"Mədəniyyət"in "Güzgü"sündə nələr əks olunur?

 

PROQRAMIN SSENARİ MÜƏLLİFİ TURAN UĞURLA SÖHBƏT

 

Son zamanlar heç ürək açmayan, hətta bəzən öz durumu ilə insanı bədbinliyə düçar edən telekanallarımızda arada nəfəslik kimi, öləzimiş ümid işığı kimi sanballı, baxımlı verilişlərə rast gəlirik. Bu istiqamətdə Azərbaycan Dövlət Televiziyası "Mədəniyyət" kanalının xüsusilə fərqləndiyini, evimizdəki televizorları "lazımsız qutu" olmaqdan xilas etdiyini deyə bilərik. Bu kanalın baxımlı verilişlərindən biri "Güzgü"dür. Müsahibimiz elə həmin proqramın ssenari müəllifi olan, AzTV-nin "Xüsusi layihələr studiyası"nın böyük redaktoru şair Turan Uğurdur.

- Turan bəy, istərdik söhbətimizə televiziyamızın indiki vəziyyəti ilə başlayaq. Sizcə, kanallarda əsasən çatışmır?

- Fikrimcə, bu suala yalnız "televiziyalarda çatışmır?" kontekstində cavab versək, heç bir qənaətə gələ bilmərik. Çünki televiziya ayrıca bir ada deyil, burada baş verənlər cəmiyyətdə, məmləkətdə bəşəriyyətdə gedən proseslərin fonunda dəyərləndirilməli, əlbəttə, bütün naqisliklərə, çatışmazlıqlara, problemlərə qlobal şəkildə baxılmalıdır. İnanın, küçədə gedərkən gözümüzə sataşan hansısa bir mənfi nüans da, yaxud ucqar bir dağ kəndindəki Tükəzban nənənin (şərti deyirəm) problemləri bizim işimizə təsirsiz ötüşmür. İlk baxışdan cavabım təəccüblü görünə bilər. O ki qaldı lokal şəkildə məsələyə baxmaq, onda qeyri-peşəkarların, diletantların bizim sferada meydan sulaması, nəinki televiziya jurnalistikasından, ümumən dünyadan bixəbərlərin bizim sahədə işləməsi, bəzi hallarda isə rəhbər vəzifələrdə təmsil olunması televiziya kanallarının bu günə düşməsini şərtləndirib. Çalışdığım Azərbaycan Televiziyasında redaktorluq rejissura məktəbi keçən televiziyaçılar hələ fəaliyyət göstərdiyindən, sadaladığım neqativ amillər AzTV-yə az təsir edir. Unutmayaq ki, 67 illik bir ənənəyə malik olan məbədə mənfi tendensiyaların tez, sürəkli şəkildə təsir etməsi asan məsələ deyil. Bir çox özəl kanallarda isə etika estetikadan min kilometr uzaq insanların çalışması qətiyyən qəbuledilməzdir.

- Son zamanlar maraq yaradan verilişlərdən biri "Güzgü"dür ki, ssenari müəllifi sizsiniz. Verilişin yaranma ideyasından məqsədindən danışaq.

-  "Güzgü" verilişindən öncə "Sətirlər" proqramına toxunmaq istərdim.

2019-cu ilin yanvarında Dövlət Televiziyasının rəhbərliyinə yeni təyinat oldu, köklü islahatlar aparıldı. İnsafən demək lazımdır ki, sədrimiz Rövşən Məmmədov olmasaydı, bu cür rəngarəng, maraqlı verilişlər ərsəyə gəlməyəcəkdi. O, özü ilə azad mühit, müəyyən sərbəstlik gətirdi. Bilirsiz ki, yaradıcı azadlığı sevir. Tez bir zamanda köhnə verilişlərin, zəmanəmizə uyğun tempdə olmayan proqramların qapadıldığını yeni layihələrin gerçəkləşməsini gördük. Rövşən müəllimin sədr kimi təyinatından cəmi 15-20 gün sonra mənə bədii-ədəbi veriliş, ədəbiyyatla bağlı layihə hazırlamağı həvalə etdilər. Yəqin ki, şairliyimdən agah olduqları üçün ilk ağıllarına mən gəlmişəm. Bu mənada ədəbiyyat sevdalısı olduğumu bilən, mənə bu verilişi təqdim edən kolleqalarımı da unutmuram. Anındaca Xalq artisti, füsunkar aktrisamız Mehriban Zəkini dəvət etmək keçdi könlümdən. Onun ifa tərzi, səsi, ürəyinin mənim ssenarilərimlə səsləşəcəyini təxmin eləmişdim yanılmadım. Tezliklə Mehriban xanımla görüşdük başa düşdük ki, biz artıq tandemik. Belə oldu. Bütün ssenarilərimin "stund up"ları kadrarxası mətnlərini Mehriban xanım ifa edib. Bundan əlavə 30-a yaxın şeirimi səsləndirib ki, ona mən borclu qalmadım. Yazdığım "Mehriban Sətirlər" şeirini onun doğum günündə özünə təqdim etdim efir vasitəsilə özü bu şeiri ifa etdi. "Sətirlər"in ərsəyə gəlməsində verilişin redaktoru, yazıçı Azər Qismət böyük rol oynadı. Mövzuları həm onunla məsləhətləşir, redaktor kimi təcrübəsi fəhmi ilə hər buraxılışda bəndənizə yardımçı olurdu. Rejissorumuz Bəhram Yaqublu da tezliklə əlvan rejissor işlərini ortaya qoydu. Qısa zaman kəsiyində vahid bir komanda olduq. Aparıcı Mehriban Zəki, ssenari müəllifi bəndəniz, redaktor Azər müəllim rejissorumuz Bəhram Yaqublu ilə uzun-incə bir yol qət etdik. Sərasər 3 il ərzində, 108 orijinal buraxılışı izləyicilərə təqdim etdik. İnanılmaz reaksiya oldu. Televiziyadan küsüb gedənlərin əksəriyyəti geri döndü, şirkətin ünvanına məktublar gəldi. İndi hansı dövrdür ki, ənənəvi məktub yazsınlar?! Amma yazdılar, xatırlayıram Xudatdan gələn məktubda ahıl bir tamaşaçımızın necə təəssüratları əksini tapmışdı. İzləyicilər harada görürdülər bizimlə "Sətirlər" deyib sonra salamlaşırdılar. Mehriban Zəkiyə həsr etdiyim şeirin ilk misrasını əzbər deyən yoldaşlarımız var.

"Sən nadidə xanımsan, yer üzünün təkisən" deyib şeirimi xatırlayanlar, xoş niyyətdə bulunanlar da tapılır. 3 il müddətində həm dünya, həm Azərbaycan ədəbiyyatından nümunələri izləyicilərə təqdim etdik. Yeniliklərdən biri o idi ki, vaxtilə televiziyalardan küsən azman şairləri, yazıçıları yenidən dəvət etdik. İncikləri özümüzlə barışdırdıq. İnanın, onları görmək tamaşaçılara da xoş oldu. 44 günlük zəfər savaşımızda "Vətən qoxulu misralar" rubrikasını açmaqla ordumuza sözümüzlə dəstək olduq. Həmin rubrikanın - Şuşa, Ağdam, Füzuli, Qubadlı, Laçın buraxılışlarını coşqu ilə təqdim etdik. 2019-2022-ci illərdə 108 veriliş tamaşaçıya təqdim olundu. Verilişlərin insanlar kimi bioqrafiyası, ömrü, taleyi olur. 3 ilin tamamında "Sətirlər" verilişinin balansında "Güzgü" yarandı. Bu veriliş isə Mehriban Zəkinin ideyası ilə ortaya çıxdı. O düşündü ki, həmişə aparıcılar sənət adamlarını sorğuya çəkir, bu dəfə əksinə olsun. Belə oldu. "Güzgü"də peşələrin yerdəyişməsi baş verdi. "Görək özümüzü başqasının yerində necə ifadə edirik?" prinsipi konsepsiyanın əsasını təşkil etdi. 2022-ci ilin martın 10-u ilk buraxılışımız efirə getdi.

İlk müsafir yazıçı-publisist Elçin Şıxlını təyin etdik ki, həm ondan "Güzgü" adına görə halallıq alaq. Halallığını verdi başladıq. Bir neçə ay ərzində izləyici topladı veriliş. Xalq yazıçısı Anarla, Xalq şairi Ramiz Rövşənlə, yazıçı-publisist Elçin Şıxlı ilə, sonuncu efirə gedən buraxılışda "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanla söhbət xeyli bəyənildi. Rejissorumuz bu dəfə fərqli oldu. Şövkət Fikrətqızı istedadlı kinorejissor kimi artıq sanballı işlərə imza atıb. Qısa vaxtda işləməsinə rəğmən, maşallah, televiziyada da uğurları boydandır. Amma ümumi heyətimiz dəyişməz qalıb. Təxminən 2 aydan sonra Azər Qismət bizə qoşuldu o da redaktor kimi sarsılmaz heyətimizə töhfələr verdi.

Bilirsiz ki, çağdaş zamanda televiziya vizuallıq deməkdir. Onu əldə etməkdən ötrü isə texniki imkanlar lazımdır ki, bu da "Xüsusi layihələr studiyası"nın direktoru Həmid Əsədzadənin sayəsində əl çatan olub. Verilişimizin müasir kamera studiya ilə təmin olunmasında onun zəhməti böyükdür. Bir sözlə, artıq 4 il tamam olub 5-ci ilə keçib ki, istedadlı komandamız faydalı layihələr ortaya qoyur.

- Verilişə olan reaksiyalar sizi qane edirmi?

- Bəli, qane edir. Deyə bilərsiz ki, hansısa bayağı mahnıların ifaçısı milyonluq baxış yığdığı halda, siz 10000 "yutub baxışı" ilə necə kifayətlənirsiniz... Düşünürəm ki, bu, əsas ülgü, meyar ola bilməz. İntellektual təbəqələr bütün ölkələrdə cəmiyyətin 3-5 faizini əhatə edir. Zatən bundan artıq olsa, hər tərəf güllük-gülüstanlıq olardı. Bu, normal haldır. Təbii ki, qalan 95-97 faizdən öz auditoriyamıza transferlər edə biliriksə, yəni hər buraxılışımızdan sonra 1000-1500 nəfər izləyici artırsa, bu, yaxşı haldır. Təəssüf ki, cəmiyyətlər indi yazıçı Umberto Ekonun "Sıfır sayı" əsərindəki situasiyaları yaşayır. Qəzetçiliyin öləzidiyi vaxtda, Çinlə Kitayın başqa-başqa ölkələr olduğunu düşünənlərin var olduğu bir əyyamda hər qazanılan tamaşaçı bizim xeyrimizədir.

- "Güzgü" verilişi tanınmışların həyatı

na, düşüncələrinə, keçdiyi ömür yoluna güzgü tutur. Demək olar ki, bütün verilişlərdə baş obrazlar tanınmışlardır. Bəs bu xaosun içində "Güzgü" ilə fərqlənir?

- Xaosun özü müəyyən ahəngin, harmoniyanın olmasına nişanədir. Təbiətdəki cəmiyyətdəki yanlışlar da, xaos da, nizamsızlıqlar da vahid nizamın bir parçasıdır. Necə ki, təbiətdə naqisliklərə, mutasiyalara rast gəlirik, fəqət dünyanın ahəngi pozulmur, cəmiyyətlərdə eynən. Demək istədiyim odur ki, xaos özü balans yaradır, amma əndazənin itməsi o zaman qorxulu təhlükəlidir ki, orda insan faktoru öz kürsüsünü başqa nəsnələrə verir. Baxın o halda güzgüyə baxıb özümüzə çəki-düzən verməyimizin bir mənası qalmır. Ona görə həyəcan təbilini vaxtında qəbul edib, mənfi stereotiplərə qarşı immunitetimizi vaxtında gücləndirməliyik. Bu proses isə oxumaqdan, maariflənməkdən keçir. Cavid Əfəndinin:

"Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!" misraları televiziyaların yol xəritəsi ola bilər. Şükürlər olsun ki, Turana olan yolçuluğumuz başlayıb, mədəniyyət isə qazanılan məfhumdur, gecə-gündüz onu əldə etmək uğrunda çalışmalıyıq.

Fransızlar bu sözü latıncadan alıblar, ordan da başqa Avropa dillərinə keçib. Yəni "kültür" - "kültive" becərmək, yetişdirmək feilindən əmələ gəlib. Bir tamaşaya baxarsan, bir damla artar mədəni halın, bir veriliş izləyərsən, yenə bir damla... Həmin damlalar da "Dama dama göl olar" məsəlinə dönər. xoş biz qələm adamlarına ki, bu atalar sözümüzə bəraət qazandıra bilirik.

Fransız yazıçısı Jül Renar deyirdi ki, insanlar üçün həşəmətli, dəbdəbəli bir xoşbəxtlik sarayı tikilsə, orada ən böyük gözləmə salonu yazıçılar üçün ayrılar. Çünki yazıçı dediyiniz kəs cəmiyyətin hər üzvünün dərdini düşünən, qayğılardan içində qovrulan kəsdir. Bu baxımdan bizim xoşbəxtliyimiz yalnız tamaşaçı alqışı, oxucu tərifidir.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 11 iyul. S. 11.