"Doğma
Ağdamımıza qayıdışın
addım səslərini
eşidirəm"
SALMAN ALIOĞLU: "TORPAQLARIMIZIN
İŞĞALDAN AZAD OLUNMASI, ÖLKƏMİZİN
ƏRAZİ BÜTÖVLÜYÜNÜN BƏRPASI HƏR
BİRİMİZİN QÜRUR
MƏNBƏYİMİZDİR"
"Hər sübh çağı yuxudan durub həyətə çıxanda üzü
Həsənküçey dağına
sarı dayanıb sakit axan Xaçınçayın
həzin şırıltısına
qulaq kəsilərdim.
Bu sirli-sehrli ovqatla xəyalımda qurduğum
dünyanın hüzurunu
yalnız mal-davarı
örüşə ötürən
qonum-qonşunun hayı-harayı
pozardı... Onda mən arzuları sərhəd tanımayan bir yeniyetmə, Əlağalı kənd orta məktəbinin əlaçı şagirdi
idim.
On illər keçəcəkdi
və Şahbulaq dağından baxıb Həsənküçeyin də,
Xaçının da, Əlağalının
da güllə, partlayış
səsindən titrədiyini
görəcək, o yerlərin
düşmən əlində
inildədiyini eşidəcəkdim...
Onda mən artıq "Qarabağ"
qəzetinin şöbə
müdiri kimi jurnalist fəaliyyətimi davam etdirir, həmyerlilərimin, anam Qarabağın ağrı-acılarından
yazırdım.
İndi isə iyirmi səkkiz illik işğala son qoyan müzəffər ordumuzun
qələbəsindən sonra
dağlar qoynunda yerləşən kəndimizə,
doğma Ağdamımıza
qayıdışın addım
səslərini eşidirəm.
Hər saat, hər gün daha da artan, güclənən bu addımların yenidən
qurulan Xaçın dəryaçasından, Əlağalıya
gedən yollardan, hər qarışı erməni pisliklərindən
təmizlənərək dirçəldilən
müqəddəs torpağımızdan
xoş sədalarını
"Respublika" qəzetinin səhifələrinə çatdırıram.
Böyük Qayıdışın
məni də 68 il əvvəl doğulduğum
kəndə, ömrümün
ən əziz günlərini yaşadığım
Ağdama - "dünyanın
ən varlı şəhəri"nə qovuşduracağına
əminəm..."
Bu, müsahibəyə proloq kimi Salmanın - tanınmış jurnalist,
"Respublika" qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri, Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Salman Alıoğlunun söylədiyi
monoloqdur. Ahıllığın
yeni başlayan vədəsində
daha təmkinli, səbirli görünsə
də, indiyədək
yaşadıqlarının qısa xülasəsini, cavanlığında olduğu
kimi, çılğın
səsi, iti baxışları ifadə
edir. Əslində, onun danışmağa, deməyə sözü çoxdur və bunların böyük bir qismini əməkdaşı
olduğu mətbu orqanlarda, nəşr etdirdiyi kitablarda geniş ictimaiyyətə
çatdırır. Amma yenə
də sinəsi "sirlər xəzinəsi"dir
və bəzən publisistik, bəzən də bədii yaradıcılığı vasitəsilə
bu xəzinədən
oxucularına pay ayırır.
- Salman müəllim, Həsənküçey
dağının adı
hardan gəlir?.. Bax, bu
dəqiqə "ququl"da
axtarış verirəm,
belə toponim aşkara çıxmır
axı...
- "Ququl" bizim camaatın hansı dağa nə ad qoyduğunu hardan bilsin? Daha diqqətlə axtarsan, Türkiyə ərazisində Böyük
və Kiçik Hasan dağı adında iki toponimə rast gələrsən. Biz
köçəri türk
tayfasıyıq - kolanıyıq,
təkcə təsərrüfatımızı,
məişətimizi, adət-ənənələrimizi
deyil, adlarımızı
da eldən-elə köçürmüşük.
Bizim Əlağalının
da yerləşdiyi, yeddi
para kənddən ibarət
dağlıq ərazini
Ağdamda hamı Kolanı dərəsi kimi tanıyır. İkincisi də, bu ərazidə tarixi Ağvan-Xaçın
knyazlığı mövcud
olub və onun başçısı
Həsən Cəlalın
adının coğrafi
məkanlarda yaşadılması
da istisna edilmir.
- Erməni mənbələrində
kolanılar "qəddar,
qaniçən, çiynində
silah, belində xəncər" təsvir
edilirlər. Onların
qoçaqlığı barədə
bizdə el arasında da bəzi fikirlər var...
- Hə... Belə deyirlər ki, "xəncərlə
birlikdə kolanının
çatısı da belində
olur": gündüz
kəmər kimi istifadə edir, gecə malın-heyvanın
buynuzuna bağlayıb
pəyədən çıxarır.
Özü də kolanı kolanının və kasıb-kusubun malına kəm baxmaz! Ömrü boyu! Həm də kolanılar çox humanist olurlar: girdiyi pəyədə iki inək varsa,
onun yalnız birini aparar, digərini yiyəsinə saxlayarlar. Amma bütün
hallarda bu söhbət kolanıların
diribaşlığını, qoçaqlığını, mərdliyini
əks etdirən bir zarafatdır. Yeri gəlmişkən qeyd edim ki, istər
Birinci, istərsə də İkinci Qarabağ müharibələrində
xalqımızın bütün
elatlarının nümayəndələri
kimi kolanılar da böyük şücaət
və qəhrəmanlıqlar
göstəriblər. Mənim
böyük qardaşım
rəhmətlik Telman
da birinci müharibənin
şəhidlərindəndir, Fərrux yüksəkliyi uğrunda döyüşlərin
birində həlak olub. Qohum-əqrabada şəhid olanlar, qazilər çoxdur.
- Əlağalı Ağdamın
ən ucqar kəndidir. Camaatın əsas məşğuliyyəti
təsərrüfatçılıq olsa da, yetərincə ziyalı, tanınmış
şəxsiyyət yetişib
burda...
- Mən də sadə kəndli ailəsinin övladıyam.
Kəndimizdəki orta
məktəbə 5 yaşında
getmişəm. Bilmirəm,
hansı qabiliyyətimə
görə... Qəzetlə
ilk tanışlığım da məktəb yaşlarımda
olub: görünür,
sovxozda işləyən
atam yerli qəzetin abunəçisiymiş
ki, hər həftə
poçtalyon bizim həyətə də qəzet gətirirdi. Kəndin nüfuzlu ziyalılarından sayılan
əmim, rəhmətlik
Alxas müəllimdən
görüb-götürdüklərim isə daha çox
olub. Məktəbdə
sinfin iki əlaçısından biriydim,
digər əlaçımız
isə hazırda Azərbaycan Milli Aerokosmik Agentliyinin baş direktoru, texnika elmləri doktoru, professor Natiq Cavadov idi.
Səkkizinci sinfi bitirdikdən sonra o, təhsilini Bakıda davam etdirdi... Qəzetdə ilk yazım dərc olunanda isə doqquzuncu sinifdə oxuyurdum. Məktəbimiz, müəllimlərimiz
haqqında ürəyimdən
keçənləri yazıb,
zərfə qoydum və "Lenin yolu" adlanan rayon qəzetinə göndərmək üçün
kənd poçtalyonuna
verdim. Bizim ərazidə poçtxana
qonşu Əlimədətli
kəndində idi. Məktublarımızı ora
poçtalyonla göndərdirirdik.
Aradan 10 gün keçmiş qəzetin növbəti nömrəsi
kəndə gəlib çıxdı: 4-cü səhifədə
kiçik mətnin altında imzam vardı. Sevincimi təsəvvür et də...
Sən də, yəqin ki, bunu yaşamısan.
- Hələ qonorar...
- Bir müddət sonra poçtalyon mənə redaksiyanın göndərdiyi
1 manat 50 qəpik qonorarı çatdırdı.
Gündəlik məktəb
xərci 20 qəpik olan şagird üçün az məbləğ deyildi. O
ilk məqalə məktəbdə
mənim hörmətimi
birəbeş artırdı.
Amma məni ən çox qürurlandıran
gözaltı elədiyim,
hələ ürəyimi
aça bilmədiyim qızın baxışları
idi...
- Şeir də yazırdınmı?
- Yox, heç vaxt şeir yazmamışam. Amma şagird
vaxtı hekayə yazmışdım. Adını
da elə "hekayə"
qoymuşdum. Sonra hətta
"hekayə" sözünü
pozub, "povest" yazdım.
- Yəni bədii yaradıcılığa da o vaxtdan
meyilli idin...
- Əlbəttə, mən uşaqlıqdan ədəbiyyat
həvəslisiydim, çoxlu
bədii əsər oxuyurdum, necə deyim, özümü ədəbiyyatda görürdüm.
İlk dərc olunan yazımdan sonra rayon qəzeti ilə əlaqələrim sıxlaşmışdı...
Amma orta məktəbi
bitirəndə kənddə
ailə böyüklərimin
tələbi ilə ali məktəbdə sənədlərimi riyaziyyat
fakültəsinə verdim
və qəbul edilmədiyimə də bir xeyli sevindim.
Qayıdıb sovxozda fəhlə işləməyə
başladım, növbəti
ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil
oldum. Az sonra kənd məktəbində
boşalan kitabxanaçı
vəzifəsinə işə
götürüldüm. Çox
həvəslə işləyirdim.
Kitabxananın xeyli oxucusu vardı. Ən fəallarından biri - Ağdam rayonunun indiki icra hakimiyyəti başçısı Vaqif
Həsənov o vaxt altıncı sinif şagirdi idi.
- Yəqin müəllim olmağa hazırlaşırdın?
- Bəlkə də elə olacaqdı. Amma qardaşım məktəbdə
laborant işləyən
qızla ailə qurdu... Və məktəb direktoru olan əmim "bir ailədən 2 nəfərin eyni yerdə işləməsinin
mümkünsüzlüyü"nü əsas gətirərək,
tutduğum vəzifədən
azad olunmağım barədə ərizəmi
aldı və bununla da pedaqoji sahədən birdəfəlik
uzaqlaşdım.
- Hərbi xidmətə toxunmayaq. Bilirəm ki, sovet əsgəri olmusan və iki il hərbi inşaat batalyonunda serjant rütbəsində
xidmət etmisən...
- Əsgərlikdən yalnız
bir nüans deyim: orda bildim
ki, mənim milliyyətim
türkdür. Qazaxıstandan
xidmətə gəlmiş
məshəti türkü
olan əsgər yoldaşım bunu mənə başa saldı. Sonralar türkçülük, millətçilik
düşüncəmin möhkəmlənməsində
rəhmətlik dostum,
həmkarım Surxay Əlibəylinin təsiri
böyük oldu. O, hələ altmışıncı
illərdə, univeritet
tələbəsiykən milli azadlıq hərəkatının
ilk rüşeymlərinin yaranmasında
iştirak etmişdi...
Qarabağda erməni separatizmi baş qaldıranda, torpaqlarımızın
işğalına hazırlıq
gedəndə isə
milli azadlıq həəkatının
nə qədər vacib və əhəmiyyətli
olduğu bir daha özünü aydın büruzə verdi.
- Bu xatırlatma sənin ömür yolunun zamanca daha böyük
hissəsini yalnız bir neçə kəlməyə sığışdırmaq
məcburiyyəti yaradır.
Bu müsahibə üçün
ayrılmış yer
məhduddur və biz
"təpələrdən yel kimi, dərələrdən
sel kimi" keçməliyik. Beləliklə,
kənddən çıxdın,
Ağdamda rayon mətbəəsində
işləməyə başladın,
rəsmən redaksiyada
çalışmasan da, qısa
müddətdə rayon qəzetinin
ən fəal yazarı kimi tanındın, bir qədər sonra atanın haqsızlıqla
üzləşməsi səbəbindən
ruhdan düşüb
hətta universiteti dördüncü kursdan tərk etdin, sənin yenidən həyata bağlanmağının
səbəbkarlarından biri
və mətbəədə
iş yoldaşın olan Nübar xanımla ailə qurdun, bir oğul,
bir qız atası oldun... Artıq bədii yaradıcılıqda da uğurların
vardı, rayonun ədəbi mühitində
həm hekayənəvis,
həm də ədəbiyyat, teatr tənqidçisi kimi sözünü deyirdin, ictimai-mədəni işlərdə
fəallıq göstərirdin.
Və gəlib çıxdıq 1980-ci illərin
axırlarına...
- Əslində, 80-ci illərdə
Ağdamda bütün
sahələrdə çox
böyük inkişaf,
tərəqqi var idi və mən də gənc bir yazar kimi
bu dinamik prosesə öz yerimi tutmağa çalışırdım. Yerli
qəzetdə və radioda müntəzəm yazılarım, reportajlarım,
müsahibələrin gedirdi,
teatrın ictimai şurasının üzvüydüm,
redaksiyada ədəbi
dərnəyində söz
sahibiydim. Həmin dövrdə Azərbaycan Jurnalistlər İttifaqının
ikillik Jurnalist Sənətkarlığı İnstitutunu
da bitirmişdim.
- Amma bu, sənin ali jurnalist təhsili
almağına da mane olmadı...
- Bəli, univeritetə yenidən qayıtdım, bu dəfə Jurnalistika fakültəsinin
tələbəsi oldum
və oranı 1992-ci ildə müvəffəqiyyətlə
bitirdim. Bir maraqlı nüansı qeyd edim: mən 1986-cı ildə universitetə qəbulda xarici dil kimi - rus
dilindən imtahan vermişdim. Yenə qiyabi təhsil aldım və hesab edirəm ki, jurnalistika daha çox praktik işdi, mətn yaradıcılığı isə,
ilk növbədə, fitri
istedad tələb edir. Onu da deyim
ki, Qarabağ hadisələri
başlananda mənim jurnalistikada xeyli təcrübəm vardı
və mətbəədən
artıq rayon qəzetinin
redaksiyasına keçmişdim.
1990-cı ilin iyulunda
"Qarabağ" qəzeti
nəşrə başlayanda
isə onun publisistika şöbəsinin
müdiri vəzifəsinə
təyinat aldım.
Buna qədərki jurnalist
fəaliyyətimlə bağlı
bir faktı mütləq xatırlamalıyam:
rəhmətlik Surxay Əlibəyli və səninlə birlikdə
"Ağdam" adlı
qeyri-leqal qəzet hazırlayıb 3 nömrəsini
çap etdirdik. 20 Yanvar hadisələrindən
sonraydı... Hətta
Ağdamda komendant saatı tətbiq olunurdu. Antisovet mahiyətli qəzetin iki nömrəsini rayonda yaydıq, üçüncü nömrədən
sovet hərbi komendantlığı xəbər
tutdu və bütün tirajı yandırmalı olduq...
- Hə, bu, milli mətbuatımızın ən
yeni tarixinə düşməli
olan və hələ də düşməyən tarixi
faktır. Mən amma "Qarabağ"ın
səni erməni separatizminin, necə deyərlər, tüğyan
etdiyi yerlərə, müharibə alovlarının
içərisinə apardığını
xatırlayıram. O dövrün
ən yaddaqalan bir epizodunu danışa
bilərsənmi?
- Bu, çox geniş bir mövzudur. İndəyək nəşr
etdirdiyim 5 kitabda o dövrün real mənzərələrini
əks etdirməyə
çalışmışam. Erməni separatizminin qəddar simasını dəfələrlə görmüşəm.
1991-ci il sentyabrın 21-də o vaxt Rusiya prezidenti
Boris Yeltsinin köməkçisi
Gennadi Burbilisin avtomaşın karvanına
qoşulub Xocalıdan
Xankəndinə getdik.
Orada ermənilər karvanı müşayiət
edən jurnalistlərin
arasındakı türkiyəli
müxbiri girov götürdülər, AzTV-nin
əməkdaşı Nadejda
İsmayılovanı döydülər,
bizi - "Qarabağ"ın
əməkdaşlarını isə təhlükəsizlik
işçiləri qaragüruhun
əlindən güclə
ala bildi... Ertəsi gün Rusiya və Qazaxıstan prezidentləri Boris Yeltsin və
Nursultan Nazarbayevin separatçılarla
görüşündə də iştirak etdim. Bu hadisədən sonrakı 5 ay ərzində
ermənilər keçmiş
Dağlıq Qarabağ
ərazisidəki azərbaycanlıları
yaşadıqları bütün
kəndlərdən qovub
çıxardılar, 1992-ci ilin fevralında isə Qaradağlı, sonra Xocalı soyqırımını törətdilər.
- Həmin hadisələrdən
otuz ilə yaxın vaxt keçir: Azərbaycan bu müddətdə gücləndi, qüdrətləndi
və torpaqlarımız
işğaldan azad edildi. İnşallah, 70 illik yubileyini Ağdamda, Əlağalıda
keçirəcəyik...
- Mən şahidəm ki, Qarabağın və ümumən, Azərbaycan
müstəqil dövlətçiliyinin
xilası Ulu öndər
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı nəticəsində
mümkün oldu. Onun ata vəsiyyətini
isə möhtərəm
Prezidentimiz, Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyev
öz ordusu ilə, şəhidlərimizin,
qazilərimizi hünəri
ilə, qətiyyətlə,
cəsarətlə yerinə
yetirdi: torpaqlarımızın
işğaldan azad olunması, ölkəmizin
ərazi bütövlüyünün
bərpası hər birimizin qürur mənbəyimizdir. Hazırda
həmin ərazilərdə
aparılan bərpa-quruculuq
işlərini əməkdaşı
olduğum "Respublika" qəzetində müntəzəm
işıqlandırmaqla öz
peşə və vətəndaşlıq borcumu
yerinə yetirirəm.
Təbii ki, Böyük
Qayıdışla mən
də doğma Ağdama, Əlağalıya
qayıdacağıma çox
ümidliyəm. Sənin
arzuladığın o yubileydə
isə otuz ilə yaxın biz gələn yollara həsrətlə baxmış
Həsən Küçey
dağına söyləcəklərim
olacaq...
Söhbətləşdi:
Elşən ƏLİYEV
"Vətən səsi" qəzetinin baş redaktoru
525-ci
qəzet.- 2023.- 30 avqust.- S.12;13.