Baş üstə!  

 

Esse

 

Heç vaxt bacarmayacağım, yaxud vaxtında icra edə bilməyəcəyim işə görə söz vermərəm. Bəzən icra edə biləcəyimi bilsəm belə, maneələri nəzərə alıb "mütləq edəcəyəm" yox, "çalışacağam ki, olsun" deyirəm. Evdə , işdə bu xarakterim dəyişməzdir. Məsələn, mən bilirəm ki, bu gün iki tədbirdə iştirak etməliyəm, ondan sonra bir videoreportaj hazırlanacaq, üstəgəl, qəzet çapa gedəcək. Evdən çıxanda qızım axşam onlara pizza hazırlayıb-hazırlamayacağımı (məhz mənim hazırladığımı istəyirlər) soruşanda "yox" deyirəm. Bilirəm ki, bu qədər işdən sonra gəlib bunu edə bilməyəcəyəm. Təbii ki, inciyir, küsür, amma mən ona yalan vəd vermirəm. Nəticədə "axşam sizi gəzməyə aparacağam" deyib evə yorğun gəldiyi üçün apara bilməyən atanın onları daha çox istədiyini düşünürlər. Nədən ki, ata onların  istəklərinə "yox" deməyib. Apara bilməsə belə, onlara etiraz etməyib. Amma mən həmişə bunun əlehinə olmuşam. Çünki özüm eyni yolu keçmişəm. Bizdə əksinə, anam ümid verən, atam reallığı göstərən idi. Anamın ümidləri məni yaşamağa həvəsləndiribsə, atamın reallıqları yaşamağı öyrədib.

Amma doğrusu, mənən rahat olsam da, ümumilikdə çox vaxt həqiqətin məhz acı tərəfini dadıram. İş həyatımda da ta illər əvvəldən məni həmişə dikdanışan, tapşırığın qarşısında söz çevirən biri kimi qiymətləndiriblər. Məsələn, hansısa müdirim, rəhbərim mənim səlahiyyətlərimdən, potensialımdan,  fiziki gücümdən, yaxud texniki təchizatımdan artıq tələb edəndə eyni vaxtda mənimlə bərabər, həmin tapşırığı alan şəxslər "baş üstə" deyib, mən isə bunun filan çətinliklərinin olduğunu söyləmişəm. İşi görəcəyimizi, amma ən azından onun istədiyi formada, istədiyi vaxtda olmayacağını da diqqətə çatdırmışam. Əlbəttə ki, həmin "baş üstə" deyənlər "göz işığı" olub, mən yenə "dikbaşlıq edən" kimi dəyərləndirilmişəm. Amma yazıq ki, "baş üstə" deyənlər sonradan öz aralarında bu işin mümkünsüzlüyünü dilə gətirərək öz işlərinin ardınca gediblər. həmin işin həllinə çalışan elə mən olmuşam. Çətinliklə nəticə əldə etsəm belə, dəyərini, "sağol"unu başqaları alıb.  Nədən ki, "baş üstə" deməmişəm.  Ağcabədililər demiş, ay toooba, heç bugünədək kimdənsə  "sağol" umacağım da olmayıb ha! Sözümün canı başqadır.

Fikrimi dəqiqləşdirmək üçün qoy bir misal da çəkim. Deməli, bir yoldaş var. Heç vaxt, heç kimə, heç bir işdə yox demir. Məsələn, uzaq bir rayondadır, Ağcabədidən kimsə zəng vurur ki, bəs filan işlə bağlı danışmışdıq, indi görüşə bilərikmi? Hələ indi yola çıxmağa hazırlaşan həmin yoldaşın cavabı bu olur: ", sən öl,  5 dəqiqəyə ordayam..." Sonra təkrar-təkrar zəng gəldikcə hər dəfə bir bəhanə uydurur: "Maşın xarab olmuşdu", "Uşağın vəziyyəti pisləşdi deyə qayıtdım" s. Beləcə, hamıya "baş üstə" deyə-deyə heç bir işi vaxtında görmür. Amma hamı onun xətrini istəyir. Çünki "yox, bacarmaram", "mümkün deyil" kimi ifadələr ona yaddır. Ən çox işlətdiyi kəlmələr "baş üstə", "oldu",  "bu dəqiqə"dir. Həmişə bir yerdə olanda onu danlayıram. Edə bilməyəcəyin, yaxud vaxtında çatdırmayacağın işə "" demə, insanları aldatma! - deyirəm. O isə yenə öz bildiyindədir.

 

Bu yaxınlarda ikimiz eyni maşında

kəndlərdən birindəki toplantıya gedirdik. Yolüstü başqa bir yoldaşı da götürəcəkdik. Toplantının təşkilatçılarından biri həmin yoldaşa zəng vurdu:

 

- Hardasınız?

O, adəti üzrə şirin dillə dedi:

- Çatırıq, çatırıq, filankəs müəllim!    

Özümü saxlaya bilməyib əsəbi şəkildə dedim:

- Niyə aldadırsınız? Biz ki hələ filan kənddəyik...

 

Deyəsən, telefonla danışan təşkilatçı bunu eşitdi. İki dəqiqə keçməmiş mənə zəng vurdu. Harada olduğumuzu soruşdu. Bildirdim ki, filan kənddəyik, filan yoldaşı götürüb gəlirik... O, tez gəlməli olduğumuzu bildirdi, maşını sürətlə sürməyimizi istədi. Mən "mümkün olan sürət nədirsə, onu sürürük, çatacağıq", dedim. Boy, qadan alım, telefon susmaq bilmədi. Sağollaşandan dəqiqə yarım keçməmiş zəng gəlir, eyni sual verilir, sürətlə sürməyimiz tələb olunurdu. Artıq əsəblərim göydə oynamağa başladı. Qarşı tərəfə təkrar-təkrar eyni cavab verməli olduğum üçün hər dəfə daha gərgin formada izah etməyə çalışıram ki, sizə lazımdır, deyirəm ki, çatacağıq, mümkün sürət nədirsə, sürücü onu sürür...  Ardınca digər təşkilatçıların zəngləri gəlməyə başladı. Mən hamısına doğru-dürüst cavab verib, onlardan da danlaq formalı cavablar alıram. Bu arada həmişə yalan vədlər verən yoldaşımın xısın-xısın güldüyü gözümdən qaçmadı. "Sən necə haqlıymışsan", - dedim. daha bir zəng gəldi. Səsimin tonunu aşağı salıb nəzakətlə, kübarcasına cavab verdim:

- Bəli, filankəs müəllim, bəli, bəli, artıq binanın qarşısına çatırıq... Ayy, yox, narahat olmayın... İkinci mərtəbəyə çıxaq? , oldu, baş üstə!

Telefon zəngləri bununla da dayandı. Biz isə hələ 10 dəqiqə yol gedəcəkdik. Toplantı keçiriləcək binaya çatanda da heç kim soruşmadı ki, bəs 10 dəqiqədir haradasınız?

Toplantı başladı bitdi, geri qayıtdıq. Yolboyu öz-özümə suallar verməyə başladım: Niyə ? Axı niyə? İnsanlar doğrunu niyə həzm edə bilmirlər? Niyə həqiqəti demədiyini bilə-bilə məhz o yalandanışanları qəbul edirlər?

Bu vaxt əlimdəki telefonda, daha doğrusu, izlədiyim sosial şəbəkədə ürəyimi oxuyurmuş kimi bir rəvayət çıxdı rastıma. Əvvəllər oxumuşdum onu. Amma indiki kimi ciddiyə almamışdım. Bilirəm, çox uzunçuluq edirəm, amma qoy azacıq vaxtınızı alıb onu da yazım. Yazım ki, sizə dərs olsun...

Demək həmin rəvayətdə söylənir ki, üç kişi gilyotin vasitəsi ilə edama məhkum edilibmiş. Bunlardan biri keşiş, biri hakim, digəri fizika alimi imiş. Edam meydanına birinci keşişi çıxarırlar. Məhkumun başını gilyotininin baltasının altına yerləşdirəndən sonra cəllad rahibdən "son sözün varmı?" deyə soruşur. Rahib, deyir:

- Mən Allaha inanıram. O, məni mütləq qurtaracaq! Allah! Allah!  Allah!

Cəllad gilyotini endirir. Amma möcüzə baş verir. Məhkumun boynuna 2-3 santimetr qalmış gilyotin dayanar. Edamı izləyənlər heyrətlə bağırmağa başlayırlar :

- Onu azad edin! "Allah" sözünü söylədi, Allah onu bağışladı!

Beləcə keşiş edamdan qurtulur.

Daha sonra hakimi edam masasına gətirirlər. O, da son sözünü söyləyir:

- Mən keşiş qədər Allaha inanan biri olmasam da, haqqa, ədalətə güvənirəm! Ədalət! Ədalət! Ədalət!

Cəllad yenə gilyotini endirir, amma təkrarən yuxarıdakı möcüzə yaşanır.

Meydanda edamı izləyən toplu yenədən bağırmağa başlayır:

- Haqq-ədalət öz yerini tapdı. O, günahsızdır, onu sərbəst buraxın!

Beləcə hakim ölümün cəngindən canını qurtarır.

Nəhayət sıra fizika aliminə gəlir. Alim son söz söyləmək vaxtında deyir:

- Mən Allaha inanan keşiş, ədalətə güvənən hakiməm. Mən fizikəm. Bildiyim tək şey budur ki, o gilyotinin ipində bir düyün var. O düyün baltanın sonadək enməsinə əngəl olur...

Edam alətini yoxlayıb alimin dediyinin gerçək olduğunu görürlər. İpdəki düyünü açırlar dəzgah işə salınan kimi fizika aliminin başı bədənindən ayrılır...

Həə, bu rəvayəti oxuyub qol-qanadım sınmış şəkildə həmin yoldaşıma səsləndim:

- Mən bugünədək sizə tutduğum iradlara görə üzr istəyirəm. Siz çox uzaqgörən insansınız. Mən bugündən sonra kim desə, bircə cavab verəcəyəm: BAŞ ÜSTƏ!

Yazını belə uzatmaqda məqsədim elə bu "sehrli" sözün qüdrətini sizlərə çatdırmaq idi. Əsəblərinizin sakit, üzünüzün gülər, canınızın sağlam, qiymətinizin əla olmasını, işlərinizin yağ kimi getməsini, hamı tərəfindən sevilməyinizi istəyirsinizsə, heç bir əziyyət çəkmədən buna nail ola bilərsiniz. Sizin xilaskarınız yalnız bir kəlmədir: BAŞ ÜSTƏ! Bununla da yuxarıda qeyd etdiklərimin hamısına nail olursunuz!

, deyirsiniz çox çərənləməyim, burda dayanım, ? deyirəm ki? BAŞ ÜSTƏ!

 

Məhsəti MUSA

525-ci qəzet.- 2023.- 30 avqust.- S.13.