Şəhidlik əbədi
gənclik deməkdir...
"Vətəni sevmək azdır,
Onu qorumaq gərək!
"Vətənim" demək
azdır,
Vətənin olmaq gərək!"
- deyirdi ölməz şairimiz Cabir Novruz. Cavid də
Vətəni sevməklə
yetinməyib onu qorumağı, onun olmağı özünün
namus borcu, şərəf məsələsi
bilən örnək gənclərdən, müqəddəs
şəhidlərimizdən biridir. O, Vətənin hər daşını, hər torpağını
canının bir parçası, qürurunun
yenilməz bayrağı
bilirdi. Elə buna görədir ki, Vətənin
dar günlərində
bir an belə düşünmədən o bayrağa
sarılıb Vətəninin
müdafiəsinə tələsdi,
bu uğurda canını, qanını,
həyatını belə
əsirgəmədi.
20 iyul tarixini təqvimdə
özəlləşdirən, gözəlləşdirən şəhidlərimiz
var artıq. Bu tarixdə
dünyaya göz açan şəhidlərimiz
Natiq Məmmədov, Nicat Orucov, Qismət
Heydərov, Fərid İlyasov, Rəşad Eyvazov Tahir Əliyev,
İbrahim Abdullayev, İmaməddin Yusifov, Mais Səfərov,
Cavid Yüzbaşiyev öz igidlik salnamələri ilə təkcə xalqın yaddaşında, qəlbində
əbədi iz salmaqla qalmadı, həm də 20 iyul tarixini müqəddəsləşdirdilər.
Bu qəhrəmanlarımızdan biri
də Cavid Yüzbaşiyevdir. Azərbaycan
Silahlı Qüvvələrinin
əsgəri, Vətən
Müharibəsi şəhidi
Cavid Cavanşir oğlu Yüzbaşiyev 20
iyul 1995-ci ildə Balakən rayonunun Hənifə kəndində
anadan olub.
2002-2013-cü
illərdə M.P.Vaqif adına 1 saylı Tülü kənd tam orta məktəbində təhsil
alıb və
2014-cü ildə müddətli
həqiqi hərbi xidmətə çağırılıb.
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edən Cavid Yüzbaşiyev 2016-cı ilin
2-5 aprelində baş
verən və tariximizə "Aprel döyüşləri" kimi
həkk olan hərbi əməliyyatların
iştirakçısı olub,
öz qəhrəmanlığı,
şücaəti ilə
seçilib.
O, "Aprel döyüşləri"ndə
başlayan Vətən
mübarizəsini 2020-ci il müharibəsində
şərəflə davam etdirib.
2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi üçün başlanan
Vətən müharibəsi
zamanı Suqovuşanın
azadlığı uğrunda
gedən döyüşlərdə
iştirak edən Cavid qorxmadan, çəkinmədən özünü
odun, alovun içərisinə ataraq
yağı düşmənin
Vətən torpaqlarından
qovulmasında şücaət
göstərib, neçə-neçə
yaralı silah yoldaşlarının döyüş
meydanından çıxarılmasına
kömək edib.
"Aprel döyüşləri"ndən sağ-salamat keçib ailəsinin, sevənlərinin
yanına qayıdan Cavidə, heyif ki, Vətən müharibəsində
özünün də
imzası olan qələbəmizi görmək,
qalib əsgər kimi evinə qayıtmaq qismət olmadı. Oktyabrın 16-da
Suqovuşan döyüşləri
zamanı şəhadətə
yüksələn Cavid
evinə uğrunda canını fəda etdiyi üçrəngli bayrağımıza sarılmış
qayıtdı və Balakən rayonunun Hənifə kəndində
torpağa tapşırıldı.
Cavid Yüzbaşiyev şəhadətindən
sonra "Vətən
uğrunda" medalı
ilə təltif edilib.
Bəli,
düz iki dəfə Vətənin dar məqamından yanında olan, həyatdakı hər şeydən şirin canını bu uğurda qurban etməkdən çəkinməyən
Cavid, düz üç ildir ki, 25 yaşında qalıb. İllər keçəcək,
qərinələr ötəcək,
hamı, hər kəs qocalacaq. Təkcə Cavid və onun kimi
ömrü Vətən
yolunda, Qarabağ uğrunda qırılan şəhidlərimiz əbədi
gənc və ölməz qalacaqlar!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2023.- 20 iyul. S. 16.