PATRİARXIN UNUDULAN ÖYÜDÜ
Onlar - ingilislər hər halda komandanın nə demək olduğunu yaxşı bilirlər. Futbolun vətəni Böyük Britaniya sayılır və bu oyunun
bütün tarixi boyunca oradakı ən məşhur, ən təltifiçox məşqçi Aleks Ferqüson
olub. Mahir məşqçiliyin başlıca
xüsusiyyəti isə
məhz komanda qura bilməkdir. Mükəmməl komanda yaratmağın ustası kimi qəbul edilmiş o müdrik insan komanda anlayışının
fəlsəfəsini sərrast
ifadə edən və dillərə düşən bir fikir də söyləyib:
"Komandada iş böyük bir oyunçunun üzərində
qurulur, ancaq gərək həmin böyük oyunçu da durmadan işləyə".
Heydər
Əliyevin 1970-ci illərdə
Azərbaycana rəhbərlik
edərkən tarixin qısa bir kəsiyində
qazanılmış uğurların
başlıca səbəblərindən
biri, əlbəttə
ki, fədakarlıq və
peşəkarlıqla çalışan
komanda idi. Bu komandanı Heydər Əliyev öz iş üslubuna uyğun seçib qurmuşdu və özü də həmin komandada hamıdan çox işləyən idi. Bütün başqa məziyyətlərindən savayı,
o, ömrü boyu hər kəsə müyəssər olmayan işgüzarlığı ilə
seçildi. Komandasında
kim Heydər Əliyevin iş üslubuna və yüksək tələbkarlığına
uyğun çalışmaqda
davam edirdisə, bu tərkibdə yolu da uzun olurdu,
ancaq vaxtaşırı
əsas heyətdən
kimlərsə də kənarda qalırdı, onları yeniləri əvəzləyirdi. Xüsusən
respublikaya rəhbərliyinin
ilk dövründə, ta 1970-ci illərin sonlarınadək
Heydər Əliyev bu məsələlərdə
daha güzəştsiz,
daha kəskin idi. Səbəb də başadüşüləndir. Vaxt yox idi. Onsuz
da bir rəhbərin bir sutka boyunca
işləməli olduğundan
da çox çalışırdı,
ancaq görüləsi
işlər, niyyətlər,
dəyişmək, yeniləşdirmək
istədiyi istiqamətlər
o qədər çoxdu
ki, bütün bunların
həllinə səbirlə,
aramla irəliləyərək
çatmaqçün ikiqat,
üçqat zaman lazımdı.
Bu, bir marafon idi. Nəfəsi çatmayanı daha münasibin əvəzləməsini
qarşıdakı mühüm
vəzifələr, ləngiyəni,
komandanın ahəngi
ilə tam tutmayanı
gözləmək macalının
olmaması, vaxtı qabaqlamaq canatması doğururdu. İllər keçəcək, dünya
və onun içərisindəki Azərbaycan
da dəyişəcək, artıq
müstəqil vətənində
Heydər Əliyev dövlət başçısı
olaraq fəaliyyətlərini
davam etdirəcək. Üslub insanın özü deməkdir. Heydər Əliyev həmin Heydər Əliyev idi. Nə özü dəyişmişdi, nə
ona xas iş
üslubu. Yeni dövrdə
də artıq ölkənin siyasi həyatında bir nizam, toxtaqlıq yaranandan sonra sabit komandasını
yaratdı. Hərdən,
keçmişlərdəki kimi, yenə o komandanın ritmləri və öz dəsti-xətti ilə uyuşmayan kimlərisə
tərkibdən kənarlaşdırırdı.
Həm də bunu bəzən səssiz-küysüz edirdisə,
hərdən də, dünənlərdə olan
sayaq, geniş müzakirə ilə, dərs olsun deyə əks-sədasının
bütün respublikaya
çatması üçün
hamının gözü
qarşısında, ekrana,
mətbuata çıxarmaqla
yerinə yetirirdi. Ancaq zaman başqa zaman, şərait başqa şərait idi və belə hallar keçmişlə müqayisədə lap az baş verirdi. 1970-ci illərdəsə özü
də daha cavan, bəlkə daha maksimalist, etmək istədiyi köklü dəyişikliklər
də müəyyən
mənada inqilabi səciyyəli olduğundan
belə iş tərzi qaçılmaz imiş.
O çağların - 1970-ci illərin
kadr siyasəti, komanda quruculuğunun elə hadisələri var
ki, hərəsi bir
film kimidir. Həmin dövrün şahidlərinin,
Heydər Əliyevin apardığı büro
iclaslarının, plenumların
iştirakçılarının neçəsinin dilindən
eşitdiyim, bəzilərininsə
yazılı xatirələrindən
oxuduğum bir müşahidə o əyyamların
iş həyatının
nə qədər gərgin olduğunu dəqiq nişan verir. Deyirlər, yazırlar ki, Heydər Əliyevin o dəvrdə apardığı hər bu qəbil toplantılarda
yalnız onun yekun çıxışını
dinləyəndən sonra
dərindən nəfəs
almaq olurdu ki, bu dəfə də keçdi. Vaxt da dar idi,
rəhbər özü
də tarım çəkilmiş kimi idi, söz yox,
komandanın hər üzvü də bu iş rejiminə
köklənməli idi.
Xaric səslənən,
kökdən düşənə
orkestrdə yer yox idi. O dövrün
hadisələrinin çoxu
artıq unudulub. Bəziləri isə heç həmin çağlarda da əksəriyyətə
bəlli olmayıb. Ancaq kadrlarla, insan taleləri ilə bağlı bu olmuşların hər biri dövlətçilik
tariximizin bütöv
mənzərəsini tamamlayan
ştrixlərdir. Həm
də o hadisələrin
hər birinin təfərrüatlarına daldıqca
Heydər Əliyevin özünün də surəti daha aydın görünməyə
başlayır.
1970-ci illərin əvvəlləri.
Heydər Əliyevin respublikaya rəhbərliyə
yenicə gəldiyi vaxtlar, onun ən
odlu dövrü. Bütün istiqamətlərdə
əyər-əskiklərlə barışmaz mübarizəyə
başlayıb və kadrlarla iş də həmin gedişatda əsas xətlərdən biridir.
Bütün respublika üzrə yoxlamalar gedir, ayrı-ayrı rayonların rəhbərlərinin
fəaliyyəti araşdırılır,
mətbuata daha cəsarətli, daha qətiyyətli olmaq rüsxəti verilib, qəzetlərdə dərc
edilən ifşaçı
felyeton və məqalələr xeyli artıb, səs-küylü
işdən xaricetmələr,
həbslər də tez-tez baş verir. Hətta bu iş tərzinə
Heydər Əliyev elə aludə olub ki, vəziyyətin necəliyini bütün çılpaqlığı ilə
öyrənməkçün yüz cür məlumatalma imkanı varsa da, nağıllarda qədim padşahların hərdən "təğyir-i
libas" olub - qiyafəsini dəyişərək
camaat arasına çıxdığı kimi,
o da keçmiş işinə
görə hələ
xalq içində üzdən az tanınması səbəbi
ilə hərdən dükana-bazara çıxır,
taksilərə minib uzun marşrutlar seçərək sürücülərlə
həmsöhbət olur
ki, həqiqətləri bilavasitə
sadə insanların dilindən eşitsin.
"Uzaq sahillərdə"
filmindəki məşhur
"Mixaylo şəhərdədir"
ifadəsinin Heydər
Əliyevə aid edilməsi
də respublikaya rəhbərliyinin ilk dövründə
onun şəhərə
məhz bu cür başmaq seyrinə çıxmalarından
sonra dillərə düşmüşdü.
Bir macəralı hekayətə
bənzəyən bu kadr hadisəsi də elə həmin başlanğıc
dövrdə, 1970-ci ilin
yayında baş verib. Avqustun 11-də Mərkəzi Komitənin növbəti plenumu keçirilir və qəbul edilmiş qərarlardan biri də budur ki, sadə bir adam
yox, Dövlət Plan Komitəsinin illərcə
sədr müavini olmuş, son vaxtlarsa Sumqayıtdakı 5 mindən
çox işçisi
olan üzvi kimya zavodunun direktoru, üstəlik, həm də Mərkəzi Komitə üzvlüyünə namizəd
olan Kim Şükürov
partiya sıralarından
xaric edilir. Və qəribədir ki, Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyev sovet dönəmində ən ağır hesab edilən bir cəzaya - partiyadan xaric edilməyə məhkum kəsilən bu şəxs haqqında hirslə, kinlə danışmır, əksinə,
stenoqramda qalan cümlələrindən bu
adama rəğbəti
duyulur, baş verəndən təəssüfləndiyi
hiss edilir. Amma əməl
elə əməldir
ki, başqa yol yoxdur, bu yoldaş
daha partiyada qala bilməz, kənarlaşdırılmalıdır.
Kim idi bu Kim, nə
qəziyyə idi onun başına gələn?
Bu qəribə ad öz sözümüz olub şəxs bildirən və ilk ağlınıza gələn
kəlmə deyil. Bu, üstündə sovet epoxasının izi qalmış adlardandır.
Kim - Kominternin bir bölməsi olan Kommunistiçeskiy İnternaüional
Molodeji - Gənclərin
Kommunist İnternasionalı
təşkilatının rusca
adındakı baş
hərflərdən düzəldilib.
Bir zamanlar Sovet İttifaqında populyar adlardan da biriymiş. Düzdür, bir sıra Avropa və Şərq ölkələrində də
həmin ad olub. Ancaq onların
Kimi sovetin Kimindən deyil, "Bibliya"dan gələn addır və bizim haqqında
söz açacağımız
Kimə də bu adı dinə
yox, sovet ənənəsinə əsaslanaraq
veriblərmiş. Kommunistlər
də ideallarına belə coşqun istəyi olan ailəni çox incidibmiş.
Kim Şükürovun şəxsi
işinə baxınca
dərhal onun qabil bir mütəxəssis,
işinin bilicisi olduğu sezilir. Çünki daim irəliləyib, pillə-pillə
yüksəlib və təbii ki, o dövrdə
onun çalışdığı
sahələrdə qabiliyyəti
olmayana belə imkan yaradılmazdı.
1949-cu ildən 1951-ci ilədək
adı gizli saxlanan, nömrə ilə nişan verilən, yəqin ki, hərbi təmayüllü
zavodda işləmişdi,
konstruktor bürosunun mühəndisliyindən zavodun
baş konstruktoru vəzifəsinədək qalxmışdı,
1951-56-cı illərdə Azərbaycan
Boru Prokat Zavodunda işə başlamış və sexin növbətçi mühəndisliyindən zavodun
istehsalat şöbəsinin
rəisliyinədək yüksəlmişdi.
1956-cı ilin sonlarından
1959-cu ilə qədərsə
Neftkimyaavtomat Elmi-Tədqiqat
İnstitutunda baş mühəndis, 1959-1963-cü illərdə
Ümumittifaq Elmi-Tədqiqat
Xlorun Layihələşdirilməsi
İnstitutunun Sumqayıt
filialının direktoru
(uzun illər "Gxo Sumqaita" - "Sumqayıtın əks-sədası"
qəzetinin redaktoru olmuş Eyruz Məmmədov təsdiqləyir
ki, o vaxt bu institut birbaşa Moskvaya tabe idi,
Ümumittifaq əhəmiyyətliydi,
Baltikyanı respublikalardan,
Orta Asiyadan, Belorusiyadan və digər yerlərdən də sifarişlər bura gəlirdi), 1963-dən
1969-cu ilədəksə Dövlət
Plan Komitəsi sədrinin
müavini olmuşdu.
1969-cu ilin iyunundan isə el dilində
Kimyakombinat deyilən Sumqayıt Üzvi Kimya Zavodunun direktoru təyin edilmişdi.
Və buracan sanki parlaq
olan, yüksələn
xətlə davam edən karyerası daşa dirənmişdi. Dövlət Plan Komitəsinin
sədr müavini olmaq o dövr üçün böyük
vəzifə idi və Kim Şükürovun
həmin kürsüdən
zavod direktorluğuna getməsi də zahirən sanki daha böyük vəzifədən, müstəqil
olsa da, hər halda pilləcə daha aşağı vəzifəyə getməyə
razılıq verməsi
(əslində özünün
buna can atması) bica deyildi. İş ondadır ki, üzvi sintez zavodu Siyasi
Büronun nomenklaturasında
idi və bura direktor getməklə
vəzifələrin daha
üst qatına yol açılırdı
(Burada Kim Şükürova
qısa müddət işləmək nəsib
olursa da, kimliyini nümayiş etdirməyə
müvəffəq olur.
Uzun müddət Azərkimya Dövlət Şirkətinin prezidenti olmuş professor Fikrət Sadıqov həmin dövrdə bu zavodda sex rəisi imiş və onu çox işgüzar, müşavirələri
son dərəcə ustalıqla
aparan natiq, problemlərin həllinə
dərhal açar tapan yetkin mütəxəssis
və "biz gənclər
üçün əsl
məktəb" deyə
səciyyələndirir). Lakin bu nomenklaturaya daxil olanların şəxsən yoxlanışı
da daha ciddi aparılırdı və
gedən araşdırmalardan
sonra bəlli olmuşdu ki, hamını
qabiliyyəti, bilikləri,
təşkilatçılığı ilə heyran qoyan, buna görə də belə sürətlə irəliləyən
Kim Şükürovun heç
ali təhsili yoxmuş. Sumqayıtdakı
zavodda işə başlayarkən şəxsi
işini təzədən
qaydaya salmaq zərurəti yaranmışdı,
ali təhsili olmaması haqqında məxfi araşdırma həqiqəti üzə çıxarınca bunu özünə bildirmədən
əvvəlcə institut
diplomunu istəmişdilər
və o da Moskva Energetika
İnstitutunu bitirməsi
haqda arayış təqdim etmişdi. Araşdırma isə göstərirdi ki, Kim Şükürov
heç vaxt nə orada, nə də başqa ali məktəbdə təhsil
alıb. Saxtakarlığa
yol verməsi ilə bağlı məsələ 1970-ci il mayın
20-də Sumqayıt Şəhər
Partiya Komitəsinin Bürosunda müzakirə
edilərkən çox
çək-çevirdən sonra xəta etdiyini boynuna almışdı. Ancaq araşdırma dərinləşdikcə
başqa bir məsələ də üzə çıxmışdı
ki, sən demə, Kim
Şükürov Sov.İKP
sıralarına qəbul
edilərkən tərcümeyi-hal
məlumatlarında hələ
1945-ci ildə həbs
edildiyini, 3 il Daxili İşlər Nazirliyinin
xüsusi həbs düşərgələrində dustaqlıq çəkdiyini
də gizlədibmiş.
Bunları nəzərə
alaraq büro onun partiyadan xaric edilməsi haqda qərar çıxarmışdı.
Bu qərarla razılaşmayan
Kim Şükürov 1970-ci il avqustun 6-da Mərkəzi Komitəyə geniş ərizə yazmış,
məsələsinə MK Plenumunda
baxılmasını xahiş
etmişdi. Yazırdı
ki, onun 14 yaşı olarkən, 1938-ci ildə doğma əmisi Mirzağa Cabbar oğlu Şükürov siyasi repressiyaların hədəfinə gələrək
həbs edilmiş, atası da qardaşına
görə partiya sıralarından çıxarılmışdı.
Dolanmaq, ailəni də saxlamaq onun çiyinlərinə
düşdüyündən, məcbur olubmuş ki, təhsilini yarımçıq
qoysun, atası və əmisi ilə qohumluq əlaqələrini ört-basdır
eləsin, işə düzəlsin. Həyat onu yollar aramağa,
bacarıqlı olmağa,
gecə-gündüz əlləşməyə
vadar edir. Elektrik, kinomexanik, çertyojçu, radio dərnəyinin
müdiri kimi xırda-para işlərlə
baş qataraq ailənin güzəranını
təmin edirmiş. Ancaq 1940-cı ildə onu Bakı Şəhər
Partiya Komitəsi katibinə texniki katib-məruzəçi vəzifəsinə
işə götürürlər
və təhsilini davam etdirməsi üçün imkan yaranır. Lakin ali məktəbə girmək
istədiyi əsnada müharibə başlanır
və onun da ali məktəbdə texniki təhsil almışlardan daha mükəmməl biliklərə
sahib olduğunu bildiklərindən
yönəldirlər Bakıya
evakuasiya edilmiş məxfi aviasiya zavoduna. Burada çertyojçu - cizgiçi
kimi işə başlasa da, qısa müddət sonra ondakı fərasəti görüncə sex texniki
keçirirlər. 1942-ci ildə
bu hərbi təmayüllü məxfi
zavod yenidən Moskvaya köçürülərkən
Bakıda müvəqqəti
işə götürülmüşlərin
əksəri burada qalsa da, Kim Şükürovu
da özləriylə aparırlar.
Tezliklə orada da baş tapır. Ona zavodun konstruktor bürosunun mühəndisi
vəzifəsini verirlər,
ardınca isə Uçuş sınaq stansiyasının aeronaviqasiya
və radiotexnika avadanlığı laboratoriyasının
rəisi təyin edirlər. Həmin sexin uzun və
qəliz adını qəsdən olduğu kimi yazıram. Çünki elə bircə bu adlanma
o sexə bir gəlmənin müdir təyin edilməsi üçün hansı səviyyəyə və savada malik olmasının tələb olunduğunu nabələd adama da ilk baxışdanca anladır.
1944-cü ilin sonlarında
radiotexniki cihazlar üzrə mütəxəssis
kimi SSRİ Dövlət
Müdafiə Komitəsi
onu xüsusi radiolokasiya kompleksləri və qurğuları üzrə yeni yaradılmış
məxfi konstruktor bürosuna işləməyə
göndərir. Beləliklə,
bütün 1941-1945-ci illər
müharibəsini sovet
müdafiə sənayesinə
zəkası ilə xidmətdə keçirir.
Bütün bunlara nail olan natamam orta təhsilli
bir azərbaycanlı cavan idi. Əsl
vunderkind.
Özü də bilikli, elmə mail bir insan olan, oxumağı-öyrənməyi
sevən, respublikaya rəhbərliyə başladığı
qısa müddətdə
də bir yaxşı istehsalatçı
kimi haqqında xoş sözlər eşitdiyi, bir neçə müşavirədə
ağıllı çıxışlarını
dinləyib bəyəndiyi
Kim Şükürovun bioqrafiyasının
təzə üzə
çıxan ayrıntıların
əks olunduğu qovluğu vərəqlədikcə
məyusluq keçiribmiş
ki, həmin təəssüf
hissi onun 1970-ci il avqustun 11-də Mərkəzi
Komitənin Plenumunda çıxışında da duyulur.
Kim Şükürov artıq
partiyadan xaric edilmişdi, o, plenuma son ümid kimi müraciət etmişdi
ki, bəlkə xilas
ola. Ancaq işlə tanış olduqca görürəm ki, o günün
şərtləri daxilində
bu, mümkünsüzdür.
Hətta Birinci katib çox istəsə belə, partiya qaydaları baxımından belə bağışlanma o vaxt mümkün deyildi.
Plenumda iştirak edənlərin əksəri ya şəxsən, ya qiyabi olaraq Kim Şükürovu tanıyırdı.
Hətta bu plenuma qatılanların xeylisindən dövlətin
yuxarı təbəqəsinə
mənsubluq baxımından
qabaqda idi - o, Mərkəzi Komitə üzvlüyünə namizəd
idi.
Həsən Həsənov yada salır
ki, mən onu 1967-ci ildə görmüşəm,
zahirən əsl br avropalıya bənzərdi, o vaxt böyük hörməti
vardı, bir çoxları fəxr edərdi ki, Kim Əliyeviç
onlara salam verdi, onlarla hal-əhval tutdu. 1935-ci il təvəllüdlü, 90-ının astanasında da yaddaşı
saat kimi sərrast işləyən,
1969-cu ildən 2000-ci ilədək
Dövlət Plan Komitəsində
çalışmış, orada tikinti şöbəsinin
rəisi vəzifəsini
tutmuş Feyzulla Hüseynbəyli də
yada salır ki, mən
komitəyə gələndən
az sonra o, Sumqayıta getdi, bizdə birinci müavin idi, savadına, təşkilatçılıq
qabiliyyətinə görə
hamı ona ehtiram bəsləyirdi.
1970-ci il avqustun 11-i, Mərkəzi Komitənin plenumu gedir, Heydər Əliyev danışırdı
və Kim Şükürov
da o zalda idi. Birinci katib əvvəlcə
məsələnin niyə
plenuma çıxarılması
və mahiyyəti haqqında məlumat verirdi: "Bir qədər
əvvəl biz büroda
Kim Şükürovun məsələsinə
baxırdıq. O, 1945-ci ildə
Moskvada işləyərkən
cinayət məsuliyyətinə
cəlb edilib və yalan məlumatları
dərc etdirdiyinə,
saxta sənəd quraşdırdığına görə
3 il həbs cəzası
alıb. Şükürov
cəzasını çəkdikdən
sonra 1950-ci illərdə
Azərbaycana qayıdaraq
Sumqayıta gəlib və orada da partiyaya qəbul edilib. Bir neçə ay əvvəl aşkarlanıb
ki, yoldaş Şükürovun
ali təhsili yoxdur. Ancaq buna rəğmən, o, doldurduğu
bütün sənədlərdə
- anketlərdə, avtobioqrafiyalarda
yazıb ki, ali təhsili var, Moskva Energetika
İnstitutunu bitirib və bunun təsdiqi
olaraq diplomunun vaxtilə Sumqayıtda işlədiyi institutda təsdiq edilmiş surətini təqdim edib. Əslində heç bir diplom yoxmuş, bunu da özü düzəldib. Bütün
bunlar üzə çıxanda Sumqayıt
Şəhər Partiya
Komitəsi Şükürovun
məsələsinə baxaraq
ona vicdanlı olmamaq və saxtakarlığa görə
uçot vərəqinə
yazılmaqla töhmət
elan edib. İş ondadır ki, bu məsələ araşdırılarkən
Şükürov özünü
qeyri-səmimi aparıb,
bizim yoldaşlar da bir neçə ay ərzində bu işi aydınlaşdırmalı
olmuşlar. Əvvəlcə
ona diplomu göstərməyi təklif
ediləndə gətirəcəyini
vəd etsə də, xeyli uzadıb. Ancaq onu bir az
da sıxışdıranda deyib ki, dördüncü
kursdan institutu tərk etdiyindən diplomu yoxdur. Belə olanda instituta sorğu göndərilib və cavab alınıb ki, Şükürov heç
vaxt orada oxumayıb. Belə bir cavab alınandan
sonra isə Şükürov MK-ya çağırılıb, onunla
bir neçə dəfə söhbət aparılıb, yenə orada oxumuş olduğunu desə də, ona institutdan
alınmış cavab
göstərilib və
bu halda məcbur qalaraq etiraf edib ki, həqiqətən həmin
institutda təhsil almayıb. Beləliklə,
bu mərhələdə
ona töhmət elan edilib. Ancaq o, yenə tərcümeyi-halının
başqa momentləri ilə bağlı səsini çıxarmamaqda
davam edib.
Belə
olanda Mərkəzi Komitədə maraqlanmağa
başlayıblar ki, yaxşı,
bəs oxumurmuşsa, onda həmin vaxt haradaymış? Dərindən yoxlama aparılarkən müəyyənləşib
ki, həmin vaxt o, həbsdəymiş. Bundan
sonra Şükürov
təkrar dəvət
edilmiş və həmin faktlar qarşısına qoyulduqdan
sonra etiraf etmişdir ki, həqiqətən
mühakimə edilib, cəza çəkib və bunları da gizlədib. Bu 2 fakt əsasında Azərbaycan
KP MK-da yoldaş Şükürovun
məsələsinə baxılarkən
onun bu məsələləri
gizlətməsi, sonra
qismən boynuna alması, ancaq sənədlər ortaya qoyulanadək yenə axıradək etiraf etməməsi nəzərə
alınaraq büro tərəfindən partiya
sıralarından xaric
olunması qərara alınmışdır. O, Mərkəzi
Komitə üzvlüyünə
namizəd olduğundan
indi də məsələsi plenumun müzakirəsinə çıxarılmışdır".
Plenum üzvlərinə müraciət
edən Heydər Əliyev kiminsə sualı olması, ya çıxış etmək istəməsini soruşsa da, kimsədən
səs çıxmır.
Hamı şokda idi və belə
tanınmış, nüfuz
sahibi bir şəxsin taleyindəki
bunca qəfil dönüş mat qoymaya bilirdi.
Kim Şükürov özü
söz istəyir və Mərkəzi Komitəyə yazdığı
ərizəsini oxumağa
icazə istəyir. Yazırdı (görənlər
xatırlayır ki, çox
qəşəng, kalliqrafik
xətti varmış)
ki, Sumqayıt Şəhər
Partiya Komitəsi
"mənə töhmət
elan etmişdi, amma bu il iyunun 24-də MK Bürosu tərəfindən
işdən də çıxarıldım. Mən
əsgərəm, bu cəzanı da qəbul edirəm. Amma iyulun 16-da büro mənim partiyadan çıxarılmağım
haqda da məsələyə
baxdı. Səbəb
kimi də məhkumluğumu tərcümeyi-halımda
göstərməməyim gətirilir".
Nağıl edirdi ki, necə
olub tutulub və nəyə görə dustaqlıqda olmasını avtobioqrafiyasında
əks etdirməyib. Danışırdı, plenumdakıların
onun qabiliyyətlərinə
valehliyi bir qədər də artırdı.
Bu ali təhsili olmayan cavan müharibə
dövründə məxfi
hərbi konstruktor bürosunda işləyərkən
materiallar toplamış,
dissertasiya yazmışdı.
1945-ci ildə "Veçernəə
Moskva" ("Moskva axşamı") qəzetində hazırladığı
dissertasiyanın müdafiəsi
ilə bağlı
elan dərc etdirir. Kimsə şeytanlayır
ki, o, müdafiə edə
bilməz, elan saxtadır,
onun ali təhsili-filanı yoxdur və fağırı tuturlar. Onda Kimin 21 yaşı vardı. Həbs edirlər, Moskvanın Kiyev Rayon Məhkəməsi
ona 3 il iş kəsir və 1945-ci ilin dekabrından 1948-ci ilin dekabrınadək həbs düşərgəsində
cəzasını çəkir.
Ancaq necə? Sənədlərindən bəlli
idi ki, o, müharibə
illərində məxfi
laboratoriyalarda hərbi
sənaye ilə bağlı işlərlə
məşğul olub.
Ona görə də
Kimi həbs düşərgəsindəki
başqa dustaqlardan ayıraraq Təyyarədüzəltmə
üzrə Xüsusi Konstruktor Bürosunda layihələndirici kimi işləməsini lazım
bilirlər. Orada da elə çalışır,
elə rəğbət
qazanır ki, cəza müddəti bitincə
SSRİ Aviasiya Sənayesi
Nazirliyi Xüsusi Konstruktor Bürosunun təqdimatı ilə rəsmən üstündəki
məhbusluğu götürürlər.
Üstəlik, SSRİ Ali Soveti
Rəyasət Heyətinin
1953-cü ilin 27 mart qərarına
uyğun olaraq o, daha məhkumluğu olan sayılmırdı.
1958-ci ildə partiyaya
girmək üçün
ərizə verəndə,
1959-cu ildə Sov.İKP
sıralarına qəbul
ediləndə artıq
onun üzərində
lap çoxdan məhkumluq
yox idi.
İzah
edirdi ki, məhkumluğumu
tərcümeyi-halımda buna görə açmamışam.
Belə
olmağına belə
idi. Amma partiyanın sənədləşmə qaydalarının
tələbi bu idi ki, çox da üstündən məhkumluq
götürülüb, sən
ki məhbus olmağına
olmusan, onu da yazaydın, bunu da.
"Deyirsiniz ki, işləmisiniz.
Həqiqətən də
siz uşaqlıqdan zəhmət çəkməyə
başlamısınız. Prinsipcə
hamı bilir ki, siz ağıllı adamsınız, savadlısınız,
ona görə də bütün bu baş verənlər
hamımız üçün
tamam gözlənilməz
olmuşdur. Bizim hamımız üçün
bu, heç də xoş olmayan hadisədir ki, Mərkəzi Komitə üzvlüyünə namizəd
belə biabırçı
vəziyyətə düşür.
Eyni zamanda sizin bir çox
keyfiyyətləriniz belə
bir qənaətə gəlməyə imkan verir ki, cəmiyyət üçün maraqlı
adamsınız. Bunu heç kəs inkar etmir. Ancaq
bu, sizin vəziyyətinizi daha da çətinləşdirir. O mənada
ki, bu cür inkişaf etmiş, bilikli, oxumuş bir adam ola-ola belə hərəkətləri
özünüzə rəva
bilmisiniz".
Son qərarın verilməsinə
gəlib çatanacan
keçilən yolda icraçı məmurların
təqdimatları necə
hazırlamasının çox
zaman həlledici təsiri
olur. Zahirən xırda adamlardır, ancaq tale həll edə bilirlər. Heydər Əliyevin çıxışının xeyirxah ruhu, Kim Şükürovdakı üstün
və diqqətəlayiq
keyfiyyətləri ayrıca
vurğulaması onun bu şəxsə münasibətindəki müsbət
çalarları istər-istəməz
gedən kəskin tənqidi müzakirənin
ümumi fonunda qabağa çıxarır.
Bəlkə də Sumqayıt Şəhər
Partiya Komitəsinin sadəcə töhmətlə
bu işi bağlamaq qərarı sonrakı mərhələdə
körüklənərək daha da qızışdırılmasaydı,
icraçı məmurların
ifrat canfəşanlığı
və aşırı
kommunist inadcıllığı
ilə bu mərtəbəyə qaldırılmasaydı,
gedişat başqa cür də ola bilərdi. Təqdimatı
hazırlayanlar sanki bu adamın ilk gəncliyindən çalışdığı
hər yerdə nə qədər canyandıran və parlaq olduğuna, məhz həmin məziyyətlərinə görə
daim irəli çəkilməsini təsdiq
edən danılmaz faktlara göz yumaraq yuxarıya ötürdükləri təqdimatlarda
əfv üçün
babayolu qoymur, baltanı dibindən vururdular. Yazırdılar
ki, Kim Şükürov "yalan və şərəfsiz
əməllərdən karyerist
məqsədlər üçün
istifadə edib və bunlar ona bəzi vəzifəli
şəxslərin səhlənkarlığından
istifadə edərək
neçə illər
dövlət və təsərrüfat orqanlarında
rəhbər vəzifələr
tuta bilməkçün
imkan verib".
Yenə
Kim Şükürov son ricasını
edirdi: "Mən həmişə düşünmüşəm,
indi isə daha artıq əminəm ki, səmtləndirilmiş
iqtisadiyyat siyasətin
əsasını təşkil
edir. Yəni iqtisadiyyatın hər elementi, onun hər molekulu siyasətin atomlarını
daşıyır. Ona görə
də siyasətsiz iqtisadiyyat ola bilməz. Mən bilirdim ki, işlədiyim, yaxud rəhbərlik etdiyim hər layihə dövlətin siyasətinə
xidmət etməlidir.
...Neçə illərdir
ki, mən respublikanın
iqtisadiyyatını inkişaf
etdirməkçün çalışıram.
Mən Sizdən və bütün Mərkəzi Komitə üzvlərindən artıq
dərəcədə xahiş
edirəm, mənə
inanın. Mən heç də tamam itirilmiş adam deyiləm. Mən bütün səhvlərimi etiraf edirəm. Məgər bu, balaca cəzadırmı
ki, mən indi bu halımla bu zalda oturanların
gözlərinə baxıram?!"
O, sözünü qurtarır,
Azərbaycan Həmkarlar
İttifaqları Şurasının
sədri Qüdrət
Dadaşov, ardınca
da partiya komissiyasının
sədri İsmayıl
Əskərov ayağa
qalxırlar, təklif
edirlər ki, Kim Şükürov
Sov.İKP sıralarından
xaric edilsin.
Kim Şükürov Mərkəzi
Komitə üzvlüyünə
namizəd idi. Bu o demək idi ki, çox ötməyəcək,
üzvlüyə də
keçəcək, bəlkə
vəzifə nərdivanında
yeni pillələri də
qalxacaq. O vaxt hələ cavandı, 46 yaşında idi. Mərkəzi Komitəyə
üzvlüyə namizəd
idisə, demək, Heydər Əliyevin formalaşdırdığı, yalnız yaxın ətrafından deyil, bütövlükdə onunla
birgə respublikanın
iqtisadi tərəqqisi
üçün çalışan
bütün silahdaşlarından
ibarət olan böyük komandanın üzvü idi. Heydər Əliyevin söylədikləri də
rəhbərin onun haqqında yüksək fikirdə olduğunu təsdiqləyir. Ancaq taleyin, dövrün siyasi şərtlərinin
hökmü ilə ondan ayrılmaq zərurəti yaranmışdı.
Bu, imtina deyildi, bu, reallıqla barışmaqdı və
şübhəsiz ki, itki
idi. Sovetin qaraqabaq partiyası belə məsələlərdə
mən ölüm-sən
öləsən bilmirdi.
Lap dahi ol, əlində kağızın
yoxsa, irəliləmək
girəvən də itirdi, türməyə düşmüsənsə, ləkə
üstündə ömürlük
qalırdı, gərək
hər sənədində
keçmiş dustaqlığından
da söz açaydın.
Fitrətən alim olduğunu
bilə-bilə, görə-görə
əl boyda diplomu olmayanı qara siyahıya salan rejim elə
bil unudurdu ki, 30 ildən artıq bu dövlətə rəhbərlik etmiş, onu dünyanın ən qüdrətli səltənətinə çevirmiş
Stalinin nəinki ali, heç orta təhsili də yoxdu, ruhani seminariyasında ibtidai savad almışdı,
ancaq özü-özünü
ardıcıl mütaliəsi
ilə dərin biliklər sahibinə çevirmişdi ki, bunu heç onu istəməyənlər də
dana bilmir. Sovetin formalizminin, korafəhim inadkarlığının güdazına
o qədər gözəlliklər
getdi ki!
Azərbaycanın tikinti həyatında
onillərcə xidmətləri
olan Şaiq Əfəndiyev xatırlayır
ki, Kim Şükürov bundan
sonra elə Sumqayıtda kiçik bir layihə idarəsində işləyirdi
və xeyli müddət səsi gəlmədi. Necə də gələ idi ki, o dövrdə partiya sıralarından xaric edilmək qarşındakı bütün
yolların bağlanması,
gələcəyin itirilməsi,
canlı meyitə çevrilmək demək idi.
1991-ci ildə vaxtilə Kimin 11 il daşıdığı
və əlindən alınmaqla taleyini qırmış partbilet dönüb oldu bir heç. Sov.İKP divi yıxıldı,
Sovet İttifaqı
tar-mar oldu və həmin ildəcə Kim Şükürov sanki təzədən dirildi. Onun tərtib etdiyi "Xarici iqtisadi əlaqələr terminləri lüğəti"
nəşr edilir. Partiya gedir, o qayıdırdı. 1993-cü ildə
Heydər Əliyev təzədən artıq
müstəqil Azərbaycana
rəhbərliyə başlayır.
Və həmin ildən ta 2001-ci ilədək
nəşr edilən,
iqtisadi və hüquqi problemləri əhatə edən "Biznesmenin bülleteni" jurnalının baş redaktoru Kim Şükürov
idi (Kitabxanalarda jurnalın 2007-ci ilədək
çıxmış saylarını
da görürəm. Ancaq
orda daha Kim Şükürovun adı
yoxdur. Nə baş redaktor, nə redaksiya heyətinin üzvü kimi. Onun adı
jurnalın 2001-ci il 5-ci sayında
axırıncı dəfə
yer alır. Bəlkə həyatı elə 2001-də bitib? O vaxt 77 yaşı olmalı idi. Təəssüf ki, nə
qədər soraqlaşsam
da, bir qohumunu-yaxınını
tapamadım ki, ömrünün
1970-dən sonrakı illəri
haqda daha tutarlı bilgi alım).
Görkəmli alimimiz Ziyad Səmədzadə
söyləyir ki, Kim Şükürov
çox bilgin insan idi, 1990-cı illərdə Cavanşir Mehdiyevin direktoru olduğu İnformasiya institutunda işləyirdi,
akademik uzun illər onunla əməkdaşlıq etmələrini,
bu görüş və müzakirələrin
nəticəsi olaraq Elmlər Akademiyasında
1999-cu ildə Vençer
Fondunun yaradılmasını
da yada salır.
Qayıtmışdı, yenə ayaq üstə idi və bu
ali təhsilsiz, savadı isə alidən ali olan yorulmaz insan
faydalarını verməkdə,
sıralarına tanınmış
mütəxəssislər, alimlər daxil olmaqla Azərbaycan cəmiyyətinə müasir
iqtisadi düşüncənin
dərinləşib yetkinləşməsindən
ötrü töhfələrini
verirdi.
...Düz 8 il keçəcək.
Yenə qızmar yay günlərində, 1978-ci ilin
19-20 iyulunda Mərkəzi
Komitənin növbəti
plenumu keçiriləcək.
Artıq 8 ildir ki, Heydər Əliyev Azərbaycan rəhbəridir.
Artıq bu, 1969-70-ci illərdəki Azərbaycan
deyil. Çox şey dəyişib. Artıq Heydər Əliyevin komandası da sanki tam tərkibi ilə çoxdan sabitləşib. Ancaq tam o
cür də deyil. Doğrudur, sabit özək var, amma yenilənmələr davam etməkdədir. Bu isə yalnız təzə kadrların gəlməsindən ibarət
deyil, gedənlər də var. Bu çətin
yolda nəfəsi təngiyənlər də
var. Etibar göstərilmişlərin
heç də hamısı bəslənən
ümidləri sonacan doğrultmayıb. Ona görə
də 1978-ci ildə keçirilən həmin plenumda da sanki artıq bitkin kimi görünən komandaya lider yenidən əl gəzdirir və niyəsini də bir dərs olsun
deyə hamının
qarşısında açıq
bəyan edir.
Həmin
gün də, elə 1970-ci ildə yolun başlanğıcında
olan sayaq, bir üzvlüyə namizəd də xaric edilir. Ancaq
bu xaric edilən sadəcə MK üzvlüyünə deyil,
Mərkəzi Komitə
Bürosu üzvlüyünə
namizəddir. Onun da üzvlüyə namizədlikdən
azad edilməsinə yekdilliklə səs vermişdilər. Özü
həmin iclasda iştirak etmirdi. Həmin günlərdə
xaricdə səfərdə
idi. Ancaq bu xaricetmə büsbütün fərqliydi
və hər kəs məmnunluq keçirirdi. Çünki
plenumun keçirildiyi
əsnada Kubada Gənclərin Ümumdünya
festivalında iştirak
edən Vaqif Hüseynov Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin katibi seçilmişdi. Heydər
Əliyev də bunu ayrıca qeyd edirdi ki, Vaqif Hüseynovun Moskvada belə yüksək vəzifəyə
aparılması Azərbaycana
böyük diqqət
və inamın ifadəsidir
İllər sonra, artıq yaşa dolmağa başlayan XXI əsrdə
keçmişləri anan
Vaqif Hüseynov hafizəsində Zaqulbada Hökumət bağında
onunla qonşu olan daxili işlər
naziri Arif Heydərovun günlərin
birində ona dediyi sözlər canlanacaq: "Heydər Əliyeviçin sənə
münasibəti yaxşıdır.
Hətta çox yaxşıdır. Sən
bunu unutma. O, tək-tək adamlara belə hüsn-rəğbət
bəsləyir".
Heydər
Əliyev də onu Moskvaya yola
salmazdan öncə xeyir-dua verəcək, öyüd-nəsihətlərini edəcək. Bunu da çox illər sonra Vaqif Hüseynov
"Bir ömürdən daha
artıq" adlı yaddaşlar kitabında özü xatırlayacaq:
"Dedi ki, bunu yadında həmişəlik
saxla. Sən özbaşına deyilsən.
Biz səni yetişdirmişik,
tərbiyə etmişik.
Heç vaxt da nəticələr çıxarmaqda
tələsmə.
...Heydər Əliyevin sözlərindən belə
anlaşılırdı ki, o, mənimlə xudahafizləşmir,
ayrılmır. O, yenə
əvvəlki kimi məni öz yetirməsi, respublikanın
kadr potensialının
təmsilçisi hesab
edir".
O, Heydər Əliyevin ümid bəslədiyi, gələcəyi haqqında
düşündüyü kadrlarından idi. Heydər Əliyevin ona ümidləri və inamı nə qədər doğru çıxdı,
o, patriarxın özünə
və tövsiyələrinə
nə qədər sadiq qaldı, bir neçə il sonra Bakıya qayıdanda yenə həminki adam idimi?
15 avqust 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 19 avqust.- S.8-9