Ağrıların və
əzablı sevginin təkrarsız rəssamı
Frida
Kahlo... Dünyanın ən
məşhur və ən qəribə qadınlarından biri... Bəlkə də ən hüznlü, ən kədərli, amma eyni zamanda
ən sevgi dolu qadın deməliyik onun haqqında...
1907-ci il
6 iyul tarixində doğulmasına baxmayaraq,
özünün doğuluş
günü kimi Meksika inqilabının olduğu 7 iyul 1910-cu ili elan etmiş, həyatının müasir
Meksikanın doğulması
ilə başladığını
demişdi.
Fridanın xatirələrində atasının bir başqa yeri vardı. O, atasından danışarkən deyirdi:
"Atam Gilyermo Kahlo çox qəribə idi, davranışları,
yerişi olduqca zərifdi. Sakit, çalışqan, yorulmayan
bir adam idi".
Onun iztirabları hələ altı yaşında ikən keçirdiyi ifliclə başlamışdı.
Bu iflicdən sonra bir ayağı şikəst qalır və uşaqlar ona "Taxta ayaq Frida" deməyə
başlayırlar. O, həmin
günlər haqqında
bunu deyirdi: "Bir həqiqət varsa, o da bədənimə ağrının
ilk dəfə o gün
dolduğudur".
Ancaq uşaqlığı onun
ən yaxşı, ən gözəl günləri imiş. Bunu o, böyüdükcə
hiss edir. Həyatın
ona gətirdiklərinə
heç zaman üsyan
etməsə də, getdikcə tənhalaşdığını
bütün hüceyrələrinə
qədər hiss edirdi.
Özünün də
dediyi kimi: "Böyüyəndə insanın
özünü necə
tənha hiss etdiyini görəcəksən".
Bəli,
Fridanın əzabları
bununla bitmir. O, 18 yaşında ikən keçirdiyi dəhşətli
avtomobil qəzasında
ölümlə yaşam
arasında qalır və bununla da həyatı dəyişir.
Belə ki, əvvəllər
bir ayağı şikəst olan Fridanın indi bədəninin böyük
hissəsi zərər
görmüşdü və
o, uzun müddət xəstəxanada qalır.
Xəstəxanada ikən
içindəki rəsm
çəkmək eşqi
ilə qələm, kağız istəyir və meksikalı bu əsrarəngiz qadının rəssamlıq
karyerası başlayır.
Uzandığı yerdə
qarşısındakı böyük
aynadan ancaq özünü görən
Fridanın çəkdiyi
əsərlərinin də
qəhrəmanı elə
özü idi. O, əslində, şəkil
çəkmir, özünü,
yaşadıqlarını, hiss etdiklərini kağıza
köçürürdü. Bəs özü bundan məmnun idimi? Bəlkə də hə, bəlkə də yox... Amma bəzən bu həyat onu
usandıra da bilirdi. Elə bu anlarda
demişdi yəqin ki:
"Lənət olsun!
Görüntümüz daim
bizə geri dönür".
"İnsan ağrılarında
tənhadır" deyən
Kahlo öz avtoportretlərini
belə əsaslandırırdı:
"Öz portretimi çəkirəm, çünki
adətən, təkəm,
ən yaxşı tanıdığım insan
özüməm".
"Şəkil çəkmək
həyatımı tamamladı"
deyirdi xəstəxana
çarpasında baxdığı
ayna ilə özünü əks etdirən Frida, həm də "mənim rəsmlərim içində
öz acılarımı
daşıyır" - deyə
vurğulamaqdan da qalmırdı.
Getdikcə vəziyyəti pisləşən
Fridanı ilk tərk edənlərdən biri ayaqları olur. Amma xaraktercə şən olan, gülməyi, sevinməyi, sevməyi çox yaxşı bacaran Frida üçün
bu, elə də böyük dərd deyildi. "Yeriyə bilməsəm, rəqs edərəm" deyən rəssam ayaqlarına xitab etməyi də unutmur: "Ayaqlar, uçmaq üçün
qanadlarım varkən
sizi niyə axtarım?"
Təəssüf ki, həyat Fridaya
uçmağı da çox
görürdü. O, nə
qədər qanadları
olduğuna inansa, uçmağı arzulasa
da, həqiqət başqa
idi: "Sonsuz iztirablarla dolu həyatım haqqında bunları deyə bilərəm: Uçmaq istəyən, amma uça bilməyən quş kimi idim".
Bu sirli qadının mənəvi iztirabları
isə hələ qarşıda idi. Elə bir iztirablar
ki, bədəninin ağrılarını,
ayaqlarının vəfasızlığını
belə ona unutdurmağı bacarmışdı.
Bu iztirabın adı Dieqo idi. Fridanın
bu həyatda başına gəlmiş
iki qəzadan ən ölümcül olanı Dieqo...
"İlk
məhəbbət pişik
kimi səssizcə yaxınlaşdı. Onun gəlişini nə gördüm, nə də eşitdim" deyən gənc qız 22 yaşında ikən özündən dəfələrlə böyük
- 43 yaşlı rəssam
həmkarı Dieqoya xəstə eşqlə bağlanır. Bəli, onun bu duyğuları
"xəstə eşq"dən
başqa bir şey deyildi. Çünki "öz bədənimdən belə
daha çox sevirəm" - dediyi bu kobud, yöndəmsiz
adam həyatına gəldiyi ilk gündən
ona ağrı, acı, əzab gətirmişdi.
Dieqo bu xəstə, cılız, böyük qəlbli həyat yoldaşına vəfasızlıq
edir, xəyanətlərindən
qalmırdı. Amma ikisi
də bir-birini çox sevirdi. Bu qəribə, enişli-çıxışlı
münasibətin içində
damla-damla əriyən,
yox olan isə Frida idi. Ancaq başqa cür davrana bilmədiyini də etiraf edirdi: "Bu, fərqli bir şeydir. Aşiqəm və başqa cür davrana bilmirəm". Bununla belə, o, "Dieqo mənim hər şeyim idi: uşağım, sevgilim, kainatım" - deyirdi və bir də
dünyaya gəlsə,
yenə onu sevəcəyini də vurğulayırdı, canlı-canlı
çürüyəcəyini bilsə də...
Lakin onu günbəgün çürüdən bu sevgidən zaman-zaman vaz keçməyə də çalışırdı: "Ağıl dayandı, qəlb soyudu, dil də susanda
vaz keçdim".
"Düşüncələrimə və dəyərlərimə
dəyər vermədiyi
üçün vaz keçdim". Axı Dieqo onun "sizə əfsunmuşsunuz
kimi baxacaq bir sevgili seçin"
tövsiyəsinə heç
də uymurdu. Onun qadını əsl əfsun olsa belə, Dieqo onu anlamamaqda
israr edirdi. Ya da anlayırdı və ən böyük əzab da elə bu idi:
"Məni anlamadın
deməyəcəyəm. Məni
anladın. Elə ən betər acı da bu idi. Sən məni
anladın. Anlasan da, məni incitdin. Mənə yalan söyləmənə üzülmədim.
Sənə bir də güvənə bilməyəcəyimə üzüldüm".
Fridanın ən sevdiyim sözlərindən biri də qadınların unutması ilə bağlıdır ki, görünür,
o, bunu da öz həyatında təcrübədən
keçirib qələmə
tökmüşdü. O deyirdi
ki, "Səssizlik bir
qadının ən səsli ağlamağıdır.
Əgər bir qadın səni görməzdən gəlməyə
başlayıbsa, onu çox incitdiyindən əmin ola bilərsən.
Qadınlar yavaş-yavaş
unudur. Öncə yaradan başlayır, sonra yaranı açandan".
Ancaq özü hər dəfə yarasını
unutmağı seçib,
yaranı açanı
bağışlayırdı və əksinə, hər dəfə daha çox aşiq olurdu: "Hər dəfə daha çox aşiq olaraq geri döndüm sənə, ya da əslində, səndən
heç getməmişdim".
"Hər zaman sev, heç bir zaman tərk etmə!" - deyən Frida çəkdiyi
bütün əzablarına,
fiziki ağrılarına
Dieqonun sevgisi və çəkdiyi rəsmləri sayəsində
dözürdü, bəlkə
də... "Yuxuları,
ya da kabusları çəkmədim, çəkdiklərim
mənim öz gerçəklərim idi"
- deyirdi. Ona görə
də Fridanın əsərləri orijinaldır,
özünməxsusdur, təkrarsızdır.
Onun bütün əsərlərindən bir
Frida boylanır. O, bütün
qəhrəmanlarında öz
üzünü əks
etdirirdi: "Üz bir açardır. Üz hər şeyi dilə gətirir" - deyərək.
Amma onların hər biri digərinə təkcə gözlərindəki
kədərlə bənzəyir.
Həyatdakından fərqli
olaraq...
Çox
şən, gülməyi
sevən bir qadın idi Kahlo: "Qəhqəhə, sevgi, dostluq, gözəllik... Heç bir şey qəhqəhədən
daha dəyərli deyil".
İyirminci əsrin ən məşhur mədəniyyət
ikonuna çevrilən
rəssamı sənətşünaslar
sürrealist kimi təqdim etsələr də, o, bunu qəbul etmirdi: "Mənim sürrealist olduğumu zənn edirlər. Halbuki sürrealist deyiləm. Xəyallarımı və
kabuslarımı yox, öz gerçəyimi çəkirəm" - deyən
rəssam sürrealizmi
belə mənalandırırdı:
"Sürrealizmin qarderobun
içində gödəkçə
yerinə aslan tapmaq kimi sürprizləri
var".
Frida, əslində, öz qəribəliklərinin fərqliliklərini
anlayan, bilən və qəbul edən bir qadın
idi: "Mən həmişə özümü
dünyanın ən qəribə insanı hesab etmişəm. Amma sonra dünyada nə qədər insan olduğunu düşünməyə başladım.
Bu qədər insan arasında, əlbəttə
ki, mənim kimi oxşar cəhətləri
ilə qəribə və qüsurlu hiss edən biri olmalıdır. Sonra onu təsəvvür etməyə
başladım. Xəyal
etdim ki, o da hardasa oturub mənim haqqımda düşünür.
Əgər sən haradasa ordasansa və bunu oxuyursansa
və bilirsən ki, bəli, bu, doğrudur, mən də buradayam və mən də ən az sənin qədər
qəribəyəm".
"Hamımız düşündüyümüzdən
daha dözümlüyük"
- deyən Frida zaman keçdikcə
dözümünü itirir
və gün keçdikcə ölümə
daha çox yaxınlaşırdı. Hətta
ilk fərdi sərgisindən
öncə qanqren olan ayağı kəsilən rəssam öz sərgisinə arabada qatılmış, sonrakı həyatını
çarpayıda keçirməli
olmuşdu. Amma o, yenə
də dözür və rəsm çəkməyə davam
edirdi. Çünki
"başıma gələn
ən yaxşı şey acı çəkməyə alışmağa
başlamağımdır" - deyirdi. Həmçinin, başına gələn hər şeydə bir gözəllik tapmağından da qalmırdı:
"Pisəm, getdikcə
daha da pis olacağam, amma yavaş-yavaş təkliyə
alışıram, bu
da bir şeydir, hətta qələbədir".
Lakin o,
get-gedə ölümə
yaxınlaşdığının da fərqində idi: "Bədənim məni tərk edəcək. Halbuki mən həmişə o bədənin
qurbanı olmuşam; bir az üsyankar
da səslənsə, bəli,
qurban. Bilirəm ki,
biz əslində bir-birimizi
məhv edəcəyik
və bu mübarizədə qalib olmayacaq".
Frida bir sevgi qadını
idi. O, insanları, həyatı, nəsnələri,
hər şeyi çox sevirdi. İnsanların ölməyini
istəmirdi. Özü
isə ölümdən
qorxmasa belə, yaşamaq istəyirdi. Ən çox isə Dieqonu sevirdi. Onu öldürən,
məhv edən Dieoqonu:
Sənin
sevmədiklərini də
sevdim mən, Dieqo. Onları niyə sevmədiyini anlamaq üçün mən onları sevdim! Ya da sevməyə
çalışdım... Bəlkə
də içimdəki
sənə olan qəzəbi sakitləşdirmək
üçün etdim.
Qəzəbim səngiməyib,
Dieqo.
Mən səni sevməyə başlayandan uzun müddət keçdi. Mən səni sevməyə başlayanda
balaca qız idim. İndi mən bədəni çürüməyə
başlayan yaşlı
bir qadınam. Bütün bədənlər
çürüyür, Dieqom.
Bütün bədənlər
qocalır".
Özünü "sevginin, ağrının
və inqilabın qadını" adlandıran
Kahlo beləcə 47 yaşında
uzun, çox uzun bir səfərə
çıxdı. Özünün
də dediyi kimi, "torpağın içinə bir səfərə". Axı
"acı çəkən
bir ürəyi varsa bədənin, daha sürətli çürüyür". Onun
da bədəni çürüdü
və bu dünyanı tərk etdi. Özündən sonra isə böyük bir miras, böyük bir sirri qoyub
getdi. O sirr gözəllik idi. Fridanın qəlbinin və rəsmlərinin gözəlliyi: "Gözəllik
və çirkinlik bir şərabdır. Gec, ya tez
hər kəs içinizi görər"
deyirdi. Bir əsrə
yaxındır hər
kəs bu cılız, amma dahi qadının içini görür, duyğularının, ağrılarının
da ən dərinini...
Ölməsinlər deyə çiçəklərin şəklini
çəkən qadın,
bəlkə də, öz avtoportretlərini də ölməmək üçün çəkirdi?!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2023.- 6 iyul. S. 14.