Jurnalistikada
keçdiyim yol, yaxud ömür hədər yaşanmayanda...
Bu
il, lap dəqiq desəm, noyabrın 22-də anadan
olmağımın 75, professional jurnalistlik fəaliyyətimin
52 illiyi tamamlanır. Keçdiyim bu yolun xatirəyə dönən
məqamları az deyil. Həm yubileyim ərəfəsində,
həm də Milli Mətbuat Günümüzə
sayılı günlər qaldığı bir vaxtda xatirələrimdən
bir qismini "525-ci qəzet"in oxucuları ilə
bölüşməyə ehtiyac duydum.
Bir
jurnalist axtarırdım
Dəyişən
çox şey var. Hər şey öz axarı ilə gedir.
Aradan illər keçsə də, heç nə yaddan
çıxmayıb. Yolum tez-tez bu yerlərdən
düşür. Hər dəfə buradan keçəndə
1960-cı illəri xatırlayıram. Bura şəhərin mərkəzi
hissəsidir. 1931-1983-cü illərdə "Leninçi"
(indiki "Lənkəran") qəzeti bu binada yerləşirdi.
1853-1920-ci illərdə isə bura İran dövlətinin
konsulluğu olub. Sonralar redaksiyanın yerləşdiyi
binanın yerində ilk doqquzmərtəbəli
yaşayış binası ucaldıldı.
Doqquzuncu
sinifdə oxuduğum vaxtlar idi. Doğulub boya-başa
çatdığım Vilvan kəndində orta məktəb
olmadığından təhsilimi Lənkəran şəhər
1 saylı tam orta məktəbində davam etdirdim. Sonuncu zəngdən
sonra tələsik redaksiyanın qapısında
asılmış qəzet lövhəsində öz
adımı axtarardım.
Bir dəfə
sovxoz təsərrüfatından geniş bir yazı
hazırlamışdım. Onu poçtla göndərmədim,
qərara aldım ki, məktubu redaksiyaya özüm aparım.
Pillələrlə ikinci mərtəbəyə qalxanda duruxub
qaldım. İçəri keçməyə cəsarətim
çatmadı. Jurnalistləri yenilməz dağa,
bütün vəzifələrdən ucada dayanan müqəddəs,
bəxtəvər insanlara bənzədirdim. Fikirləşirdim
ki, görəsən, onlar da bizim kimi çörək yeyirlər?
Bu sualı məndə jurnalistikaya həvəs oyatmış əmim
oğlu Vəliağa Əzimova da vermişdim. O, qəribə
sualıma qəribə də bir cavab vermişdi: "Yəqin
ki, yeyirlər". Bu cavab özü məni
çaşdırmışdı. Amma istəyirdim ki,
yaxından bir jurnalist görüm və təsəvvürümdə,
xəyallarımda canlandırdığım obraza əyani
baxmağa çox tələsirdim. Gəlişim istirahət
vaxtına düşmüşdü, sakitcə kənarda
dayanıb hansısa bir jurnalistin pillələrlə
qalxacağını ürək döyüntüsü ilə
gözləyirdim. Elə bu vaxt qarabuğdayı, orta
yaşlı bir kişi ayağını çəkə-çəkə
dəhlizdə göründü, üzünü mənə
tutaraq:
-
Kimi istəyirsən? - soruşdu. Ciddi görkəmindən, zəhmli
baxışlarından azacıq çaşdım, amma tez də
özümü toplayıb:
- Mənə
bir jurnalist lazımdır, - dedim.
-
Jurnalist? - təəccüblə mənə baxdı, ani
sükutdan sonra: - Nə işin var jurnalistlə? - sual etdi.
- Ona
məktub verəcəyəm.
- Nədən
yazmısan?
- Kənddəki
təsərrüfatdan.
- Məktubu
ver mənə.
- Verə
bilmərəm...
- Niyə?
- Məktubu
jurnalistə verəcəyəm.
Dodaqaltı
nəsə dedi, amma bir şey anlamadım.
-
Onda gəl ardımca.
Fikirləşdim
ki, yəqin məni bir jurnalistlə görüşdürmək
istəyir, ürəyim atlandı. Əgər ürəyimin
səsini dinləyən olsaydı, bəlkə də
tappıltısını eşidəcəkdi.
Geniş
bir otaqdan keçib pəncərəsi küçəyə
açılan kiçik bir otağa keçdik. Özü
yuxarı başda əyləşdi, mənə də yer
göstərdi. Bir anlığa mənə elə gəldi ki,
bu kişi ömründə gülməyib. "Bəlkə də
anadan belə ciddi doğulub" - fikirləşdim.
- Məktubu
ver baxım, - dedi.
-
Yox, onu bir jurnalistə...
Sözümün
təsirindən tutulan kimi oldu və cümləmi
tamamlamağa imkan vermədi, cavabından əsəbiləşdiyini
hiss etdim:
-
Jurnalistin bəlkə buynuzu var?! - soruşdu.
-
Bilmirəm, bir dəfə də jurnalist görməmişəm.
-
Deyirəm, axı! - Bu dəfə nədənsə
gülümsündü və sadəlövhlüyümə
bərkdən şaqqanaq çəkdi. Ürəyimdə
fikirləşdim ki, gör işin harasıdır, sən demə,
bu kişi gülməyi də bacarırmış. Bir qədər
sonra: - Mən jurnalistəm, - dedi. - Məktubu ver, baxım,
görüm necə yazmısan.
-
Doğrudan jurnalistsiz?
- Necə
bəyəm, oxşamıram?
- Nə
bilim...
Tərəddüd
içində, ürəyimdə götür-qoy edə-edə
məktubu ona uzatdım. Dedim ki, jurnalist gələnədək
fikrini söyləsin.
Əvvəl
imzama baxdı:
- Demək,
məktubu yazan sənsən? - sualın cavabını gözləmədən
sözünə davam etdi. - Yaxşı deyiblər, qəhrəmanın
adını eşit, üzünü görmə. İmzanla
tanışam, görək bu məktubu necə qələmə
almısan.
Az
sonra gözlərini şagird dəftərində
yazdığım məqalədən çəkərək
dedi:
- Bir
məqalədə iki məsələdən söhbət
açırsan. Həm partiya təşkilatının
işindən, həm də əyani təşviqatdan.
Yaxşı olar ki, mövzuların hərəsini
ayrı-ayrılıqda qələmə alasan.
Belə
də etdim. Məqaləyə düzəliş etdikdən
sonra ertəsi günü redaksiyaya gəldim. "Partiya həyatı"
şöbəsi yazılmış qapını astaca
taqqıldatdım.
-
Buyurun, - dedi. Başıaşağı nəsə
yazırdı. İşdən ayırdığım
üçün mənə acığı
tutacağını, hirsini məqalənin üstünə
tökəcəyini fikirləşdim. Nəfəsimi içəriyə
çəkib dayandım, ürəyim şiddətlə
döyünürdü. Çeşməyini
çıxardıb bir az əvvəl oxuduğu yazımın
üstünə qoydu. Nə deyəcəyimi bilmədiyimdən
həyəcan keçirirdim. Otaqda qəribə sükut
yaranmışdı. Bu sükutu onunla üzbəüz divara
vurulmuş kəfkirli saatın əqrəblərinin səsi,
bir də küçədən keçən adamların ayaq
tappıltıları, ya da danışıqları pozurdu.
Çeşməyini
götürüb taxdı, məni birinci dəfə
görürmüş kimi başdan-ayağadək bir də
süzdü. Zəhmli baxışları altından
özümü itirdim və gəlməyimə peşman
oldum.
-
Oxuyursan?
-
Doqquzda oxuyuram.
- Bəs
sonra?
-
İstəyirəm universitetin jurnalistika fakültəsinə
daxil olum.
Mənə
qəribə göründü, qaşqabağı yerlə
sürünən bu kişinin birdən-birə dodaqları
qaçdı. Qalın, azacıq ağarmış
bığlarından onu məşhur "Əsgər
atası" filminin qəhrəmanı Maxaraşviliyə
oxşatdım. İllər, onillər keçəcək və
bir yerdə işləyəcəyimiz dövrdə bəzən
zarafatyana onu belə də çağıracaqdım:
Maxaraşvili. Sözümdən inciməzdi, hətta xoşu
gələrdi. Amma həmin illərə çox
qalırdı. Hələlik 1964-cü ilin fevral ayının
son günləri idi.
Nəhayət
gözlərini məndən çəkmədən:
-
Yaxşı arzudur, - dedi. - Jurnalist peşəsi çətin,
məsuliyyətli, həm də şərəflidir. - Bir qədər
sükutdan sonra üzünü yenidən mənə tutdu: -
Gedə bilərsən!
"Gedə
bilərsən!" sözü mənə elə də
çatmadı. Axı, adını bilmədiyim,
özünü jurnalist adlandıran bu adam mənə demədi
ki, yazımın aqibəti necə olacaq... Hətta
özümü qınadım ki, niyə mən yazımı
ona verdim.
Bir
neçə gün sonra "Sovxozda əyani təşviqat"
sərlövhəli məqaləmi "Leninçi" qəzetinin
ikinci səhifəsində görəndə
"Maxaraşvili" dediyim o adam haqqında təsəvvürüm
tamam dəyişdi. Jurnalist Əyyub Rzayevlə tanışlığım
belə alınmışdı...
Tale
elə gətirdi ki, Əyyub müəllimlə 1978-cü ildən
1993-cü il dekabrın 15-dək bir yerdə işləməli
olduq. Mən redaksiyada məsul katib vəzifəsində işə
başlayanda o, kənd təsərrüfatı şöbəsinin
müdiri işləyirdi.
Bir dərs
günü
1971-ci
il idi. Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsində oxuyurdum. Bir dəfə dərsə gələndə
dedilər ki, dekan Şirməmməd Hüseynov səni
axtarır. Bildim ki, dərsdə olmadığıma görə
məni danlayacaq.
Qapısı
açıq idi, icazə alıb içəri keçdim. Nəsə
soruşmaq istəyəndə telefon səsləndi. Dəstəyi
qaldıranda arada yaranmış fasilədən istifadə edib
dedim ki, Şirməmməd müəllim, daha gecikmərəm,
icazə verin, gedim, bir azdan seminar başlanacaq? O isə
telefonda kiməsə: "Axırıncı dəfə olsun,
bir də belə olmasın" deyib öyüd-nəsihətə
keçdi. Mənsə fürsətdən istifadə edib tələsik
otaqdan çıxdım.
Növbəti
dərsdə Şirməmməd müəllim qapıda
görünəndə ürəyim sancdı. Nəzərlərini
auditoriyada gəzdirə-gəzdirə üstümdə
saxladı və xarakterinə uyuşmayan bir tərzdə dedi:
-
"Jurnalistika" məcmuəsində sənin "Molla Nəsrəddin"
jurnalı və Lənkəran" adlı elmi məqaləni
oxudum, xoşuma gəldi. Yaxşı yazmısan, amma bu əsas
vermir ki, dərsdən yayınasan...
Başımı
aşağı salıb dinmədim. Şirməmməd müəllim
gedəndən sonra müəllimimiz Əliş Nəbili dedi
ki, belə olmaz, sən dərsdən yayınırsan, məsul
katib işləyəcəyin dövrdə çətinlik
çəkəcəyini bilirsənmi? Dedim ki, kimdir mənə
məsul katiblik verən, adamım yoxdur ki, qabağa
düşsün. Amma tale elə gətirdi ki, universiteti bitirən
ili "Leninçi" qəzetinə məsul katib təyin
olundum. Bu mənim üçün gözlənilməz idi.
Halbuki buna raykomun birinci katibi İsa Məmmədov
razılıq verməmişdi. İllər keçəndən
sonra İsa Məmmədov haqqında yazdığım "Dəyərli
ömrün Lənkəran səhifəsi" kitabını
ona təqdim edəndə doluxsundu və gözlərinə
aparıb dönə-dönə öpərək dedi:
-
Bilmirəm sənə necə minnətdarlıq edim... Bu
kitabla mənə mənəvi abidə qoydun.
Sonralar
redaktor müavini, daha sonra qəzetin redaktoru oldum. Demək,
vaxtilə Əyyub müəllimin daşıdığı həmin
vəzifələri indi mən yerinə yetirirdim.
Hədələr,
maneələr vardı
"Lənkəran"
qəzetinin redaktoru işlədiyim illər ölkədə
ictimai-siyasi hadisələrin gərgin olduğu dövrə təsadüf
etmişdi. 90-cı illərin əvvəllərində hadisələrdən
baş çıxarmaq o qədər də asan deyildi. Hadisələrin
obyektiv işıqlandırılması o vaxt hakimiyyətdə
təmsil olunan "cəbhəçilər"in, sonradan isə
hümmətovçuların xoşuna gəlmirdi.
"Cəbhəçilər"in
hakimiyyəti dövründə tələb etdilər ki, qəzetin
hər nömrəsini oxumalıyıq. Halbuki mətbuat
haqqında qanunda buna yol verilmirdi. Qəzetin növbəti
nömrəsi çapdan çıxandan sonra icra hakimiyyətinin
başçısı, müavinləri və şöbə
müdirləri qəfildən redaksiyaya gələrək hədə-qorxuya
keçdilər. İcra başçısı qəti şəkildə
bildirirdi ki, redaktoru tutduğu vəzifədən kənarlaşdırmaq
fikrindəyik, çünki o, göstərişimizə məhəl
qoymayaraq qəzeti çap etdirib. Onda şöbə
müdiri, ağsaqqal jurnalist Əyyub Rzayev səsini qaldırdı
və məni müdafiə etdi. Dedi ki, redaktor düz hərəkət
edib, mətbuat haqqında qanunda sizin dediklərinizə yol
verilmir. Redaksiyanın digər əməkdaşlarının
da redaktoru müdafiə etdiklərini görən icra
başçısı hədə-qorxuya keçdi və dedi
ki, bundan sonra qəzetə abunədə kömək göstərilməyəcək.
Bu və
bənzər hadisələr həmin dövrdə az
olmamışdı. Hümmətovçuların meydan
suladıqları dövrdə qəzetdə şair Allahverdi
Zeynalovun "Azərbaycan" şeirini dərc etmişdik. Azərbaycanı
parçalamaq istəyən nadürüstlər şeirdə
kəskin tənqid olunurdu. Hədə-qorxuya görə ailəliklə
başqa yerdə sığınacaq tapdıq. Sonra qonşular
dedilər ki, silahlı iki nəfər səni
axtarırdı.
1994-cu
ildə baş redaktoru olduğum "Lənkəranın səsi"
qəzetinin ilk sayını yerli mətbəədə
çap etdirə bilmədik. Qəzet Masallıda işıq
üzü gördü. "Aşkarlıq" qəzetini
çap etdirərkən də bəzi maneələrlə
üzləşməli olduq. Bunlara görə heç kəsi
qınamıram, heç kəsdən də inciməmişəm.
Dövr belə idi, şükür Allaha ki, bu gün ölkədə
möhkəm ictimai-siyasi sabitlik, söz və mətbuat
azadlığı var.
15
ildən çox məsul katib, redaktor müavini və redaktor
olduğum "Lənkəran" qəzetinin 70 illik yubileyinə
dəvət almamağım mənə yaman təsir
etmişdi. Bunu Mirzə Ələkbər Sabirin, yaxud "Molla
Nəsrəddin" jurnalının yubileyinə Cəlil Məmmədquluzadənin
dəvət edilməməsinə oxşadıb özümə
belə təskinlik verdim ki, Mirzə Cəlil bu gün də mənəvi
ömrünü yaşayır, onu dəvət etməyənlərin
isə izi-sorağı da qalmayıb.
Ömrümün
qiymətli bəhrələri
50
illik jurnalistlik fəaliyyətim dövründə 60-dək
publisistik kitabım çıxıb. Bu kitablarda torpaq, yurd həsrəti,
zəhmət nəğməsi, insan və zaman haqqında
düşüncələr öz əksini tapıb. Müasir
insanın həyatı yaradıcılığımın əsasını
təşkil edir. Xəzərin sərvətini üzə
çıxaran neftçilərin,
balıqçıların, böyük zəhmət
bahasına öz məhsullarını uzaq-uzaq şəhərlərə
göndərən tərəvəzçilərin,
çaybecərənlərin, sitrusçuların, həmçinin,
kosmonavtların, görkəmli dövlət və elm xadimlərinin,
müxtəlif peşə sahiblərinin həyatından
yazdığım portret oçerk, sənədli povest,
publisistik düşüncələr çoxlarına
tanışdır. Yadımdadır, işsiz
qaldığım dövr idi, "Lənkəran şəhidləri"
kitabının çapı üçün öz nişan
üzüyünü satdım. Azərbaycanın əksər
yerlərində oxucularım vardır. Bir dəfə məni
Naxçıvanın Nehrəm kəndinə dəvət
etmişdilər. 2000-ci ildə dostum Hacı İdrislə
orada qaldığımız üç həftə ərzində
Naxçıvanın bir çox yerlərində, o cümlədən,
Ordubadda Məmməd Səid Ordubadinin, Nehrəmdə Cəlil
Məmmədquluzadənin ev muzeylərinə, müqəddəs
Əshabi-Kəhf ziyarətgahına baş çəkdik.
Tanınmış elm, mədəniyyət xadimləri və
dindarlarla görüş "Nehrəm və
hacıları" kitabının yaranmasına səbəb
oldu.
"Aşkarlıq"
- 28 yaşlı müstəqil qəzet
Xatirələrə
dönən illər bir də qayıdan deyil. Ötən illərin
isti nəfəsi ömür yoluma az sığal çəkməyib.
İllərin arxasınca boylanıb baxanda hiss edirəm ki,
ötən günlər hədər getməyib. El-oba, cəmiyyət,
doğma yurdumun adamları qarşısında alnım
açıq, üzüm ağdır. Hər dəfə qələmi
əlimə alanda öz-özümə hesabat verirəm: bir
övlad, bir qələm sahibi, bir jurnalist kimi şəxsiyyətimi,
müqəddəs jurnalist şərəfimi qoruya bilmişəmmi?!
"Lənkəran" qəzetinin məsul katibi, redaktor
müavini və redaktoru, bölgədə müasir jurnalistika
məktəbinin təməlini qoyanlardan biri, 1992-ci ildə
"Lənkəranın səsi", 1995-ci ildə
"Aşkarlıq" müstəqil qəzetlərinin təsisçisi
və bu qəzetlərin redaktoru kimi fəaliyyət göstərmişəm.
Budur, "Aşkarlıq" 28 ildir ki, işıq üzü
görür. Çətinliklərə baxmayaraq qəlbimin
odunu, gözümün nurunu sərf edərək, jurnalist
etikasından kənara çıxmadan, heç kəsdən
təmənna güdmədən, heç kəsin cibinə
göz dikmədən, abunə çətinliyinə
baxmayaraq, "Aşkarlıq"ı yaşadıram. Qəzetin
25 illiyi Lənkəranda geniş qeyd olundu. Tədbirdə qonşu
rayonlardan olan oxucularımız da iştirak edirdilər. Qeyd
edim ki, anadan olmağımın 60 və 70 illiyi Lənkəran
Dövlət Universitetində, doğulub boya-başa
çatdığım Vilvan kəndində,
Yazıçılar Birliyinin Lənkəran bölməsində
qeyd olunub.
Böyük
sənətkar C.Məmmədquluzadə yazırdı ki,
"Molla Nəsrəddin" təkcə bir nəfərin
deyil, qələminə sadiq, əqidəcə saf, dövlətinə,
vətəninə sadiqlik göstərən bütün
oxucularındır. "Aşkarlıq" qəzeti də
bütün oxucuların, onu sevənlərindir.
Nəşri
davamlı, yolu işıqlı, sözü kəsərli olsun!..
Yol
davam edir
Qapı
astaca açıldı. Məktəbli bir oğlan utana-utana
dedi:
- Siz
jurnalistsiniz?
- Bəli,
necə bəyəm?
-
Doğrudan jurnalistsiniz? İlk dəfədir jurnalist
görürəm...
Bu
sualı vaxtilə mən də vermişdim. Onda Əyyub
müəllimin simasında ilk dəfə jurnalist
görmüşdüm. İndi isə bu sualı mənə
verirdilər.
- Mən
də jurnalist olacağam!..
Demək,
jurnalistikaya yeni nəfəs gəlir.
Gəlişi
uğurlu, sözü kəsərli, qələmi iti olsun!..
Etibar ƏHƏDOV
525-ci qəzet.- 2023.- 7 iyul. S. 12.