adına Şümrüd kənd tam məktəbi. Şəhər mühitində
böyüyən, Azərbaycanın
heç bir bölgəsi ilə uzaqdan belə, əlaqəsi olmayan bir insanın bu qərarı düzü, çoxlarını
heyrətə salmışdı
o zaman. BDU-nun magistraturasını qırmızı diplomla bitirən mənim bu addımıma tələbə yoldaşlarım
inanmaq istəmirdi. Taxtadan tikilmiş məktəblə tanış
olanda daxilimdə bir tərəddüd hissi yaransa da, mənim geri addım atmaq fikrim olmadı. Necə deyərlər, köçümü tutub
dağın başına
qalxmışdım. Və
ilk dərs günü
sinifdə barmaqla sayılacaq qədər şagirdləri,
onların üzündəki
saflığı və
mənə bir xilaskar kimi baxan
gözlərini görəndə
özlüyümdə dedim
ki, Fikrət, bacardığını
bu uşaqlar üçün etməlisən.
Daha çox məişət qayğıları
ilə əhatə olunan bu uşaqları
ilk növbədə məktəbə
yönləndirmək lazım
idi. Hər sinifdən 1-2 şagird seçərək onlarla işləməyə başladım.
Həftənin şənbə
günləri onları
əlavə olaraq təşkil etdiyim məntiq dərslərinə
cəlb etməyə çalışdım və
bütün səylərin
sonunda məktəbdə
məntiq yarışması
təşkil elədim,
dövlət televiziyası
bu yarışmanı
gəlib çəkərək
işıqlandırdı. Bir şagirdimin
biliyinə bələd
olduğumdan onun Bakıda təhsilini davam etməsinə nail oldum. Fizika, riyaziyyat, informatika təmayüllü liseyi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye
Akademiyasının məzunu
oldu. Dağ başında ucqar kənddə balaca bir otaqda qışın
soyuğunda odun sobasının istisinə
qızınan bir gəncin müəllimlik fəaliyyəti belə başlayıb.
- İlk dərs günü...
- Həssas bir gündür mənim üçün. Sevinclə
kədər bir-birinə
qarışır həmin
gün. Baxmayaraq ki, həm şagird, həm tələbə və daha sonra
illərdir ki, bir müəllim olaraq bu günü yaşayıram. Bilirsiz, müəllim olmaq həm asanlıqla illərin gəncliyindən
oğurladıqlarının fərqinə varmaqdır,
həm də bunu gözardı edərək uşaq qalmaqdır. Mən hərdən deyirəm ki,
bilirsiz mən niyə böyüyə bilmirəm? Çünki mənə "hardasan"
sualına cavab vermək nəsib olmayıb. Hər zaman məktəbdəyəm, məktəbə
gedirəm cavabını
verirəm. Müasir uşaqların görünüş
və davranışındakı
dəyişikliyi gördükcə,
asanlıqla yaşlandığını
duyursan, amma onların əhatəsində
çox olduqca, özünü həm də uşaq kimi hiss edə bilirsən. Elə ilk dərs günü də mən özümü "böyümüş
uşaq" və ya "uşaqlaşmış
böyük" kimi
hiss edirəm.
- Müəllimliyə yönlənən
yolun ilham pərisi...
- Şagird ikən məktəbi çox sevmişəm. İndi də
möcüzə və
sehr hesabına mümkün olsaydı belə, qayıdıb bircə gün şagird olmaq istəyərdim. Məktəbdə
biz dərs də oxumuşuq, iki də almışıq, beş də. Dərsdən də qovulmuşuq, təriflənmişik
də. Dərsdən qaçmışıq da, sinifdə
dərs getdiyi zaman məktəbin həyətində
futbol da oynamışıq.
Məktəb həyatında
olan hər şey mənə xoş idi. Hətta
bəzi şagirdlər
məktəbi tez bitirməyi arzu etsə də, mən 10-cu sinifdə məyus olmuşdum ki, artıq bir ilim qalıb. Bizim 190 saylı məktəbdə nəsə
var idi və mən bunu sözlə
ifadə edə bilmirəm. Böyük doğma bir ev idi. Əksər
şagirdlərin valideynləri,
xala, dayı, bibi və ya
əmiləri bir zaman
bir-biri ilə sinif yoldaşı olmuşdu. Məzunlar məktəbə müəllim
kimi qayıdır, valideynlər övladlarını
da təhsil aldığı
məktəbə gətirirdi.
Sanki nəsildən nəslə
ötürülən bir
dəyər, bir miras idi 190. Sona müəllimə məktəbə
elə müəllimlər
yığırdı ki, hamısı
işinin fanatı olurdu. Oxuduğum məktəbi ilk təkan
hiss edirəm. İkinci
təkan 10-cu sinifdə
əvvəllər laqeyd
qaldığım riyaziyyatı
sevməyim oldu. Gördüm ki, öyrənib
nəyisə izah etməkdən xoşum gəlir. Dərsi başqasına başa salırmış kimi öyrənir, müəllim
obrazında çıxış
edirdim. Zaman keçdi,
bu oyunlar gerçəkləşdi və
mən müəllim oldum. İndi isə şagirdləri, uşaqları
çox sevdiyim üçün müəllimliyə
davam etdiyimi deyə bilərəm. O gün bir şagirdim
mənə: "Müəllim,
siz bir şagirdin
başına gəlmiş
ən gözəl hadisəsiz" mesajını
yazmışdı. Bu sözləri
işimə davam etmək üçün ilham pərisi hesab etmək olar.
- Məzunu olduğun məktəbin bu gün müəllimisən...
- Bu il Müəllimlərin İşə
Qəbulunda respublika birincisi oldum. Bir qalib kimi şərtləri
daha yaxşı olan digər məktəbləri seçmək
şansım yüksək
idi. Amma mən məzun Fikrəti xatırladım, hansı
ki, son zəng günü
məktəbin yan hissəsinə keçib,
onun divarından, daşından öpərək:
"mütləq qayıdacam"
sözünü vermişdi.
Sözümüzə əməl
etmək fürsəti
bu il düşdü.
Açıq desəm,
məktəbimizdə olan
fizika müəllimlərinin
yaş həddinin çatdığını bilirdim
və vakansiya olacağını təxmin
etmişdim. Verdiyim sözü tutmaq üçün maksimum bal yığmalı idim ki, başqası oranı seçsə də, düşmək şansı olmasın. Əgər bu şansı dəyərləndirməsəydim,
ömürlük vicdan
əzabı çəkə
bilərdim. Etiraf edirəm ki, istədiyimə
nail olsam da, qarışıq
hisslər keçirirəm.
Artıq 189-190 saylı
məktəb kimi tanınan bu təhsil ocağı işləyəcəyim dördüncü
ünvanımdır. Əvvəlki
məktəblərdə özümə
əmin şəkildə
fəaliyyətə başlasam
da, indi sevincdən çox narahatlıq keçirirəm. Qorxuram
ki, illərdir qəlbimdə
sevgisini qoruduğum, məzunu olduğum məktəbə qovuşmağım
onun sehrini mənim üçün itirər və adiləşər. İşlədiyim
məktəblərdə işimi
vicdanla görməyə
çalışmışam. Lakin bu doğma divarlar,
Sona müəllimənin ruhu,
məzun Fikrətin verdiyi söz qarşısındakı öhdəlik
məndə gərginlik
yaratdığını etiraf
edirəm.
- Gözəl ənənələrilə
yaddaşlarda qalaraq, tarixə çevrilən əfsanəvi məktəb
indi sənin üçün dünənlə
bu günün vəhdətinə çevrilib...
- Bəli, o vaxtdan indiyə çox şey dəyişib. Sona Tağıyevanın
məktəbi, sovetlər
birliyində Qırmızı
Əmək Bayrağı
Ordenli məktəb kimi tanınan 190-ın ənənələri, uğurları,
tanınmış məzunları
haqda çox dnışmaq olar. Artıq neçə ildir ki, binaları yanaşı yerləşən
189 saylı məktəbin
bu təhsil ocağına birləşməsilə
189-190 saylı tam orta
məktəb fəaliyyət
göstərir. Bizim bir çox müəllimlərimiz müəyyən
səbəblərdən məktəbi
tərk etsə də, bir qismi
qalıb. Dövr də, zaman da, uşaqlar
da, təhsilə, təlimə
yanaşma da dəyişir.
Bir çox halda keçmişdə şagirdi
uğura daşıyan
üsullar indi ya az səmərəli,
ya da səmərəsiz
hesab olunur. Yaxşı bilirəm ki, keçmişi xatirələrdə
yaşada bilərik.
Amma bu gün məktəbin uğurlarının
daha çox olmasını, yenə də lider məktəb
olmasını arzulayıram.
Bunun uğruna üzərimə
düşəni, bacardığımı
edəcəyəm. Təbii
ki, düşündüyüm nələrsə var, lakin
ən uğurlu formul fəaliyyət zamanı insanın ağlına gəlir. H.Sovqatov adına
Şümrüd kənd
tam orta məktəb, S.C.Pışəvəri adına
Humanitar fənlər gimnaziyası, Fizika, riyaziyyat, informatika təmayüllü
lisey və 2013-cü ildən başlayan yolçuluğun dördüncü
dayanacağı 189-190 saylı
məktəb. Çalışdığım
hər məktəb məni bir az
da daha mən edib. Ümid edirəm ki, əvvəlki
məktəblərdə topladığım
təcrübə mənə
yeni iş yerimdə uğurlu formulu tapmaqda yardımçı
olacaq.
- Fizika, riyaziyyat, informatika təmayüllü
liseydə fənn müsabiqələrində şagirdlərinizin
qazandığı qızıl
medallar yəqin ki, doğma məktəbdə
də parlayacaq..
- O liseydə çalışmağa
başlayanda məndən
sadəcə olaraq istedadlı şagirdlərlə
işə təkan verməyimi istədilər.
Mən də yalnız öz dərs dediyim siniflərdən seçib
hazırladığım uşaqlarla
iki ildə iki qızıl və üç bürünc medal qazandıq.
Məlumdur ki, bu təmayüllü liseyə
qəbul imtahanladır
və bura fizika, riyaziyyat, məntiq istiqamətinə
uyğun uşaqlar seçilir. Liseydəki şagirdlərin demək olar ki, hamısında uğur üçün lazım olan minimal biliklər mövcuddur. Orada uğura daşımaq üçün
şagird seçmək
imkanı çoxdur, yetər ki, bunu istəyib çalışasan.
Yeni ünvana gəldikdə
isə bilirəm ki, bu istiqamətdə işlərə kömək
etməyimi istəyəcəklər.
Amma unutmaq olmaz ki, həmin liseydəki siniflərin hamısı fizika, riyaziyyat profilli, şagirdləri isə imtahan yolu ilə seçilmişlərdir.
Orta məktəbin bir sinfində isə müxtəlif istedada malik və müxtəlif sahələrə
yönəlmiş uşaqlar
olur. Yəni burada işimiz bir az çətin
olsa da, davamlı, sistemli, ardıcıl görülən işlər
nəticəsində müəyyən
zaman çərçivəsindən sonra uğur qazanacağımıza ümid
edirəm. Rəhbərlik,
valideyn, şagird və mən eyni hədəfə vurarsaq, buna uyğun şərait yaradılarsa,
müsbət nəticə
almaq şansımız
yüksək olar. Hər halda biz bura digər məktəblərin uğurlarını
izləyib onları alqışlamağa yox, məktəbin uğurlarına
öz töhfəmizi
verməyə gəlmişik.
İddialıyıq, istəkliyik
və uğur üçün tək israrlı olmağımız
qalır.
SÖZARDI:
Üz-üzə iki nəsil oturmuşduq və aramızda da uzun bir zaman kəsiyi. Lakin nə qədər bənzərlik
gördüm həmsöhbətimlə
aramızda. Çünki
Sona Tağıyeva adlı
sonsuz bir yolun eyni yolçuları
olmuşuq. İncə
yumor hissinə malik Fikrət müəllim gülə-gülə: "Düşündüyüm
ilk olaraq şagird ikən gizlincə məktəbin qaranlıq zirzəmisinə düşmək
və çardağına
qalxmağı təkrar
etməkdir. O gün bu "cinayətdə"
mənə yoldaşlıq
etmiş sinif yoldaşım vakansiya seçimi zamanı dedi ki, əgər yenidən bizə çardağa qalxmaq şəraiti yarada biləcəksənsə, o məktəbi
seç" deyərkən,
onun üzündə
"böyümüş uşaq"
və ya "uşaqlaşmış böyük"
cizgilərini aydın
gördüm. Və sevindim ki, nə yaxşı 190-çılar ordusu
hələ də
var...
Tamilla M-zadƏ
525-ci qəzet.- 2023.- 16 avqust.- S.13.