Teatr tariximizdə dəyərli səhifə

 

Naxçıvan Dövlət Milli Dram Teatrının "Edam məhkumunun son günü" tamaşası uğurlu səhnə həlli ilə yadda qaldı

 

Səhər tezdən işə gedərkən dayanacaq kənarında olan afişalara baxmağı sevirəm. Çünki dövrümüzdə günlük həyatın təkrarlanan monotonluğundan çoxumuzu elan lövhələrində gördüyümüz teatr konsert afişaları qopara bilir. Bu dəfə elanlarda Naxçıvan Dövlət Milli Dram Teatrında Viktor Hüqonun "Edam məhkumunun son günü" romanının səhnələşdirildiyini öyrəndim.

Kitablarını oxumağa üstünlük verdiyim fransız klassiklərindən Viktor Hüqonun bu əsərinə qarşı sevgim yoxdu desəm, oxucunu aldatmış olaram. Əsərin həcmi kiçik olsa da, verdiyi böyük mesajlar daha çox insan olmaq fəlsəfəsini özündə yaşadır.

Əsərin mövzusu ilə tanış olduğumdan teatra gedəcəyim anı səbirsizliklə gözləməyə başladım.

...Həmin gün gəlib çatmışdı teatra doğru seyrək insan axını arasında mən var idim. Amma zala daxil olarkən bu seyrəkliyin çoxdan başladığının fərqinə vardım. Çünki zal, demək olar ki, dolu idi... Əsərə gənc rejissor, yenicə Naxçıvan Dövlət Milli Dram Tetarının baş rejissoru təyin olunan Mir Qabil Əkbərov müraciət edib bu onun Naxçıvan teatrında ilk tamaşasıdır. Bir az səbrsizlik edib deyə bilərəm ki, gənc rejissor ilk işindən böyük gələcək vəd etdi tamaşaçılara ümid verdi.

Səhnə əsəri bir pərdədə bir şəkildə nümayiş qurulub. Özü cəmi üç aktyorun ifasında. Baxmayaraq ki, səhnədə üç aktyor görürdük, amma təxminən ona yaxın obraz tamaşaçıları öz təsiri altında saxlamağa nail oldu. Bir saatlıq tamaşa məni özünə kilidlədi. Çünki bir bütünlük göz önündə idi. İstedadlı aktyor heyəti, rəssam işi mənim ruhumu tamaşa boyu özünə bağlayan musiqi seçimi. Qeyd etməliyəm ki, musiqi tərtibatçısı da elə gənc rejissor Mir Qabil özü idi.

Tamaşanın ilk anlarından mən o səhnədə idim. O məhkumla özümü sorğulayır, o məhkumla ölümü gözləyir, o məhkumla özümlə savaşırdım.

Səhnə əsərindən yaddaşıma daha möhkəm həkk olunan məqamlardan biri isə məhkumun onu izləməyə gəlib özünə yer axtaran "tamaşaçılara" "kim yer istəyir", - sualını verməsi oldu. "Mənim yerimi istəyən varmı?"

Həyatımız boyu hər zaman özümüzə bu dünyada yer axtarırıq: işdə, cəmiyyətdə, ən adi saysaq belə, teatra baxmaq üçün keçdiyimiz zalın oturacaqlarında. Bəs xəstə balası acından ölməsin deyə çörək dükanından oğurluq etmək istəyən cəhdi uğursuz olan, buna görə gilyotinlə ölümə məhkum edilən bir insanın yerini tutmaq istərikmi? Onun öz daxili dünyasında apardığı yaxşı pis mənliyi ilə mübarizənin yerini tutmaq istərikmi? Tamaşa bizə bu sualla müraciət etdi.

Səhnə əsəri adı keçməyən qəhrəmanın - ölümə məhkumun monoloqu ilə başlayıb onun monoloqu ilə bitir. Başdan-başa duyğular, düşüncələrlə dolu tamaşada ölümə məhkum edilmiş insanı özündən sonra qoyub gedəcəyi üç qadının taleyi maraqlandırır. Anası, həyat yoldaşı qızı. Oğulsuz, ərsiz atasız qoyacağı üç qadın. Ən çox ağrıları, acıları isə qızının sonrakı taleyi ilə bağlıdır. Ölümə məhkum olunmağın verdiyi mənəvi əzablar içində çırpınan obraz ən çox qızının yaddaşında yaşamaq istəyir, ən çox onun gələcəyi üçün narahatdır. Yaxşı bilir ki, o, edam edildikdən sonra cəmiyyətin onun qızına qarşı münasibəti necə olacaq. İnsanların qızına qarşı rəftarını düşündükcə dəli olur, dəhşətə gəlir, bu mənasız, yersiz qayda-qanunlara qarşı məhkumluğun dörd divarı arasında üsyana başlayır.

Rejissor edam məhkumunun duyğularını, fikirlərini əks etdirmək üçün iki köməkçi obrazdan - qadın kişidən istifadə edib. Səhnə əsərində hər iki obraz məhkumun həyatla olan mübarizəsində cəmiyyətin, qanunların, insanlığın təcəssümü kimi verilib. Qeyd etmək yerinə düşər ki, hər iki obrazın ifaçıları - Mehri Nəbiyeva Məmməd Mehdiyev, gənc olmalarına baxmayaraq, yaratdıqları personajların daxili hisslərini layiqincə ortaya qoya bildilər, həmçinin tamaşanın ümumi mesajını zaldakılara çatdırmaqda öhdələrinə düşən məsuliyyəti uğurla yerinə yetirdilər.

Naxçıvan teatrının tarixində əlamətdar hadisə kimi yaddaşlarda yaşayacağına inandığım bu baxımlı tamaşanın möhürünü öz virtioz ifaçılıq məharəti ilə Əməkdar artist Səməd Canbaxşıyev vurdu. Aktyor, edam olunmadan öncə ölümü gözləyən, zaman məfhumunu unudan, xəyallarında, duyğularında, daxili aləmində yaşayan bir insanın hiss həyəcanını mükəmməl şəkildə tamaşaçıya çatdıra bildi. Məhkumun nəinki fiziki ağrılarını, həm mənəvi əzablarını tamaşaçıya müfəssəl şəkildə çatdıran aktyor istedadı ilə hər kəsi özünə heyran etdi.

Tamaşa bir oyundur. Bu oyunun qurucusunun məharəti ondadır ki, əvvəldən sonadək seyrçini öz əfsununda saxlaya bilsin, tamaşaçı axırda anlasın ki, artıq olan olub, oyun bitib. Bu, tamaşanı araya-ərsəyə gətirənlərin danılmaz nailiyyətidir. Səhnə əsərini izlərkən əmin oldum ki, bu maraqlı elə o qədər cəzbedici səhnə əsəri mədəniyyət tariximizdə dəyərli səhifə kimi qalacaq. Səhnə əsərinin bu qədər yaxşı alınmasında, fikrimcə, gənc rejissor Mir Qabil Əkbərovun əməyi danılmazdır. Çünki rejissor hadisələrin zaman, harada necə cərəyan etməsini, səhnə həllini çox ustalıqla verib.

Tamaşanı daha da rəngarəng edən isə dekorasiyalar, tərtib edilən musiqilər idi. Səhnə əsərinin musiqisi elə təsirli idi ki, tamaşaçının diqqətini səhnəyə çəkir, orada saxlaya bilirdi. Əməkdar rəssam Səyyad Bayramın maraqlı səhnə tərtibatı, quruluşun lakonik həlli tamaşanı daha baxımlı, daha cəzbedici edib. Səhnədə görünən hər şey - seçilmiş məkan, dekorasiya, rekvizit butaforiya yerli-yerində idi. Xüsusilə aktyorların geyimləri estetik baxımdan öz mükəmməlliyi ilə seçilirdi. Qurulan rəqslər isə edam məhkumunun öz hiss duyğularını açmaqda, onun daxili dünyasını, müharibəsini, qanunlara qarşı mübarizəsini göstərməkdə bilavasitə rol oynayır. Tamaşanın xoreoqrafı Lamiyə Əliyeva qəhrəmanın daxili dünyasını xüsusi rəqs elementlərindən istifadə edərək teatrsevərlərə çatdırır.

Teatr tamaşalarından söhbət açılan zaman ilk sual "Bu, tamaşaçıya verir?" - olur. Çünki hər bir səhnə əsəri tamaşaçıya bəxş etdiyi hiss duyğularla öz sözünü deməlidir. Düşünürəm ki, gənc rejissor Mir Qabil Əkbərovun rejissorluğu ilə biz hələ Naxçıvan teatrının səhnəsinə repertuarına öz damğasını vuracaq çox tamaşa izləyəcəyik. Sonda bir teatrsevər qələm əhli kimi bu səhnə əsərinin yaradıcı kollektivinə uğurlar arzulayır inanıram ki, onlar ölkə xaricindən kənarda da bol-bol nailiyyət qazanacaqlar.

 

Nuray NƏZƏROVA

525-ci qəzet.- 2023.- 4 iyul. S. 13.