Tərbiyə - ən yüksək əxlaqi dəyərdir

 

Dahi şəxsiyyətlər, mütəfəkkirlər, o cümlədən, İslam müqəddəsləri tərbiyəyə dəyər vermiş, kəlamları ilə məsələnin önəminə diqqət çəkmiş insanları gözəl əxlaqla tərbiyə etməyə təşviq etmişlər. Məsələn, İslam müqəddəslərindən olan Məhəmməd Peyğəmbərə (s) görə, uşağın tərbiyəsində məqsəd onun Allahın razı olduğu, bəndənin bəyəndiyi, dövlətinə, vətəninə, millətinə, ailəsinə, cəmiyyətə bəşəriyyətə faydalı, dürüst vətənpərvər insan kimi yetişməsidir. Qurani-Kərimdə Uca Yaradanın 99 adından biri olan "Rəbb" kəlməsi məhz "tərbiyə edən, nemət verən, insanları mənəvi yüksəlişə aparan" mənalarını özündə əks etdirmişdir.

Həzrət Məhəmmədin (s) kəlamlarından anlaşılır ki, ana-ata ilə uşaqlar arasındakı münasibətlər həm əxlaqi, həm hüquqi əsaslarla tənzimlənməlidir. Bu halda uşağa ciddi yanaşmalı, gözəl əxlaqlı yetişməyi üçün hər cür fədakarlıq göstərilməlidir. Çünki Allahdan bizə böyük ehsan lütf olan, gözümüzün nuru, qəlbimizin sevinci həyatımızın bəzəyi sayılan övladlarımıza gözəl tərbiyə vermək onları yaxşı əxlaq sahibi şəxsiyyət kimi yetişdirmək müqəddəs vəzifələrimizdən biridir.

Buna görə , övladlarımıza doğulduqları andan ən gözəl əxlaq üzərində tərbiyə etməyə çalışmalıyıq. Uşaqlarına sahib çıxmayan cəmiyyətdə bunun nəticəsinin necə ağır olduğunun şahidi olmaqdayıq. Bu baxımdan gələcəyimizin təminatı olan uşaqlarımızı kamil şəxsiyyət kimi tərbiyə etmək ən ümdə vəzifəmiz olmalıdır.

Bunun üçün elə körpəlik dövründən başlayaraq uşaqda sağlam əxlaq formalaşdırılmalıdır. Bu formalaşmada isə davranış qaydaları hər şeydən əvvəl gəlir. Kiçik yaşlarda uşaqdakı yalnış davranışların qarşısı alınmalıdır. Uşaqlar yaxşı, gözəl davranışlara təşviq edilməlidir. Çünki bu günün kiçikləri, sabahın böyükləri olacaqdır. Qurani-Kərimin ifadəsi ilə "Dünya həyatının bəzəyi" (Kəhf 18,46) olan övladlarımız sabahımızı quran dəyərli varlıqlarımızdır.

Uşağı həyata hazırlamaq, ona gözəl tərbiyə faydalı biliklər vermək ata-ananın övladına verdiyi ən gözəl sərvətdir. Bu, ata-ananın valideynlik vəzifəsi, övladın ata-ana üzərindəki haqqıdır. Peyğəmbərimiz (s) bununla bağlı kəlamlarının birində: "Heç bir ata övladına yaxşı tərbiyədən daha gözəl sərvət miras qoya bilməz"- deyə buyurmuşdur.

Zənnimizcə övlad sahibi olan hər bir valideyn Həzrət Məhəmmədin (s) bu kəlamını həyat düsturu kimi qəbul etməli, bu kəlamı rəhbər tutaraq ən önəmli vəzifələrindən birinin məhz övlad tərbiyə etməklə bağlı olduğunu dərk etməlidir.

Peyğəmbərimiz (s) başqa bir kəlamında "Valideynin övladına gözəl tərbiyə verməsi onun bir qab sədəqə verməsindən daha xeyirlidir"-, buyurmaqla gözəl tərbiyənin sədəqə verməkdən belə üstün olmasına diqqət çəkmişdir.

Ümumiyyətlə, Peyğəmbərimizin (s) yaşından asılı olmayaraq insan tərbiyəsi ilə bağlı xeyli müdrik kəlamları vardır. Həmin kəlamlara görə uşaqlara ilk öncə iman, dürüstlük haramlardan uzaq durmaq kimi Allahın əmrləri öyrədilməli, vətən sevgisinin önəmi daim xatırladılmalıdır. Məsələn, Onun "Vətəni sevmək imandandır" ya "Əlində silah vətən kişiyində duran gözlər cəhənnəm atəşini görməz" kimi kəlamları bunun bariz nümunələridir.

Peyğəmbərin (s) tərbiyə metodlarından biri uşaqlara ailə qorxusunu xəta edəcəkləri zaman cəzalandırılacaqları aksiyomasını hiss etdirməkdir. Cəzanın növü isə mütləq uşaqda ağrı verəcək şəkildə olmamalıdır. Bu yüngül, normal bir danlaq yumşaq bir səs tonu şəklində olmalıdır. Bu baxımdan Məhəmməd Peyğəmbər (s) kəlamlarının birində: "Şübhəsiz ki, Allah hər işdə yumşaq şəfqətli davranmağı sevər" buyurmaqla hər işdə olduğu kimi uşaq tərbiyəsində mülayim şəfqətli davranmağı tövsiyə etmişdir.

Ümumiyyətlə, uşağın tərbiyəsində mümkün qədər zorakı metodlardan uzaq durmaq lazımdır. Uşaq hətta qohum-əqrəbanın da yanında cəzalandırılmamalı, ona başqalarının yanında qəlbinə dəyəcək söz belə deyilməməlidir. Çünki bu psixoloji cəhətdən uşağa mənfi təsir edir, o özünü başqalarının yanında alçalmış kimi hiss edir. Bu da onun tərbiyəsinin pozulmasına yol açır. Uşaq bir söz dedikdə ona "Uşaqsan, otur uşaq yerində" kimi sözlər deyərək sözünün qəbul olunmaması, eyni zamanda, məclislərdə, ictimai yerlərdə təhqir olunması, uşağın həm tərbiyəsinin pozulmasına, həm ruhi cəhətdən sarsıntı keçirməsinə, inamsız, ümidsiz, qorxaq, cəsarətsiz, kölgəsindən belə qorxacaq vəziyyətə gəlməsinə səbəb olur.

Övladları tərbiyə edərkən aralarında bərabərliyi qorumaq onların arasında qız, yaxud oğlan fərqi qoymadan ədalətli olmaq hər bir valideyn üçün vacibdir. Həzrət Peyğəmbər (s) bu mövzuda: "Övladlarının bəzilərinə bir şey verdikdə, digərlərinə eynisini vermək lazımdır. Yalnız bu halda onlara qarşı adil olmaq mümkündür"-, buyurmaqla onların ədalətli bir insan kimi yetişdirilib tərbiyə edilməsinə diqqət çəkmişdir.

Həzrət Məhəmməd (s) başqa bir kəlamında: "Kimin üc qız övladı olarsa dolanışıqlarını təmin edərək onları ən mükəmməl əxlaq üzərində tərbiyə edərsə cənnət onundur"-, buyurmaqla qız övladının tərbiyəsinin xüsusiliyini vurğulamışdır.

Ümumiyyətlə övladlar arasında fərq qoymaqla tərbiyə olunması gələcəkdə onların birinin digərinə həsəd aparmasına, nifrət bəsləməsinə qəzəbli yanaşmasına səbəb ola bilər.

İslam Peyğəmbərinin (s) mövzu ilə bağlı kəlamlarında diqqət çəkən başqa bir xüsus oyun oyuncaqlarla bağlıdır. Belə ki, o, uşaqları bəyənilməyən vərdişlərdən çəkindirmək onların tərbiyəsini daha da gözəlləşdirmək üçün onlara müxtəlif materiallardan düzəldilmiş  oyuncaqlar verər, güləş yarışlarının keçirildiyi yerlərə apararmış.

Mütəxəssislər oyun oyuncaqların uşağın diqqətini çəkmək əqli inkişafını, ətrafa marağını artırması baxımından faydalı olmasını vurğulamaqdadırlar.

Oyunlar uşağın yalnız fiziki deyil, ruhən inkişafına da təsir göstərir. Çevikliyi, ani qərar verməyi öyrətdiyi kimi, iradəni qüvvətləndirir. Oyun qaydaları incəlikləri şüurun inkişafına səbəb olur.

Əxlaq tərbiyəsinin müqəddəs, ülvi tərkib hissələri sırasında yaşlı nəslə hörmət, sadəlik təvazökarlıq, düzlük doğruçuluq mühüm yer tutur. Bu əxlaqi keyfiyyətlər bir-biri ilə sıx bağlıdır. Yaşlı nəslə hörmət etməyən düz ola bilməz. Doğru danışan, sadə təvazökar olan cəmiyyət üçün faydalıdır. İslam Peyğəmbəri (s) bu xüsusda: "Allah o ata anaya rəhmət etsin ki, övladlarını ata anaya yaxşlıq etmək ruhunda tərbiyə ediblər"-, buyurmaqla övladın yaşlı nəslə hörmət ruhunda tərbiyə olunmasına təşviq etmişdir.

Azərbaycan mütəfəkkiri tərbiyə ilə bağlı dəyərli fikirləri söyləmiş, kəlamları ilə yadda qalmışlar. Bu sahəyə müdrik kəlamları ilə öz töhfələrini vermiş şəxsiyyətlərdən biri dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirdir. Dahi şairin mövzu ilə bağlı qeyd edəcəyimiz hikmətli misraları necə ibrətamizdir:

 

Ümmətin rəhnüması tərbiyədir,

 

Millətin pişvası tərbiyədir.

 

Tərbiyətlə keçir ümuri-cəhan

 

Hər işin ibtidası tərbiyədir.

 

Validey

 

nin, təbii, övlada

 

Nəzəri-etinası tərbiyədir.

 

Çünki övlad neməti-həqdir,

 

Şükri-həqqin ədası tərbiyədir.

 

Necə kim, bir ədibi-mümtazın

 

Dərsi hikmət ədası tərbiyədir.

 

Cahilin zavallı övlada

 

Şiveyi-narəvası tərbiyədir.

 

Öyrədir tiflə sui-əxlaqı,

 

Qaliba, müddəası tərbiyədir.

 

Tərbiyət elmsiz deyil məqbul

 

Ki, onun nüqtəzası tərbiyədir.

 

(Çox təəssüflə qeyd edilməlidir ki, tərbiyə ilə bağlı belə bir yüksək bədii nümunə dərsliklərimizdə öz əksini tapmamışdır).

 

Uşaqların tərbiyəsi ilə bağlı dünya mütəfəkkirlərinin, o cümlədən, Həzrət Peyğəmbərin (s) kəlam nəzəriyyələrini öyrənmək, tədqiq etmək, müasir prosesində bundan istifadə etmək faydalı olardı.

 

Səyyad ARAN

525-ci qəzet.- 2023.- 28 iyul. S. 6.