"Bu həmin Elçindir"

 

Milli Kitabxana Xalq yazıçısı haqqında metodik vəsait hazırlayıb

 

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq yazıçısı Elçin qələmə aldığı əsərlərin mövzusunu həmişə oxucunu düşündürən, narahat edən, bu gün üçün səciyyəvi, tipik hadisələrdən alır. Özünəməxsusluq, orijinallıq, yenilik, psixoloji dərinlik və dəqiqlik, bədii dilin, lüğət tərkibinin zənginliyi, dünyagörüşünün genişliyi onun çoxcəhətli yaradıcılığını şərtləndirən başlıca xüsusiyyətlərdəndir.

Bu ilin may ayında Xalq yazıçısı, professor Elçin Əfəndiyevin anadan olmasının 80 ili tamam olacaq. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları "Bu həmin Elçindir" adlı metodik vəsait hazırlayıblar.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan metodik vəsaitdə "Xalq yazıçısı Elçinin təltifləri", "Elçin yaradıcılığının mədəni-maarif müəssisələrində təbliği", "Elçinin kitab haqqında fikirləri", "Ədəbiyyat, incəsənət, dövlət xadimləri oxucuları Elçin haqqında", "Elçinin son 10 il ərzində çap olunan əsərlərinin haqqında ədəbiyyatın biblioqrafik göstəricisi", "Elçinin tamaşaya qoyulmuş dram əsərləri" bir sıra başqa bölmələr verilib. Metodik vəsait Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və kitabxana filialları, müstəqil kitabxanalar, habelə Xalq yazıçısı Elçinin yaradıcılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

 

525-ci qəzet.- 2023.- 22 fevral.- S.9.