Dilimizi necə dəyişdirməli...
Naşir Şahbaz Xuduoğlu, "dilimizi Türkiyə türkcəsi ilə dəyişək" fikri
ilə gündəmə
gələndə elə
bir hay-küy yarandı ki, sanki dilimiz dərhal
itəcək. Fikir azadlığı, məsələnin
elmi tərəfi, gələcək nəsillərin
ana dili ilə bağlı problemləri, məktəblərdəki
təhsil sistemi, "Tarqovı"da, bulvarda gəzənlərin az qala yarısının
rusca danışması
bir kənara atıldı və Şahbaz bəyin sözləri təhqirlərlə
cavablandırılmağa başladı.
Hətta
sözlə "şapalaq"
atanlar, onu "satqın elan edənlər" də oldu. Kaş ki bu döyüşkən
ana dili könüllülərini ana
dilimiz məktəblərdə,
küçələrdə, məclislərdə döyülərkən
də görə bilək!
Əvvəla hər hansı
ləhcənin və ya dilin yox
ola bilməyəcəyini bir
neçə misalla göstərmək istərdim.
1850-ci illərdə bütün almanların danışacağı və
təhsil sistemində
istifadə ediləcəyi
rəsmi alman dili müəyyən olundu. Bütün almanların "yüksək alman dili" olaraq adlandırdıqları Hamburq
almancasında təhsil
aldılar. Bütün kitablar,
qəzet və jurnallar da bu
dildə yazıldı.
Radio və televiziyalar
24 saat bu dildə yayımlanır.
Buna baxmayaraq, Almaniyanın harasına getsəm, almanların öz aralarında doğma ləhcələrində
danışdıqlarının şahidi olmuşam. İkinci nümunə Türkiyədəndir... Hamının bildiyi kimi, Məmməd
Aslanın təbirincə
desək, bizim Azərbaycan türkcəmiz
ta "Ərzurumun gədiyinə varana" qədər, hətta Malatyada da danışılır.
Hamımız Türkiyədə böyüyüb təhsil
alsaq da, harada rastlaşsaq, dərhal anamızdan öyrəndiyimiz ləhcə
ilə danışmağa
başlayırıq. Qarsdakı tərəkəmələrlə
və onların kəndlərində danışın,
sanki Qazaxdan olduqları hissinə qapılacaqsınız.
Amma dili inkişaf etdirməsən,
"bir neçə yüz kəlmə mənə kifayətdir",
desən, gənclər
səni dinləməyəcək
və fikirlərini ifadə etmək üçün başqa dildən yeni sözlər işlədəcəklər. Bu da çox təbiidir.
Zənnimcə, Azərbaycanda "bizim dilimiz daha yaxşıdır,
Türkiyənin türkcəsi
dəhşətlidir, dilimizi
korlayacaq" deyənlərin
bir çoxunun başqa niyyətləri var və biz bunu çox gözəl anlayırıq. Türkiyədə bəzi nadanlar Azərbaycana düşmən
münasibət bəslədikləri
kimi, Azərbaycanda da Türkiyə və türk düşmənləri olmamış
deyil. Onların "qayğısı" dilimizin qorunması və inkişafı deyil. Elələrinin fikrincə, gənclərin
rus və ya başqa dildə
danışması fərq
etməz. Amma türk
seriallarından əzbərlədikləri
bir neçə sözü tələffüz
etsələr, qiyamət
qopar.
Dilin gözəlliyi
gözəllik yarışmasındakı
kimi deyil. Hər kəsin
anasından öyrəndiyi
dil, melodiya, layla onlara gözəl
gəlir. Ona görə
də "bizim dilimiz daha yaxşıdır,
ortaq türkcəmiz bizim dil olsun"
demək də boş iddiadır. Dilin zənginliyi həm o ölkədə yaşayan
insanların, həm də həmin ölkənin gələcəyinin
birinci problemidir.
İsmayıl Qaspıralı, Zərdabi,
Sabir, Əli bəy Hüseynzadə kimi ziyalılar, Almaniyada olduğu kimi, Azərbaycanda və digər türk bölgələrində
ortaq və ya rəsmi türkcə
yaratmaq üçün
səylər göstərmişlər. 1950-ci illərin ortalarında demək olar ki, ümumi bir ədəbi dil yaranmağa başlamışdı. Köhnə kitabları
oxuyanda bunu görürük. Lakin Stalinin
türkoloqu professor Millerin
təyinatı ilə
türk ölkələrində
dil məsələsi
tamam başqa istiqamətə keçdi.
Təbii
ki, Azərbaycan ziyalıları Stalinin və onun alimlərinin
(!) məqsədlərinin nə
olduğunu bilirdilər
və ona görə də ana dilini qorumaq
instinkti ilə çox mühafizəkar davranırdılar. Onlar ana
dili üçün yüzlərlə şeir,
çoxlu romanlar yazıb, onu gözləri kimi qorumağa çalışıblar.
Amma bütün bunlar ruscanın Azərbaycan dilinə təzyiqinin qarşısını ala bilmədi.
Dil sabit qaldı və inkişaf etmədi. Halbuki dil canlı
orqanizmdir. Kaşğarlı
Mahmud 11-ci yüzildə səkkiz
min üz yüz sözdən ibarət
"Divani-luğat-it Türk" adlı əsərini yazarkən, İngiltərədə ingilis
dilinin lüğət
ehtiyatı beş
min sözə belə
çatmırdı. İndi ingilis
dili bir milyon sözü keçib və ya keçmək üzrədir. Azərbaycanda
elm adamları, ziyalılar
90-100 min həddində olan
söz sayına baxıb "bu yolda nə edə
bilərik" sualını
verməkdənsə, "dovşan"ı
"v" hərfi ilə,
yoxsa "v"sızmı
yazaq" deyə mübahisəyə girirlər.
Mübarizə aparmağa
davam edin, gənclər
isə inkişaf etməyə imkan vermədiyiniz dil əvəzinə, ingilis sözlərini əzbərləsinlər.
Çünki siz hələ
də "Şah İsmayılın, Molla Pənahın dili bizə bəsdir" deməklə rahatlığa
qapılırsınız.
Türkiyə türkcəsində dəyişiklik
və inkişaf, bəzi türk düşmənlərinin iddia
etdiyi kimi, erməni əsilli Aqopla başlamadı. Türk
dilinin inkişafı,
dəyişməsi və
saflaşmasının da
alman dili kimi, 150 illik bir hekayəsi var. Atatürk siyasətdə və hərbi sahədə uğurlu olduğu kimi, elmdə də bir o qədər həssas idi. Almaniyadan gətirdiyi yəhudi əsilli alimlərlə türk təhsil sistemini inkişaf etdirdi. Əsl adı Haqop
Martayan olan Aqop Dilaçar Türkiyə vətəndaşlığı
olan alim idi. O, səkkiz dil bilirdi və
Atatürklə işləməzdən
çox əvvəl Sofiya şəhərində
əski türkcə və uyğur türkcəsindən mühazirələr
oxumuşdu. Demək istəyirəm ki,
o, dil üzrə mütəxəssis idi və yalnız, "türkcənin inkişafı
ilə bağlı nə edilə bilər" araşdırmalarında
iştirak etmişdi.
Bu mövzuda nə
qədər faydalı
olduğu mübahisəlidir.
Erməni əsilli olduğu
üçün "türk
dilini dəyişdi"
kimi boş söz-söhbətləri nifrətlə
dilə gətirməyə
belə dəyməz.
Hələ Türkiyə Cümhuriyyəti
qurulmamışdan çox
əvvəl, Osmanlı
İmperatorluğu dövründə
- 1860-cı illərdə qəzetlər
nəşr olunmağa
başlayanda xalqın
anlaya biləcəyi bir dilə qovuşmaq
zərurəti yaranmışdı.
Yəni Türkiyə türkcəsinin
saflaşması və
inkişafı 160 illik
bir tarixə malikdir. Zamanla dil Atatürkdən
sonra inkişaf edərək zənginləşməyə
başladı. Bu gün,
Türk Dil Qurumunun son məlumatına
əsasən, lüğətdəki
kəlmə sayına
görə, türk dilində 616 min 767 söz
var. Atatürkün türkcəyə
ən böyük töhfəsi ona dinamizm gətirməsidir. İndi də yeni ixtiraların
türkcə qarşılığı
var və xalqın dilindədir.
Məsələn, kompüter,
mesaj, printer, süni intellekt kimi tərcümə olunan yeni sözlər: "bilgisayar, ileti, yazıcı, yapay zeka" indi hər bir gəncin
işlətdiyi təmiz
türk sözləridir.
Bu yazıda təkcə elmi müşahidələrimi
deyil, həm də öz müşahidələrimi çatdırmaq
və nə qədər vacib bir müzakirənin içində olduğumuzu
xatırlatmaq istərdim.
Bütün tanışlarım Azərbaycandan Türkiyəyə
gələn alimlər
şeirdən, ədəbiyyatdan
danışanda onları
başa düşdüklərini,
elmi dildən istifadə edəndə isə başa düşmədiklərini bildirdilər.
Çünki Azərbaycanın ədəbi dili türk dilində, elmi dili isə
sanki rus dilindədir. Bunu niyə
inkar edirik? Hətta rəsmi sənədlərdə
də rus dilindən gələn ifadələr üstünlük
təşkil edir.
Sadə bir misal verim.
Yusuf Gədikli Azərbaycanda
doktorluq dissertasiyası
hazırlayarkən mənə
bir kağız verdi: "Bunları
tərcümə etməkdə
mənə kömək
edə bilərsən?"
dedi. Kağızda belə yazılmışdı:
"Kadrlar uçotunun
şəxsi vərəqəsi.
Dissertasiya mövzusu, stenoqramma, rəsmi opponentlərin rəyi, avtoreferata verilən rəylər..." İndi
onların türkcə
tərcüməsinə baxaq:
"İşyerindeki kişisel
kayıt, Savunulacak tezin mevzusu veya
konusu, Kayda alan, Karşıt
görüşlerin oyu
veya reyi, tezin özeti..."
İndi hamımız əlimizi
vicdanımızın üstünə qoyub
düşünək. Biri: "Bu sözləri dəyişək, əgər
türkcəsi dilimizə uyğundursa,
bunları da alaq"
desə, ana dilinə xəyanətmi edər?
Bu hər bir
ağlı başında olan insanın
iddiası və arzusudur. Otuz
ildir ki, dilimiz yağır oldu təkrarlamaqdan.
Deyirik ki, aramızda böyük əngəllər yaradan
bu rus sözlərinin
yerinə, türkcəsi varsa götürək,
dil bir-birinə yaxınlaşsa, təhsil
arasındakı böyük fərqlər
aradan qalxar, kitablar iki ölkədə
də oxuna bilər. Türk
düşmənlərinin problemi "bağdan üzüm yemək
deyil, bağbanı döymək"dir. Bu, əksəri cahil və
qərəzli insanların yazdıqlarını oxuyanda gözlərimə inana
bilmirəm. Türkcənin kobudluğundan
başlamış ağlına gələn hər cəfəngiyyatı
ortaya
atırlar. Bugünkü türkcənin
zənginliyini və riyazi quruluşunu
görmək istəyənlər internetdə qırxdan çox dil bilən holland filoloq Yohan Vandevallın (Johan Vandewalle) videolarına baxa
bilərlər. Dalaşmaq, bir-birimizi günahlandırmaq əvəzinə,
1900-cü illərdə əcdadlarımızın irəli sürdüyü ortaq türk dili məsələsini gənclərimizə
çatdırmalı və öz dillərinə
uyğun yeni türk sözlərini əzbərləyərək
onları bu ortaqlığı inkişaf etdirməyə təşviq etməliyik.
Düşünürəm ki, bu bizim həm ana dilimizə, həm də əcdadlarımıza
ən böyük borcumuzdur.
Beləliklə, həm mütaliə dünyamız, həm də
ürəyimiz daha da
genişlənəcək.
Orxan
ARAS
525-ci qəzet.- 2023.- 21 fevral.- S.13.