Qarabağdan gələn nida: "Qayıt, gəl!"

 

Qarabağ həqiqətlərindən: erməni vəhşiliyindən, səngərlərdə keçən ağır günlərdən, yalnız "Vətən" deyib irəli atılan igid oğullarımızdan, didərginliyə, köçkünlüyə qəmli notlarla köklənən soydaşlarımızın ürək dağlayan iztirablarından bəhs edən daha bir kitabla üz-üzəyik. Müəllifi isə Qarabağ qazisi, şəhid atası Hacı Əkbər Rüstəmovdur. O Hacı Əkbər Rüstəmov ki, Vətənin keşiyində üç oğlu ilə birgə dayanıb, oğullarından birini bu yolda qurban verib. Ancaq xəyanət nəticəsində məğlubiyyətin amansız cənginə düşüb, qismətinə iyirmi yeddi il el-obasından ayrı, həsrət nalələri ilə yaşamaq düşüb. O da qələmi ilə təsəlli taparaq cəbhə xatirələrini vərəqlərə köçürüb, ürəyinin yanğısını belə söndürməyə çalışıb.

"Qayıt, gəl!" adlandırılan bu kitaba müəllifin səngərlərdə olarkən qələmə aldığı qeydləri, ayrı-ayrı vaxtlarda "Qarabağ", "Ədalət", "Ana torpaq" qəzetlərində çap edilən "Dizimiz qatlanmamış keçməliyik", "Vətəni azad etməliyik", "İndi şəhid verən Azərbaycanın bir gün çox amansız intiqamı var", "Ana torpağı qoruyan ölməz" s. bu kimi məqalələri, eləcə müharibə qəhrəmanlarından bəhs edən, didərginlikdən doğan üzüntüləri özündə daşıyan yazıları daxil edilmişdir. Sonluqda isə şəhid atasının, el qəhrəmanının ağı nalələlərlə dolu bayatıları, Sarvan Şamiloğlunun keçmiş döyüşçüyə həsr etdiyi şeiri qarşılayır bizi.

Toplanan məqalə qeydlər  mövzuca rəngarəng olsa da, hamısını bir qayə, bir amal birləşdirir. Vətən! Vətənin azadlığı istəyi. Kitabın əvvəlindən sonuna qədər  "Ana torpaq",  "Vətən" , "Ağdam", "Qarabağ", - deyib imdad diləyən müəllifin bu hayqırtıları ağrılı olsa da, başa düşüləndir.

Ümumiyyətlə, kitab boyu müəllif qarşımıza bir neçə obrazda çıxır. Məğlubiyyət acısını dadmış, lakin bu məğlubiyyətlə barışa bilməyən komandir, övladını Vətən yolunda qurban vermiş şəhid atası, tələbələrinə əsgərlərə qayğı ilə yanaşan qayğıkeş yoldaş, müəllim, dost, yoldaş itkisinin ağrısını ürəyində gəzdirən vəfalı dost nəhayət, vətənsizlik girdabına yuvarlanan vətəndaş didərgin. Elə bununla da bu qədər ağır yükü qəlbində necə daşıdığına, bu qədər ağrı-acını, xəyanəti gördükdən sonra da cavabsız qalan bu nalələrlə necə ümidini itirmədiyinə heyrət edirik. Kitabı yenicə əlimizə alırıq ki, bir Vətən oğlu kimi ana torpağın bütövlüyü uğrunda etdiyi bütün fədakarlıqlara baxmayaraq, məğlubiyyətlə üz-üzə qalmış bunu heç cür qəbul etmək istəməyən bir döyüşçünün birliyə çağırış nidaları bu yolda imdad diləyi qulaqlarımızda cingildəyir. "Qalx ayağa, Vətən oğlu", "Gənc Azərbaycan əsgəri" başlıqlı yazılarında ürək ağrısı böyük yanğı ilə hamını ayağa qalxmağa, geriyə - tapdaq altında qalıb haray çəkən Vətənə dönməyə, ona qovuşmağa səsləyir hətta bu zaman təkcə Qarabağ üçün yox, Zəngəzur, Göyçə mahalı üçün geri qayıtmağı, vuruşmağı arzu edir: "Əsrin əvvəllərində ondan da qabaq düşmən yurdlarımızı taladı, İrəvan, Göyçə, Zəngəzur qan ağladı, möhkəm tora salındı türk milləti. İndi məqam sənindir, irəli, irəli, Milli Ordu Əsgəri!" qədər ağrılı olsa da, bu bir həqiqətdir ki, bu çağırışı edərkən artıq müəllif Vətən yolunda bir övladını itirmişdir. Abdal-Gülablı uğrunda gedən döyüşlərdə Sənan Rüstəmov şəhidlik məqamına ucalmışdır. Müəllifin "Biz qalib gəlmək üçün vuruşurduq", "Dizimiz qatlanmamış keçməliyik", "Şəhidi ağlamazlar", "Ana torpağı qoruyan ölməz", "İndi şəhid verən Azərbaycanın bir gün çox amansız intiqamı var" başlıqlı məqalələrində oğlu şəhid Sənanı iftixar hissi ilə andığının, onunla necə qürur duyduğunun da sanki canlı şahidinə çevrilirik sətirlərdən. Bütün bu olanlardan sonra "Vətən sağ olsun", - deyib qələbəyə ümidini itirməyən bunun üçün hələ silahını yerə qoymayan, qəlbi Vətənə sevgisi ilə döyünən bu qəhrəman döyüşçü bütün varlığı canıyla yenə qalan iki övladını da götürüb Vətənin müdafiəsinə qalxmağa hazırdır.

Bəzən bircə cümlədən belə aydın olur ki, qəhrəman döyüşçünün düşmənə nifrət kini qədər sonsuzdursa, səngərlərdə gecəsini gündüzünə qatan, soyuq torpaqlarda xəstəliyə tutulan, buna baxmayaraq, yüksək iradə əzm göstərən əsgərlərə mərhəməti o qədər ölçüyə gəlməzdir. Müəllif etiraf etməsə belə, yenə sətirlərdən duyuruq ki, onların hər biri ilə öz övladı kimi davranır, çətin anlarda hər birinin qayğısına qalır, dərdlərinə şərik çıxır. "O günü unuda bilmərəm" məqaləsindəki kiçik bir epizodda məhz bu cür qayğıkeşliyin şahidi oluruq eyni zamanda da müəllifin təvazökarlığına "Əhsən", - deyir, onunla fəxr edirik.

Müharibədə şəhid olan oğullarımızla yanaşı, müharibənin ağrı-acısını, səngərlərin buz kimi soyuğunu, gərginliyini, həyəcanını müharibədən sonra da özü ilə arxa cəbhəyə daşıyanlar var ki, onlar da gənc yaşlarında həyata "əlvida" demiş, ömürlərini bu cür fəda etmişlər. Kitabda adı çəkilən Yaşar, Vüqar, üç övladı ilə silaha sarılıb son günə qədər döyüşən Sərdar kimi belə igidlərimizlə "Bir xatirə qoyub getdim", "Vüqarlı Vüqarım mənim", "Əlvida, Vətən oğlu" məqalələrində tanış oluruq.

Hacı Əkbər Rüstəmov Vətənin bütövlüyü uğrunda çətin məqamlarda Vətən üçün görülən hər bir işi yüksək qiymətləndirir, fəaliyyət sahiblərini minnətdarlıqla yada salır. Belə ağır günlərdə top-mərmi yağışı altında hər an ölümlə üz-üzə dayanaraq döyüş səhnələrini kadrlara köçürmək, qəhrəman əsgərlərimizin müharibə anlarını lentlərə daşımaq, reportajlar hazırlamaq sonra dünyaya elə gələcəyə çatdırmaq da silahla vuruşmağa bərabər idi. Adil İrşadoğluna həsr olunmuş "Onunla Ağdamdan tanışdıq", Babək Quliyevdən bəhs edən "Sağ ol, Babək" başlıqlı qeydlərdə bu cür əməyin unudulmadığını necə faydalı olduğunu müəllifin dilindən bir daha duyuruq: "Yaxşı ki, Babək Seyidağa Mövsümoğlu kimi oğulları varmış Vətənimin. O günlərin, o illərin həqiqətlərini düzü-düz, əyrini-əyri çəkib bu günlərə tarix kimi saxlayıblar. Yaxşı ki, o günlərin, o illərin videoçəkilişləri gələcəyə ötürülür. Əsl həqiqətlər yaşayır".

Döyüş başlanan gündən övladları, dostları, tələbələri ümumiyyətlə, Ağdamın igid, say-seçmə oğulları ilə birgə meydanları, səngərləri bir an tərk etməyən, Vətənin keşiyində ayıq-sayıq dayanan komandirimizin qismətində  xəyanətin qurbanı olmaq, didərginlik həyatı yaşamaq da varmış. Müəllif bir tərəfdən Vətən itkisi ilə, bir tərəfdən köçkün, didərgin adı ilə göz-gözə gəlməli olur. Didərgin, köçkün kəlməsini ən ağır təhqir kimi qəbul edən Ə.Rüstəmov dönə-dönə "Mənə qaçqın deməyin", "Birisi mənə rişxəndlə qaçqın dedi" s. bu tipli   yazılarında "Dözərəm bu tənələrə, dözərəm bu ağrılara, acılara, təki Vətən azad olsun... Söyün, döyün, təhqir edin, mənə qaçqın deməyin!"  - deyərək bu damğaya öz etirazını bildirir. Bu üzdən daim geriyə -Vətənə sarı boylanır özünü günahkar sayır. Vətəni yağıların ayaqları altında inləyərkən dörd divar arasında oturmağı ar bilir, qəlbi hər an savaş arzusu ilə çırpınır inanır ki, yenidən silaha sarılacaq o torpaqlar azad ediləcək. Elə bu arzu ilə üzünü Vətənə tutub səslənir: "Yox, dözəcəyəm, dözəcək bu dərdə eşqinlə döyünən ürəyim. Görüşünə mütləq gələcəyəm,  torpağını öpüb, öpüb, sonra da öləcəyəm..." Beləcə, arzular gerçəkləşir, iyirmi yeddi ildən sonra müəllifin dediyi kimi, şir ürəkli qəhrəmanlarımızın sayəsində üzlər gülür, didərgin, məcburi köçkün damğası tarixə dönür.

Bədiiliyin publisistikanın bir-birini sürətlə əvəz etdiyi bu kitabda eyni zamanda işğal edilmiş bəzi rayon kəndlərimizlə bağlı tarixi faktlara da geniş yer verilmişdir.

Bu kitab I Qarabağ müharibəsində müəyyən situasiyaları araşdırmaq,  əsgərlərimizin səngər həyatını, işğala məruz qalmış ərazilərimizlə bağlı tarixi faktları, qəhrəmanlarımızın həyatını öyrənmək baxımından böyük əhəmiyyət daşıyır.

 

Səltənət ƏLİYEVA

525-ci qəzet.- 2023.- 19 iyul. S. 15.