Adamtanıyanın seçimində yanılmadıqları və
sonacan tanımadıqları
Bu həqiqət ondan yüzillər əvvəl də bəlli idi,
lap minillər qabaq da. Bu, qaçılmaz
bir gerçəkdir
ki, harada iş varsa, o işi görmək, irəli aparmaqçün də mütləq adamlar lazımdır. Həm də o iş elə sadəcə nəyisə daşımaq,
qaldırmaq, buradan götürüb-ora qoymaq
deyilsə, yəni sadəcə bədən gücüylə başa gəlmirsə, ağla, qabiliyyətə də ehtiyac duyulursa, demək, işçinin də gərək yaxşısı, qabili arana.
1935-ci il mayın 4-ü idi, Kremldə hərbi akademiyaların məzunları
qarşısında sovet
dövlətinin başçısı
İosif Stalin çıxış
edirdi və çox keçmədən
hərəsi bir komandir olacaq, tabeçiliyində neçə-neçə
insan olacaq cavanlara nəsihət verirdi, adamlarla necə işləmək,
onları necə seçmək, qədirlərini
nə təhər bilməyin yolunu göstərirdi. Deyirdi ki,
biz hər şeydən
əvvəl insanları
qiymətləndirməyi öyrənməliyik,
ümumi işimizə
xeyir gətirə biləcək hər işçini qiymətləndirməliyik.
Əvvəl-axır anlamaq
lazımdır ki, dünyada
olan bütün sərvətlərdən ən
qiymətlisi, ən həlledicisi insanlardır,
kadrlardır.
Stalin bu sözləri deyəndə onun lideri olduğu Sovetlər İttifaqında
coşqun quruculuq gedirdi, sənayeləşmə
inkişafdaydı və
həyatın sürətlərinə
uyğun bir şüar dillər əzbəri idi: "Hər şeyi texnika həll edir!"
Və həmin gün Stalinin dilindən qopan, ondan çox-çox
zamanlar əvvəldən
də bəlli olan həqiqəti ifadə etsə də, indi məhz
onun dilindən eşidildiyindən və elə ata sözü
kimi də səsləndiyindən dərhal
dillərə düşdü.
Stalin ölüb getdi,
onun epoxası da, sovet dövləti də tarixin dibinə çökdü,
sərrast deyilmiş doğru fikirsə elə Stalinin dediyi şəkildə yenə yaşamaqdadır,
yenə düşüncələrdədir:
"Hər şeyi kadrlar həll edir!"
Heydər
Əliyev Azərbaycan
Respublikasını sovet
dönəmində və
müstəqillik illərində
üst-üstə 20 ildən
artıq müddətdə
idarə etdi və bu fərqli
tarixi mərhələlərdə
hər bir rəhbər kimi, təbii ki, apardığı
siyasətə uyğun
komanda qurmağa çalışdı. Müstəqillik
illərində onun yürütdüyü kadr
siyasəti özü
də əslində 2
mərhələyə ayrılır
və Azərbaycan rəhbərliyinə qayıdışının
ilk illərində Heydər
Əliyevin zahirən gözlənilməz görünən,
sanki məzacına, peşəkar xislətinə
heç uyğun gəlməyən təyinatlar
əslində mahir bir qrossmeysterin şahmat taxtasında indi irəlilətdiyi fiqurlarla 5-6 gedişdən
sonrakı münasib vəziyyəti hazırlaması
kimi siyasət gəzişmələri idi.
Ancaq bunlar haqqında ayrıca bəhs edilməli və müasir dövlətçilik tariximizin
macəralı səhifələridir.
1969-cu ildə Azərbaycan
Respublikasının Birinci
şəxsi kimi fəaliyyətə başlayarkənsə
Sovet İttifaqında
kadr siyasətinin oturuşmuş ülgüləri
vardı, bu məsələlərdə əslində
bir sıra hallarda heç sonacan sərbəst də deyildin, Kremlin nəzarəti də olmamış deyildi, sıçrayışlı, xüsusən
də buna layiq olmadan vəzifə ucalışları mümkünsüz
kimi idi. Bir silsilə başqa məziyyətlər və
ideoloji əminlikdən
savayı peşəkarlıq,
yolkeçmə, təcrübə
də ümdə şərtlər sırasında
idi. Seçmək imkanı da yetərincə
geniş idi, müxtəlif yaş nəsillərindən olan
püxtə kadrlar az deyildi. Lakin sənin iş üslubuna və dövləti idarəetmə
məramlarına cavab
verməkçün hər
şeyi kadrların həll etməsi həqiqətinin sənin apardığın xəttə
müvafiq olaraq təsdiqini tapa bilməsi üçün gərək
öz məramına və dəsti-xəttinə
tən gələn kadrları seçə idin.
Və Heydər Əliyev də gələn kimi başlamışdı
seçməyə, ələməyə
və bu işi də uzun müddət, illah da 1970-ci illərin ortalarından da bir az sonrayadək məxsusi vasvasılıqla
davam etdirdi.
Adı Rusiyanın tarixinə yalnız bu dövlətin müstəqillik
dönəmindəki ilk Prezidenti
kimi deyil, həm də beynəlxalq səviyyədə
ölkə başçısı
əyyaşlığının əcaib nümunəsi kimi düşmüş
Boris Yeltsin 1990-cı ildə Moskvada nəşr edilmiş və ayrı-ayrı görkəmli
şəxsiyyətlər haqqında
etiraflarından çox
iftiralarının yer
aldığı "İspovedğ
na zadannuö temu" ("Verilmiş mövzuda etiraf") xatirələr kitabında
Heydər Əliyevin də adını çəkir. O, ayağının
tozu ola bilməyəcəyi
siyasət və dövlətçilik nəhənglərindən
Andrey Qromıko, Ukraynanın
Birinci katibi, Siyasi Büro üzvü Vladimir Şerbitski
və digərləri
haqqında öz rəhbərliyi vaxtındakı
daimi sərxoş halına uyğun olaraq hədyanlar gəyirəndən sonra çatır Heydər Əliyevə. Yazır ki,
günlərin birində
məxsusi olaraq bu məsələ ilə əlaqədar, əlində Heydər Əliyevin əleyhinə sənədlərin toplandığı
bir qovluqla gəlir Baş katib Mixail Qorbaçovun
yanına və deyir ki, bu adamı
Siyasi Büroda saxlamaq olmaz. Guya 1 saat boyunca
bu barədə danışıb Qorbaçovu
yola gətirməyə
çalışsa da, müsbət
cavab ala bilmir. Və belə davam edir: "Doğrudur, nəhayət
ki, Əliyevi fəxri
fərdi təqaüdə
göndərdilər. Ancaq
bu çığıran,
birmənalı şəkildə
həll olunası problemi bu qədər
uzatmaq nəyə lazım idi?"
Gövdəcə xırda olmasa
da, mahiyyət və mənəviyyatca cılız
Boris Yeltsinin dar qursağı sağında-solunda
güclü şəxsiyyətləri
qəbul edə bilməzdi və daxilindəki tezliklə Kremldə ən yüksək kürsüyə
sahib olmaq ehtirasları
onu Kremldəki çevrəsindəki sanballı
simaların hər birinə kinli nəzərlərlə baxmağa
sövq edirdi. Əslində elə Qorbaçovun özünün
də Heydər Əliyevi gözü götürmürdü və
mənsəbcə daha
yuxarıda dayansa da, şəxsiyyətcə müqayisədə
özünün qat-qat aşağıda
olduğunu da anlayırdı,
sadəcə, düşmənçiliyini
daha səbirlə, əl altından aparırdı.
Baş nazirin birinci müavini, Siyasi Büro üzvü haqqında kompromat toplamaq nə Boris Yeltsinin səlahiyyətləri, nə
də Kremldə tutduğu vəzifənin tələb və imkanları çərçivəsində
idi. Bəs həmin qovluğu kimlər hazırlamışdı,
ona kim ötürmüşdü?
Baxın
ki, Moskva illərində Heydər
Əliyev Nazirlər Soveti sədrinin birinci müavini kimi bir neçə
və ən ağır sahələr üzrə məsul olaraq gecə-gündüz
ona xas fədakarlıqla
çalışmaqla yanaşı,
həm də hər gün bu cür açıq
və gizli rəzil həmlələrin
mühasirəsindəymiş.
Və həmin Yeltsinəbənzərlər
qaragüruhu hətta Kremldən uzaqlaşdırılandan
sonra da təhlükə
kimi baxdıqları, vəzifəsiz də onlardan böyük olduğunu dərk etdikləri Heydər Əliyevi siyasi səhnədən aralayaraq
birdəfəlik yox etməyin yollarını gəzirmişlər, Özbəkistanda
törətdikləri kimi,
Azərbaycana qarşı
da Qdlyanların murdar pəncəsini uzatmaq, həmin dalğada Heydər Əliyevlə də haqq-hesabı çürütməyi qəsd
edirmişlər. Bu dalğadakı
riyakarlıqlarından biri
də o imiş ki, Heydər Əliyev haqqında cürbəcür
şər-böhtanlaın cəmləşdiyi başqa
qovluqları Dövlət
arxivinə də ötürüblərmiş ki, lazım bildikləri fürsətdə o üfunətli
kağızlara muzdlu
"tədqiqatçılar"ını
da qısqırtsınlar. Elə
ediblər ki, bu gün də Rusiyanın Ən Yeni Tarix Dövlət Arxivində həmin qeybət bəlgələri
istifadə üçün
açıqdır.
Oradakı vərəqlərin bir
çoxu isə Heydər Əliyevin sovet dönəmində respublikaya rəhbərlik edərkən yüksək
vəzifələr etibar
etdiyi kadrlar haqqındadır. Belə çıxır ki, guya onların heç biri dövlət-hökumət
işinə yaxın buraxılmamalı adamlarmış.
Sənəd donu geydirilmiş bu çürük mahiyyətli
kağızlar onların
hamısını ucdantutma
qaralayır. O kadrlar
ki Heydər Əliyev Moskvaya gələndən sonra yenə yüksək kürsülərdə
qalırdılar, daha ali mərtəbələrəcən
irəliləmək inkanları
da istisna deyildi və potensialları da yüksəkdi, onları həmin iftiralı vərqlər bir az da quduzluqla ləkələməyə cəhd
edirdi. Buradansa belə ehtimal da doğur ki, həmin qarayaxmalı vərəqlərin
ifraz edilməsində
beli Moskvaya bağlı və içərisi də Azərbaycanda birincilik yanğısı ilə daşan kimlərinsə iştirakı var - ilanı
Seyid Əhməd əli ilə tutmaq hiyləsini işlədiblər, özləri
üçün qabaqcadan
yoltəmizləmə, gələcək
mümkün rəqibləri
rəfetmə tədarükü
görüblər.
Fəqət mıxı mismar
edən fələk tarixin səmtini dəyişib, SSRİ ölüb,
o sənədlərin də
zəhərinin təsir
imkanı itib. Ancaq üfunəti hələ qalır axı. O bəd qoxunu eşələyib ətrafa yaymağa çalışan goreşənlər
də hələ var və bəlkə gələcəkdə də
ola. Çünki Heydər
Əliyev tarixin o nəhənglərindəndir ki, bu qəbil şəxsiyyətlərin
əleyhdarları həyatlarının
bitməsi ilə tükənmir, ömürlərindən
sonra da kölgəkimilər
onların xatirəsini,
izlərini qılınclamaqda,
qarasına donquldanmaqda
davam edirlər.
Doğrudur, karvan keçib
gedir. Amma bugün
dən tarixə tərəf tutulan çıraqlar həmişə çox və gur olmalıdır
ki, dünənin künc-bucaqları
aydın görünsün.
O qədər aydın
ki, kiminsə ehtimallarla
əyrini düz, düzü əyri göstərmək imkanı
qalmasın, nə varsa olduğu kimi görünsün.
Heydər
Əliyev kadrları necə seçirdi, kimlərə daha çox arxalanırdı,
kimlərdən imtina edirdi, ətrafındakılara
nə dərəcədə
etibarı vardı, inandığı kadrları
necə qoruyurdu, necə irəlilədirdi,
gələcəyin kadr
bazasını yaratmaqçün
nə kimi səylər göstərirdi?
Keçmişdə də, elə indi də
çoxdan ötüb
getmiş qatarın arxasınca deyinənlər
də Heydər Əliyev dövrünün
kadr siyasətindən
bəhs edərkən
boyaları çox qatılaşdırır, bunu
büsbütün yerliçilik
amili ilə bağlamağa cəhd edir, o çağın istənilən vəzifəli
kadrının hökmən
naxçıvanlı, ya
ermənistanlı olmasını
sübut etməyə
çalışır, hətta
doğum yerləri başqa cür göstərilənlərin də
əslində "Kiçik
torpaq"dan olması
haqda höcət aparırlar. Söz yox, onlar vardı,
az da deyildilər.
Lakin belə ifratçı
yanaşma gerçəkliklə
qətiyyən uyuşmur.
Əsl həqiqət həmişə birrəngli
deyil, çoxboyalı,
çoxçalarlıdır. Axı bu, bizim
həyatımızdır, içərisində
olduğumuz Azərbaycandır.
Nə, hansı həddə qədər olub, nələrsə bir qədər fərqli cərəyan edib, pozulub təzədən
yazıla bilməz. Nə olubsa, məhz tarixdə qalan kimi baş
verib və insanlarımız da olmuşların
hər üzünə
bələddir, elin gözü də tərəzi.
Heydər
Əliyev Naxçıvandan
gənclik çağlarında
ayrıldı və əslində dönüb
oldu bakılı. Yaşlı vaxtlarında,
SSRİ-nin dağılması
ərəfəsində Azərbaycana
qayıdışından sonra
təzədən köhnə
yurda sığınmasınacan
olan müddətdə
onun Naxçıvan tərəflərə get-gəlləri
barmaqla sayılacaq qədər az, həm də işlə bağlı olmuşdu. İş həyatı da elə gərgin və özünəməxsus xüsusiyyətlərə
malik idi ki, nə qohum-əqrəba ilə sıradan olan insanlar kimi mütəmadi
təmaslara imkanı vardı, nə də adi adamlar
sayaq ətrafında bolluca daimi dost-tanışı. Hərdən
oturub-durduğu tək-tük
dost deyə biləcəkləri
də elə iş yoldaşları sırasından idi. Onların arasındasa Azərbaycanın hər bölgəsindən olduğu
kimi, əslən Naxçıvandan, Qərbi
Azərbaycandan olanlar
da vardı.
Heydər
Əliyev Azərbaycan
Respublikasına rəhbərliyə
başlayarkən Azərbaycanda
dövlət-hökumət işində kadr qıtlığı yox idi. Təcrübəli, qabiliyyətli mütəxəssislər
az deyildi. Ancaq Heydər Əliyev seçmək üçün kifayət
qədər geniş olan dairədən öz komandasında kimləri görmək barədə düşünürkən,
söz yox, unisonluğu, peşəkarlıq
ahəngdarlığını - onun öz xarakteri,
tələbkarlığı, işgüzarlığı ilə
daha çox səsləşənləri aramalı
idi. Təbii, inam-etibar da öz yerində. Çünki gözünün önündə
örnək vardı.
Yaxşı xəbərdar
idi ki, Birinci katib kürsüsündə
əvəzlədiyi Axundovun
komandasında olanların
və ondan yaxşılıqlar görmüşlərin
neçəsi Vəli
Yusif oğluna münasibətdə özlərini
necə sədaqətsiz
aparıblar. Söhbət
də yalnız sırf şəxsi vəfalılıq məsələsi
deyildi. Mətləb daha incə idi. Bir komanda olaraq böyük yola çıxarkən gərək işgüzar
və insani münasibətlər elə
həddə olaydı
ki, aparılacaq xəttə
cüzi də xələl gətirə biləcək nigaranlıqlara
yer qalmaya idi. Demək, ilk növbədə öncədən
yaxşı tanıdıqlarına,
sınaqdan çıxarmış
olduqlarına daha artıq bel bağlamalı
idi. Səbəbsiz deyil ki, respublikaya rəhbərliyinin başlanğıc
dönəmində Heydər
Əliyevin yüksək
dövlət və hökumət vəzifələrinə
gətirdiklərinin xeylisi
əvvəlki iş yerindən - Dövlət Təhlükəsizlik Komitəsindən
idi. Regionçuluğa
gəlincə, haralısanlıq
mərəzi bizlərdə
müəyyən bölgələrdə
həmişə azar olub,
elə indi də tükənməyib.
Hələ bir zarafat da yaranıb ki, yerlibazlıq camaatımızı
durnadan da haralı olmağını soruşmağa
sövq edib. O başqa söz ki, vətəndaş cəmiyyətində,
adi adamlar arasında olmasını
da istəmədiyimiz bu
xislətin dövlət
işinə, idarəçilik
şəbəkəsinə də sirayət etmiş olmasından söhbət gedə. Hərçənd bu təmayülün özü
də misli olmayan, göydəndüşmə
hal sayıla bilməz. Sovet Azərbaycanı Sovet İttifaqının bir hissəsi idi və 1970-ci illərdə
Kremldə lap Baş katib səviyyəsində
yüksək vəzifələrə
kadrlar seçilərkən
aşkar görünən
Dnepropetrovsk, Dneprodzerjinsk, eləcə
də Moldova simpatiyası
vardı. Sovet lideri Leonid Brejnev doğulub boya-başa çatdığı, vaxtilə
illərcə işlədiyi
yerlərdən olanlara
yol açmağa, qabaqcadan tanıdıqlarına
yüksəliş imkanları
yaratmağa ürəyiaçıq
idi. Bir tərəfə
baxanda dövlət idarəçiliyində regionçuluğa
meyil Brejnevin ixtirası, Rusiya üçün təzə
söhbət də deyildi. Rusiyada orduda və Moskva knyazlığında XV-XVII əsrlərdə
vəzifə tutmaq
nadir istisnalar nəzərə
alınmazsa, yerliçilik
prinsipi üzrə qanunlaşdırılmışdı və yalnız 1682-ci ildə bu yanaşma
xüsusi fərmanla ləğv edildi. Amma hər halda o köhnə şakərin
yaddaşdakı ləpirləri
və həmin dəbin ətalət qüvvəsi ilə davam etməsi sonralar yenə müşahidə olundu. Sovet dönəmində lətifə kimi dillərdə dolaşan bir söhbət də vardı, bəlkə elə həqiqətən baş
vermişdi də. Deyir, Leonid Brejnevə Azərbaycandan gələn
şikayət məktublarında
tez-tez vəzifələrə
əsasən naxçıvanlıların
qoyulduğunun əks olunduğunu söyləyəndə
burada nəyin qəribə olduğuna təəccüblənərək sadədilliklə soruşubmuş
ki: "Naxiçevanüı ne azerbaydjanüı çto
li?" ("Naxçlıvanlılar məgər azərbaycanlı
deyil ki?").
Heydər
Əliyevin Mərkəzi
Komitəyə gətirdiyi,
nazir təyin etdiyi, dövlətdə və hökumətdə ən mötəbər məqamları
etibar etdiklərinin şəxsi vərəqləri
sıralanınca bütöv
Azərbaycanın xəritəsinə
baxmış kimi olursan. Və hər biri də
yüksək peşəkar.
Respublikaya rəhbərlik yolunun
lap başlanğıcında bu, Heydər Əliyevin başlıca məramlarından biri olmuşdu. Həsən Həsənov xatırlayır
ki, 2000-ci illərin əvvəllərində
4 sabiq ara-sıra görüşərdik, nahar
süfrəsi başında
dərdləşər, keçmişləri
yada salardıq və hər dəfə də qonaqlığı birimiz təşkil edərdi. Növbəti dəfə restorandaydıq,
bu səfər ziyafəti verən İsmayıl İbrahimov idi,
masa arxasında o özü
idi, Həsən Seyidov, Kamran Rəhimov, bir də mən.
İsmayıl İbrahimov hələ
Heydər Əliyevin
DTK dövründən onunla
mehriban münasibətlərdə
olmuşdu, bir-birlərini
yaxşı tanıyırdılar.
Respublikaya rəbhər
seçiləndən azacıq
sonra - 1969-cu ilin avqustunda Heydər Əliyev İsmayıl Əliyeviçi Nazirlər
Soveti sədrinin müavini vəzifəsinə
gətirmişdi, ona çox da inam bəsləyirdi. Söz sözü çəkdi,
İsmayıl İbrahimov qayıtdı
ki, Heydər Əliyevin
məqsədi bütün
regionları təmsil
edəcək idarəçilik
formalaşdırmaq idi
və Birinci katibliyə başladığı
zaman mənə də
bunu birbaşa söyləyərək tapşırdı
ki, respublikanın müxtəlif
yerlərindən olan,
bütün bölgələri
əhatə edən mümkün namizədlərini
yaz ver, mən də nisbətən yaxşı
tanıdığım, layiqli
olduqlarına ümid bəslədiyim şəxslərin
adlarını təqdim
elədim, verdiyim namizədlərdən biri
elə Həsən Seyidov idi.
Təbii,
Heydər Əliyev özü də göz önündəki kadrları tanıyırdı,
amma mümkündür
ki, İsmayıl İbrahimova
olan sayaq, rəyinə bel bağlaya
biləcəyi başqa
kimlərəsə də
eyni müraciəti edibmiş ki, seçim dairəsi daha geniş olsun. Nəticədə həm Mərkəzi Komitədə,
həm hökumətdə
yetərincə əlvan
bir kadr palitrası əmələ
gəlir. Əslən
qarabağlı olan, amma Vətəndən uzaqlarda, Rusiyada, Zabaykalye vilayətinin Ust-Kara kəndində doğulmuş, əvvəllərdə
Dövlət Plan Komitəsinin
sədri, daha sonra Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Əli İbrahimovu hökumətin
başçısı təyin
edir. Temperamentcə bir-birlərinə çox
da uyğun gəlməsələr
belə, işi, nəticəni əsas tutduğundan Heydər Əliyev xeyli müddət bu ağsaqqal professionalla çiyin-çiyinə işlədi,
onun yüksək səriştəliliyinə güvəndi.
Əslən Güney Azərbaycandan olan Qurban Xəlilovu Ali Sovetin sədri vəzifəsinə irəli
çəkmişdi, ona
həmişə xüsusi
ehtiram bəslədi, axıracan da eyni komandada qaldılar. Həsən Seyidov Borçalıdan idi, dövlət işinə birbaşa istehsalatdan addım-addım irəliləyərək,
Leytenant Şmidt (indiki Səttarxan) zavodundan gəlmişdi - Heydər Əliyev dönəmində əvvəlcə
sənaye-nəqliyyat şöbəsinin
müdiri, sonra MK katibi, nəhayətdə Nazirlər Sovetinin sədri oldu. Abbas Zamanov köklü-köməcli
şamaxılı idi,
DTK-da işləmişdi, Heydər
Əliyev onu Baş prokuror gətirdi, Cəfər Vəliyev bakılı idi, Heydər Əliyev dönəmində
inzibati orqanlarla iş şöbəsinin müdiri, daha sonra daxili işlər
naziri vəzifələrini
tutdu. Cənub bölgəsindən olan Hənifə Abdullayev əsilcə
talış idi, ona səhiyyə naziri vəzifəsini etibar etdi. Yazdığı
arayışlarını, təhlillərini
oxuduqca Heydər Əliyev MK-sında Beynəlxalq əlaqələr
şöbəsinin müdiri
Ənvər Cəbrayılovun
yüksək səriştəliliyinə
əmin kəsilirəm,
tələbəlik illərimdə
xaricə planlaşdırılan
təhsil səfərimlə
əlaqədar onunla görüşümüz, söhbətimiz
olmuşdu, həm bilikliliyini, həm insaniyyətini hiss etmişdim
və o, Zaqataladandı,
kökcə lak idi. Və nə
qədər başqaları
ki, hərəsi Azərbaycanın
bir guşəsindən
idi. Vəzifələrdə
naxçıvanlılar, Qərbi
Azərbaycan kökənlilər
də az deyildi. Amma onların da heç birini təsadüfi adlandırmaq
olmazdı, hamısı
yol keçmişdi, bacarıqlı, məsuliyyətli
idi, mühüm işlər həvalə edəndə yarıdan idi.
1970-ci illərdə Heydər Əliyevin sədrliyi ilə keçən MK-nın Büro iclasları və plenumlarının bir çoxunda kadr məsələlərinə baxılır.
Həmin qaynar fəaliyyətli tarix yaşadan səhifələri
üstündən yarım
əsrlik vaxt keçirkən bir-bir çevirəndə onlar dil açaraq ən doğruçu şahidlər kimi Heydər Əliyevin kadrlardan nə umduğunu, hansı keyfiyyətlərdən məhrum
kadrlarla işləmək
istəməməsini, kadrlarda
hansı naqislikləri
qətiyyən qəbul
etməyib onlarla dərhal xudahafizləşdiyini,
hansı qüsurlarısa
bağışlayaraq islaha
ümidlə onlarla birgə çalışmaqda
davam etməyə qərar verdiyini bariz şəkildə ortaya qoyur. İşçinin
qədrini bilməsən,
qeydinə qalmasan da,
o, yaxşı-yaman vəzifə
borcunu yerinə yetirəcək. Ancaq bir var bu iş
borc olduğu səbəbindən, candərdi
icra edilə, bir də var əməkçi, mütəxəssis
onun üstündə
əsildiyini, ona nəvazişlə, sevgiylə
yanaşıldığını görə. Şəksiz,
belə olanda işə ürəyini qoyacaq, can yandıracaq. Heydər Əliyev yaxşılara yaxşı
qiymətqoyan idi.
1971-ci il iyulun 23-ü. Mərkəzi
Komitənin Büro iclası gedir və gündəlikdəki
məsələnin sanki
kadr məsələlərinə
aidiyyəti yoxdur.
"Sex partiya təşkilatlarının
istehsalın effektliliyinin
artırılmasında rolunun
qüvvətləndirilməsi sahəsində Volodarski adına tikiş fabriki partiya komitəsinin işi haqqında". Elə müzakirələrdə də
söhbət əsasən
sırf istehsalat məsələləri üzərində
gedir. Lakin mövzunu yekunlaşdıran Heydər
Əliyev burada da sözü insan amilinə sarı yönəldir, mütəxəssisə,
kadra diqqət və qayğının artırılmasının texnologiya
sahəsindəki təkmilləşdirmələr
və gücləndirmələrdən
daha səmərəli
və təsirli olacağını deyir:
"Burada fabrik kollektivi və nazirliyin aradan götürə biləcəyi
digər qüsurlar haqqında da demək lazımdır. Fabrikdə
işçilərə mədəni-məişət
xidməti göstərmək
sahəsində nöqsanlar
qalmaqdadır ki, bu, qətiyyən yolverilməzdir.
Ən ciddi suallardan biri də kollektivin işləməsi üçün
normal gigiyenik şəraitin
yaradılmasıdır. Orada
əsasən, qadınlar
çalışır və
onların əməyinə
belə münasibət
heyrətləndirir. Bu problemi
həll etmək olarmı? Olar! Zənnimcə, fabrik və nazirlik məşğul olsalar, bu probemi həll
edərlər".
Yaxşı rəhbər ola bilməyin
düsturu sadədir, ancaq o bəsit düstura riayət edə bilmək sayalıqdan çox uzaqdır. Həmin düsturun fəlsəfəsi
budur ki, istənilən
ən böyük iş fəhlədən başlanır və sən özünü o fəhlənin yerinə qoyaraq daşıdığın
başçı, rəhbər,
lider olmaq vəzifəsini də özünün İş
qarşısında fəhləliyin
kimi qavrasan, İş də könlün istəyən
sayaq gedəcək, sənin rəhbər kimi böyüklüyün
də hər kəsə əyan olacaq. Heydər Əliyev ömrü boyu sevdiyi İşin
fəhləsi oldu. Onun ömrü boyu mütəmadi pozduğu və adətən, hamılıqla
əməl edilən bir qayda vardı
- 8 saatlıq iş günü anlayışına
o, gəncliyindən ta ömrünün
bitəcəyinədək əks
getdi. Həmişə
bu cür çalışdığına görə tabeçiliyində
olanlardan, xüsusən
rəhbər vəzifə
tutanlardan işə bağlılığı, fədakarlığı
tələb etməyə
özünü daim mənən haqlı saydı.
...Heydər Əliyevlə işləmək həm asan, həm çətin idi. Asan idi ona görə
ki, həmişə aydın
istiqamət, dəqiq xətt bəlli idi, onun özünə
və digərlərinə
qarşı tələbkarlığı
da aydın idi və bu meyarlar
çərçivəsində dürüst hərəkət
edə bilsəydin, bəyəniləcəkdin. Müşkül
idi ona görə
ki, bir an belə özünənəzarəti itirmək,
"məndən razıdır"
zənninə düşüb
arxayınlaşmaq olmazdı.
Özünün təyin
etdiyi, illərcə işlədiyi və yaxşı münasibət
də bəsləmiş
olduğu kadrlar belə Heydər Əliyevin müəyyənləşdirdiyi
istiqamətdən yayınanda,
səhlənkarlıq göstərəndə
köhnə xidmətlərə
ümid bağlayaraq
can qurtarmaq xam xəyal idi. Olurdu ki, illərcə işlədiyi, ürək
qızdırdığı, inandığı kadrların
hansısa yarıtmazlıqlarına
dözüb-dözüb nəticə
çıxarılmadığını
hiss edincə onları
digərlərindən də
sərt cəzalandırırdı.
Yəni Heydər Əliyev elə rəhbər idi, onunla birgə çalışanda gərək
daim sərvaxt olaydın, özünü
boş buraxmayaydın,
hərəkətinin, sözünün
yerini biləydin, əsla sayıqlığını
itirməyəydin.
Kadr məsələlərini daim
diqqət mərkəzində
saxladığından 1975-ci ildə hətta bu mövzunun müzakirəsinə həsr
edilən ayrıca
plenum da keçirmişdi. 1978-ci ilin 19-20 iyulunda baş tutmuş növbəti MK Plenumunun isə mövzusu başqa olsa da, yenə az qala
hər müzakirəsi
gedən məsələnin
bir səmtini yönəldirdi kadr probleminə. Ağsu Rayon Partiya Komitəsinin birinci katibini Heydər Əliyev özü təzə gəldiyi vaxtlarda təyin etmişdi, ara-sıra qüsurları
olduqca düzəldilməsi
üçün məsləhətlərini,
bəzənsə tənbehlərini
də əsirgəməmişdi
və axırı ki,
1978-ci ildə tənqidlərdən
almalı olduğu dərsi götürə bilməyən birinci katibi məhz kadrların seçilib-yerləşdirilməsi,
onlarla işin qənaətbəxş qurulmaması
səbəbi ilə yola salmışdı. İşdən çıxarmışdı,
amma söhbət bitməmişdi. 1978-ci ilin
20 iyulu idi və MK Plenumunu yekunlaşdırarkən başqalarına
da ibrət olsun deyə həmin məsələyə bir də qayıdırdı:
"Biz Hüseynovu işdən
çıxartdıq, amma
mən istəyirəm
ki, başqaları da bundan
öz payını götürsün. Gözləmək
lazım deyil, məşhur ifadəylə
söylənirsə - nə
vaxt xirtdəyindən
yapışacaqlar, səni
silkələməyə başlayacaqlar
və sən də o zaman günahlarını
boynuna alasan, kömək edin, xilas edin söyləyəsən.
Bütün bəla bundadır ki, belə xətalara Mərkəzi Komitə tərkibinə daxil olan, partiya,
sovet, təsərrüfat
işinin müxtəlif
sahələrinə cavabdeh
məsul yoldaşlarımız
da uğrayırlar.
...Bizim kadr işimizdə
prinsipial və ardıcıl xətt olmalıdır. Təcrübə
göstərir ki, yalnız
bu şəraitdə
biz qüsurları effektiv
şəkildə aradan
götürə və
bütün sahələrdə
vəziyyəti qaydaya
sala bilərik. Amma o yerdə ki prinsipiallıq liberalizmlə əvəz edilir, yaxud bəzi
yaxşı olmayan hərəkətlər, sui-istifadələr,
ya digər neqativ hallar ört-basdır edilir, o halda xoşagəlməz halların törədəcəyi
fəsadlar labüddür.
Biz o zaman qüsurların müvəffəqiyyətlə
aradan götürülməsi
ilə yox, əksinə, onların yayılması ilə qarşılaşırıq.
...Təəssüf ki, bizdə
belə hallara da təsadüf edilir ki, ayrı-ayrı işçilər
öz xidməti vəzifəsindən, hərdən
digər vasitələrdən
də istifadə edərək öz qohumlarını partiya, sovet və komsomol
təşkilatlarında işə
götürürlər. Beləliklə
də, proteksionizm, qohumluq, yerliçilik və başqa duyğuları üzə
çıxır. Bu, bir
tərəfdən həmin
şəxslərin özlərinin
birbaşa qanunları
pozması, digər tərəfdən qohumlarının,
yaxınlarının, yerlilərinin
qeyri-təvazökarlıqları ucbatından baş verir. Bu hallar həm də ona görə törəyir ki, aşağı
vəzifədə olan
bəzi məsul işçilər yaltaqlıq
mərəzinə tutulublar,
daha yuxarı vəzifədə olan bu və ya
digər rəhbərə
yarınmaq üçün
səy göstərirlər.
Bütün bunlar bizim partiya-tərbiyəvi
fəaliyyətimizə, kadrlarla
işimizə ciddi zədə vurur".
Heç
kim tənha deyil, hər yüksək vəzifəyə
təyin olunanın öz qohum-əqrəbası
olmamış deyil, ayrı-ayrı məmurlar
yerliçilik, məndənolanlara
dəstək istiqamətində
xüsusi canfəşanlıq
edəndə, bunun qarşısı alınmayanda,
belə yanlış təsəvvür də yarana bilərdi ki, elə bu, yuxarıdan
gələn bir xətdir ki, tutulub gedir. Hər hansı regiondan biri çox yüksək vəzifəyə
qalxıb illərcə
işləyərkən, uzaq
olmayan tariximizdən xəbərdarıq ki, həmin
sahədə elə o
regiondan çıxmışların
müxtəlif vəzifələrə
gətirilməsi yağışdan
sonra göbələk
kimi artmağa başlayırmış. Heydər
Əliyev miqyaslı və gələcəyi görən dövlət xadimi kimi bəsirətliliklə
duyurdu ki, belə axınların qarşısını
almaq üçün
mütəmadi tədbirlər
görülməsə, qafilləri
ayıltmaqçün barmaqsilkələmələr
olmasa, tədricən kök dərinə işləyər, günahkar
çıxarılan da bu
istənilməz gedişatın
qarşısını zamanında
kəsməmiş rəhbərliyin
özü olar (Necə ki, o vaxt da və hətta indi də bu
cür deyişlərə
rast gəlinib və gəlinir). Odur ki, ən müxtəlif məqamlarda
dönə-dönə bununla
bağlı mövqeyini
barışmazlıqla, açıqca
elan edirdi və qohumbazlığın idarəçilikdəki
çeşidli zərərli
təzahürlərindən növbəti dəfə söz açarkən belə deyirdi: "Təəccüblüdür, amma
bəzən belə də olur: biri
sıravi işdə çalışır, onun
qohumları, dostları,
yerliləri də özlərini sakit aparırlar. Ancaq onu rəhbər vəzifəyə irəli
çəkən kimi
bütün qohumlarında
irəli getmək, vəzifə pilləkəniylə
qalxmaq həvəsi əmələ gəlir. Əlbəttə, heç
kimə qadağa yoxdur. Bizdə partiyada və ölkədə bir prinsipdir. Hər kəs kənardan təsir olmadan, proteksiyasız, öz bacarıqlarına uyğun
olaraq, ədalətə,
obyektivliyə əsasən
böyüməlidir. Bu gün
bir daha bu həqiqəti hər yerdə, yuxarıdan aşağıya,
aşağıdan yuxarıya
hamıya çatdırmaq
lazımdır ki, gərək
kadrların seçilməsi,
yerləşdirilməsi və
tərbiyəsi, kadrların
bir-birinə münasibəti
məsələsində vicdanlılıq,
ədalətlilik, obyektivlik
prinsiplərinə riayət
edilə. Bəziləri
hərdən deyirlər
ki, əgər onlar yüksək vəzifədədirlərsə,
qohumları əziyyət
çəkməməlidir. Belə söhbətləri
eşitmişəm. Soruşuram:
əvvəllər bu qohumlar harada idilər? Yeri gəlmişkən, rəhbər
işçilərdən heç
birinin qohumları heç vaxt da əziyyət çəkmirlər.
Məsələ başqa
cürdür. Bizim ayrı-ayrı yoldaşlar
varislik prinsipini tətbiq etmək niyyətindədirlər. Bizdə
məsul işçilərdə
belə təmayül
yaranmışdır ki, öz
övladlarını, əmiuşaqlarını,
dayıuşaqlarını, digər qohumlarını komsomola, ictimai işə düzəltsinlər.
Mənə belə bir məktub gəlmişdi ki, rəhbər
işçilərin və
onların qohumlarının
25 uşağı məsul
vəzifələrdə və
komsomol orqanlarında çalışır. Belə
çıxır ki, bir
halda o raykom katibi, yaxud nazirdirsə,
onun oğlu, ya qohumu da raykomda,
yaxud digər rəhbər vəzifədə
işləməlidir".
Heydər
Əliyev biliyə
mail, elmi sevən insan idi. Rəhbərlik
etdiyi kadrların - istər Mərkəzi Komitə işçiləri,
istər nazirlər və komitə rəhbərləri, istər
rayonların partiya komitələrinin birinci katibləri olsun, savadlılığını, geniş
dünyagörüşlülüyünü
vacib sayardı. Onun dövründə bilavasitə diqqət göstərməsinin sayəsində
Bakı Ali Partiya məktəbinin hörməti
xeyli artdı, orada tədrisin səviyyəsi də xeyli qalxdı, burada yalnız Azərbaycandan olan deyil, digər Qafqaz respublikalarından gələn partiya kadrları da təhsil almağa başladı. Bu
təhsil ocağının
bilik verməkdən savayı daşıdığı
strateji yük də vardı. Bakı Ali Partiya məktəbini bitirən,
Cənubi Qafqaz respublikalarında çalışan
cavanlar sabahın əsas idarəedici potensialı idi ki, Azərbaycan paytaxtındakı
təhsil dövründə
yaranmış yaxınlıq,
dostluq münasibətləri
3 qonşu respublika arasındakı gələcək
münasibətlərin daha
rəvan bir məcrada inkişafına
öz töhfəsini
verməyə bilməzdi.
Ancaq dövlət işində irəliləmək
arzusuyla yaşayanlarçün
vacib olan bir mühüm siyasi təhsil müəssisəsi də
vardı: Sov.İKP yanındakı İctimai Elmlər Akademiyası. Azərbaycan KP MK Büro iclaslarının cild-cild materialları arasında vaxtaşırı Moskvaya,
həmin akademiyaya göndərilən yeni nəsil
Azərbaycan siyasi kadrlarının müzakirə
edilib təsdiqlənən
siyahıları da var. 1970-ci illərdə Azərbaycan
siyasi elitasında adları hələ tanınmaz olan o cavanlar çox keçməyəcək ki, respublika
idarəçiliyində ən
müxtəlif istiqamətlərdə
sürətlə yüksəlməyə
başlayacaqlar. Heydər
Əliyev respublika həyatının bütün
başqa təxirsiz işləri ilə yanaşı Azərbaycan dövlətçiliyində 1970-ci illərin sonları,
1980-90-cı illərdə asta-asta
köhnə rəhbərliyi
əvəz etməli olan kadrlar təbəqəsini,
həm səviyyələri
qənaətbəxş, həm
respublikadan kənarlarda
da dostluq əlaqələri
olan nəsli belə yetişdirirdi.
Heydər
Əliyev adamtanıyan
idi. Əvvələn,
fitrətdən onda qarşısındakını dərhal
"oxuya" bilmək,
qısa ünsiyyətdən
sonra onun aləminə nüfuz edə bilmək istedadı vardı. Digər yandan da təhlükəsizlik şəbəkəsindəki
əsrin dörddəbirindən
artıq müddətdə
çalışmaları əsnasında
yiyələndiyi peşəkar
vərdişləri də
vardı. Seçdiyi,
qayğı göstərdiyi,
yol açıb yüksəltdiyi kadrların
neçəsi onun inamını doğrultdu,
sonra onillərcə Azərbaycan üçün
gərəkli şəxsiyyətlər
kimi yaşayıb işlədilər, xeyirxahlarına,
onları böyük
yola çıxarmış
Heydər Əliyevə
də sədaqətlərini
həmişə qoruyub
saxladılar.
Ancaq dönüklər də oldu, etibarsızlar da, xəyanət edənlər
də. Heydər Əliyev uzun siyasi ömrü boyunca bunların hamısına şahid oldu. Ürəyini etibarın, sədaqətin
sevinci də fərəhləndirdi, qəlbini
çörək itirməyin,
arxa çevirməyin
soyuqluğu da üşütdü.
Neyləməli, bu, həyat idi. Nə qədər adamtanıyan olsan da, insanları dünya sənin gözlədiyindən
və gözləmədiyindən
də artıq dəyişə bilir...
11 avqust 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 16 avqust.- S.10-11.