Səliqəsiz həyatların rejissoru - Fatih Akın
Fatih Akın türk əsilli alman rejissordur. Çəkdiyi filmlər Hamburqdan İstanbula, İstanbuldan Hamburqa öz talelərini axtarmağa gedən insanlardan bəhs edir. Hamburqun qaranlıq, nəm küçələrində baş
verən cinayətlər,
irqçi, solçu davalar, İstanbulun səmtlərindəki keçmiş
axtarışları, melanxoliya,
qan, göz yaşı, ümidlə ümidsizlik arasında çırpınan mühacir
həyatlar, peşmanlıqlar,
sevgi və xəyanətin yaxşı
və pis gnlər kimi yarıya bölündüyü
münasibətlər Fatik
Akın sinematoqrafiyasının
xammalıdır. Filmlərin
fonunda rejissorun Trabzona, türk adətlərinə həsrəti
hiss olunur. "Yaşamın
kıyısında" filmində
Fatih Akın çox qısa da olsa, gedib oralara
baş çəkir.
İki şəhərin
ortaq hekayələrini
danışan rejissorun
filmləri Qərb soyuqqanlığı ilə
Anadolu mistizminin qarışığından
yaranır.
Uşaqlıq arzusu aktyor olmaq idi. Buna görə də, türk mühacir ailələrin uşaqlarından
fərqli olaraq Fatih Hamburqdakı İncəsənət Universitetinə
qəbul olur. Tələbəlik illərində
kino zallarının qabağında
popkorn satır. Bir müddət sonra teatra və kinoya maraqlı olan bu gənci
reklam şirkətləri
kəşf edir. Bir neçə reklam çəkilişlərindən sonra rejissor dərsləri bəhanəsiylə
bu sektordan uzaqlaşır. Tələbəlik
illərində türklərin,
alban və xorvatların illeqal işlərlə Hamburqda məşhurlaşan qruplaşmasına
daxil olur. Həbsxana həyatı, sonra yenə tələbəlik illəri
davam edir. Qruplaşma narkotik satışına başladığı
üçün Fatih
"dostlarını" tərk
edir. Universitet bitər-bitməz rejissorluq
fəaliyyətinə başlayır.
Yəni bir sözlə, Akının
filmlərindəki səliqəsiz
həyatlara kamera tutmaq həvəsi, əslində, öz həyatından, yaşadıqlarından
irəli gəlir.
Fatih Akın Metin Erksanın "Susuz yaz" filmindən qırx il sonra Berlin Film Festivalında "Qızıl
Ayı" mükafatını
alan ikinci türk rejissorudur. Ona bu mükafatı "Duvara karşı" filmi
qazandırdı. Film Fatih
Akının öz başına gələn bir hadisə üzərində qurulub. Hamburqda bir qız
Fatihə evlənmə
təklifi edir. Bu evlilik yalnız kağız üzərində
olacaqdı. Ailəsindən
yaxa qurtarmaq üçün bu evlilikdən istifadə edən qız daha sonra İstanbula
köçür. Filmdəki
başqa bir detal isə alman sevgilisi tərəfindən
tərk edildikdən sonra intihar edən
türk bir qızın faciəli həyatıdır. Filmdə
baş rollardan birini "Game of Thrones" serialından
sonra daha da məşhurlaşan Sibel Kekilli
canlandırır.
Akının ən böyük
uğuru isə 2018-ci
ildə "Ən yaxşı xarici film"
nominasiyasında qazandığı
"Qızıl Qlobus"
mükafatı oldu. Bu
mükafat kino cameəsinda
"Oskar"ın xəbərçisi
adlanır. Fatih Akın bu mükafatı
"Paramparça" filmi ilə qazandı. Filmin final səhnəsi gözlənilməzdi. İzləyicini
ekrana həyəcanla bağlamağı bacaran filmin mövzusu irqçilik, sosial ədalətsizlikdir. Filmin
verdiyi mesaj isə budur: "Bəzən həyatımız
bahasına da olsa, ədaləti bərpa etmək bizim missiyamızdır". Ancaq
"Ədalət nədir?",
"Ədaləti bərpa
etmək nəyin həllidir?" sualları
da beynimizi qurcalayır.
"Paramparça" Fatih
Akın kinematoqrafiyasının
zirvəsidir.
2007-ci ildə Fatih Akın Kann Film Festivalında "Yaşamın
kıyısında" filmi ilə "Ən yaxşı ssenari" mükafatını qazanır.
Bu uğur da onu Avropada tanıdır. Ümumiyyətlə, bu filmin qazandığı mükafatları saymaqla bitməz. "Yaşamın
kıyısında" solçuların
bürokratiya ilə mübarizəsinin, parçalanmış
həyatların, həbsxana
və zirzəmilərə
həbs olunmuş talelərin filmidir. Akın alman nazilərin türk mühacirlərə
münasibətinin, xristian-müsəlman
davalarının mərkəzi
olan Hamburqun qaçqınlarla dolu məhəllələrini bu
filmində də göstərir.
Qara yumor, şiddət, əsl qan və
vəhşilik filmlərdə
bədii həllini tapdığı üçün
tamaşaçını hürkütmür.
Məhz qanla rəftarı Akını
bir az da Trierə bənzədir desək, yanılmarıq.
Həddən ziyadə bədbinlik
sənət müstəvisində
zövqsüzlük göstəricisidir.
Məsələn, ədəbiyyatda
Dostoyevski sindromu elə zövqsüzlüyün
sindromudur. Bütün
obrazların bir-birinə
bənzədiyi, eyni cür danışan və bütün günü həyatın qaranlıq tərəfləri
ilə oxucunu məşğul edən saysız-hesabsız mətnlər.
Film cameəsinda da bu cür zövqsüzlüklər
var. Məsələn, Akının
həmyerlisi Zeki Demirkubuzun
bəs qədər sosial mesajları bəzən bizi yorur. Bəli, sənət həm də bu mövzular
üçün tribunadır,
ancaq əsl mahiyyətindən uzaqlaşdıqca
yükə çevrilən
əzabı xatırladır.
Fatih Akın bu zövqsüzlükdən
özünü qorumağı
bacaran rejissordur. "İm Juli" və "Soul Kitchen" filmlərinin
xoşbəxt sonluqları,
zarafatları, macəra
və komediya janrlarının montajı
Fatih Akın yumorunun ən gözəl isbatıdır.
Hər iki film də festivallarda rejissora böyük uğurlar qazandırıb.
Avropada uğur qazanan bütün türk sənətçilər kimi
Fatih Akın da manşetlərdə mühakimə
olundu. Orhan Pamukun Nobel
mükafatını almasından
sonra bu adət bir az
da tündləşdi Türkiyədə.
Filmlərində türkiyəli
qaçqınların həyatını
çəkdiyi üçün
Avropaya yarındığını
deyən jurnalistlər
Akını mənfi situasiyalarla bir neçə dəfə gündəmə gətirməyi
bacarmışdılar. Bütün
bu söz-söhbətlərdən
sonra o da "Sinema: benim
memleketim" kitabını
yazır. Və çəkdiklərinin alt qatında
olan real hadisələri
qələmə alır.
Filmlərini kədər və
ironiya ilə bəsləyən, qaranlıq
küçələrin, alman xarakterinin dərinliyində
baş verənləri
çəkən, bəzən
güldürən, bəzən
hüdudsuz bir tərəddüdə boğan,
bəzən cavabını
illərdir axtardığımız,
bəlkə də unutduğumuzu hesab etdiyimiz sualları bizə yenidən verən, əsl mahiyyətimizin qayəsindəki
vəhşiliyi üzümüzə
vuran, şəhərlərin
ruhunu sadə insanların günahları
ilə aydınladan, bağışlanmağı arzulayanların
hiddətini, əsəbini
mavi ekrana çəkib gətirən
Fatih Akın hazırda türk və alman sinematoqrafiyasının
ən parlaq nümayəndəsidir. Və
onun haqqında nə qədər şayiələr yazılsa
da, türklər onu nə qədər almanlara qısqansa da, üstünə nə qədər "xəyanətkar"
damğası vurmaq istəsələr də,
bu, onun əsl sənətkar olduğu, kamera ilə səliqəsiz, sahmansız həyatları
mükəmməl estetika
ilə izləməsi
gerçəyini dəyişməyəcək.
Rəvan CAVİD
525-ci qəzet.-
2023.- 26 avqust.- S.16.