Dostluq: həm yol, həm də
körpü
Heydər
Əliyev və Eduard Şevardnadze iki qardaş respublikanın rəhbərləri kimi başdan elə dostluq münasibətləri
qurmuşdular ki, ehtiyac
duyduqları zaman ləngimədən
bir-birlərinə dəstək
olurdular. Həyatın
enişli-yoxuşlu yollarına,
keşməkeşli anlarına
rəğmən, bu cür münasibət sona qədər davam etdi. Heydər
Əliyev hakimiyyətə
Şevardnadzedən üç
il əvvəl gəlib.
Kiçik çevrədə
bu barədə söz düşəndə,
Şevardnadze Əliyevdən
çox şey öyrəndiyini və çətin vəziyyətdən
çıxış yolu
axtararkən azərbaycanlı
həmkarından dəfələrlə
məsləhət istədiyini
deyərdi. O, "Keçmiş
və gələcək
haqqında düşüncələr"
adlı memuarlar kitabında dönə-dönə
Heydər Əliyev mövzusuna qayıdır:
"...Heydər Əliyev haqqında aşağıda
daha ətraflı danışacağam, amma burada qeyd etmək
istəyirəm ki, o, həm
sovet reallığında,
həm də müstəqil Azərbaycanda
böyük dövlət
xadimi idi. Faktiki olaraq bu ölkə SSRİ-nin tərkibindən çıxandan sonra müasir Azərbaycan dövlətini o yaratmışdır.
...Heydər Əliyev silahdaşa sadiq, əsl dostluğu bacaran, öz millətinin səciyyəvi
nümayəndəsi idi.
O, dəfələrlə çətin
anlarda mənim və Gürcüstanın
yanında olub. Gürcüstan üçün
həyati əhəmiyyət
kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri probleminin həllinə gəldikdə
isə deməliyəm
ki, qəti və riskli sözünü bizim xeyrimizə demişdir. Bəli, bu təşəbbüs öz özlüyündə
çox riskli idi".
Dünya
əhəmiyyətli bu
layihə, həqiqətən
də, həyati əhəmiyyət kəsb
etdiyi qədər də riskli idi. Riskli idi,
çünki böyük
qüvvələr var idi
ki, bu layihənin gerçəkləşməsini, özü də Gürcüstan ərazisindən
keçməklə gerçəkləşməsini
istəmirdilər, başqa
istiqamət planlaşdırdıqları
üçün bu fikrə qarşı çıxırdılar. Məhz
buna görə də
həmin qərarın
müəllifi və onun gürcü həmkarı tükürpədici
terror hücumlarına məruz
qaldı. Lakin uca Allah
da dünya şöhrətli
siyasətçi Heydər
Əliyevin qərarının
həyata keçməsini
və arzusunun hasil olmasını istədi.
Eduard Şevardnadze öz xatirələrində faktı
vurğulayaraq qeyd edir ki, Amerika Birləşmiş
Ştatları Azərbaycan
liderinin bu tarixi qərarını birmənalı şəkildə
dəstəkləyirdi. O, bu
mövzuya daha sonra qayıdaraq əlavə edir:
"... Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini imzalayanlardan və təminatçılarından biri
məhz Amerikadır
ki, həmin layihənin
vasitəsilə Gürcüstan
nəinki neft və qaz, nəinki
tam təminatlı pul
gəliri əldə edəcək, o həm də beynəlxalq siyasi və iqtisadi məkanda mühüm funksiyaya və müvafiq müdafiəyə nail olacaq.
Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzrum
qaz kəmərlərinin
Gürcüstan üçün
mənfəətsiz olması
ilə bağlı orda-burda səslənən
fikirlərlə bağlı
demək istəyirəm
ki, bu, sadəcə olaraq, məlumatsızlıq
və cahillikdir. Əgər Heydər Əliyevlə aramızda xüsusi münasibətlər
olmasaydı, Allah bilir,
bu iki ən
mühüm məsələ
necə həll olunacaqdı.
...Terror aktının ikinci günü iclas keçirirdim, köməkçi,
birinci mərtəbəyə
düşməli olduğumu
dedi, bildirdi ki, Yeltsin mənə zəng edir. Düşdüm, onunla danışdım, hal-əhval tutub məni xilasım münasibətilə təbrik
etdi, təşəkkürümü
bildirdim. Onun bu münasibətlə mənə telefon açmağına heç
təəccüblənmədim - insani olaraq bizim
müəyyən əlaqəmiz
var idi, şəxsiyyət
və dövlət xadimi kimi bəzi
şeylərə görə
mənə borclu idi. Beləcə mehribancasına hal-əhval
tutuqdan sonra söhbətimizi yekunlaşmış
bilib sağollaşmaq
istəyəndə dedi:
"Gözlə, tələsmə,
mənim səninlə
işim var".
Söhbət Xəzər dənizinin
enerji daşıyıcılarından
getdi. Dedi: "Bilirəm ki, siz Xəzər dənizindən
qərbə neft və qaz nəqlində
maraqlısınız. Bilin
və agah olun ki, bu, Gürcüstandan
keçməyəcək".
Səbəbini soruşanda belə
cavab verdi: "Çünki enerji daşıyıcılarının xətti Gürcüstandan
yox, Rusiya ərazisindən keçəcək".
Artıq
iş-işdən keçmişdi,
hər şey hazır idi, Bakı-Supsa neft kəməri tezliklə istifadəyə verilməlidir,
Bakı-Tbilisi-Ceyhanın
tikintisi artıq razılıq mərhələsini
keçib, Bakı-Tbilisi-Ərzrum qaz kəməri layihələndirmə
mərhələsində idi
və tezliklə onun tikintisinə başlanacaqdı. Ona görə
də Yeltsinlə mübahisəyə başlamadım.
Mən ona yalnız bunu dedim, Gürcüstanın
nə nefti var, nə də qazı, kimsə bizim ərazimizə neft və ya
qaz kəməri çəksə, ondan imtina edə bilmərik. Ürəyimdə
isə fikirləşdim:
"Siz nəhəng ölkəsiniz, böyük
nəqliyyat potensialına
maliksiniz, çoxlu neft və qaz
satırsınız, taxıl
və elektrik probleminiz yoxdur, bəs bu kiçik
Gürcüstandan nə
istəyirsiniz, niyə
onun yaxasını buraxmırsınız?" - odur
ki bu sözləri demədim, qeyd etdiyim kimi məsələ
artıq həll olunmuşdu..."
Söz dosta dayaq olmaqdan
və prinsipiallıqdan
düşdüyü düşmüşkən,
yenə Eduard Şevardnadzenin
xatirələrindən sitat
gətirmək və onun özünün danışdığı bir
əlamətdar epizodu
da xatırlamaq istərdim:
"...Heydər Əliyev silahdaşa sadiq, əsl dostluğu bacaran, öz millətinin səciyyəvi
nümayəndəsi idi.
O, dəfələrlə çətin
anlarda mənim və Gürcüstanın
yanında olub". Bu
sözlərdən və
əvvəlki abzasda
Boris Yeltsinin imperiya iddialarını xatırladıqdan
sonra sizə Şevardnadzenin özündən
eşitdiyim bir epizodu danışmaq istəyirəm: “Suxuminin süqutundan sonra Qərbi Gürcüstanda vəziyyət son dərəcə
gərginləşdi. Eks-prezidenti
dəstəkləyən silahlı
birləşmələr muzdlu
"bolşeviklərlə"la birlikdə Poti şəhərini
və Poti limanını
işğal etdilər.
Beləliklə, ölkəni
məhsulla və hər şeydən əvvəl taxılla təmin edən əsas qapını ələ keçirdilər.
Həmin vaxt üçün ellevatorlarda
iki-üç günlük
buğda ehtiyatı qalmışdı. Üsyançılar
blokada vasitəsilə
oksigenimizi kəsməyə
çalışırdılar. Bu səbəbdən də məcbur oldum Moskvaya gedim, Müstəqil Dövlətlər
Birliyinə üzv ölkələrin rəhbərlərinin
tədbirlərinə qatılım.
Yeltsinin belə bir vərdişi var idi, tədbirdən sonra Cənubi Qafqaz respublikalarının
rəhbərlərini əlavə
müzakirələr üçün
ayrıca saxlayardı.
Bu dəfə ümumi
yığıncaqdan sonra
Heydər Əliyev, Levon Ter Petrosyan, Yeltsin və mən ayrı oturduq.
Fürsətdən istifadə edib Yeltsinə dedim ki, o, bizə nəsə kömək etsin, əslində Gürcüstan
blokadadadır. Bizə
dəstək verin ki,
Poti şəhərini azad
edək və dəmir yolunun təhlükəsizliyini birlikdə
təmin edək. Müşayiətçilər hərbçilər olmalıdır
ki, bizdən başqa heç kim dəmir yolundan istifadə edə bilməsin.
Rusiya Federasiyasının müdafiə
naziri Qraçov bir az aralıda
oturmuşdu.
- Xəritə gətir, - deyə Rusiya prezidenti Qraçova üz tutdu.
Qraçov itaətkarcasına ayağa
qalxıb biz oturduğumuz
masaya yaxınlaşdı.
O xəritəni açanda,
nə görsəm yaxşıdır? Gürcüstan
qırmızı xətt
ilə ortadan bölünmüşdü, ayırıcı
xətt Qərbi və Şərqi Gürcüstanın qovuşduğu
yerdən - Tsipa tunelinin yanından keçirdi.
- Başqa çarə yoxdur, Yeltsin dedi, - qoy Zviad Qərbi
Gürcüstanda otursun,
sən isə paytaxtda.
- Ciddi sözünüzdür?
- təəccüb və
qəzəblə soruşdum.
- Ciddi sözümdür! Başqa həll yolu görmürəm.
Bu cür absurd məsləhətdən
hirslənib otaqdakılara
ötəri nəzər
saldım. Ermənistan
prezidenti Petrosyan müəmmalı şəkildə
susur, vəziyyətin
necə inkişaf edəcəyini gözləyirdi.
Heydər Əliyev isə həmişə olduğu kimi dərhal məni dəstəklədi və
Rusiya prezidentinə sərt tərzdə cavab verdi:
- Hansı haqla suveren ölkənin işinə müdaxilə
edirsiniz? Müstəqil
dövləti iki yerə bölmək haqqını sizə kim verib? Sizə
qalsa, Azərbaycanı
da ikiyə bölərdiniz!
Sonra da bunu dəstək
və kömək adlandıracaqsınız!
- Bu kömək deyil! - qəzəbli tonda dedim.
- Yaxşı məsləhət
də köməkdir!
- Yeltsin soyuq tərzdə
dilləndi.
Bax, belə, bu günə
qədər qarşılıqlı
dəstək və darda bir-birimizə arxa olaraq gəldik.
Bu epizoddan sonra istərdim Şevardnadzenin
sözlərini bir daha altını cızaraq təkrarlayım:
"...Heydər Əliyev
silahdaşa sadiq, əsl dostluğu bacaran, öz millətinin səciyyəvi
nümayəndəsi idi.
O, dəfələrlə çətin
anlarda mənim və Gürcüstanın
yanında olub".
"Mən öz prezidentliyim dövründə
Eduard Şeverdnadze kimi
dosta rast gəlməmişəm, nə
də bir kəslə bu qədər görüşməmişəm.
Biz xalqımızdan - istər
gürcülər haqqında,
istərsə də azərbaycanlılar barədə
danışanda inkişaf
perspektivləri ilə
bağlı bütün
problemləri birgə
həll edirdik. Qlobal enerji layihələrinin
reallaşması Qafqaz
regionunda sabitliyin və təhlükəsizliyin
bərqərar olmasının,
Mərkəzi Asiyanın,
Azərbaycanın, Gürcüstanın,
Türkiyənin və
Avropanın ən böyük dövlətlərinin
qarşılıqlı əməkdaşlığının
təminatıdır". - Bu, gürcü həmkarı
- Eduard Şevardnadze ilə
dostluğunu yüksək
qiymətləndirən, Azərbaycan-Gürcüstan
siyasi və mədəni-iqtisadi əlaqələrini
daha da dərinləşdirmək
fürsətini heç
vaxt qaçırmayan
Heydər Əliyevin özünün sözləridir.
Qeyd edək ki, gürcülər
də onun xidmətlərini layiqincə
qiymətləndirərək köhnə Tbilisidəki Azərbaycan mədəniyyət
mərkəzinin yaxınlığında,
daha dəqiq desək, Maydanda, yəni qədim Tbilisinin düz mərkəzində büst,
Rustavi şəhərində abidə ucaltdılar. Tbilisidə Kür çayının sahili də bu böyük
şəxsiyyətin adını
daşıyır.
İmir MƏMMƏDLİ
525-ci qəzet.- 2023.- 7 iyul. S. 10.