Milli Kitabxanada yubiley sərgisi
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
professor Ziyadxan Əliyevin 75 illik yubileyi münasibətilə
Azərbaycan Milli Kitabxanasının əməkdaşları
tərəfindən virtual
və ənənəvi
sərgilər hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Ziyadxan Əliyevin fotoları, məqalələri,
müəllifi və redaktoru olduğu, ön söz yazdığı kitablar, onun haqqında məqalələrin dərc
olunduğu nəşrlər,
ənənəvi sərgidə
isə mövzu ilə əlaqədar Milli Kitabxananın fondunda mühafizə olunan kitablar nümayiş olunur.
Qırx ildən
artıq elmi yaradıcılıqla məşğul
olan Ziyadxan Əliyev yerli və beynəlxalq mətbuatda dərc olunan çoxsaylı elmi məqalələrin müəllifidir. O, sənətşünaslıq
sahəsinə hələ
tələbəlik illərində
“Ədəbiyyat və
incəsənət” qəzetində
işıq üzü
görən "Şamaxının
memarlıq abidələri”
adlı ilk məqaləsi ilə qədəm qoyub.
Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərən çağdaş Azərbaycan təsviri sənəti nümayəndələrinin əksəriyyətinin tanınmasında Ziyadxan Əliyevin rolu böyükdür. Onun ilk uğuru kimi 1989-cu ilin iyulun 5-də indiki Azərbaycan Milli İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı...” adlı sərgini təşkil etməsini qeyd edə bilərik. Bu, sözün əsl mənasında Azərbaycan incəsənətində böyük bir tarixi hadisə idi. Ziyadxan Əliyev, eyni zamanda, təsviri sənətlə yanaşı, dekorativ-tətbiqi sənətə aid özünəməxsus dəst-xətlə yazılmış bir neçə kitabın müəllifidir.
525-ci qəzet.- 2023.- 4 iyul. S. 9.