"Qarqantyura"
"Bir rəsmin dedikləri"
rubrikasının budəfəki qonağı
sənətşünas Nigar Abbasovadır. Nigar xanımla Onore Domyenin "Qarqantyura" əsəri haqqında danışmışıq.
Fransız qrafik, boyakar və heykəltəraş,
XIX əsrin ən böyük siyasi karikatura ustalarından biri Onore Viktoryen
Domye 26 fevral 1808-ci ildə Marsel şəhərində anadan
olub. 1814-cü ildə
ailəsi ilə birlikdə Parisə gəlib. 1822-ci ildən A.Lenuarın emalatxanasına və Süis Akademiyasına gedərək Luvrda qədim sənətkarların
yaradıcılığını öyrənib. Domyenin siyasi karikatura ustası kimi formalaşmasında 1830-cu il inqilabının
böyük təsiri
olub.
- Nigar xanım, söhbətimizə əsərin
yarandığı dövrdə
Fransada mövcud olan ictimai-siyasi durumdan və bu əsərin yaranmasını labüd edən məqamlardan başlayaq.
- Yeni ideyalarla aşıb-daşan
karikaturaçı rəssam
O.Domye və
jurnal redaktoru Ş.Filippon Fransanın
yeni seçilmiş monarxının
başının formasının
armuda oxşamasından
məharətlə istifadə
edərək, bu oxşarlığı daha
da qabartmışdılar. Oxucuda
gülüş doğuran
bu tapıntı, əlbəttə, çoxlarının
ürəyindən xəbər
verirdi. "La Caricature" jurnalı və "Le
Charivari" qəzetinin elə
bir nömrəsi yox idi ki, orada
kralın başının
armuda oxşarlığını
qabardan, eybəcərliyini
vurğulayan hansısa
bir karikatura dərc olunmasın. Domyenin müasirlərinin yazdıqlarına görə,
parislilər görüşəndə
bir-birinə "Sən
"Şarivari"nin bugünkü
nömrəsini oxumasanmı?"
sualı ilə yox, "Sən bugünkü armudu görmüsənmi?" sualı
ilə müraciət
edirdilar. Bu fakt karikaturanın insanların
şüuruna təsir
gücünü, bu sənət növünün
cəmiyyətdə, xalqın
məişətində əhəmiyyətini
və əlbəttə,
rəssam istedadını,
məharətini bir daha sübut edir.
- Biz bu əsərin uğurunda həm də yazıçı və rəssam vəhdətinin gücünü
görürük. Siz
Azərbaycan rəssamlığında
hansı işbirliyini
sözügedən yanaşmaya
nümunə göstərərdiniz?
- Dünya təsviri-sənəti
tarixində llüstrasiya
ilə ədəbi mətnin üzvi vəhdəti öz nümunəsini "La Caricature" jurnalında, Ş.Filipon
və O.Domyenin timsalında tapmışdı
desək, yanılmarıq.
Üslubların belə
vəhdətini Azarbaycan
mətbuat tarixində
"Molla Nəsrəddin"
satirik jurnalında, Cəlil Məmmədquluzadə
və Əzim Əzimzadə əməkdaşlığında
da görmək olar.
Bu əməkdaşlıq müasir
dövrün yazıçı
və rəssamları
üçün gözəl
nümunədir. Fransa
hakim dairələrinin jurnala
və redaksiya heyətinə təzyiq və təqiblərinə
baxmayaraq, bu iki inqilabçı ruhlu insan - Ş.Filipon va O.Domye öz fəaliyyətlərini davam
etdirərək birlikdə
mübarizə aparmışlar.
"La Caricature" jurnalını daha sonralar nəşr
edilən digər satirik jurnallardan fərqləndirən cəhətlərdən
biri də S.Filipon və
O.Domyenin əməkdaşlığı
nəticəsində yaranmış
geniş mənada üslub vəhdəti və ideya birliyi
idi.
- Əsərin rəng koloriti və kompozisiyası necədir?
- Əsərdə monoton rənglərdən istifadə
olunub: ağ və qara. Kompozisiya
isə aydınlığı
və tamlığı
ilə fərqlənir.
Əsərə baxdığımız
zaman tam olaraq Lui Filippin
düzgün olmayan siyasət yürütməsi,
insanların haqqının
tapdalanması, hüquqlarının
əlindən alınması
açıq-aydın şəkildə
görünür. Əsər
bizdə həmin dövrlərdə hakimiyyətin
düzgün idarə
olunmamasını, fransız
kralının acgözlüyünü
və yalnız öz mənafeyini düşünməsi hisslərini
oyadır.
- Bu əsəri rəssamın
digər əsərlərindən
fərqləndirən əsas
cəhətlər nələrdir?
- Onore Domyenin hər bir əsəri
özünəməxsus fərdi
manera, rəssam dəsti-xətti ilə, realistik prinsiplərə əsaslanması ilə seçilir. Rəssamın
müəllifi olduğu
hər bir əsərin tamaşaçılar
tərəfindən rəğbətlə
qarşılanmasının əsas səbəbi, onların hamı tərəfindən asan qavranılması və təsvirlərin realistik olması ilə izah oluna bilər.
Bütün bunlar bu böyük rəssama dünya şöhrəti gətirmiş
və onu karikatura tarixində birinci etmişdi. Təsadüfi deyil ki, Onore de Balzak Domyeni "karikaturanın Mikelancelosu" adlandırırdı.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Hakim dairələrin ciddi narazılığına, rəssamın
həbsinə, redaksiyanın
yüksək məbləğdə
cərimə edilməsinə
səbəb olan bu karikaturada Fransa kralı Lui Filipp acgöz və bədheybət biri kimi təsvir
olunmuşdu. Domye öz xalqının, öz dövrünün rəssamı olub, lakin B.Yefimovun
qeyd etdiyi kimi, onun yaradıcılığı
artıq bizim hamımıza aiddir və bu gün
də müasir və mübarizdir. Böyük sənətkarın,
mübariz insanın bütün yaradıcılıq
yolunu izləyən və onu dünya
karikatura tarixi kontekstində şərh edən tanınmış
karikatura ustası və nəzəriyyəçisi
Boris Yefimov öz məqaləsində yazır:
"Domyenin yaradıcılığı
ən şərəfli
və yüksək səviyyədədir, onun
əsərləri döyüş
meydanının ön
cəbhəsidir. O, öz
yaradıcılığı ilə humanizm, tərəqqi və demokratiya uğrunda durmadan mübarizə aparıb. Onun əsərləri bu gün də mübarizdir və bizimlədir".
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 26 iyul. S. 8.