Vətən gözəlliklərinin ilhamlı tərənnümçüsü

 

UNUDULMAZ ŞAİR HÜSEYN ƏZİMİN 110 İLLİYİ TAMAM OLUR

 

Bu il 100 illik yubileyi böyük təntənə ilə qeyd olunan Ulu öndər Heydər Əliyev deyirdi: "Ordubad Azərbaycanın incisidir". Əhalisi ərazisi baxımından Naxçıvanın dördüncü kəndi olan Dəstə kəndi Ordubad rayonuna daxildir. Ümummilli lider Heydər Əliyev iki dəfə bu kəndi ziyarət edib, kəndin əməksevər insanları ilə görüşüb, yerli camaatı qayğılandıran sosial məsələlərin həll olunmasına lazımi köməklik göstərib. Dəstə kəndi bir sıra tanınmış elm, sənət, söz, adamları, ölkəmizin azadlığı ərazi bütövlüyü uğrunda fədakarlıqla vuruşmuş şəhid qazilər yetirib. Onlardan akademiklər Şirəli Məmmədov İsmayıl İbrahimov, məşhur dilçi Nəsir Məmmədov, şairlərdən Aşıq Abbas Dəhri, Əbdül Kazım, Hüseyn Razi, Hüseyn Əzim, yazıçılardan Cəfər Bağır, Məmmədəli Tarverdiyev başqalarının adlarını qeyd etmək olar.

Bu yazımda mən 110 illik yubileyi tamam olan Əməkdar mədəniyyət işçisi, tanınmış şair Hüseyn Əzim (05.07.1913-08.02.1987) haqqında söz açmaq istərdim.

Tanışlıq üçün qeyd edək ki, Hüseynqulu Qurban oğlu Əzimov Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1943) olan H.Əzim Əmək veteranı (1974) Əməkdar mədəniyyət işçisi (1976) fəxri adlarına layiq görülüb. O, orta təhsilini Dəstə kəndində aldıqdan sonra Ordubad pedaqoji məktəbini bitirib, indiki Bakı Dövlət Universitetinin jurnalistika şöbəsində qiyabi təhsil alıb (1955-1960). Bədii yaradıclığa 1934-cü ildən "Ordubad işçisi" rayon qəzetində dərc olunan "Yaz səhəri" şeiri ilə başlayıb. Dəstə kəndində kolxozun hesablayıcısı, kənd sovetində katib (1933-1943), sonra sovet sədri (1943-1945), (1948-1949), "Ordubad işçisi" qəzeti redaksiyasında məsul katib (1945-1946), Ordubad rayon mədəni-maarif şöbəsinin müdiri (1946-1948), "Sovet Culfası" qəzetində redaktor (1949-1957), Azərbaycan KP Ordubad rayon komitəsində təbliğatçı (1957-1958), "Şərq qapısı" qəzetinin Ordubad-Culfa rayonları üzrə xüsusi müxbiri (1958-1965), Ordubad rayon mədəniyyət şöbəsində müdir (1965-1974), "Yeni Ordubad" qəzeti redaksiyasında şöbə müdiri (1974-1987) vəzifələrində işləyib. Culfa Ordubad rayon partiya təşkilatlarında müxtəlif vaxtlarda plenum, büro üzvü, həmçinin zəhmətkeş deputatları sovetlərinin deputatı seçilib.

H.Əzimin "Şeirlər" (1957), "Dübəndi çayı" (1973), "Gəncliyimdən yadigar" (1980), "Mən günəşə borcluyam" (1985) adlı kitabları nəşr olunub "Əkbər kimdir?" (üç pərdəli) mənzum pyesi xalq teatrlarında tamaşaya qoyulub (rejissor Xalq artisti İbrahim Həmzəyev, quruluşçu rəssam Əməkdar artist Şamil Mustafayev, bəstəkar Həmid Qəniyev).

 

Şairin sözlərinə bəstəkar Məmməd Cavadov tərəfindən bəstələnmiş "Barı Naxçıvan" mahnısı geniş şöhtət qazanıb, televiziya, radio el şənliklərində tez-tez ifa olunur.

 

 

Mən səni vəsf edim öz anam kimi,

Sarılım boynuna mehriban kimi,

Eşqin, məhəbbətin bir ümman kimi,

Axır könüllərə sarı, Naxçıvan!

Ellərin sevgili yarı, Naxçıvan!

 

 

H.Əzimin "Naxçıvanım", "Ordubada gəl", "Şuşa lövhələri" adlı şeirləri Vətənə bağlılıq, doğma el-obaya məhəbbət hissləri, vətənpərvər şair duyğuları ilə qələmə alınıb.

Şairin "Çinar", "Araz çayı", "Yaz gəldi", "Dağlar", "Dübəndi çayı" başqa şeirlərində təbiət romantikası, ilahi təbiət gözəlliklərinə vurğunluqla bərabər, şairin nikbin fərəhli duyğuları da dilə gətirilib. Bu bədii yaradıcılıq nümunələri dərin poetik təfəkkürlə qələmə alınıb.

H.Əzim "Araz çayı" şeirində deyir:

 

Dərinlikdən çıx dayaza, üzə sən!

Karvanını apar düzdən-düzə sən!

O çölləri, bu çölləri bəzə sən,

Elə bil ki, min gülüstan görmüsən.

 

 Ordubad ulu çinarlar yurdudur. Yaşları əslərlə ölçülən səfalı çinar ağaclarını H.Əzim "Çinar" adlı şeirində yüksək poetik dillə tərənnüm edir:

 

 Ağaclar içində ən birincisən,

Bizim el-obanın sən sevincisən,

Gözəl yadigarsan, nadir incisən

Atadan, babadan bizə, ay çinar.

 

 Şair doğulub boya-başa çatdığı doğma Dəstə kəndini, uşaqlıq illəri ilə bağlı xatirələrini "Nənəmin söhbəti", "Kəndimiz" adlı şeirlərində təsirli formada dilə gətirib.

H.Əzim həmçinin əruz vəznində yazıb-yaradıb, bir sıra lirik duyğulu, məhəbbət mövzulu qəzəllər ortaya qoyub. Şairin dahi Nizami Gəncəvinin həyat yaradıcılığından bəhs edən "Şahın tələbi" adlı poeması da diqqəti cəlb edir.

Fikirlərimi Hüseyn Əzimin sonuncu "Mən günəşə borcluyam" kitabında istqlal şairimiz Xəlil Rza Ulutürkün əhatəli dolğun şəkildə qələmə aldığı "Dəstə kəndindən bir gül dəstə" başlıqlı məqaləsində yer almış cümlələrlə tamamlamaq istərdim: "Bu sətirləri yaza-yaza mən Hüseyn Əzimi boya-başa yetirən Dəstə kəndini xatırlayıram. Həmin kəndi mən Hüseyn müəllimin adaşı kiçik qardaşı yerində olan şair Hüseyn Razi ilə birlikdə gəzib dolanmış, həndəvərində yüksələn əfsanəvi Ələngəz dağına əfsanəyə görə, Nuh peyğəmbərin tufanda yan aldığı Gəmiqayaya, yazağzı ətri gözəlliyilə ağlı başdan çıxaran qızılgüllər dənizinə heyran qalmışam. Maraqlıdır, Hüseyn Əzimin bir sıra misralarında mən həmin rayihəni bir daha hiss etdim".

 

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 12 iyul. S. 15.