"Balaca dilənçi"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas
Əli Hüseyndir. Onunla ispan rəssamı
Bartolome Esteban Murillonun "Balaca dilənçi" əsərindən danışmışıq.
Barokko dövrü realist rəngkarlığının
davamçısı olan
Bartolome Esteban Murillo bu cərəyanın
sonuncu nümayəndəsidir.
O, özündən əvvəlki
mastodon rəssamlarının ən gənci idi.
Bartolome
Esteban Murillo 1617-ci ildə Sevilyada
anadan olub. Murillo Xuan
del Kastilonun tələbəsi
idi. Fransisko de Zurbaranla birlikdə o, ispan Barokko dövrünün
ən böyük dini rəssamı hesab olunur. Murillo digər ispan rəssamları ilə müqayisədə incəlik
və gözəlliyin
ifadəsinə daha çox əhəmiyyət
verirdi. O, 1645-ci ildən
ölümünə qədər
kilsələr, monastırlar
və xüsusilə Sevilya Fransiskan kahinləri tərəfindən
ən çox axtarılan rəssam olub. Fransızların basqınları və
1836-cı ildə Ordenin
əmlakının müsadirə
edilməsi səbəbindən
onun əsərlərini
tam qorumaq mümkün
olmayıb.
- Əli bəy, söhbətimizə əsərin
hekayəsindən başlayaq.
Hekayəmizin qəhrəmanı
kimdir?
- Balaca dilənçi oğlanın bu rəsmi XVII əsr İspaniyasında yoxsul, aşağı təbəqənin
vəziyyətini əks
etdirir. Həmin dövrlərdə holland rəssamlarının
tez-tez təsvir etdikləri aşağı
təbəqə təmsilçilərinin
həyatı zamanla İtaliya və İspaniyaya da yayıldı.
İspaniyada yoxsulluğun
geniş vüsət aldığı, ağır
epidemiyaların yüksək
ölümlərə səbəb
olduğu, uşaqların
yetim qaldığı
bir vaxtda küçədə təkbaşına
dilənçi uşağın
olması qeyri-adi mənzərə deyildi.
Əsərdə uçuq binanın
küncündə çöməlmiş
bir oğlan görünür. Uşağın
köhnə, cırıq
paltarları və çılpaq çirkli ayaqları onun mənsub olduğu sosial təbəqəni ortaya qoyur. Görünür
ki, küncə sıxılmış
uşaq tamaşaçılara
baxmaq əvəzinə
özü nəsə
edir. Tabloya diqqətlə baxanda uşağın öz sinəsindəki bitləri
çıxardığını görürük. Müasir
tamaşaçılar üçün
çox da cəlbedici
olmayan bu mövzu XVI-XVII əsrlərdə
xüsusilə Flamand və Niderland sənət əsərlərində
geniş yer tapmışdı. Övladlarının
başından bit təmizləyən
analar simvolik təmizlənmənin, günahlardan
təmizlənmənin və
analıq məsuliyyətinin
simvolu kimi düşünülür. Əsərdə
dilənçi uşağın
bitini çıxarması
isə uşaqların
məsumluğunun, saflığının
rəmzidir.
- Əsərdə dövrün
izlərini başqa hansı detallarda görə bilərik?
- Murillonun gənc dilənçisinin pis vəziyyəti təkcə
onun içində olduğu mühit və geyimlə üzə çıxmır.
Eyni zamanda, sağdakı krevet qırıntıları və
soldakı səbətdəki
almalar oğlanın
yeni naharının qalıqlarıdır.
Bu qidalar o dövrdə
yoxsul bir insanın əldə edə biləcəyi aşağı səviyyəli
qidalardır.
Tabloda Barokko dövrünün tipik üslubu olan tünd-işıqlı
"xiaroskuronun" təsirlərini
görmək mümkündür.
İtalyan rəssam Karavacconun populyarlaşdırdığı
bu üslub İspaniyada məşhur rəssamlar Velazquez və
Zurbaran tərəfindən də istifadə olundu və Murilloya da dərindən təsir etdi. Görünür ki, əsərdəki
qaranlıq otaq yalnız sol tərəfdən
gələn işıqla
işıqlanır. İşıq
uşağın bədənində,
yerdəki səbətdə
ciddi tünd kölgələr yaradır.
Bu təsir həm də əsərdə teatral-real mühiti gücləndirir. Rəssam
geniş fırça
dartmaları və boya quruduqdan sonra çəkilən
"impasto" (enli və
sıx boya qatları) ilə də əsərdə özünəməxsus üslubunu
ortaya qoyub. Detalları diqqətlə
təsvir edən
Murillo uşağın ayağındakı
kiri və natürmort obyekti kimi istifadə edilən səbəti, almaları, küpü bütün reallıqları
ilə göstərə
bilir.
- Rəssamın müasirləri
də səfalət mövzusuna müraciət
edirdi. Sizcə, Murillonun yanaşması onlardan nə ilə fərqlənirdi?
- Murillonun işini dövrünün aşağı
səviyyəli işlərindən
fərqləndirən ən
mühüm xüsusiyyət
modelin zərif pozası və zahiri təntənəsidir.
Murillonu haqlı olaraq ispan rəssamlığının
"qızıl dövrü"nün
sonuncu ustası adlandırırlar. O, Zurbaran, Velazkes,
Riberanın daha gənc müasiri idi, lakin yaşlı
müasirlərindən fərqli
olaraq, sənətçi
dini səhnələri
İspaniya küçələrinə
köçürsə də,
yenə də obrazların ideal şərhinə
can atırdı. "Balaca
dilənçi" tablosunda
məharətlə seçilmiş
rənglər rəssama
əsərin interyer detallarını naturalistik
dəqiqliklə göstərməyə
imkan verirdi. Onun xüsusi lirizmlə, bəzən də xoş yumorla yazdığı Sevilya yoxsullarına, "balaca dilənçilərə"
həsr etdiyi digər əsərlərində
də obrazların
real təfsiri müşahidə
olunu.
- Əsərin rəng həlli necədir?
- Rəng seçimi zamanı soyuq rənglərə müraciət
edən rəssam işıq və kölgədən o dərəcə
mükəmməl istifadə
edir ki, əsərə
xüsusi bir istilik qatır.
- Əsərin kompozisiyası
haqqında nə deyə bilərsiniz?
- Əsərin kompozisiyası
olduqca dinamikdir. Balaca oğlan obrazı bütün kətanı əhatə etməyib, eyni zamanda tam mərkəzdə
əsas obraz fiquru təsvir edilməyib, lakin burada pəncərədən
zindana düşən
işıq balaca dilənçinin üzərinə
fokuslandığından diqqətini
həmin obraza yönəldir. Bu əsərdə
natürmortla sintezi də görə bilərik, buna uyğun olaraq sol mərkəzdə
səbət, səbətdəki
dağınıq meyvələri
və saxsı sürahini göstərmək
olar. Kompozisiyada rənglərdən düzgün
istifadənin nəticəsində
fiqurda olan ifadəliliyi aydın görə bilirik. Balacanın çöhrəsindəki
məyusluq onun nə dərəcə üzgün olduğunu göstərir. Məharətlə
seçilmiş rənglər
rəssama oğlanın
interyer detallarını
demək olar ki, naturalistik dəqiqliklə
göstərməyə imkan
verir. Açıq qapıdan içəri keçən işıq şüası parlaq bir ləkə kimi izləyicini otağın qaranlığından
qoparır. Rəssam ön plana saxsı küpə, alma olan saman torbası və yerdə uzanmış bir neçə krevetdən ibarət Zurbaran
materialı ilə çəkilmiş natürmortu
yerləşdirib. Bu əsərdə
19-cu əsr realizminin prinsipləri tam gözlənilir.
- Tablo hazırda harada saxlanılır?
- Əsər 1858-ci ildən
Parisin Luvr muzeyində saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsər yarandığı
dövr barədə bizə açıq məlumat verir. Kasıbçılıq, səfalət
o dövrün bəlası
kimi daima rəssamların hədəfində
olub. Tablo neçə bundan əvvəl çəkilsə
də, bu mövzular indi də olduqca aktualdır. Dünyanın
müxtəlif yerlərində,
o cümlədən, bir
sıra Afrika ölkələrində
bu gün minlərlə uşaq və gənc aclıq və səfalət içirisində
yaşayır.
Aytac SAHƏD
525-ci
qəzet.- 2023.- 30 avqust.- S.10.