Kəskin iqlim dəyişmələri:
səbəblər və
fəsadlar
TƏHLÜKƏLİ ATMOSFER
HADİSƏLƏRİ SON ZAMANLAR DAHA TEZ-TEZ
MÜŞAHİDƏ EDİLİR
Çoxillik statistik məlumatlara
görə, Azərbaycanda
son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il qeydə alınıb.
Ekologiya
və təbii sərvətlər nazirinin
müavini Umayra Tağıyevanın sözlərinə
əsasən, son zamanlar
hava şəraiti ilə bağlı narahatedici xəbərlər
əhalidə suallar yaradır, səbəblər
müzakirə olunur:
"İqlim sistemini hərəkətə gətirən
müxtəlif amillər
arasında El-Nunyo və La-Ninya hadisələrinin xüsusi
rolu mövcuddur. Baş verən təbii proseslər iqlim dəyişmələri
fonunda keçir, buna görə də qlobal temperatur artdıqca yağıntıların
fəsillik rejiminə
təsir göstərir,
hava şəraitinin ekstremallığı artır.
Ümumdünya Meteorologiya
Təşkilatının məlumatlarına
istinadən deyə bilərik ki, təbiət
hadisəsi olan El-Nunyo bu yay geri
dönməyə hazırlaşır.
Bu, ekvatorial Sakit okeanda okean səthinin
temperaturunun, onun üzərindəki atmosfer
sirkulyasiyasının dəyişməsi
ilə əlaqələndirilir
ki, bu da dünyanın
bir sıra regionlarında hava və iqlim rejimlərinə
əhəmiyyətli təsir
göstərir. Bu hadisə
Cənubi Amerika sahillərindən
Avstraliyaya qədər
Sakit Okeanın tropik hissəsində yerüstü su qatının temperaturunun qısamüddətli artması
deməkdir. Bu ilin iyun ayını Azərbaycanda dəyişən
iqlimlə bağlı
fəsadların artması
modeli kimi qiymətləndirmək olar.
Bunun üçün əsas
var. Çoxillik statistik
məlumatlara görə,
son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il qeydə alınıb. Belə ki, bu il artıq 45 sel hadisəsi baş verib, bu da keçən ilin rekordunu üstələyib (2022-ci ildə
43 hadisə müşahidə
olunub). Son 10 ildə isə iyun ayında
orta hesabla 3-9 arası del-daşqın hadisəsi qeydə alınırdısa, keçən
il 18, bu ilin iyun ayının 15 günü ərzində
26 belə hadisə olub".
Nazir müavini bildirib ki, bu cür mənzərə
həm də qonşu ölkələrdə,
o cümlədən, Türkiyədə,
Rusiyanın cənubunda
müşahidə olunur:
"Ərazimizdən keçən
soyuq atmosfer cəbhələri kəskinləşərək
yağıntıların qeyri-bərabər
paylanması ilə müşayiət olunur, hətta Qax rayonunda olduğu kimi, bir gündə
aylıq normanın
120 faizi qədər yağıntı düşür.
Ümumilikdə isə
yarım ay ərzində
Böyük Qafqazın
bəzi ərazilərində
qeydə alınan yağıntının miqdarı
aylıq norma göstəricilərini 2,4 dəfə
aşıb. Daşkəsən-Gədəbəy
zonasında 110 mm miqdarında
olub. Hətta Mərkəzi Aran zonasında
Sabirabadda aylıq normanın 122, Tərtərdə
65, Yevlaxda isə 75 faizi müşahidə edilib. Dolu hadisəsi
bu ilin iyun
ayında keçən
illə müqayisədə
daha çox təkrarlanmış, belə
ki, 01-15 iyun tarixlərində
31 dəfə dolu hadisəsi qeydə alınıb, ötən
il isə 18 belə hadisə olub. Qəbələ və Yardımlıda dolu dənələrinin diametri
25-30 mm qeydə alınıb.
Qeyd edim ki, gözlənilən əlverişsiz
hava şəraiti haqqında xəbərdarlıqlar
qabaqcadan müvafiq
plan-sxemlər əsasında
təqdim edilir,
"meteo.az" saytında hava şəraiti ilə bağlı proqnoz və xəbərdarlıqlar daim
yenilənir".
U.Tağıyeva vurğulayıb
ki, təhlükəli atmosfer
hadisələrinin artmasını
biz gündəlik həyatımızda
son zamanlar daha çox müşahidə
edirik. İqlim dəyişikliyi artıq Yer kürəsinin hər bir bölgəsinə
təsir edir: "Ekstremal hava, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə,
milli iqtisadiyyatlara, şəhər
və kənd mühitinə, qida və su təhlükəsizliyinə
təsir göstərir".
O əlavə edib ki, ölkədə hidrometeoroloji
xidmətin potensialının
artırılmasına, müasir
yanaşmaların tətbiqinə
xüsusi önəm verilir, dövlət investisiya layihələri çərçivəsində yeni texnoloji həllər tətbiq olunur. Bütün bunlar iqlim dəyişmələri
fəsadlarına uyğunlaşma
strategiyasının əsaslarını
təşkil edir.
Umayra Tağıyevanın söylədiyinə
görə, son zamanlar
iqlim dəyişmələrinin
fəsadları özünü
daha qabarıq göstərməkdədir. Daha
çox yağıntıların
qeyri-bərabər paylanması
müşahidə olunur.
Belə ki, Azərbaycanın
bəzi bölgələrində
aylıq normanın heç yarısı qədər yağıntı
düşmədiyi halda
əsasən dağlıq
və dağətəyi
bölgələrdə lokal
güclü leysan nəticəsində sel-daşqın
hadisələri baş
verir: "Təəssüflər
olsun ki, bəzən sel-daşqın hadisələri
ağır fəsadlarla,
hətta ölümlə
nəticələnir. Əhaliyə
xəbərdarlıq edilməsinə
baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda təhlükənin
ciddiliyi və ağır fəsadlar törədə biləcəyi
nəzərə alınmır.
Hələ də selin yanında durub seyr edən,
onu lentə alanlar var. Unutmamalıyıq
ki, hadisə yerindən
dərhal uzaqlaşmaq
lazımdır. Selin istiqamətini
öncədən müəyyənləşdirmək
olmur. Bununla yanaşı, sel iri gətirmələrlə,
daş qaya ilə müşayiət oluna bilir. Bəzən
əmlakını xilas
etməyə çalışanlar
öz həyatlarını
təhlükə altına
qoyurlar. Əhaliyə
bir daha müraciət edirik ki, əlverişsiz hava şəraiti haqqında məlumatları mütləq
şəkildə nəzərə
alsınlar. Sel-daşqın
hadisələri baş
berən ərazilərdən
mümkün qədər
tez uzaqlaşmaq, daha hündür ərazilərə çıxmaq
tövsiyə olunur. Bəzən bir neçə saniyə bizi böyük təhlükədən xilas
edə bilər".
O vurğulayıb ki, iqlim dəyişmələrinə uyğunlaşma
məsələsi diqqət
mərkəzindədir. İqlim
dəyişmələrinə uğurlu adaptasiya tədbirləri nəticəsində
onun mənfi fəsadlarından belə
faydalanmaq olar: "İqlim dəyişmələri
Dövlət Komissiyasının
Tədbirlər planına
iqlim dəyişikliyi
ilə bağlı risklər, təsirlərin
yumşaldılması və
mümkün fəsadlara
hazırlıq məsələlərini
nəzərdə tutan
Milli Adaptasiya Planının
hazırlanması daxil
edilib. Çoxillik meteoroloji müşahidələrin
təhlili göstərir
ki, yazda orta sutkalıq temperaturun 10°C-dən
yuxarı olan dövrünün davamiyyəti
20 günədək artıb
və regiondan asılı olaraq 170-245 gün təşkil edir. Artım daha çox dağlıq ərazilərdə
müşahidə olunur.
Bu da isti qurşaqların
sərhədlərinin yuxarıya
doğru 150-250 m yüksəlməsinə
səbəb olub. Nəticə etibarilə ölkə ərazisində
isti və mülayim qurşaqların
sahələrinin genişlənməsinə,
soyuq qurşağın
sahəsinin azalmasına
səbəb olaraq, istisevən bitkilərin əkin sahəsinin artması üçün
imkan yarana bilər. Yeni iqlim şəraitinə uyğunlaşma
tədbirlərinin seçilməsində
elmi araşdırmalara
əsaslanan qərarların
qəbul edilməsi vacibdir".
Umayra Tağıyevanın sözlərinə
əsasən, iqlim dəyişmələri fonunda
təbii risklər sosial risklərin də artmasına təkan verir. Məsələn, yağıntıların
azalması - bu halda kənd təsərrüfatı işləri
yalnız suvarma ilə aparıla bilər. Quraqlıqlar qida təhlükəsizliyi
məsələsini qabardır.
Anomal hidrometeoroloji hadisələrin, o cümlədən,
təbii fəlakətlərin
sayının artması,
anomal istilər, güclü küləklər,
daşqınlar, sellər
və s. insan sağlamlığı üçün
yarana biləcək riskləri artırır.
Buna görə iqtisadiyyat
üçün gələcək
regional iqlim ssenarilərinin
işlənilməsi və
onların əsasında
mümkün uyğunlaşma
tədbirlərinin hazırlanması
zərurəti ön
plana çıxır. Bu baxımdan
beynəlxalq təşkilatların
metodiki dəstəyinə
də ehtiyac var.
Ekoloq Asəf Bayramov deyir ki, dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir.
İqlim dəyişiklikləri
və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində
hiss olunmaqda və problemlər yaratmaqdadır.
Bu problemlərə diqqətin
artması özünü
bir sıra beynəlxalq tədbirlərin,
o cümlədən, elmi
və praktiki konfransların keçirilməsində
göstərir. İqlim
Dəyişmələri üzrə
Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına
görə, son 100 ildə
Yer kürəsində
orta temperatur 0,8 dərəcə artıb.
Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen
amillərin əsasını
istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot
1 oksid və xlor-fülor birləşmələr
təşkil edir. Son
100 illik kosmik müşahidələr göstərir
ki, tufanların, çovğunların
həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər,
qasırğalar, yağıntılar
güclənib. Eyni zamanda, sel, daşqın
hadisələrinin də
sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr
dərinliyə qədər
qızırdısa, artıq
qızma 2000 metr dərinliyə qədər
çatır. Bu da isti
axınların daha da
qızmasına səbəb
olur. Yəni bütün bu təbii fəlakətlərin
artımında əsas
amil iqlim dəyişmələridir:
"Azərbaycan da qlobal
iqlim dəyişmələrinin
təsirindən kənarda
qalmayıb. Son 100 ildə
Azərbaycan ərazisində
orta illik temperaturlar 0,4-1,30C-yə qədər
artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır.
Son 10 illiklərdə Azərbaycan
ərazisində kiçik
dağ çaylarında
sel, daşqınların
sayı və gücü artıb: "Azərbaycan iqlim dəyişmələrinin təsirlərinə
yüksək dərəcədə
həssas, inkişaf etməkdə olan ölkədir. İstilik effekti yaradan qazların milli tullantıları
qlobal tullantıların
yalnız 0.1 faizini təşkil edir".
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Coğrafiya İnstitutundan
bildirilib ki, iqlim dəyişikliyinə təbii
və antropogen amillər təsir edir. Təbii amillərə vulkan püskürmələri, meşə
yanğınları və
sair aiddir. Bunlar atmosferə müxtəlif zərərli
qazlar buraxır, qaz tərkibini müəyyən qədər
dəyişir, bu da Yerin Günəşdən
aldığı istiliyi
artırır. Antropogen
amillərdən isə
sənaye müəssisələrinin
inkişafı, avtomobillərdən
atılan qazlar, təmizləyici qurğuların
olmaması, səhralaşma
prosesi iqlimin dəyişməsinə təsir
edir. Qlobal istiləşmə nəticəsində
təbii zonaların, iqlim qurşaqlarının
sərhədləri dəyişə,
meşələr təbii
şəkildə məhv
ola, səhralaşma prosesi
baş verə, torpaq eroziyası güclənə, güclü
tayfunlar, tornadolar müşahidə edilə
bilər. Həmçinin,
isti hava dalğalarının təkrarlanması
müşahidə edilir.
Bunlar hamısı həm cəmiyyətə,
həm də təbiətə mənfi
təsir göstərən
amillərdir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 19 iyul. S. 13.