Qızılgöl
Yolboyu
ötən günün gurultulu dava-dalaşı
ağlımdan çıxmırdı. Anamın qəlbi
qırılmışdı. Qardaşım belə
üstümə bozarmışdı:
- Nəyimizə
lazımdır o yiyəsiz ev? Birdən ikiyə ora gedib-gəlirik?
Sözləri
xətrimə dəymişdi:
-
"Yiyəsiz" demə! - üstünə
çığırmışdım.
-
Oğlum, qardaşına toy eləməliyik. - Atam yenə eyni
səbəbi dilə gətirdi - Gəl, kənddəki evi
sataq, əlimizdə 5-10 min manat əlavə pulumuz olsun.
Hazır müştəri də var. Bu dövrdə nə
tapsaq, qənimətdir.
Hamının
gözünü pul örtüb. Atama daha çox hirsliyəm.
Axı ora onun ata yurdudur.
Axırda
məni dizə gətirdilər. Aylardır bu söhbət
davam edir. Həmişə fərqli bəhanə ilə.
Ən son tərəziyə qardaşımın səadət
günü qoyulanda isə ürəyimə ağır gəldi:
- Siz
deyən olsun... Sabah gedib həll edərəm... - dedim. Beləcə,
mübahisə də dərhal bitdi.
lll
Sübh
tezdən şəhərlərarası avtobusa mindim. Uşaq
vaxtı hər tətildə kəndə getdiyimiz yolla hərəkət
etdik. Yolda həmişə hövsələsiz olardım.
"Nə qədər qaldı?",
"Çatmırıq?" - deyə maşında valideynlərimi
bezdirərdim. Bu dəfə də içimdə bənzər
həyəcan çulğayırdı. Gözümü
saatdan heç cür ayıra bilmirdim.
Bir
neçə saat sonra kəndimizin adı yazılan
böyük lövhə göründü:
"Qızılgöl". Həmişə yorucu yolun sonunda
bu lövhəni görüncə ürəyim
şadlıqdan atlanırdı.
Əvvəllər
elə bilirdim, kəndimizdəki böyük göldə
qızıl var. Hətta uşaqkən dostlarla bir neçə
dəfə qızıl axtarışına da
çıxmışdıq. Amerikan filmlərində
çayda qızıl axtaranlar kimi mətbəxdən
çırpışdırdığımız ləyənlərlə
düşmüşdük gölün canına. Cəhdlərimiz
bəhrə verməmişdi. Sonra öyrəndim ki, göldə,
onsuz da, qızıl-filan yoxmuş. Sadəcə, yaz-payız
aylarında şimaldan cənuba, cənubdan şimala uçan
köçəri qızılqazlar gəlib, burada bir neçə
gün qonaq olurmuş. Gölün adı da Qızılqaz
gölü imiş, sonralar qısalıb Qızılgöl
olub. Kəndə də eyni adı veriblər.
Axırıncı
dəfə kəndimizə 10 il əvvəl gəlmişdim.
Onda babam dünyasını dəyişmişdi. Babamdan bir il
öncə isə nənəm. Yalnız o səfərlər
zamanı bu lövhəni oxuyarkən ürəyim dərin
yara kimi sızlamışdı.
Avtobusdan
enincə yayın boğucu bürküsü nəfəsimi
ağırlaşdırdı. Elə bil, ciyərlərimə
ağır-ağır daşlar dolurdu. Günəş isə
qızmar şüalarını iynə tək gözümə
sancırdı. Yanımdakı su butulkasının
qapağını açıb, üzümə su çilədim.
Köynəyimin yaxasını açdım. Özümə
gəlməyə çalışırdım ki, anidən
Şəmilin səsini eşitdim. O, babamın qardaşı nəvəsi,
mənim uşaqlıq dostumdu. Qucaqlaşıb
görüşdük. Hal-əhval tutduq. Bakıdakı
qohumların, tanışların əhvalını xəbər
aldı.
Maşına
oturub, kəndə yollandıq. Yaxşı
tanıdığım meydanları, küçələri
görüncə azca sevincək oldum. Köhnə xatirələr
yadıma düşdü. Uşaq vaxtı bu yerlər mənə
ensiz-bucaqsız, nəhəng kainat kimi
görünürdü. Əslində isə ovuc boyda bir kənd
imiş.
Tanış-tunuş
görə bilərəm deyə gözlərimlə dörd
yanı gəzdim. Amma kənd yaman boş
görünürdü. Ətrafda qəribə bir səssizlik,
tənhalıq vardı.
Meydandakı
məşhur restoranı xatırladım. Yəqin ora
izdihamlı olardı. Orada bişirilən balığın
dadı hələ də damağımda idi.
- Bəlkə,
Cəlalın restoranına gedək? - soruşdum.
-
Heç narahat olma, evdə sənə ləzzətli yemək
hazırlamışıq. - Şəmil dedi.
-
Yox, çox sağ ol. Elə restoran yaxşıdır.
Oranın yeməklərindən ötrü
darıxmışam.
- Hə,
əntiqə yerdi, amma çoxdan bağlanıb. Cəlal
Bakıya köçüb, indi deyəsən, orada kafedə
işləyir.
- Nə
əcəb? Restoranı bərk gedirdi axı.
Şəmil
mənə sarı döndü:
- Sənin,
deyəsən, aləmdən xəbərin yoxdur. Kənddə
adam qalıb ki?.. Hərə bir tərəfə
dağılıb. Qalan elə bizik.
Restoranın
yanından ötdük. Şüşələri
qırılmış, hər yeri toz basmışdı.
Xarabalığa oxşayırdı. Halbuki əvvəllər
burada canlı musiqi çalınar, qonşu kəndlərdən
müştərilər axışardı.
Qızılqazları görmək həvəsi ilə kəndə
gələn turistlər də burada ayaq saxlayardılar.
Şəmil
maşını öz evinə sürdü. Darvazaya
yaxınlaşınca başa düşdüm ki, bir azdan
özümü lap narahat hiss edəcəyəm. Nahaq gəldim...
Gərək deyəydim toxam, elə birbaşa babamgilin evinə
gedərdik.
Maşından
enib, həyətə girdik.
- Mədinə,
gəlmişik. Yeməklər hazırdır? - Şəmil
ucadan səsləndi.
Onun
adını eşidəndə diksindim. Ayaqlarım
ağırlaşıb sürünən kimi oldu. Bərk tərəddüdə
qapıldım.
Mədinə
tezliklə Şəmilin səsinə eyvana çıxdı.
Bir anlıq üzümə baxıb, tez də nəzərlərini
yayındırdı. "Xoş gəlmisiniz", - dedi. Səsi
qəlbimdəki köhnə telləri titrətdi. Çəkinə-çəkinə
salamlaşdım. Şəmillə danışmağa
başladılar. Xəlvətcə onu süzdüm. Çox
sınıxmışdı. Bənizi solğundu. Xatirələrimdəki
gözəl Mədinə deyildi.
Şəmillə
həyətdə bir az var-gəl etdikdən sonra evə girib
süfrə arxasına keçdik:
-
Əhməd nə edir? Haradadır? - uşaqlıq dostumuzu
xatırladım.
-
Bakıya köçdü o da. Birtəhər dolanır.
- Kənddə
onların böyük tarlası yox idi?
- Bir
deyil, neçə-neçə tarlaları vardı. Yaman
qazanırdılar. Evləri, maşınları... Sonra
gördü ki, quraqlıq baş alıb gedir, su-zad yoxdur,
kanallar qupquru. 2-3 il dözdü, axırda nəyi var, nəyi
yox, hamısını satıb köçdü.
-
Daha satmaq niyə?
-
Neyləsin ki? - Şəmil gileyli şəkildə əlini
hava yellədi - Əvvəllər bizə deyirdilər,
inanmırdıq. Elə bilirdik, boş-boş söhbətlərdir,
ya da nə bilim, belə şeylər uzaqlarda baş verir. Sonra
gördük ki, qardaş, elə deyil. Qışda
yağış yox, qar yox. Yayda da istidən bişirik... Bax
adam susuz yaşaya bilər? Yox! Torpaq da elədir. Nə qədər
əziyyət çəkdik, bar vermədi. Təbiət elə
bil küsdü bizdən...
Yeməkdən
sonra israr elədim ki, çay içməyək. Onsuz da, hava
istidir. Ləngimədən qalxıb gedək. Otaqdan
çıxarkən Mədinə ilə qapıda
rastlaşdım. Dilucu təşəkkür edib,
sağollaşdım.
- Evi
kim almaq istəyir? - maşına minəndə günlərdir
içimi yeyən sualı verdim.
- Məktəbdə
mənimlə işləyən riyaziyyat müəllimi var.
Yaxşı adamdır. Uzaq kənddə yaşayır. Hər
gün oradan gəlib-gedir. İstəyir, burada evi olsun, yollarda
əziyyət çəkməsin.
Babamın
evi yerləşən məhəlləyə dönəndə
həyəcanlandım. Çınqıl daşla
örtülü bu dar küçənin hər
qarışında xatirələrim vardı. Bax, bu alçaq
barını atlayıb, qonşunun bağından xəlvəti
xurma dərib yeyirdik. Bu qəhvəyi qaz borusunda sevdiyimiz
futbolçuların adlarını təbaşirlə
yazardıq. Bu yaşıl naxışlı darvazanın
qabağında mənlə Şəmilin dükanı
vardı. Stulun üstünə yaxındakı mağazadan
aldığımız şokoladı, peçenyeni,
içkiləri qoyub, yoldan keçənlərə baha qiymətə
satmağa çalışırdıq. Qonşular xətrimizə
dəyməyib, ciblərinə əl atardılar. Ləqəbimizi
"tacir" qoymuşdular.
Elə
o yaşıl darvazanın qabağında maşından endim.
Şəmil bir saat sonra müştəri ilə gələcəyini
söyləyib getdi.
Açarı
kilidə saldım. Qapı açılar-açılmaz
böyük həyətimiz göründü. Bir vaxtlar burada
çəpər diblərini qırmızı-sarı
güllər, gülxətmilər bəzərdi. Evin
divarlarına, həyətin üstünə çəkilmiş
məftil tellərə sarmaşmış tənək
budaqlarından topa-topa üzüm salxımları
sallanardı. Bağdakı meyvə ağaclarına qol-qanad gərmiş,
həyətə sərin kölgə salmış nəhəng
tut ağacı isə sanki içəri girənləri məğrur-məğrur
salamlayardı.
Babamın
vəfatından sonra ev boş qalmışdı.
Çiçəklər, ağaclar quruyub tələf
olmuşdu. O boyda tut ağacının boyu
bükülmüş, ilbəil budaq-budaq quruyub
tökülmüşdü. Xatirələrimdəki həyətimizdən
əsər-əlamət qalmamışdı.
Baxdığım hər yerdən alaq otları və qanqal
boylanırdı... Bir də qurumuş ağacların məzar
daşlarını andıran cansız gövdələri...
Bu mənzərəni seyr etdikcə ürəyim qubarlandı.
Evə
sarı addımladım. Qapını açıb içəri
girən kimi çox tanış və doğma qoxular ciyərlərimə
doldu. Nənəm gölün ətrafından yarpız,
çobanyastığı və cürbəcür başqa
otları toplayıb evə gətirər, güldanlara
qoyardı. Bir əsrdən çox keçsə belə, bu
otların ətri hələ də evdən çəkilməmiş,
sanki divarlarına hopmuşdu.
Kəndə
nə vaxtdan gəlmədiyimi xatırlamağa
çalışdım. Əslində, bu, babamla nənəmin
vəfatından 4-5 il əvvələ gedib
çıxırdı. O vaxtlar yay xeyli bürkülü
keçməyə başlamışdı. Yaşlı
qohumlarım boğanaqdan əziyyət çəkir, rahat nəfəs
ala bilmirdilər. Onda atam təklif etmişdi ki, hər yay
dağlıq rayonlardakı kəndlərdə ev kirayələsin
və babamgil yayı orada keçirsinlər. Əvvəlcə
bu təklif etirazla qarşılandı. Babam - "Qətiyyən
olmaz!" - deyib, kənddən heç yerə getmək istəmədiklərini
bəyan elədi. Amma hər ikisinin halı daha da pisləşincə
əlacsızlıqdan təslim oldular.
Bir
anlıq fikirləşdim ki, mən də atam kimi
yanlış davranıram. Onun qəbahəti o idi ki, ötən
illər ərzində mülkü yiyəsiz
qoymamalıydı. Əgər buranı tanışlardan
ehtiyacı olan birinə müvəqqəti versəydi, həm
evə baxardı, həm də ağaclara qulluq edərdi. Bu
acınacaqlı mənzərə də əsla yaranmazdı.
Mən
də indi evi satmağa razılıq vermişəmsə, məgər,
eyni səhvi təkrarlamırammı? Bura babamızın yurdu,
doğma, şirin xatirələrin məskən
saldığı bir müqəddəs yerdir. 5-10 min manata
görə buranı satmaq xəyanət deyilmi?.. Yox, yox, qətiyyən,
bunu edə bilmərəm... Başqa yol tapmalıyam... Bankdan
borc ala bilərəm... Şəmilə deyərəm ki,
atamgilə yalandan söyləsin ki, ev satılıb. Bankdan
aldığım pulu atama verərəm. Sonra işləyər,
yavaş-yavaş borcu qaytararam. Haqq-hesab bağlanandan sonra isə
atamgilə məsələni açıb deyərəm. O da,
yəqin, indi məcburiyyətdən evi satmaq istəyir.
Əminəm ki, əslində, ürəyində çox
peşmandır.
Ağlıma
gələn bu fikir məni vəcdə gətirdi. Üzümə
təbəssüm qondu. Yumruğumu sıxdım. Otaqdakı
xatirələr saçan əşyalara xilaskar kimi göz gəzdirdim.
Otların qoxusunu ciyərlərimin dərinliklərinə
çəkdim. Ruhum cana gəldi.
Anidən
Mədinəni xatırladım. Bir az xəyala daldım. Sonra
cəld addımlarla həyətə endim. Darvazadan
çıxıb uşaqkən gedib-gəldiyimiz dolanbac
yollarla gölə doğru istiqamət aldım. O vaxtlar
uşaqlarla bu yolu qaçaraq gedər, gölə
çatar-çatmaz paltarımızı soyunub hara gəldi
tolazlayar, suya atılar və axşama qədər çimərdik.
Göl
kəndimizin döyünən qəlbi idi. Damarlar ürəkdə
birləşdiyi kimi, kəndimizin bütün yolları da
buraya qovuşurdu. Sahil boyunca meşəliklər və əkin
sahələri uzanırdı. Kəndlə gölün
yaxınlığında ağaclarla dövrələnmiş,
səfalı havası olan geniş çəmənlik
vardı. Buradan gölün füsunkar mənzərəsi
açılırdı, sanki rəssam fırçasından
çıxmışdı. Çəmənlikdə
quşların ürək oxşayan nəğməsi, rəngarəng
çiçəklərin ətri arasında adam
özünü cənnətdəki kimi hiss edirdi.
Yay
aylarında kənd camaatı axşamüstü bu çəmənliyə
toplaşardı. Samovarlar qalanar, xalçalar döşənər,
süfrələr qurulardı. Domino və nərd
daşlarının şaqqıltısı, kişilərin bəzən
alovlu mübahisəsi, bəzən də xoş zarafatları
eşidilərdi. Qadınlarsa köməkləşib yemək
tədarükü görər, öz aralarında
pıçıltıyla danışıb,
xısın-xısın gülüşərdilər. Bəzən
onlardan biri uşaqları səsləyər, pendirli dürməyi,
kətəni, yaxmacı paylayardı. Biz uşaqlarsa ara vermədən
müxtəlif oyunlarda bir-birimizlə yarışar, bəzən
də balıqçı Akif əmidən bizi göldə gəzdirməsini
xahiş edərdik.
Kəndin
şad günləri də bu çəmənlikdə
büsatlı qeyd edilərdi: Novruz bayramında tonqal qalanar,
toy günlərində çadırlar qurular,
çal-çağırlı mərasimlər təşkil
olunardı. Elə atam və babam bu gölün sahilində
evlənmişdilər.
Mədinə
ilə də uşaqkən burada tanış olmuşdum. Eyni
dost dəstəsinin üzvləri idik: o, mən, Şəmil
və Əhməd. Tətillərdə az qala bütün asudə
vaxtımızı birlikdə keçirərdik. Bir-birimizin
qayğısını çəkər, çox mehriban
dolanardıq.
Kəndə
gəldiyim son yaz tətili fərqli keçmişdi. Qəflətən
Mədinəyə vurulduğumu hiss etməyə
başlamışdım. Bəlkə də, həmişə
onu sevirdim, amma ilk dəfə bunun fərqinə
varmışdım. Cəsarətimi toparlayıb, gölün
sahilində ona ürəyimi açmışdım. Onun da mənə
rəğbəti varmış. Həmin qısa müddətdə
tez-tez göl sahilində görüşlərimiz olmuşdu.
Tətilin sonunda Bakıya qayıtmalı idim və Mədinəyə
yay tətilində yenidən gələcəyimə söz
vermişdim. Amma onda atam babamgili dağ kəndlərinə
aparmağa qərar vermişdi və mən məlum hadisələrə
qədər bir daha kəndə ayaq basmamışdım...
Dolanbac
yolun sonuna çatdım. Yol da bitdi, evlər də.
Qarşıda alçaq təpə dikəlirdi. Onu
keçdimmi, gölün sahilinə enəcəkdim. Təpəyə
ehtiyatla qalxmağa başladım. Artıq əvvəlki qədər
zirək deyildim. Təpənin başına
çatar-çatmaz günəş şüaları
gözümü qamaşdırdı. Əlimi qaldırıb,
üzümdə kölgə yaratdım. Maraqla qarşıya
baxdım. Önümdə elə bir parlaqlıq vardı ki,
heç nəyi aydın görə bilmir, heç nəyi
ayırd edə bilmirdim.
Gözlərimi
qapayıb, biləklərimlə sildim. Sonra onları tələsmədən
açıb qıydım, diqqətimi cəmləyib
baxmağa çalışdım. Lakin nə qədər cəhd
etsəm də, qabağımda göl deyil, çöl
görürdüm. İntəhasız, sapsarı bir
çöl. Səhv gəldiyimi güman elədim. Yan-yörəyə
nəzər salıb çəmənliyi axtardım. O da yox
idi. Tapa bilmirdim. Onun yerində qanqallar dalğalanan geniş sahə
vardı.
Çaşqınlıqla
geri boylandım. Məgər, mən səhv gəlmişəm?
Axı, yol da həmin yol idi, təpə də həmin təpə...
Ancaq göl yoxa çıxmışdı...
Əllərim
titrəməyə başladı. Cəld təpədən
enib, çölə sarı yeridim. Çat-çat olmuş
quru torpaq ayağımın altında əzildikcə sanki
inildəyir, xəzan yarpaqları kimi
xırçıldayırdı.
Bu
necə mümkün ola bilərdi?! Burada nəhəng göl
vardı. Bu kəndə o gölün adı verilmişdi.
Buraya qızılqazlar gəlirdi. Burada Akif əmi
qayığında balıq tuturdu. O balıqları Cəlal
öz restoranında bişirirdi. O gölün bərəkətli
suyu arxlarla axıb bağlara, tarlalara həyat
daşıyırdı. Torpaq bu sudan qüvvət alır,
insanlar onun havasında sərinlənir, dincəlirdi. Bu kəndin
bütün bolluğu, əmin-amanlığı o
gölün qızıl suyunda idi...
Məcnun
kimi çölün dərinliklərinə doğru
addımlayırdım. Ətrafda adda-budda qanqal və
tikanlı otlar gözə dəyir, iri-iri qarışqalar
çatlaq torpaqda tələsgənliklə yeriyirdilər.
Kənddən
xeyli uzaqlaşmışdım, təpə üfüqdə
qalmışdı. Anidən ayağımın yerə
yapışmağa başladığını hiss etdim.
Aşağı baxdım. Torpaq nəmlənmiş, bəzi
yerlərdə palçığa dönmüşdü.
Ürəyim sürətlə döyünməyə
başladı. Palçılığın izi ilə
yüyürdüm. Tezliklə qarşımda dayaz su hövzəsi
peyda oldu. Vaxtilə bir sahilindən digər sahili görünməyən,
ucsuz-bucaqsız göl quruyub futbol meydançası boyda
olmuşdu.
Yerimdəcə
donub qaldım. Bürkü vücudumu məngənə kimi
sıxır, isti təpəmə vururdu. Nəfəsim
çatmırdı. Köynəyim islanmışdı.
Başımı qaldırıb səmaya baxdım. Günəş
qəzəbli, mərhəmətsiz tanrı kimi
görünürdü. Gözlərim yavaş-yavaş
qaralmağa başlamışdı. Taqətim kəsilmişdi.
Çölün ortasında bayılıb
qalacağımı sandım.
Qəfildən
telefonumun səsi çaldı. Sanki özümə gəlib
ayıldım.
-
İşim tez qurtardı. Riyaziyyat müəllimini də
götürüb gəlirəm. Evdəsənmi? - Şəmil
soruşdu.
Cavab
verməyə tələsmədim. Ətrafıma nəzər
saldım. Köhnə xatirələri gözümdə bir
daha canlandırdım. Başa düşdüm ki,
yaddaşımdakı o əziz kənd yoxdur artıq. Daha da
acınacaqlısı, bir daha o yerlərə qayıtmaq
mümkün olmayacaqdı. O kəndin ecazkarlığı və
xatirələri quruyan göllə birlikdə qeybə çəkilmişdi...
Özümü
heç bu qədər çarəsiz hiss etməmişdim.
Boğazıma qəhər doldu...
- Evdəyəm...
Gəl, tezcə həll eləyək. Sonra qayıtmaq istəyirəm...
- deyib telefonu qapadım.
Arxaya
dönüb təpəyə baxdım. Özümü ələ
aldım. Cəhənnəm istisi saçan günəşin
zalım baxışları altında ağır-ağır
addımlamağa başladım. Az sonra ata-baba yurdunu satıb
bu kəndi tərk edəcək və bir daha ora
qayıtmayacaqdım...
Səməd SƏFƏROV
525-ci qəzet.- 2023.- 8 iyul. S. 20-21.