Səsi də, özü də unudulmayan Sənətkar
16 iyul Azərbaycan estrada sənətinin "Mirzə
dayısı", məlahətli səsi,
mükəmməl musiqi zövqü,
şux xasiyyəti ilə milyonların sevgisini qazanmış korifey sənətkar Mirzə
Babayevin
110 illik yubileyi ilə əlamətdardır. Sağlığında doğum
günlərini təntənəli
şəkildə keçirməyi
sevməyən, o günün
sevincini yalnız ailəsi ilə bölüşən sənətkarın
indi doğum günləri, yubiley illəri böyük bir xalqın təqvimindəki əziz və işıqlısəhifələrə
çevrilib.
Səhnəmizin ən uzunömürlü
sənətçilərindən olan Mirzə Babayev söz vermişdi ki, 100 yaşında da əlində
mikrofon səhnədə
mahnı oxuyacaq, 130 il
ömür sürəcək.
Axı atası 105, nənəsi 127 il ömür
sürmüşdü. Ancaq
tale elə gətirdi
ki, o, 20 il öncə, 90 yaşında
həm sənətlə,
həm də həyatla cismən vidalaşdı.
Ancaq son
gününə qədər
sevdiyi sənətlə
məşğul oldu,
oxudu, zəngin ifaçılıq irsi, örnək sənətkarlıq
dəsti-xətti qoyub
getdi. İndi "Liman"dan
"Yaşıl ada"ya,
"Zəfəran"a, "Kəpənək"ə, hətta
"Çay"a qədər
hər şey onu xatırladır və üzümüzdə,
qəlbimizdə sevgi dolu təbəssüm yaradır.
lll
Mirzə
Əbdülcabbar oğlu
Babayev 1913-cü il iyulun 16-da Bakının Maştağa
kəndində, ziyalı
ailəsində dünyaya
göz açıb.
1935-1940-cı illərdə memarlıq üzrə ali təhsil alıb və elə təhsil illərində də səhnədə ilk addımlarını
atmağa başlayıb.
İkinci Dünya müharibəsi başlayanda
o da milyonlarla həmvətəni
kimi cəbhəyə
gedib, müharibədən
leytenant rütbəsi
və orden-medallar ilə qayıdıb. Memar kimi Bakıda,
Gəncədə, Ağdamda
bir neçə mühüm binanın layihə müəlliflərindən
olub.
Musiqiyə sonsuz sevgisi onu 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına gətirir.
1953-cü ildə konservatoriya
təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə
yiyələnərək ürəyəyatımlı
səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə
qısa müddətdə
tamaşaçıların böyük rəğbətini
qazanır.
İlk dəfə görkəmli
bəstəkar Tofiq Quliyevin yaratdığı
caz orkestrində çıxış edən
M.Babayev sonralar bunu xatırlayarkən
"Tofiq olmasaydı,
mən memar kimi davam edəcəkdim"
deyirdi.
Onun həyat yoldaşı, əslən şuşalı
olan Güllü xanımla tanışlığı
tələbəlik illərinə
təsadüf edir.
1933-cü ilin yaz-yay aylarında dostlarıyla indiki İstiqlaliyyət küçəsində söhbət
edən gənc Mirzə təsadüfən
oradan keçən bir qıza, xüsusilə də qızın uzun saçlarına elə
ilk baxışdanca aşiq
olur. Vaxt itirmədən onun arxasınca düşərək
evlərini öyrənir
və elçilərini
göndərir. Ancaq
20 yaşı olmasına
baxmayaraq, artıq müğənni kimi tanınan birinə o dövrdə kim könül xoşluğu
ilə qız verərdi ki?! Güllü
xanımın ailəsi
də əvvəlcə
onu Mirzəyə vermək istəmir. Ancaq aşiq Mirzə düz üç il səbr edir, sevgisindən dönmür və nəhayət, üç
ildən sonra öz məhəbbətinə
qovuşur. Onların evlilikləri 65 il sürür.
1997-ci ildə həyat yoldaşını itirdikdən
sonra nəinki evlənir, hətta onun şəklini hər zaman özüylə
gəzdirir, eşqinə
ömürlük sadiq
qalır. Öz doğum günlərində
belə həmişə
onun qəbrini ziyarət edən Mirzə Babayev xanımından
sonra cəmi 6 il yaşayır və bu illərdə öz Güllüsünə
3 mahnı və 3 klip ithaf edir.
Mirzə
Babayev Azərbaycanda ironik,
zarafatyana mahnıların
ilk uğurlu ifaçısı
olub. Onun "Kəpənək" mahnısı
və o mahnını
ifa edərkən müəyyən yaşa dolmuş Mirzə dayının canlandırdığı
obraz uzun müddət çoxları
tərəfindən birmənalı
qarşılanmayıb. Deyilənə
görə, bir dəfə Qarabağın
ucqar kəndlərindən
birinə, zəhmətkeşlər
qarşısında konsert
verməyə gedibmiş.
Tamaşaçıların arasından bir ağsaqqal çıxıb
deyib: "Əgər
"Kəpənək" mahnısını oxumayacaqsansa,
camaatı konsertə buraxaq". Mirzə gülərək razılaşır.
Mirzə
Babayev Azərbaycanda estrada
janrının banisi olmaqla yanaşı, həm də şanson üslubunda oxuyan, demək olar, yeganə müğənni idi. O vaxtın şanson ifaçıları məhəbbət
mövzusunda, lirik məzmunlu şanson mahnılar oxuyurdular. Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi Mirzə Babayev üçün şanson
mahnıları yazırdılar.
Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları Mirzə Babayevin ifasında şanson mahnılara çevrilirdi. Sənətkar
güclü artistizm ilə ifa etdiyi
bütün mahnıları
kiçik tamaşaya,
özünü isə
bədii qəhrəmana
çevirə bilirdi.
Bəlkə də məhz bu xüsusiyyəti idi azərbaycanlı rejissorların da diqqətini
cəlb edən ki, ona zamanında neçə-neçə filmdə
irili-xırdalı rollar
verilib. Bu baxımdan, Mirzə Babayev həm də aktyor kimi Azərbaycan mədəniyyəti və
incəsənətinə yorulmadan
xidmət etmiş sənətkardır. O, həm
səsi, həm də görüntüsü
ilə 50-yə yaxın
filmdə rol alıb. Özü də təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. Peşəkar ifası, bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrində yer
alan müğənninin
"Kölgələr sürünür",
"Qaraca qız",
"Sən niyə susursan", "Dəli Kür", "Dərviş
Parisi partladır",
"Qorxma, mən səninləyəm", "Bəyin
oğurlanması" filmlərindəki
məşhur rolları
tamaşaçının yaddaşına
əbədi iz qoymaqla bərabər, ən təbii şəkildə yaratdığı
obrazlarının replikaları
uzun onilliklərdir ki,
dillər əzbərinə
çevrilib. Məşhur
"O olmasın, bu olsun" filmində Məşədi İbadın
mahnılarını məhz
Mirzə Babayev oxuyub. Yaxud "Dərviş Parisi partladır" filmində Dərvişin ekranda göründüyü
ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev məhz M.Babayevin çəkiləcəyini
biləndən sonra yazıb.
M.Babayev
müxtəlif illərdə
Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsinin
estrada orkestrində, Filarmoniyada, Dövlət Konsert Birliyində çalışıb. Görkəmli
estrada müğənnisi
dünyanın bir çox ölkələrində
yüksək ifaçılıq
məharəti ilə
Azərbaycanın musiqi
sənətinin təbliğatçısı
kimi çıxış
edib, milli estrada musiqimizi yüksəklərə
qaldırıb.
1957-ci ildə Leninqradda (İndiki Sankt-Peterburq) keçirilən dövlət
konsertində məşhur
fransız sənətçi
Jilber Beko Mirzəyə
yaxınlaşır və
ona Fransaya köçməyi təklif
edir. Sənətkarın
canlı ifasını
çox bəyənən
Jilber Beko onun səsinə heyran qaldığını söyləmiş
və erməni əsilli müğənni
Şarl Aznavurdan daha güclü səsi olduğunu vurğulamışdı.
1990-cı
illərdə isə ona Türkiyəyə köçmək təklif
olunur. Ancaq o, bu cür təkliflərə
həmişə "yox"
cavab verərdi. Çünki sonsuz dərəcədə vətənpərvər
idi, repertuarındakı
"Azərbaycan" da onun
sevimli mahnısı idi və ömrünün
sonuna kimi öz vətəninə, xalqına, milli incəsənətə
şərəflə xidmət
etdi.
Olduqca pozitiv insan olan,
həyat eşqi ilə çağlayan Mirzə dayı ahıl yaşına rəğmən, şuxluğundan
heç nə itirməmişdi. Amma nə
yazıq ki, 89 yaşında
balıqdan zəhərlənir
və Bakı Dövlət Universitetinin qarşısında konsert
verərkən, səhnədə
huşunu itirib yıxılır. Müalicə
alıb sağalsa da, artıq əvvəlki qıvraqlığına qayıda
bilmir. 2003-cü il yanvarın
13-də, ömrünün 90-cı ilində dünyasını
dəyişir.
Onun Azərbaycan mədəniyyəti
və incəsənətindəki
xidmətləri yüksək
qiymətləndirilib, ölkənin
ən yüksək fəxri adlarına layiq görülüb, bir sıra orden
və medallarla təltif olunub.
Vəfatından 20 il deyil, hələ
neçə on illər,
qərinələr keçsə
də, böyük sənətkarımız Mirzə
Babayev heç zaman unudulmayacaq,
Azərbaycan musiqi sənətinin sönməz
ulduzu kimi parlayacaq, sənətinin ziyası ilə hələ neçə nəsillərin qəlbini,
yolunu nurlandıracaq.
Şahanə
MÜŞFİQ
Hərbi And.- 2023.- 14 iyul. S. 11.