Qolu döyməli qabyuyan, on altı
yaşlı aşpaz və mən...
Esse
Son ayları restoranlardan birində aşpaz köməkçisi işləyərək
keçirmişəm. Ümid
edirəm, bu yazı ordakı iş yoldaşlarımın
qarşısına çıxmayacaq.
Çünki məni
mətbəxə buraxsınlar
deyə əvvəldən
jurnalist olduğumu gizlətmişdim. Sonradan deməyəsə, üzüm
gəlmədi. Məlum
məsələ, nədənsə
jurnalist adı eşidəndə elə bilirlər, hər gördüyün neqativə
bir yazı həsr edirsən.
Düzdür, bu yazıda orda gördüklərimdən
danışacam. Ancaq təkcə neqativləri yox, yaxşı və pis olmaqla
məni təəccübləndirən
detalları.
Yeni iş yerində məni ən çox təəccübləndirən
məqam az qala, hər həftə kiminsə işdən çıxması
idi. Sən demə, bu sahədə
yay aylarında iş zəiflədiyi üçün
maaş da azalır.
Bu da kimə sərf eləmirsə, daha çox sifarişli işlərə üz tutur. Yəni yayda bağ evlərində təşkil
olunan qonaqlıqlar, yaxud da nişan, toy mərasimləri. Əlqərəz,
orda olduğum dövrdə təxminən
dörd-beş aşpazın
işdən çıxmasına
şahid oldum. Hamısının da səbəbi
eyni. Bir bəy istisna olmaqla. Uzun illərdir, bu kollektivdə çalışan həmin
aşpazın maaşının
digərlərinə nəzərən
yaxşı olduğunu
bildiyim üçün
onun işdən çıxmasına xeyli təəccüblənmişdim. Sonradan öyrəndim ki, həmin aşpaz elə bizimlə bir mətbəxdə çalışan xanıma
vurulubmuş. Ondan
"yox" cavabı
eşidəndən sonra
qəlbi qırılıb,
işdən çıxıb.
Əvvəl bu mənə qəribə gəlsə də, mətbəxin gərdişinə
öyrənəndən sonra
həmin oğlana haqq verdim. Əgər
sənin işlədiyin
yerdə qapısını
bağlayıb oturacağın,
yaxud da səmtini dəyişə biləcəyin
bir iş masan varsa, iş
yoldaşınla alınmayan
eşq hekayən səni daha iz incidər. Amma bir mətbəxdə eyni bıçağa əl uzadıb eyni ocaqda növbə
ilə yemək bişirmək... hə, bu, bir az
çətin məsələdir.
Ümumiyyətlə, mətbəx
iş mühiti olaraq digər yerlərdən çox fərqlənir. İstəsən
də, istəməsən
də, burada hər kəslə ünsiyyətdə olmağa
məcbursan. Bir mətbəx,
bir giriş qapısı... Birləşə
bilməyən iki insan üçün hər səhər eyni qapıdan keçmək asan deyil.
Onu deyirdim axı, mətbəxdə kollektiv
ruhu çox önəmlidir. Məsələn,
təcili bir sifariş olanda bütün mətbəx əhli eyni anda səfərbər olub sifarişi deyilən vaxtda çatdırmağa çalışır.
O zaman "sənin işin-mənim
işim" söhbəti
olmur, sifariş çatmalıdır, vəssalam.
Aşpazların əlindəki
kəsik, yara izləri çox vaxt həmin təlaş anlarından miras qalır. Ümumiyyətlə, nə
qədər peşəkar
olursansa ol, mətbəxdəsənsə, əlindəki
bıçağın sənə
kəsik borcu həmişə var.
Mətbəxdə çalışmağa başlayanda mənə öyrətdikləri ilk şey
bıçaq tutmaq oldu. Aşpazın məharəti bıçağı
tutmağından bəlli
olarmış.
Bıçaqla işləmək yalnız
texnika deyil, həm də ruh, hissiyat məsələsi
imiş. Sən kökü doğradığın
kimi göbələyi
doğraya bilməzsən,
məsələn. Bıçağı
əlindəki ərzağa
uyğun işlətməlisən.
Qısa
müddət sonra əlimi bıçaqla rəftara öyrətsəm
də, uzun zaman ayaq üstə qalmağı ayaqlarıma
öyrədə bilmədim
ki, bilmədim. Bu, mətbəxdə
işləməyin əsas
qaydalarından biri hesab olunur. Deyərdim
ki, mənə görə
ən çətin qayda məhz budur. İkinci çətinlik çəkdiyim
məqam isə mətbəxdəki isti idi. Yemək bişirilən ocaq daim yandığı üçün mətbəxin
istisinə dözmək
xeyli çətindir,
xüsusilə də
yay aylarında.
Ən yaxşı aşpazların
kişilər olduğunu
yəqin ki, siz də eşitmisiniz. Deyirlər ki, kişilər
texnikaları dəqiq
öyrənir və yemək bişirərkən
daha balanslı olurlar. Kişilərin əl hərarətinin qadınlardan aşağı
olması da bu yanaşmada əsas faktorlardan biri kimi göstərilir. Əlqərəz, sözügedən
məsələdə bizim
mətbəx də istisna deyildi - kişilərin sayı qadınlardan çox idi. Elə baş
aşpazımız da kişi
idi. Yaş məsələsində isə
yekdil bir fikir deyə bilmirəm, çünki burda həm on səkkiz, həm də əlli beş yaşında aşpaz vardı. Hə, bir də
işi öyrənməyə
gələn on altı
yaşlı şagird.
Əvvəl onun bu addımını birmənalı qarşılamamışdım.
Özünə də
demişdim ki, hazırda
təhsilinə daha çox fikir versən, yaxşı olardı. Aşpazlıq həmişə var. O da cavab
verdi ki, aşpazlıq
onun uşaqlıq arzusudur və qərarında qətidir.
Altıncı cəhdimdə güclə
öyrəndiyim xəmir
işini onun elə ilk cəhdində necə yaxşı etdiyini görəndən sonra məsləhətlərimi
özümə saxlamağa
qərar verdim. Həyatdan nə istədiyini bilən adamlar bir addım
irəlidədirsə, bu
istəyə nail olmaq
üçün daha tez hərəkətə keçən adamlar iki addım irəlidədir.
Mətbəx o oğlanın gedəcəyi
yol idisə, mənim bir mövsümlük dayanacağım
idi. Bir neçə gün öncə dayandığım yerdən
yol almaq qərarını verdim. Mənim yolum başqaydı, şair demiş, ömür də qısa. Dayandığım yerlər
nə qədər xoş olsa da, aid olduğum ünvan məni gözləyirdi.
Mətbəxdəkilərlə sağollaşanda
xeyli pis oldum. Düzdür, onlar mənə pul vermirdilər. Mən onlara kömək edirdim, onlar da mənə bişirməyi öyrədirdi.
Üstəlik, işdən
sonra istirahət vaxtımdan kəsib ora getdiyim üçün
çox yorulurdum. Bütün çətinliklərinə
baxmayaraq, o mətbəx
də, o adamlar da həyatımın ən gözəl xatirələrindən
birinə çevrildi.
Mən orda təkcə kartof, soğan doğramağı yox, insanlara, həyata dair oxumaqla, eşitməklə dərk
etməyəcəyim xeyli
şey öyrəndim.
Məsələn, bizimlə
çalışan qabyuyan
xanımın qolunda gördüyüm döymələr
məni xeyli təəccübləndirmişdi. Sən demə, o, məşhur romanlardan cümlələri sadəcə
qoluna yazdırmayıb,
həm də o romanları tək-tək oxuyub. Özü demiş, bütün gün çirkli qablarla əlləşməsi,
günün sonunda şahzadələrin həyatından
bəhs edən romanlar oxumasına əngəl deyil. Mən bu qadından
çətin həyatın
künc-bucağında sevinc
axtarmağı öyrəndim.
Əziz oxucum, bəlkə də mənim mətbəx macəralarım sənin üçün maraqlı deyil. Ancaq bura qədər oxumusansa, bilməyini istəyirəm ki, mən gördüklərimi çox böyük həvəslə yazıram. Deyəsən, hələ bişirməyi yaxşı bacarmıram. Bilmirəm, bişirdiklərimi yeyən olacaq, ya yox?! Mənimki yazmaqdır. Bəlkə heç onu da düz-əməlli bacarmıram. Bu qərarı ancaq sən verə bilərsən. İstənilən halda yazdıqlarımı sonadək oxudunsa, deməli, əlimi dörd-beş dəfə boşuna kəsməmişəm.
Aytac
SAHƏD
525-ci
qəzet.- 2023.- 19 avqust.- S.12.