Nəsib Nəbioğlu: "Həyatımın qalan günlərini doğma Kəlbəcərdə yaşamaq
istəyirəm"
Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin
katibi, şair, publisist Nəsib Nəbioğlu bu günlərdə 31 il həsrətində
yaşadığı, qələminin
əsas mövzusuna, dilinin əzbərinə çevirdiyi Kəlbəcərinə,
doğma Çaykənd
kəndinə səfər
etdi. Hissləri, duyğuları sonsuzdur, kövrəkdir. Biz də onunla müsahibəmizdə
bu səfərdən söz açdıq.
- Nəsib müəllim, Azərbaycana budəfəki
gəlişinizdə doğulduğunuz
Kəlbəcərə, kəndinizə
getmək qismətiniz
oldu. İstərdim
ki, söhbətimizə Kəlbəcərə
yola düşmənizin
bir gün əvvəlindən başlayaq.
Sabah Kəlbəcərə gedirsiniz deyəndə, nələr hiss edirdiniz?
- Kəlbəcərdə son dəfə
1992-ci ilin yayında olmuşdum. Moskvda yaşadığımdan hər
il yay aylarında ailəmlə
bərabər məzuniyyətə
çıxıb, Kəlbəcərə,
kəndimizə gəlirdim.
1993-cü il aprel ayının
3-də mənfur düşmənlərimiz
tərəfindən Kəlbəcər
işğal olundu. Yollarımız bağlandı,
doğma yerlərimizə
həsrət qaldıq.
İndi çox sevinirəm ki, 31 ildən sonra Kəlbəcərə getdim.
İyul ayının
19-da mənə Kəlbəcərə
getməyə icazə
verdilər. Bu icazədə
rolu olan, mənə qayğıyla
yanaşan hər kəsə, ilk növbədə
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
Məskunlaşma, miqrasiya,
məşğulluq və
status şöbəsinin müdiri
Sənan Hüseynova öz səmimi təşəkkürümü bildirirəm. Mənə
dost, qardaş əlini
uzatdı, 31 il görmədiyim,
adı gələndə
göyüm-göyüm göynədiyim
yurduma, Kəlbəcərə
getməyə icazə
aldı. Əslində,
2020 ci il noyabrın 25-dən - Kəlbəcər işğaldan
azad edildiyi gündən Kəlbəcərə
gedəcəyimi düşünürdüm,
ölməmiş boya-başa
çatdığım kəndimizi,
evimizi görmək istəyirdim. Bu günə
min şükür ki, arzum
gözümdə qalmadı,
uzun illər görmədiyim, həsrətində
qaldığım Kəlbəcərimə
getdim. Bir gün əvvəl hansı hissləri keçirdiyimi bir Allah bilir. 31 bir il görmədiyim kəndimizə gedəcəm.
Məni orada nələr gözləyir.
Məni qarşılayan
olacaqmı? Düzdür,
müxtəlif saytlardan,
KİV-dən aldığım
məlumatlar var idi. Kəndimizin xarabalığa
çevrildiyini bilirdim.
Amma indi özüm öz gözlərimlə
görəcəkdim. Kəndimizə
çatmaq, atamın,
doğmalarımın qəbirlərini
ziyarət edib, şəhidlərimizin ruhları
qarşısında baş
əymək, sönmüş
ocaqlarımızı, yurd
yerlərimizi görmək,
yeniyetmə çağlarımda
gəzdiyim dağları,
gəncliyimi tapşırıb
getdiyim yerləri dolanmaq istəyirdim. Uşaqlığım, gəncliyim
keçən o doğma
yerləri qarış-qarış,
addım-addım gəzəcəyimi
düşünürdüm. 18 yaşında Kəlbəcəri
tərk eləyən,
əsgərliyə gedən,
elə o vaxtdan başı oxumağa, yazmağa, işə qarışan, o quzu otaran uşağı, ağlı topuğunda olan, dəli-dolu bir gənci axtaracağam. Görüm
onun bu yerlərdə
izi qalıbmı?
- Kəlbəcərə aparan
yol necə idi?
- Kəlbəcərdə çalışan
qohumum Əli
İbrahimov məni, həyat
yoldaşımı və
oğlumu aparmaq üçün Kəlbəcərdən
Gəncəyə gəlmişdi.
Kəlbəcərdə çörəkbişirmə
sexi fəaliyyət göstərir. Əli də həmin sexin müdiridir. Bu sex Kəlbəcərdə xidmət
edən əsgərlərimizi
çörəklə təmin
edir. Əli uzun illərdir ki, bu sahədə çalışır.
Uzun illərin ayrılığından
sonra Toğanalıdan
çıxıb Murovun
silsilə dağlarının
yolu ilə işğaldan azad olunan Kəlbəcərə
yollandıq. Murov yolunu genişləndiriblər,
əvvəlki yoldan daha rahatdır. Əvvəllər bu yoldan yalnız bir maşın keçə bilirdi.
İndi Kəlbəcərə ağır yüklər aparan maşınların necə sürətlə keçdiklərini görürəm.
Murov yolu hazırda Kəlbəcərə
gedən yeganə yoldur. Düşünürəm
ki, əsas tunel açılandan sonra Kəlbəcərə rahatlıqla
gedəcəyik. İnşallah,
Ağdərə yolumuz
da açılacaq. Gələcəkdə
isə Murov yolundan hərbi yol və elat
yolu kimi də istifadə edə biləcəyik.
Murovun ən hündür zirvəsində Ömər
aşırımına çatırıq.
Azərbaycanın cəngavər
oğullarının qəhrəmanlıq
izlərini görürəm.
Yol boyunca darmadağın edilmiş,
erməni hərbi texnikalarının qalıqlarını,
tör-töküntülərini görürəm. Ürəyimdən
tikan çıxır.
Sözün əsl mənasında hərbçilərimiz
burada bir qəhrəmanlıq dastanı
yazıblar. Vaxtilə
xalq yazıçımız
M.İbrahimovun mənə dediyi "Nəsib bala, mən Azərbaycanın böyüklüyünü Murovun
zirvəsində gördüm"
sözlərini xatırlayıram.
Azərbaycanımızın böyüklüyünü göstərən
Murov dağının
azadlığı uğrunda
canından keçən
şəhidlərimizin ruhu
qarşısında baş
əyirəm, qazilərimizə
cansağlığı arzulayıram.
Yenə də haçansa Murova həsr elədiyim şeirimdən misralar yadıma düşür:
İstəyirəm hava alam bir udum,
Kömək elə ağrıları
unudum,
Qürbət eldə bu həsrətdən qurudum,
Yollarımdan dumanını çək,
Murov!
Yox, indən belə bu sözləri deməyəcəyəm. Artıq
mənim yerim-yurdum
var. Kəlbəcər kimi
sığınacağım, ümid-pənah yerim, dünyada tayı-bərabəri
olmayan, bənzərsiz
bir elim-obam var.
Ömər aşırımından Murovun Kəlbəcər tərəfinə enirik. Əli maşınını
qiblə bulağında
saxlayır. Deyir ki, bu bulağın üstünü türklər
düzəldib, abadlaşdırıb.
Kəlbəcərin ən
saf bulaqlarındandır.
Artıq Kəlbəcərin
Murova yaxın kəndlərinə, Zallar
və Yanşaq kəndlərinə yaxınlaşırıq.
Yolboyu yeniyetmə çağlarımda yaddaşıma
hopmuş, məni öz sehrinə, cazibəsinə salan sıldırım, ovxarlı,
əzəmətli qayalara
baxıram. Qamışlı
çayının, Tərtər
çayının şırıltısı
heç dəyişməyib,
həzin bir nəğmə kimi məni ötən çağlarıma səsləyir.
Kəlbəcərin gözəlliyi,
əzəmətli sıldırım
qayalarımız, allı-güllü
yaylaqlarımız, yamyaşıl
meşələrimiz oğlum
Nəbini valeh eləyib. Tez-tez "ata, mən Kəlbəcəri
belə təsəvvür
etmirdim" deyir. Axı, Nəbi heç Kəlbəcərin
üzünü görməmişdi.
Yolboyu ermənilərin vəhşicəsinə
talan elədikləri kəndlərimizi görürəm.
Darmadağın edilmiş,
xarabalığa çevrilmiş
kəndlərin içindən
keçdikcə erməni
vəhşiliyinin şahidi
oluruq. Gördüyümüz
mənzərələr ürəyimizi
ağrıdır. Bütün
bunlar bir daha ondan xəbər
verir ki, düşmən
30 ilə yaxın müddətdə hər şeyi məhv edib, oğrulayıb, yandırıb, talayıb.
Çünki bu torpaqlar onların deyil. Heç vaxt da olmayacaq. Əgər bu torpaqlar onların olsaydı, belə vəhşilik etməzdilər.
- Və nəhayət, vətəndəsiniz... O duyğularınızı
necə ifadə edərdiniz?
- Nəhayət, Kənd yeri adlanan yeri
keçib Çaykənd
kəndinə, mənim
doğulub boya-başa
çatdığım kəndə
giririk. Kəndin başlanğıcında Qarasu
adlanan yerə çatanda, xaraba qalan, dağılan evlərimizə baxdım,
özümü saxlaya
bilmədim hönkür-hönkür
ağladım. Oğlum
Nəbi məni kiridə bilmirdi. Təsəlli verirdi ki, torpaqlarımız ki yerindədir.
Uzun illər yuxumdan əl çəkməyən
Çaykəndə çatdıq.
Üzümü kəndimizə
çevirib dönə-dönə
üzr istədim. Dedim ki, səni qoruya bilmədim, sənə yaxşı oğulluq eləmədim, amma səni heç unutmadım və unutdurmağa qoymadım. Qələmimi
yad bir ölkədə
silaha çevirdim, dərdini bu uzun illər ürəyimdə daşıdım,
şeirə çevirdim,
yaşadığım ölkənin
insanlarına çatırdım.
Haraya yollandımsa, harada oldumsa Qarabağımızı, Kəlbəcərimizi,
Çaykənd kəndimizi
ürəyimdə gəzdirdim,
harda nə yaxşı bir şey, bir yol,
bir bina, bir məscid gördümsə, onu Azərbaycanımızda görmək
arzuyla yaşadım.
Yad millətin içində
yaşadım, amma xalqımızın, milətimizin,
Azərbaycanımızın, xalqımızın, Kəlbəcərimizin,
dağlarımızın adına
xələl gətirən,
onu aşağılayan
bir işə qol qoymadım.
Ermənilərin vəhşicəsinə dağıtdıqları qəbiristanlığa
döndüm. 10 il oxuduğum,
dağılmış məktəbimizə
getdim, sonra öz evimizə gəldim. Otu, cəngəlliyi yarıb yerimək olmurdu. Birtəhər həyətimizə,
xarabalığı çevrilən
məhləmizə keçdim.
Həyətimizdə olan
bütün bar ağaclarını
kəsiblər. Bizim həyətdə yalnız
bir tut və bir də qocaman
qoz ağacı qalıb. Divarları uçulub dağılan,
tar-mar olan evimizə gəldim. Bir möcüzəylə
rastlaşıram, vaxtilə
mənim yatdığım
yerdə evimizin ortasında bir qoz ağacı bitib. Çox təsirlənmişdim, əllərimi
uçuq divarlara sürtə-sürtə bu
qoz ağacına yaxınlaşdım. Onunla
söhbətim vardı,
onunla dərdləşəcəkdim.
Yoldaşım Dürdanə uca
səslə yaxın qonşularımızı səsləyirdi,
amma onun harayına səs verən yox idi. Dəli kimi evimizin arxasından
20 metrlik məsafədən
axan, başlanğıcını
Qoçdaş yaylağından
götürən, kəndimizin
içində Tərtərə
tökülən balaca,
dupduru çaya endi, çayın içinə girib, bu balaca çaydan
üzr istədi. Öz-özümə deyirdim
ki, Ay Allah, insansız təbiətin
gözəllikləri nəyə
lazımdır? Çünki
təbiəti təbiət
eləyən, onu yaraşıqlandıran elə
onun insanlarıdır.
- İllər boyu sizi "Kəlbəcəri
yazan şair kimi tanımışıq".
Bu səfərinizdə Kəlbəcəri
yazdınızmı?
- Mənim ilk şeirlərim
Kəlbəcərin əsrarəngiz
təbiətdən qidalanıb
boy atıb, aşıq
yaradıcılığından, xalq ədəbiyyatından
boy verib. Kəlbəcərdən
də elə belə qayıtmamışam.
Mən şeirlərimlə
öz daxili dünyamı, məni duyğulandıran hissləri
açıram. Nə
zaman ilhamım gəlsə,
onda da şeirlərimi
yazacağam. Bu yerləri
görüb elə kövrəlmişəm ki, bu
hisslərimi qələmə
almasam, mənim üçün çox çətin olar. Düşünürəm ki, bu
hisslərim məni aldatmayacaq, daha yaxşı şeirlər
yazacağam. Təki ilhamım sönməsin. Mənim bir şeirim var, deyirdim ki, şeirimdən dağların
ətiri gəlir.
İndi yazacağım şeirlər
daha ətirli olacaq.
- Bütün yaradıcılığı
boyunca Kəlbəcər
ağrısından, yurd
həsrətindən yazan
şair bundan sonra nə yazacaq?
- Qarabağın, bir-birinin ardınca rayonlarımızın
işğalından sonra
yaradıcılığımda bir dönüş yarandı. Yazdığlarımın
əksəriyyəti qəm-kədər
notları üstündə
quruldu. Ulu torpaqlarımızın,
Qarabağımızın yağı
tapdağı altında
inlədiyi bir zamanda mən başqa cürə yaza bilməzdim. Mənim üz-gözümdən,
hətta qələmimdən
qəm tökülürdü.
Bu, özümdən asılı
olmayıb. Qarabağın
süqutundan sonra vüqarımız sınmışdı,
qəddimizi düzəldə
bilmirdik. Bəzən öz-özümə deyirdim
ki, bizim yaşamağa
haqqımız yoxdur. Kəlbəcər elə-belə
yer deyil, Kəlbəcərin əsrarəngiz
təbiəti, dağları,
çəmənləri, qalın
meşələri, gülü,
çiçəyi, çayları,
diş göynədən
bulaqları, İstisuyu,
Turşuyu, yerüstü,
yeraltı sərvətləri
Allahın Azərbaycan
xalqına bəxş
etdiyi bir nemətdir. Özümə
söz vermişəm
bir də qəmli şeirlər yazmayacağam. Artıq arzuma çatmışam,
Qarabağım, Şuşam,
Kəlbəcərim azaddır.
Mən indən belə bu yerlərin
sevincini, xoş günlərini tərənnüm
edəcəyəm.
Cəngavər oğlanlarımızın 44 günlük Vətən müharibəsində göstərdiyi
rəşadəti, qəhrəmanlığı,
qazandığı qələbəni
necə qələmə
almayasan? Bu gün Kəlbəcərin qələbəsindən,
bu qələbəni bizə bəxş edən igidlərdən necə yazmayasan. Bax, onların vətənimizə, dağlarımıza,
torpağımıza olan
ilahi sevgisindən yazacağam.
- Məni bu həsrətdən
qurtar deyirdi,
"Atanın yurdunu qaytar"-deyirdi,
Məni
Kəlbəcərə apar deyirdi,
Dağlar
deyə-deyə kiridi anam...
Sizcə,
indi ananızın ruhu şaddırmı?
- Qarabağın, Kəlbəcərin
işğalı dövrü
yazdığım şeirlərimdən
dərd tökülür.
O illər ərzində,
heç olmasa, bircə dəfə Kəlbəcəri görməyi,
öləndə belə
qəbrimin üstünə,
heç olmasa, bir ovuc Kəlbəcər
torpağı tökülməsini
arzulamışam. Həmin
illərdə nənəm
(mən anaya nənə demişəm)
haqq dünyasına qovuşana qədər, onun üzünə baxa bilmirdim, xəcalət çəkirdim.
Amma əlimdən bir şey gəlmirdi. Gücüm ancaq qələmimə çatırdı.
Nənəm mənə
vəsiyyət eləmişdi
ki, onu Kəlbəcərə
atamın yanına aparım, "məni şoran torpaqda basdırma" deyirdi. Amma
nənəmi Masazırda
qaçqınlar qəbiristanlığında
basdırmalı oldum.
Çaykəndə gələndə
ilk getdiyim yer qəbiristanlığımız oldu. Erməni vandalları qəbirlərimizi
göreşən kimi
eşiblər, mərmərdən,
qranitdən olan qəbir daşlarını
aparıblar. Kəndimizdəki
qəbiristanlıq yeni çəkilən
yolun inşasına görə plana düşdüyündən
qəbiristanlığımızı yolun kənarından yüksəkliyə köçürüblər.
Amma qəbirlərin üstləri
götürülməyib. Mənim
də babalarımın,
qoca nənəmin, əmilərimin, yaxın qohumlarımın qəbirləri
oradadır. Kəlbəcərə
böyük qayıdış
olandan sonra anamın nəşini dini qurumların icazəsiylə atamın yanına aparacağam. Düşünürəm ki, nənəmin
onda ruhu şad olacaq. Axı nənəm həmişə Kəlbəcərə,
öz kəndimizə
getməyi arzulayırdı.
Bir də deyirdi ki, məni atanın yanında basdırarsan.
- Bu zəfər gününü,
el bayramını,
Sevinən yurdlarım
alqışlayırdı.
Əsarətdən çıxan azad Qarabağ,
O gecə hamını
bağışlayırdı.
2018-ci ildə yazdığınız bu
şeir, bu yuxunuz çin çıxdı. Bəs bu səfərinizdə nə hiss etdiniz?
Qarabağ, Kəlbəcər
həqiqətən hamımızı
bağışlayıbmı?
- A.Çexov deyirdi ki, əsl
yazıçı qədim
peyğəmbər kimidir.
O, adi insanlardan fərqlənir, gələcəyi
daha aydın görür. Şairlər,
yazıçılar, əsl
sənət adamları
peyğəmbərlərdən sonra gələn insanlardır. Tanrının
insanlara verəcəyi
xəbəri ilhamla ifadə etdiyi sözü insanlara çatdıranlardır şairlər,
əsl qələm sahibinin missiyası belə olmalıdır. Bəli, yuxum çin oldu. Düz iki ildən
sonra Şuşa azad edildi. Şuşaya
bayrağımızın sancıldığı
2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu.
Mən bu
şeiri 2018-ci ildə
yazmışam, gördüyüm
bir yuxumu nəzmə çəkmişəm.
Bu şeirin adı belədir: "Bu gecə Şuşanı
qaytarırdılar". Bu
şeiri böyük,
istedadlı şairimiz,
dostum Ramiz Qusarçaylıya həsr
eləmişəm. 1992-ci il
8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş
Komandanımızın rəhbərliyi
ilə geri qaytarıldı. Azərbaycanın
28 illik Şuşa yarası sağaldı! Şuşanın azadlığı
ordumuzun gücünün,
xalqımızın birliyinin,
Ali Baş Komandanımızın sərkərdəlik
qabiliyyətinin təzahürüdür.
Mən isə bunu belə olacağını əvvəlcədən
hiss etmişdim.
- İndi Qarabağda
surətli quruculuq işləri gedir. Nələr müşahidə
etdiniz?
- Burada bizim
təsəvvür etməyəcəyimiz
böyük, qlobal abadlıq işləri görülür, geniş
müasir standarlara cavab verən yollar çəkilir, körpülər salınır.
Bu yolları, abadlıq işlərini görəndə adamın
ürəyi dağa dönür. Xarabalığa
çevrilən kəndlərimizin
yerində müasir evlər tikilir. Hazırda 3 kəndin - Zallar, Yanşaq və Zar kəndlərinin
tikintisinə start verilib. Kəlbəcərin
özündə də,
İstisuda da böyük tikintilər, quruculuq işləri gedir. Belə qənaətə gəldim
ki, 70 il sovet dönəmində Kəlbəcərdə görülən
işləri iki il ərzində yaradıblar. İnanıram
ki, Kəlbəcər
təkcə Azərbaycanın
yox, bütün Avropanın ən gözəl və cazibədar şəhəri
olacaq.
Kəlbəcərdə yolların tikintisini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "3 N-li Magistral Yolların İstismarı" MMC ilə
subpodratçı şirkəti
və yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin
"Kolin İnşaat
Turizm Sənaye və Ticarət" və "Cengiz İnşaat Sənaye və Ticarət" şirkətləri birgə
icra edir. Bu yol Kəlbəcər
rayonun bir-çox yaşayış məntəqələri
ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin
edən yol olacaq.
31 ildən sonra
getdiyim Kəlbəcər
yolu yeni yazdığım bir şeirimdə tərənnüm
etdim. Həmin şeirin son misraları belədir:
Şəhidlərin qanı var, torpağında, daşında,
Sevinc damla-damladır
gözlərimin yaşında,
Bayrağım dalğalanır zirvələrin
başında,
Hünər, şöhrət yoludur Kəlbəcərə gedən
yol!
- Gələn il, İnşallah, 70 yaşınız tamam olur. Yubileyinizi Kəlbəcərdə keçirmək
planınız varmı?
- Hə, gələn
il mənim 70 yaşım tamam olacaq. Kəlbəcərin
işğalından sonra
heç vaxt ad günümü keçirməmişəm. Ümumiyyətlə,
Kəlbəcərdə ad
günü qeyd etmək o qədər də dəbdə olmayıb. Sözün düzü, doğum günlərim çox vaxt heç yadıma da düşmürdü, çünki
o qədər hadisələrdən
sonra ad günü keçirmək
özümə də
ar gəlirdi. Amma AYB və Rusiya Yazıçılar
Birliyinin üzvü, ictimai xadim kimi
3 dəfə Moskvada, bir dəfə də Bakıda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yubileylərim keçirilib. Allah bundan sonra yaşamaq
nəsib etsə, 70 illiyimi, azad Kəlbəcərimizdə keçirərdim,
çünki o dağlara,
o yerlərə, Kəlbəcərə,
Kəlbəcərə gələn
insanlara deyiləsi çox sözüm var.
Həyatımın ən gözəl günlərini burada Kəlbəcərdə, Çaykənd
kəndində yaşamışam.
Həyatımın qalan
günlərini indi doğma Kəlbəcərdə
yaşamaq istəyirəm.
Atamın xaraba qalmış yurdunda özümə bir ocaq tikib yaşayardım.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 16 avqust.- S.6;7.