Hər günü naxış kimi toxunan ömür
QƏLƏM DOSTUM ZAKİR
BAYRAMLININ 75 YAŞINA
1964-cü
ildə o zaman bir neçə rayonda yayılan "Abşeron"
qəzetində yeni bir
imza göründü:
Zakir Bayramlı. Bundan
il qabaq səkkizinci sinfi bitirən Zakir, Bakı Plan-Uçot Texnikumunun tələbəsi
idi artıq. Bir vaxt Xalq şairi
Səməd Vurğunun
tələbə yoldaşlarından
olan və Zakirgilə ədəbiyyatdan
dərs deyən Məmmədiyyə müəllim
tələbəsinin şeirə-sənətə
məhəbbətini görüb
onun ədəbi yaradıcılığa həvəsini
daha da artırmışdı.
Texnikumda keçirilən
bütün mədəni-kütləvi
tədbirlərdə şeir
demək növbəsi
çatanda söz
Zakir Bayramlıya verilərdi.
Oxuduğu texnikumun sayılıb-seçilən tələbələrindən
idi, tanınmış
sənətkarların rəhbərlik
etdikləri ədəbi
dərnəklərə üzv
yazılmışdı. İmzası
nüfuzlu mətbuat orqanlarında - "Ədəbiyyat
və incəsənət",
"Azərbaycan gəncləri"
və digər qəzetlərdə müntəzəm
görünürdü. Təbiətində
şairanəlik olan Zakirin yaşadığı
əlvan duyğular, zehnində doğulan poetik düşüncələr
onun qəlbindən izsiz ötüşmür, misralara,
şeirlərə dönürdü.
Əlbəttə, ən əvvəl
də doğulub-böyüdüyü
yurdu, vətəni vəsf edirdi:
Şabran
qədim bir şəhər,
Bağlarında bar-bəhər.
Boylan Çıraqqaladan,
Gör Şabranı hər səhər.
Yaxud:
"Ana" dedim,
"Vətən" dedim,
İlk kəlməmdə, sözümdə
mən,
Göz açarkən bu dünyaya,
İlk addımda, izimdə mən.
Bu kimi misralar Z.Bayramlının həyat
və yaradıcılıq
qayəsinə çevrilib.
O, doğulduğu torpaqdan
- Şabrandan böyük
Vətənə - Azərbaycana
məhəbbətlə boylanır.
Onun şeirlərində
doğma yurdun, el-obanın, ulu tarixə
malik Şabranın vəsfi,
tərənnümü aparıcı
mövzulardandır.
Şərqdən Qərbə doğru
açılıb yolu,
Qərbdən Şərqə tərəf
uzanıb qolu.
Qaytarıb özünə adını
Şabran,
Yandırıb ocaqda odunu Şabran.
Əbədi yanacaq bu od, bu ocaq,
Bu dünya durduqca o da qalacaq.
Təkcə Şabranın deyil, bütövlükdə doğma
Azərbaycanımızın daş yaddaşı, misilsiz abidəsi olan tarixlər şahidi Çıraqqalanı
Z.Bayramlı belə vəsf edir:
Elin keşikçisi, xəbər
qalası,
Düşməni qorxudan xətər
qalası,
Savaşlar meydanı, zəfər
qalası...
Z.Bayramlı dünyaya,
cəmiyyətə baxışını,
yurd, vətən sevgisini, təbiətə
vurğunluğunu, insana
sonsuz məhəbbətini
özünəməxsus bədii
boyalarla, maraqlı formalarla ifadə edir, bunun üçün
əruz vəzninin imkanlarından da bacarıqla
bəhrələnir. "Vətən"
rədifli qəzəlində
o, doğma Azərbaycana
coşqun məhəbbətini
qələmə alaraq
yazır:
Borcluyuq
biz hamımız verməyə
bir can Vətənə,
Edərik,
istəsə, hər
an canı qurban
Vətənə.
Onun vətənə, doğma
torpağa həsr olunmuş rübailəri də ritorikadan uzaq, ürəkdən, saf məhəbbətdən
gələn səmimi
poetik parçalardır:
Dünyanı vətənim bilməliyəm
mən,
Doğuldum, yaşayıb-ölməliyəm mən.
Vətəni əbədi yaşatmaq
üçün
Dünyaya təzədən gəlməliyəm
mən.
Yaş irəlilədikcə ömrün
də, yaradıcılığın
da müdriklik çağına
qədəm qoyan Z.Bayramlının yazdıqları yeni forma və
məzmun keyfiyyətləri
qazanır. Yaradıcılığının
indiki dönəmində
o, həm həyat
təcrübəsindən qaynaqlanan
şeirlər, həm
də insana, vətənə sevgi dolu poetik parçalar
qələmə almaqdadır.
Təsadüfi deyil
ki, son illərdə istər
Şabranda, istərsə
də respublikada imzası oxuculara tez-tez təqdim olunan, şeirləri, kitabları vaxtaşırı
işıq üzü
görən müəlliflərdən
biri də məhz odur. Yaşı yetmiş beşi haqlamış Z.Bayramlının son 15 ildə 13 kitabı çapdan çıxıb.
Ölkənin tanınmış
ədəbiyyat adamları,
alimlər, ziyalılar
Z.Bayramlının yaradıcılığı, ayrı-ayrı
kitabları barədə
məqalələr yazıb,
düşüncələrini bölüşüblər. Əməkdar
elm xadimi, Dövlət
Mükafatı laureatı,
filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadənin fikrincə,
"Zakir Bayramlı yaradıcılığında
Sözə hörmətlə
yanaşır, ona səmimi duyğularını
etibar və etiraf edir, bədii
sözlə xalqına
xidmət etmək istəyir". Z.Bayramlının
"Qocalıqdan cavanlığa
qayıdış" adlı
kitabına yazdığı
önsözdə isə
professor N.Şəmsizadə bu fikirlərə yer verib: "Zəngin faktlara əsaslanan, xoş niyyətlə qələmə
alınan bu kitab öz canının qədrini bilən, özünə dəyər
verən, qocalıqdan
qorxmayan bütün insanlar üçün nəzərdə tutulub.
Zakir Bayramlının "Qocalıqdan
cavanlığa qayıdış"
əsəri həyat haqqında kitab - həyat kitabıdır".
Tanınmış tənqidçi, filologiya
elmləri doktoru Vaqif Yusifliyə görə, "çox sadə və anlaşıqlı yazan Z.Bayramlının şeir dili lap əvvəldən xalq dilindən, folklor şeirindən qidalanıb,
o, doğulduğu torpağa,
el-obaya, Şabrana çoxlu şeirlər həsr edib və bu mövzuda
yazdığı şeirlərində
vəsf, tərənnüm
aparıcıdır".
...Bir vaxt, mərhum anası Həlimə xanım oğlu Zakirin beşiyi başında ona layla deyə-deyə xana arxasında oturub rəngbərəng saplarla incə ilmələr vurur, əlvan xalça toxuyardı. Artıq özü də ömrün ahıllıq,
müdriklik mərhələsinə
keçən, 75 yaşını
tamamlayan Zakir Bayramlı
isə sevimli yazı masası arxasında qələmə
sarılıb ağ varaqlara sözlə ilmə vurur, naxış salır. Bununla da ömrünün
hər anına, hər gününə fərqli məna qazandırır. Bu yolda ona - əziz qələm dostuma möhkən cansağlığı,
yeni yaradıcılıq uğurları
arzulayıram! Maksim Qorkinin
təbirincə desək,
poeziya əks-sədadır,
odur ki, qoy yaşadığı hisslər,
duyğular bundan sonra da Zakir Bayramlının
şeirlərində xoş
tərzdə və səmimi notlarla əks-səda versin!
Aydın TAĞIYEV
525-ci qəzet.- 2023.- 28 iyul. S. 8.