Liderlərin tanıdığı
azərbaycanlı alim
Bu gün dünyanın nüfuzlu elm ocaqlarında,
təhsil mərkəzlərində,
aparıcı şirkətlərdə
bir sıra azərbaycanlı alimlər,
mütəxəssislər çalışır,
yaşadıqları ölkələrin
elminə və mədəniyyətinə xidmət
göstərir, eyni zamanda, Azərbaycan həqiqətlərini təbliğ
edir, ümummilli məsələlərdə birlik
və həmrəylik
nümayiş etdirirlər.
Belə ziya sahiblərindən biri də Ankarada iştirakçısı olduğum
tədbirlərdə nüfuzu,
davranışı, milli məfkurə
ilə zəngin çıxışları, vətən
sevgisi, türk sevdalı olması və çox maraqlı ömür yolu ilə diqqətimi
cəlb edən həmyerlimiz, müdafiə
sənayesi üzrə
tanınmış mütəxəssis
- Ankara şəhərindəki Bilkənd Universiteti Nanotexnologiya Araşdırma
Mərkəzinin baş
elmi işçisi, Türkiyə Azərbaycan
Dostluq Əməkdaşlıq
və Həmrəylik
Xeyriyyə Cəmiyyətinin
Qəyyumlar Şurasının
üzvü, fizika-riyaziyyat
elmləri doktoru, Azərbaycan Respublikasının
Dövlət Mükafatı
laureatı, Əməkdar
elm xadimi, professor Əmirulla
Məmmədovdur.
Bu böyük zəka sahibinin yola saldığı onillikləri
zaman-zaman öyrəndikcə, əminliklə bu qənaətə gəldim
ki, o, şərəfli ömrünün
bütün dönəmlərində
özünü, şəxsi
mənafeyini deyil, xalqının, millətinin
gələcəyini, türk
dünyasının tərəqqisini
düşünüb. Milli səviyyədə elmin rolunu yüksəltməklə
yanaşı, elmin cəmiyyətin inkişafına
təsirinin artmasına
dəyərli töhfələr
verib, dünyanın müxtəlif ölkələrində
vətəni Azərbaycanın
adına başucalığı
gətirib.
1946-cı
ildə anadan olan Əmirulla Məmmədov 1953-cü ildə
Bakı şəhərindəki
44 saylı məktəbə
qəbul olub. O, hələ orta məktəb illərindən
əla qiymətlərlə
oxuması, yuxarı sinif, hətta ali məktəb proqramı üzrə məsələləri həll
etməsi, intizamlı
davranışı ilə
diqqəti cəlb edib, parlaq gələcəyinə
ümidlər bəslənilib.
Əmirullanın təhsildə
müvəffəqiyyəti, riyaziyyat, fizika, kimya kimi dəqiq
fənlərin öyrənməsindəki
uğurları nümunə
göstərilib. O, orta
təhsilini 1963-cü ildə
57 saylı fəhlə-gənclər
məktəbində başa
vurub. Bu məktəbdə
oxuyarkən gündüz
maşınqayırma zavodunda
tornacı şagirdi və sonra isə
tornacı kimi əmək fəaliyyətinə
başlayıb.
Əmirulla humanitar fənlərə
də laqeyd olmayıb, hələ orta məktəb illərindən ictimai-siyasi
prosesləri izləyib.
Tək uşaq nəşrlərinin deyil,
"İzvestiya", "Kommunist",
"Vışka" və
s. kimi nüfuzlu qəzetlərin də oxucusu olub. Hələ
orta məktəbin aşağı siniflərindən
L.Tolstoyun, F.Dostoyevskinin, A.Puşkinin
əsərlərini mütaliə
edib. Onun orta məktəb illəri Stalinin ölümü ilə əlaqədar mürəkkəb
və keşməkeşli
dövrə təsadüf
etsə də, Əmirullanın hələ
gənc yaşlarından
aydın və məqsədyönlü düşüncəsi,
saf mənəviyyatı
onun işıqlı gələcəyinə uğurlu
yollar açıb.
1963-cü
ildə Əmirulla Məmmədov Azərbaycan
Dövlət Universitetinin
(indiki BDU) fizika fakültəsinə qəbul
olunub. Ali təhsil aldıqdan sonra əsgəri borcunu yerinə yetirən gənc Əmirulla Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin "Yarımkeçiricilər
fizikası problemi"
elmi-tədqiqat laboratoriyasında
işləməyə başlayıb.
Burada o, yeganə əməkdaş idi ki, xüsusilə məxfi və dövlət üçün strateji əhəmiyyət daşıyan
məlumatları oxumaq
hüququna malik olub.
Əmirulla Məmmədov 1974-cü ildə SSRİ Elmlər Akademiyasının Leninqrad
şəhərindəki (indiki
Sankt-Peterburq) Fizika-Texnika
İnstitutunun "Bərk
cisimlər fizikası"
üzrə ixtisaslaşdırılmış
elmi şurasında
"Seqnetoelektrik materialların
optiki və elektrooptiki xüsusiyyətləri"
mövzusunda namizədlik
dissertasiyası müdafiə
edib.
1970-ci illərdə Əmirulla Məmmədov elmi fəaliyyəti ilə bağlı Leninqrad və Rostov şəhərlərində
ezamiyyətdə olarkən,
o, amerikalı mütəxəssislərin
diqqətini cəlb edib. Azərbaycanlı alimin elmi potensialı
elə bir maraq doğurub ki, onun haqqında ABŞ prezidenti C.Forda
ətraflı məlumat
verilib, müdafiə sənayesi üzrə məhsuldar bir alim kimi tanınan Əmirulla Məmmədovun
Amerikaya gəlməsinin
vacibliyi vurğulanıb.
Qaldırılan məsələnin
əhəmiyyətinin dərk
edən ABŞ prezidenti
C.Ford Moskvada
olarkən rəsmi məktubla SSRİ-nin rəhbəri L.İ.Brejnevdən
şəxsən xahiş
edib ki, Əmirulla Məmmədovun onun ölkəsinə ezam olunması təmin edilsin. L.İ.Brejnev
isə məsələnin
müsbət həll olunması üçün
tapşırıq verib.
Müvafiq sənədlərin
hazırlanması ilə
bağlı bir neçə ildən sonra Əmirulla Məmmədovun Amerika səfəri
reallaşıb.
1978-1979-cu
illərdə ABŞ-ın
Nebraska, Viskonsin, Stənford
universitetlərində elmi
ezamiyyətdə olan Əmirulla Məmmədov
ABŞ-ın atom enerjisi
üzrə komissiyasının
rəhbəri D.Linç, ABŞ Hərbi
Dəniz Donanmasının
Sualtı Silah Araşdırmaları Mərkəzinin
Maykelson laboratoriyasının
rəhbəri V.Ren və digər nəhəng elm adamları
ilə görüşüb.
Qapalı müəssisələrdə
olması Əmirulla Məmmədovun elmi dünyagörüşünü daha da zənginləşdirib.
O, burada son dərəcə
önəmli elmi araşdırmalar aparmağa
nail olub. ABŞ-da olarkən
yalnız elmə xidmət etməyi, siyasi yetkinliyi sayəsində Əmirulla
Məmmədovda onu daim nəzarətdə saxlayan SSRİ DTK, ABŞ MKİ heç bir "qüsur" aşkar edə bilməyib.
ABŞ-dan
qayıtdıqdan sonra
dosent Əmirulla Məmmədov Azərbaycan
Dövlət Universitetinin
fizika fakültəsinin
elmi-tədqiqat laboratoriyasında
fəaliyyətini davam
etdirib və çox keçməmiş
- 1980-ci ildə Yaponiyanın
Kyuto Universiteti və Tsukubo "Faton" fabrikindən dəvət alıb və bu müəssisələrdə
çalışıb. Əmirulla
Məmmədov Yaponiyada
da bilik səviyyəsi,
bacarığı, geniş
dünyagörüşü, zəhmətsevərliyi, seçdiyi
sahəyə böyük
məhəbbəti ilə
diqqəti cəlb edib.
1982-ci ildə doktorluq dissertasiyası hazır olsa da, Əmirulla Məmmədov bir sıra bürokratik əngəllərə məruz
qaldığından, dissertasiyasının
müdafiəsi ləngiyib.
Bir an mübarizədən çəkilməyərək,
yüksək dözüm,
əzm və mətanət nümayiş
etdirərək, az qala SSRİ-nin ən böyük şəhərlərini dolaşdıqdan
sonra nəhayət ki,
1988-ci ildə Riqa Universitetinin ixtisaslaşdırılmış
şurasında yeganə
azərbaycanlı olaraq
optika ixtisası üzrə dünya elminə bəhrələr
verərək Azərbaycan
elminin növbəti qələbəsinin təcəssümü
olaraq müvəffəqiyyətlə
doktorluq dissertasiyasını
müdafiə edib.
1988-ci ildə Azərbaycan SSR-in
elm sahəsində Dövlət
mükafatına layiq görülən Əmirulla
Məmmədov 1989-cu ildə
professor elmi adını
alıb və
1990-cı ildə İtaliyanın
"La Sapiyenze" Universitetində
mühazirələr oxumağa
dəvət olunub. Buradan isə "Türk Dünyası Araşdırmalar Vəqfi"nin
rəhbəri, professor Turan
Yazqan tərəfindən
Türkiyəyə dəvət
alıb. Beləliklə,
1991-ci ildən Əmirulla
Məmmədov həyatını
qardaş Türkiyəyə
bağlayıb. Öncə
Adana şəhərindəki Çukuroba Universitetində
əmək fəaliyyətini,
elmi axtarışlarını
davam etdirib. Adanada fəaliyyət göstərdiyi illərdə
Əmirulla Məmmədov
"Türk Dünyası
Araşdırmalar Vəqfi"ndə
Türkiyənin rəhbər
simaları olmuş Süleyman Dəmirəl, Turqut Özal, Nəcməddin Ərbakanla
tələbə yoldaşı
olmuş, çox geniş çevrəyə
malik Turqut Öztaçkın
ilə tanış olub.
Əmirulla Məmmədovun elmi
potensialını yüksək
qiymətləndirən Turqut
Öztaçkın azərbaycanlı
alim haqqında o zamankı
prezident Turqut Özalı məlumatlandırıb.
Hərbi sənaye kompleksində əhəmiyyətli
araşdırmaları olan
Əmirulla Məmmədovdan
istifadə etməyin məqsədəuyğun olmasını
bildirib. Həmin məktubdan sonra Əmirulla Məmmədov Türkiyənin hərbi-sənaye
kompleksində aparıcı
şirkətlərdən biri
olan "Aselsan"a ezam olunub,
oxuduğu mühazirələrlə
diqqəti cəlb edib. Çox keçməmiş Əmirulla
Məmmədov "Aselsan"a
işə dəvət
alıb. Xarici vətəndaşların ikinci
bir yerdə işləməsinə Türkiyə
qanunvericiliyində məhdudiyyət
olmasına baxmayaraq, Türkiyənin o zamankı
Baş naziri Süleyman Dəmirəlin
imzaladığı xüsusi
qərarla Əmirulla Məmmədov "Aselsan"da
gecə görmə sistemləri, istiliyə həssas kameralar, onların təkmilləşdirilməsi
və s. ilə bağlı elmi məsləhətçi kimi
əmək fəaliyyətinə
başlayıb.
1992-ci ilin oktyabrında Azərbaycanın Prezidenti
Ə.Elçibəy Ankarada rəsmi səfərdə olarkən
"Aselsan"ın əməkdaşı
Əmirulla Məmmədovla
görüşüb.
Bir sıra alimlərin yetişməsində gərgin
əməyi olan Əmirulla Məmmədov
2011-ci ildə Çukuroba
Universitetindən təqaüdə
çıxıb və
Ankara şəhərindəki Bilkənd Universiteti Nanotexnologiya Araşdırma
Mərkəzində işləməyə
dəvət olunub və bu gün
də orada elmi fəaliyyətini uğurla davam etdirir.
Dövlət mükafatı laureatı,
Əməkdar elm xadimi,
professor Əmirulla Məmmədov
Türkiyə Prezidenti
yanında Təhlükəsizlik
və Xarici Siyasət Şurasının
üzvü, professor Aygün
Attarın rəhbərlik
etdiyi Türkiyə-Azərbaycan
Dostluq, Əməkdaşlıq
və Həmrəylik
Fondunun üzvü olaraq onilliklərdir ki, Türkiyədəkı Azərbaycan
diasporu ilə fəal iş aparır. O, xalqımızın
zəngin mədəni
irsinin təbliği, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması, müxtəlif ölkələrin
ictimai və siyasi dairələri ilə əlaqələrin
yaradılması istiqamətində
yorulmadan çalışır.
44 günlük Vətən müharibəsi başlayan
gündən etibarən
Azərbaycanda və xaricdə yaşayan bütün həmvətənlərimiz
kimi Əmirulla Məmmədov da Vətənindən
gələn ən kiçik qələbə
xəbərlərinə belə,
nəhayət, müzəffər
ordumuzun böyük qələbəsinə uşaq
kimi sevinib. Rayon, kənd və qəsəbələrimizin azad
olunması qəlbindəki
qüruru, inamı daha da gücləndirib.
Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə
elm, mədəniyyət, incəsənət
və jurnalistika sahəsindəki nailiyyətlərinə,
Azərbaycan diasporunun
inkişafındakı xidmətlərinə
görə Əmirulla
Məmmədov 2016-cı ildə
"Əməkdar elm xadimi"
fəxri adına layiq görülüb.
2022-ci ildə isə Bilkənt Universitetinin professoru Əmirulla Məmmədov xalqlar arasında dostluğun möhkəmləndirilməsi və
Azərbaycan diasporunun
inkişafı sahəsində
xidmətlərinə görə
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə "Dostluq"
ordeni ilə təltif olunub. Dünya Azərbaycanlıları
V Qurultayının iştirakçısı
olan professor Azərbaycan
Respublikası Prezidenti
İlham Əliyev tərəfindən
"Dostluq" ordeni ilə təltif olunmasını böyük
şərəfə layiq
görülmək kimi
qiymətləndirib. Əmirulla
Məmmədov ordenin məhz Şuşa şəhərində təqdim
olunmasına yüksək
dəyər verib.
Fundamental
xarakterli tədqiqatlarları,
prinsipiallığı, işgüzarlığı,
insani keyfiyyətləri
və siyasi mövqeyinə görə
böyük nüfuza
malik, Azərbaycanın adına
daim şərəf gətirmiş professor Əmirulla
Məmmədova ömrünün
müdrik çağında
daha yüksək zirvələri fəth etməyi arzulayırıq.
Hikmət
XUDİYEV (CƏMİLZADƏ),
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə
doktoru, istefada olan polkovnik
525-ci qəzet.-
2023.- 26 avqust.- S.13.