Laçın Şəhəri Günü
Şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlığı
sayəsində işğaldan
azad edilən dağlar diyarı, gözəlliklər məskəni
Laçın torpağına
həyat qayıdır.
Uca dağların qoynuna sığınan Laçın rayonu öz tarixinin yeni səhifəsini yaşayır. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib.
Saf iqlimi, uca dağları, zəngin meşələri,
mineral suları, yerüstü və yeraltı sərvətləri,
buz kimi bulaqları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı
valeh edir. Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Laçın
həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm
yerlərdən birini tutur. Bir il
bundan əvvəl Laçın rayonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin təməlini qoyduğu infrastruktur layihələrin
icrası artıq başa çatdırılır,
yüzə yaxın ailə Laçına qayıdıb, öz evlərində yaşayırlar.
Avqustun 26-da Laçın
şəhərində - Həkəri
çayının sahilində
ilk dəfə “Laçın Şəhəri
Günü” bayram tədbiri keçirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bayram tədbirində çıxış
etdi, laçınlılara,
bütövlükdə xalqımıza
təbriklərini çatdırdı.
Şəhidlərimiz dərin
ehtiramla yad edildi, qazilərimizin, şanlı ordumuzun qəhrəmanlığı bir
daha məhəbbətlə
vurğulandı.
Cənab Prezidentin
tədbirdə söylədiyi
nitq insanların qəlbində fərəh,
ümid dolu anların yaşanmasına
səbəb olub. Bu torpaqları azad edən, bu torpaqlara yeni
həyat bəxş edən ölkə başçısı deyib:
“İndi isə biz Laçını qurub-yaradırıq. Laçına
keçən ilin sentyabr ayında gələndə şəhərin
mənzərəsi çox
acınacaqlı idi, şəhər demək olar ki, dağılmış
vəziyyətdə idi.
Köhnədən qalan,
işğaldan əvvəlki
dövrə aid olan bir neçə
yöndəmsiz bina mövcud idi. Burada Ermənistan dövləti hərbi cinayət törədərək
qanunsuz məskunlaşma
aparırdı. Xüsusilə
xarici ölkələrdən,
Yaxın Şərqdən
erməniləri buraya
dəvət edib onları bizim, azərbaycanlıların evlərində
yerləşdirmişdi. Bu,
bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq
təşkilatlar, Ermənistanın
havadarları buna göz yumurdular. Bu, onlar üçün
məqbul idi. Çünki Ermənistan
dövləti kimi, Ermənistanın xaricdəki
havadarları da hesab edirdilər ki, bu torpaqlar
əbədi işğal
altında qalmalıdır.
Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci
Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə
Ermənistan rəhbərliyinin
məhsulu deyildi”.
Əlbəttə, Laçının işğala
məruz qalması böyük faciə idi, həm laçınlılar
üçün, həm
bütün Azərbaycan
xalqı üçün.
Ermənistanla keçmiş
Dağlıq Qarabağ
Muxtar Vilayəti arasında coğrafi əlaqə Laçın
vasitəsilə yaradılırdı
və bizim sonrakı itkilərimizin başlanğıcı məhz
Şuşa və Laçının itirilməsi
oldu. Bu anlamda Laçının qurtuluşu antiazərbaycan
qüvvələrin Qarabağla
əlaqədar çirkin
planlarının suya düşürülməsi anlamını
daşıyır. 44 günlük
müharibədə Laçının
xeyli kəndlərini azad edən şanlı ordumuz, nəhayət, Şuşada
bayraq qaldırmaqla düşmənin belini qırdı! Bəlli olduğu kimi, bundan sonra Ermənistan
öz üzərində
öhdəliklər götürdü
və 1 dekabradək Laçın ərazilərini
qismən boşaltdı;
qismən deməyimizsə
onunla bağlıdır
ki, Laçın şəhəri, Zabux və Sus kəndləri
keçmiş “Laçın
dəhlizi” boyunca yerləşdiyi üçün
orada qanunsuz məskunlaşdırılmış ermənilər daha bir müddət köçürülmədi. Azərbaycan
dövləti 44 günlük
müharibədəki iradəsini
bu dəfə diplomatik cəbhədə
nümayiş etdirdi və mümkün sayılmayan işi mümkün qılıb,
alternativ yolun tikintisini başa çatdırdı.
Beləliklə, 26 avqustda Laçın şəhəri, Zabux və Sus kəndlərində
də bayrağımız
qaldırıldı. Laçına
əbədi qayıtdıq.
Qayıtdıq ki, quraq-yaradaq, torpağın
əsl yiyələri
ilə yadellilərin arasındakı kəskin fərqi bir daha dünyaya göstərək! Son bir neçə ay ərzində qurucu, yaradıcı Azərbaycan Laçını
laçın şəhərə
çevirdi!
26 avqust “Laçın
Şəhəri Günü”
böyük coşğu,
qürur və yeni üfüqlərə
qanadlanmalarla bayram edildi. Müzəffər Ali Baş Komandan
50 illik yubileyini Ağcabədidə - Taxtakörpüdə
məskunlaşmış laçınlılarla
keçirdiyini və onlara verdiyi sözü xatırlatdı.
Duyğulu anlardı! Bəli, bir daha təsdiq olundu ki, “Bizim
sözümüz imzamız
qədər keçərlidir!”
“Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar
və artıq burada yaşayırlar. Laçınlılar mayın
28-dən etibarən artıq
buradadırlar. Artıq
1000-ə yaxın Laçın
sakini şəhərdə
məskunlaşmış və
ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni bu ilin
sonuna qədər bir neçə min həm şəhər
sakini, həm kənd sakini Laçında yaşayacaq!”
Avqustun 26-da yalnız
laçınlılar deyil,
ayrı-ayrı bölgələrimizi,
vətəndaş cəmiyyəti
institutlarını, dövlət
orqanlarını, eləcə
də ölkəmizdəki
diplomatik korpusların
təmsilçiləri Laçın
Şəhəri Bayramında
idi. Bəli, “kədər bölüşdükcə
azalır, sevinc bölüşdükcə çoxalır”.
Laçının sevincimizdən
sevinə bilən hər kəsə pay düşdü.
Dövlətimizin başçısının bayram çıxışında dediyi kimi, “Biz öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy-bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır!”
Aybəniz Əliyeva
Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü
525-ci
qəzet.- 2023.- 30 avqust.- S.7.