Vaqif Poeziya Günləri: hər il yenilənən böyük mədəniyyət bayramı

 

biz unudarıq o günü, Qarabağ. İllər boyu qara bağrı şan-şan olan Qarabağ. O gün isə toy-busat quran azad, məsud, bəxtiyar Qarabağ. Böyük Zəfərdən sonra ikinci dəfə keçirilən Vaqif Poeziya Günləri Cıdır düzünü bayrama qərq etmişdi.

13-15 iyul 2022-ci il tarixi iyirmi birinci əsrdə bir çoxları üçün unudulmaz gün oldu. Həqiqətən yaddançıxmaz anlarla dolu zaman kəsimi idi o üç gün. O günün, o bayramın önəmi böyükdür bizim üçün. Tarixi ədaləti bərpa etmişdik. Dədə-baba yurdlarımıza qayıdıb, düz 40 il bundan əvvəl keçirilən tədbiri yenidən keçirirdik. Bu yurdları qoruyan böyük ruhlardan biri olan Vaqifin ruhunu şad edirdik. Həm bu torpağın hər qarışına, hər otuna, çiçəyinə qanları tökülən şəhid ruhlarına səsləndik: Biz qayıtdıq. Biz burdayıq. Biz sizinləyik. Yurdu yaşadan oğullar, biz sizi yaşadacağıq. O günün baş qəhrəmanı Molla Pənah Vaqif olsa da, günün məna yükü - siyasi, ədəbi məzmunu daha çox idi. Ulu öndər Heydər Əliyevin ideyaları qalib olurdu o gün. Qədim Cıdır düzündə ölməz Molla Pənah Vaqifə məqbərə ucaldan, "Bura bizimdir, əbədilik bizim olacaq" hökmünü verən Ümummilli lider haqsızlıqlara üstün gəlirdi o an.Tarixi ədalət bərpa olunurdu. Ulu Vaqifin bayramı bütünlükdə poeziyamızın, söz sənətimizin, ictimai fikrimizin, mədəniyyətimizin, mənəviyyatımızın bayramı idi.

Kimdir Molla Pənah Vaqif? Nədir onun irsinin bizimçün önəmi?! Molla Pənah Vaqifin ədəbi irsi min beş yüz ildən artıq tarixi olan Azərbaycan poeziyasında Anadilli şeirimizin ana dilidir. Bəzən "Vaqif ancaq gözəlləri vəsf edib" deyə səhv mülahizə yürüdürlər. Vaqif gözəli vəsf etməklə Tanrının yaradıcılıq qüdrətini vəsf edirdi:

 

 Üz yanında tökülübdür tel nazik,

Sinə meydan, zülf pərişan, bel nazik,

Ağız nazik, dodaq nazik, dil nazik,

əllərin əlvan hənadan, Pəri!

 

Ovçusu olmuşam sən tək maralın,

Xəyalımdan çıxmaz hərgiz xəyalın.

Ənliyi, kirşanı neylər camalın,

Sən elə gözəlsən binadan, Pəri!

 

 Vaqif orta əsrlərdən çağdaşlara qədər böyük zaman aşırımları qət edib . bu zaman dolanbacında neçə formasiya, necə ictimai-siyasi baxışlar dəyişib. Amma Vaqif hələ öz söz zirvəsindədir. Çünki o, insanlığın, dünyanın əzəli əbədi mövzularını çox ustalıqla yazıb. Bu səbəbdən onun yaradıcılığı ötən minilliklərin o üzündən, gələn minilliklərin o biri üzünə körpü atır. Dünyanın insanlığın həqiqətlərini nəql edən Vaqif dünyanın üzünə gerçəkləri söyləyə bilirdi. O gerçəkləri ki, minilliklər boyu heç dəyişmədi.

Biz o günlərdə poeziya bayramı ilə bərabər, həm öydüyümüz, öyündüyümüz Zəfərimizi qeyd edirdik. O Zəfəri biz necə qazandıq? Haqqa gözyuman dünyanın gözü qarşısında. Düzə əyri baxan böyük güclərin iradəsinə zidd gedərək, öz gücümüzlə. Haqsızlıqları qıra-qıra... Çıxılmaz vəziyyətdən çıxış yolu axtarmalı olduq. Həmin vəziyyətdən çıxış yolunu bizim Müzəffər Ali Baş Komandan tapdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, hərbi hazırlığı qətiyyəti Vaqif poeziya bayramını yenidən möhtəşəm reallığa çevirdi.

Vaqif poeziyasında nəinki dünyanın dərki mükəmməldir, həqiqət açıq sərt şəkildə söylənilir. Eyni zamanda, üslub, deyim tərzi, yaradıcılıq ustalığı yerli-yerindədir. Sözlərin düzülüşü, misraların harmoniyası, ifadələrin nəfəsalma sərbəstliyi, duruşu, axar-baxarı - bunların hamısı müzakirə olunmayacaq dərəcədə sənətkarlıq nümunəsidir Vaqifin yaradıcılığını şərtləndirən cəhətlərdir. Vaqif həyatı düzgün dərk edib onu yüksək səviyyədə ifadə edə bilib. Həyatdan, Tanrıdan aldığı enerjini xalqa verə bilib. Xalqdan aldığını daha yüksək şəkildə xalqa qaytarıb.

Molla Pənahı sanki 7 rəqəmi təqib edirdi: 1717-ci ildə anadan olub, 1797-ci ildə əbədiyyətə qovuşub, iyul ayının 17-də dünyaya gəlib, 17 oktyabrda əbədiyyətə qovuşub. Fəaliyyət illəri 1757-1797-ci illər hesab edilir. 7 yaradıcılığı, incəsənəti simvolizə edir, əbədi harmoniyanın rəmzi sayılır, mükəmməllik rəqəmidir. Bütün bu keyfiyyətlər Vaqifdə var idi.

Molla Pənah Vaqif bir şəxsiyyət kimi yüksək dəyərlərə sahib olub. O, yaradıcı idi - şair kimi şöhrətlənmişdi. Siyasi xadim idi - Qarabağ xanının baş vəziri kimi xarici siyasətlə məşğul idi. Molla Pənah titulunu qazanacaq dərəcədə ruhani sima idi. Onun şəxsiyyətində siyasət, ruhaniyyət, yaradıcılıq vəhdət təşkil edirdi. Bu, bir qələm əhli üçün mühüm göstəricidir nadir xarakter cizgiləridir.

Eyni zamanda Vaqif Azərbaycanın yurdlarını yaxınlaşdırırdı, doğmalaşdırırdı. O, Qazaxdan gələrək Qarabağda, yüksək mövqe qazanmışdı. Vaqif Qarabağda bütün siyasi hadisələrin mərkəzində dururdu. Bu baxımdan, Vaqif Qazax ədəbi məktəbinin parlaq şəxsiyyətlərindən Qarabağ ictimai-siyasi fikir tarixinin görkəmli simalarından biridir.

 

Molla PənahVaqif-Pənah Mehdi ağa oğlu kiçik yaşlarında mədrəsədə alim, müəllim Şəfi Əfəndinin yanında təhsil alıb. Mən taleyimin şansı hesab edirəm ki, ədəbiyyat, elm, təhsil ictimai fikir tariximizdə adı keçən Şəfi Əfəndi Qazaxın Daş Salahlı kəndinin sakinidir mənim qohumlarımdandır. Bir bu fakt bioqrafiyamın tale qisməti sayıla bilər: mən Azərbaycan ədəbiyyatında yeganə adamam ki, Molla Pənah Vaqifi yetişdirən mədrəsədə ibtidai təhsil almışam. O mədrəsə indi adnı çəkdiyim doğma kəndimizin 1 saylı orta məktəbidir.

Molla Pənah Vaqifin həyatında Vidadi ilə bağlılıqları çox böyük məna daşıyır. Bu, ədəbiyyatımızda ustad-şagird dostluğu, mürid-mürşid bağlılığı, vəfası, bəhrələnməsi, sədaqəti idi. Eyni zamanda nəsillər dəyişməsində mədəniyyətin, sözün ötürülmə enrjisi demək idi. Bu baxımdan Vaqif-Vidadi tandeminin ciddi dəyəri var. Vaqiflə Vidadinin tarixi deyişməsində səslənən "Külli Qarabağın abi-h?yatı, N?rmə nazik bayatıdır, bayatı" misraları isə unikal faktdır, hətta tarixi möhürdür. Yəni Qarabağ əzəldən əbədiyyən Azərbaycan torpağıdır. Qarabağın dili bayatı dilidir. Bu, azərbaycançılıq nişanəsidir.

Dil təkcə cəmiyyət hadisəsi deyil, təbiət Tanrı hadisəsidir. Dil xalqların yaşam faktorlarından biridir. Dilin qorunması iki istiqamətdən asılıdır: ədəbiyyatdan - söz sənətindən siyasətdən. Azərbaycan dilinin arınması, durulması, yaşaması da iki istiqamət, iki yol üzərindədir. Bunlar parallel, qoşa qanad kimidir. Anadilli ədəbiyyat yolumuzda Molla Pənah Vaqif əbədiyaşar pir kimi dayanır. Şuşanın alınması, Cıdır düzündə müzəffər ordumuzun qələbə bayrağını qaldırması, Ali Baş Komandanın o zirvəyə qədər davam edən zəfər turu Şuşa göylərində ruhu dolaşan böyük Vaqifin qələbəsidir həm . Vaqifin uca ruhu da, şəksiz, bu qələbəyə kömək edib. Ulu öndər Heydər Əliyev vaxtilə Şuşada Vaqifin məqbərəsini açarkən təkcə mədəniyyət hadisəsi yaratmırdı, həm siyasi mesaj verirdi, eyni zamanda ruhani görürdü. "Hər oxuyan Molla Pənah olmaz" deyimini qazanmış, insanların ümidgahı olmuş, "Quran"dan istixarələredəcək məqama yetişmiş Molla Pənah Vaqifə məqbərə ucaldanda Ulu öndər bilirdi ki, bu ruh Şuşada, Qarabağda qoruyucu qüvvədir həm .

Qarabağa qayıdan xalqımızın Qarabağda onun baştacı Cıdır düzündə belə bir törəni keçirməsinin mədəni, kulturoloji, ədəbi əhəmiyyəti qədər siyasi əhəmiyyəti var. Bu tədbir bizim bədhaxlarımıza dünyanın haqq dananlarına bir mesaj idi: Biz yurdumuzdayıq bu yerlərin əzəli-əbədi əhalisi kimi öz həqiqətimizə qovuşmuşuq. Bu yerləri düşmən tapdağından xilas edən Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu, polad iradəsi yerindədir. Xalq onun ətrafında birdir. Vaqifin, Ulu öndər Heydər Əliyevin ruhu qarşısında minnətdar olaraq, müzəffər Ali Baş Komandana, şəhidlərimizin ruhuna qazilərimizə şükranlarımızı çatdırdıq. Eyni zamanda bizim Qarabağda, Cıdır düzündə Vaqif poeziya bayramını əmin-arxayın, yüksək səviyyədə keçirməyimiz ölkəmizə qarşı diş qıcayan revanşist qüvvələrə bir görk idi. Biz Dəmir Yumruq ətrafında birik bundan sonra daha güclü olacağıq.

Böyük Vaqifin xatirə günləri yaxınlaşdığı bu ərəfədə bu yazını yazarkən mən bir o anlara qayıtdım. Şuşa, zatən doyulmaz bir nemətdir. Mən ona görmədən aşiq idim. Gördüm, heyran oldum. Bir görmək arzusundayam...

Ən vacib həqiqət isə budur ki, böyük Vaqifin ruhu şaddır bu gün bizim azad, müqəddəs, doğma Şuşamızda...

P.S. Qazax mahalında doğulan Pənah Mehdi ağa oğlu Vaqif - Molla Pənah Vaqif Şuşa şəhərinə niyə getmişdi? Orada yüksəlişi, nüfuz sahibi olması təbiidir. Bunu Vaqif fitri istedadı, ilhamlı qələmi, dərin zəkası, məntiqi təfəkkürü, siyasi diplomatik düşüncəsi, ruhani hissiyyatı - öncəgörənliyi ilə qazanmışdı. Bəs nədən orada öldürülmüşdü? Bu haqda gələn yazımda ədəbiyyat tarixindən oxuduqlarımı Vaqifi yetişdirən, milli dəyərlərimizi yüzilliklərdən min illiklərə ötürən Qazax müdriklərindən eşitdiklərimi yazmaq niyyətindəyəm. Sağlıq olsun...

07.07.2023.

 

Natəvan DƏMİRÇİOĞLU

525-ci qəzet.- 2023.- 13 iyul. S. 8.