Orxan Həsəninin "...yaddaş
tarlası" necə
dalğalanıb?
MÜTALİƏ
QEYDLƏRİ
İlk otuz səhifə.
Kitab, gözlədiyimin əksinə
olaraq, maraqsız başlamayıb. Müəllifin
bəzi məqamlarda çətinləşən cümlələrinə
ilk səhifələrdə bir neçə dəfə rast gəldikdən sonra üsluba öyrəşmək
olur. Bir az sonra isə daha sadə, oxunaqlı və axıcı abzaslar gəlir.
İlk otuz səhifədə qarşıma çıxan
dialoqlar bəzən o
qədər də təbii görsənmir. Daha çox müəllifin müdaxiləsi
olan dialoq təsiri bağışlayır.
Məsələn anayla qızın
söhbəti:
Rəfiqələrinə salam söylə, - anam deyir, - hər şeyin hazırdırmı?
- Hə, vacib şeyləri yığmışam.
Salamat qal.
Qeyd edilən cümlələrdə
"söylə" və
"salamat qal" sözləri
mənə nədənsə
çox da təbii görsənmir. Amma ola bilsin,
bu, sadəcə subyektiv bir hissetmədir.
Ümumilikdə, dialoqların normal olduğunu
demək olar.
Doğruluq-cəsarət oyununda Aniyənin Rüfətə
qəfildən "öp
məni" deməsi
üçün müəllif
yaxşı, inandırıcı
zəmin hazırlamır.
Aniyə heç bir tərəddüdə,
həyəcana qapılmadan
bunu edir. Ətrafdakı dostların
təəccübü də
yetərli qədər
hiss olunmur. Müəllif,
məncə, bu səhnənin daha yaxşı alınması
üçün lazımi
əziyyəti çəkməyib.
Ümumi
olaraq, ilk otuz səhifə maraqla, yormadan və bezdirmədən oxunur. Zənnimcə, bu, çox yaxşı əlamətdir.
Səhifə 48:
Qəribə də olsa, gecənin bir saatında açıq olan tərəvəz dükanından Rüfətlə
Xəyalın yolüstü
keçərkən kələm
almağı və aldıqdan sonra da qatlarını soyub yeməkləri xeyli absurd görsənir. Amma bu, müəllifin məqsədli
şəkildə yol verdiyi absurdluğa bənzəmir deyə mətndə son dərəcə
gərəksiz bir detal kimi görünür.
Səhifə 49:
21-ci əsrin təhsilli, ayıq Azərbaycan gənclərinin bir az əvvəl təsadüfən rastlaşdıqları
yad bir kişi ilə eyni şüşəni
növbəylə başlarına
çəkə-çəkə çaxır içməkləri
də, zənnimcə,
inandırıcı görsənmir.
Təbii ki, belə bir şey fiziki
olaraq mümkündür.
Lakin müəllif özü
də bu məsələyə qarşı
ayıq deyil, bu məsələyə qarşı laqeyd və diqqətsiz davanır. Əsas qüsur bundan ibarətdir.
Səhifə 61-ə çatanda hiss etdiklərim:
Mətn
getdikcə maraqsız
görsənməyə başlayır.
Rüfətlə Aniyənin
əhvalatı çox
uzanır. Müəllif
mətləbə keçməkdə
yubanır, söhbəti
uzadır və bütün bunlar kitabın ilk dəfə olaraq yorucu, maraqsız görsənməsinə
səbəb olur. Amma mütaliəyə davam edirəm.
Səhifə 66-ya çatanda hiss etdiklərim:
Konfliktin
yoxluğu oxucuda mətni niyə oxuduğu ilə bağlı sual yaradır və bezginliyə səbəb olur. Müəllif mətləbə keçməkdə
bir az da yubansa, kitabın yarımçıq qalmaq təhlükəsi daha da böyüyəcək.
Səhifə 67.
Rüfətin rabitəsiz nitqi,
şüur sayıqlamaları
maraqlıdır. Bizim
ədəbiyyatda bu cəhdə ilk dəfədir,
rast gəlirəm. Maraqlı təşəbbüsdür.
Səhifə 79.
Romanın ortasına pyes formatının girməsi
də maraqlıdır
və bir yenilikdir. Dünya romançılığında belə bir şey
olub-olmadığı ilə
bağlı dəqiq bilgim yoxdur, ancaq bizim ədəbiyyatda,
mənə elə gəlir ki, bu təşəbbüs də
yenidir.
Səhifə 96-ya çatanda hiss etdiklərim.
Roman artıq çoxdandır xeyli sıxıcı və maraqsız görsənməyə davam
edir. Əgər bu maraqsızlıq ilk 30 səhifədə özünü
göstərsəydi, bu
yazıya başlanılmaz,
bəlkə də, mütaliə yarımçıq
qalardı. Müəllif
tələbə dostlar
arasında gah məişətdən,
gah hind fəlsəfəsindən, gah da fərqli elmi görüşlərdən qaynaqlanan
dialoqlar qurur. Amma bu dialoqların nəyə apardığı,
nə üçün
qurulduğu, əsərdə
niyə var olduğu, romanın oxucunu hara yönləndirmək istədiyi
məlum olmadığına,
hiss edilmədiyinə görə
- yəni məhz bu səbəbdən roman indi xeyli maraqsız
təsir bağışlayır.
Səhifə 98.
Nəhayət gözlənilən məqam
gəlir. Tələbələr
qəfildən polis maşınına
basılır. Mütaliəyə
davam etməyə dəyər. Bununla belə, öncəki səhifələrdə qısaldılası,
atılası məqamların
az olmadığını
düşünürəm. Bu, az əvvəlki bezginliyi aradan qaldırmağa ciddi kömək edərdi.
Səhifə 99-100.
"Və" bağlayıcısından
təkrarlı istifadələr
maraqlıdır, yaxşıdır.
Səhifə 104-105.
Körpükənddəki gərgin siyasi durum, jurnalistlərin
təqibi, sıxışdırılması
və sair məqamlar Pamukun "Qar" romanındakı Qars şəhərinin əhvalını xatırladır.
Çox ehtimal, bu oxşarlıq müəllifin özü
də bilmədən
"Qar"dakı bəzi
nüanslardan təsirlənməyinin
əlamətidir.
Səhifə 134-ə çatanda düşündüklərim:
Yazıçı yenə də oxucuları maraqsız və məqsədsiz səhifələrdə gəzdirməkdədir.
Bir az öncə konflikt kimi görsənən
hadisə isə sən demə, romanın özəyini təşkil etmədən
sadəcə müvəqqəti
xarakter daşıyırmış.
Dostların söhbətləri,
içməkləri və
s. kimi şeylər yenə də məqsədsiz, məramsız
və maraqsız görsənir. Müəllif
sanki bir nöqtədən yola çıxıb, amma düz mənzilbaşına
istiqamətlənmək əvəzinə
bəzi yerlərdə,
olduğu ərazidə
sadəcə dövrə
vurmaqla məşğuldur,
yəni qabağa getmir, irəliləmir və roman da yerində sayır. Nəticədə
mətn yorucu görsənir. Oxucu onu romana bağlayan
şeyin nə olduğunu hiss edə bilmir.
Qeyd: Müəllifin dialoqlarda
"abi", "brat", "xiyar" kimi xitablardan istifadəsi tamamilə haqlıdır,
doğru müşahidənin
nəticəsidir və
müasir Azərbaycan
gənclərinin danışıq
tərzini də düzgün əks etdirir.
Səhifə 163-ə çatanda romanla
bağlı düşüncələrim:
Romanı
indi ancaq sona çatdırmaq üçün oxuyuram. Romanda məni cəlb edən hansısa konflikt, hadisə, çözülməsini
gözlədiyim hansısa
müəmma yoxdur, yazıçının nə
etmək istədiyini,
nəyə can atdığı aydın deyil. O, sadəcə təkrar-təkrar eyni tipli cümlələrdən,
mənzərələrdən və romantik havalardan istifadə edir və bu,
oxucunu bezdirir.
Qeydlər:
Nikayla Seymurun əhvalatı, dənizdə batma hadisəsi... Maraqsız təsvir edilməyib. Amma məncə, romanın digər parçalarıyla
yaxşı bağlanmır.
Səhifə 249-da müəllif bizim
ədəbiyyatımız üçün,
ümumiyyətlə, xarici
əsərlərdə də
görmədiyim, lakin
ilk dəfə yerli gənc yazarlardan biri Əli Zərbəlinin
hekayəsində rast gəldiyim bir üslubdan istifadə edir. Bəzi sözlər lüğətdəymiş
kimi izahla verilir və izah hissəsində həmin sözü yazıçı öz mətnində istifadə edir. Bu, yenilik kimi görsənir, amma eynən Əli Zərbəlinin hekayəsindəki kimi bu gedişin nəyə xidmət etdiyi, mətnə nə kimi fayda
verdiyi mənə o qədər də aydın deyil.
Səhifə 260-a çatanda hiss etdiklərim:
Balda baş verənlərin təsviri, Xəyal və Nigar əhvalatı
yaxşı, poetik və axıcı dillə yazılıb. Romanın sona yetişdiyini hiss etdirən
abu-havanı yazıçı
çatdıra bilib.
Lakin hadisələr, ayrılıqlar,
kədər və nostalji duyğuları kimi qələmə alınanlar təsiredici deyil. Yəni məsələn, elə yuxarıda adı çəkilən romanın
qəhrəmanı Kanın
sevgisindəki həqiqiliyi,
inandırıcı kədər
və ümidsizliyi Rüfətdə, yaxud Xəyalda tapmaq olmur. Təhkiyə və informasiya var, lakin bunlar yetərli
qədər nüfuzedici
deyil.
Növbəti qeyd: Roman bitdi. Müəllif xeyli gənckən, yəni 25 yaşda roman yazmaq cəsarətinə və
zəhmətinə qatlaşdığı
üçün alqışlanmalıdır.
Bu zəhmət və
cəsarət gələcəkdə
ədəbiyyatımız üçün
faydalı əsərlərin
yaranmasına səbəb
ola bilər.
Yekun:
Lakin müəllifi və digər faktorları kənara qoyub romana müstəqil bir mətn kimi
yanaşıldıqda, əsərin
uğurlu olduğunu demək olmaz. Yazıçı Körpükənd
səyahətini əsərin
mərkəzinə çevirib
tələbələri hansısa
macəralar sayəsində
orda tutub saxlaya və əsərin sonunacan bu macəralarla romanı həm daha maraqlı edə, həm də bəzi hiss-duyğuları daha ciddi və daha
təsirli göstərə
bilərdi. Lakin bunun əvəzində müəllif,
məsələn, Körpükənddəki
saxlanılma hadisəsini
və jurnalistlə bağlı məsələləri
romanın bütövlüyündən
ayırır. O, hadisələrə
əsərdə sadəcə
epizodik rollar verir. Yəni hadisələr və olaylar rabitəsiz şəkildə hərəsi
ayrı-ayrı yerlərdə
qalmış olur.
Ən əsası müəllif,
əsəri yetərli
ilham və ağrıyla yazmayıb. Yazıçılıq üçün
lazım olan müəllif ağrısı
yetərli həddə
olmadığı zaman isə
ortaya yorucu, maraqsız, təsiri olmayan mətn çıxır və bu çatışmazlıqları
mütaliə təcrübəsi,
yaxud müəyyən
eksperimentlər də kompensasiya
edə bilmir. Nəticədə eyni əhvali-ruhiyyələrin eyni
şəkildə, eyni
dillə təsviri çoxlu təkrarçılığa
səbəb olur və romanın mütaliəsi zamanı
minimum zövqün hasil
olmasına maneçilik
törədir.
Görünür, qeyd edilən çatışmazlıqlar müəllifin
ilk cəhdindən irəli
gələn həyəcanına
və bu erkən cəsarətdən
qaynaqlanan təcrübə
faktoruna görədir.
O səbəbdən də,
nəsrimizin gənc və istedadlı nümayəndələrindən olan Orxan Həsəninin
növbəti və daha güclü əsərlərini ümidlə
və səbirsizliklə
gözləyirik.
iyun-iyul,
2023
Təvəkkül BOYSUNAR
525-ci qəzet.- 2023.- 12 iyul. S. 10.