Səbrin gətirdiyi uğurlar
Bu günlərdə gözəl
bir pritça oxudum. Dövrümüzə,
cəmiyyətimizə və
öz həyatımıza
nəzər salanda bu pritçanın nə qədər önəmli və öyrədici olduğunu
hiss etməmək mümkün
deyil.
Bir ata həmişə qızı ilə quş ovuna gedərmiş. Həmişə
çox çətin
ovlanan və son dərəcə ürkək
quşların izinə
düşərmişlər. Bir yerdə pusquya yatar, saatlarla heç tərpənmədən,
səs çıxartmadan
gözləyərmişlər. Bu zaman qız gözləri ilə ətrafında olan hər şeyi
müşahidə edər,
səslərə qulaq
asarmış. İllərcə
beləcə quş ovuna gedib-gəlsələr
də, hər dəfə saatlarla gözləsələr də,
bir quş belə vurmadan geri dönərmişlər.
Qız bilməzdi ki, quş vurmayacaqlarsa, niyə bu cür saatlarla
gözləyirlər, niyə
ova gedirlər. Bir gün
atasını itirir.
Bu zaman on səkkiz yaşı
tamam olmuşdu. Bundan sonrakı həyatına təkbaşına
davam etməli idi və elə
də edir. Çox böyük uğurlar qazanır, hər zaman hədəflərinə
çatır. Ətrafında
onu sevən çox adam olsa da, düşmənləri
də vardı, amma onlar bu
qıza mane ola bilmirdilər.
Artıq
otuz yaşlarına çatan bu qız bir gün
çox sevdiyi bir rəfiqəsi ilə söhbət edərkən rəfiqəsi
ona deyir: "Həyatımda sənin qədər qəribə xarakterli adama rast gəlməmişəm.
Nəyisə hədəflədinsə,
kim nə edirsə etsin, kim sənə mane olmağa çalışırsa çalışsın,
heç narahat olmursan, sükunətini pozmur, əsəbiləşmirsən.
Motivasiyan heç
zaman düşmür. Sənin
kimi motivasiyasını
bu qədər yüksək saxlaya bilən birini heç görmədim".
Rəfiqəsi bunları deyərkən,
birdən atası ilə quş ovuna getdikləri zamanlar qızın yadına düşür.
Saatlarla heç tərpənmədən gözləməyə
məcbur qaldığı
o anlarda üstündə
hörümçəklər gəzər, bəzən yağış yağar, tikanlar batar, amma o, heç reaksiya verməzdi. Bu səssiz gözləmələr
zamanı hər şeyi müşahidə
edər və bütün detalları ilə baş verən hadisələri dərk etməyə çalışardı.
İndi bütün karyerası boyunca da etdiyi məhz bu idi.
Ani reaksiyaların yerinə
səssiz qalmış,
kimin nəyi nə üçün etdiyini müşahidə eləmiş və sadəcə çatmaq istədiyi məqsədlərinə
hədəflənmişdi. Əslində, atası onu heç zaman quş ovuna aparmamışdı...
Gözlərindən iki damla yaş süzülür və titrəyən dodaqlarının
arasından minnət dolu cümlə tökülür: "Təşəkkür
edirəm, ata!"
lll
Bəli,
əgər insansan və insanlar arasında yaşayırsansa,
başına gələ
biləcək yaxşı
hadisələrlə yanaşı,
mənfi situasiyalar, kənardan danışmalara,
atılan böhtanlara,
yaxılan şərlərə,
büdrəmələrə, maneələrə də hazır olmalısan. Bilməlisən ki, bu, həyatın, dünyanın,
gərdişin ən adi qanunu, bizdən
asılı olmayan gedişidir. Biz buna mane ola bilməyəcəyimiz
kimi, bunlara ilişib qalmaq kimi lüksümüz də yoxdur. Əgər qarşımıza
çıxan hər maneədə dayansaq, hər danışana, hər deyilənə cavab verməli olsaq, onda önümüzdəki
hədəfimizə ya
heç gedib çıxmayacağıq, ya
da çox gec gedib çıxacağıq
ki, onda da bir mənası qalmayacaq. Uğur qazanmaq və ən əsası isə öz həyatını özünün hədəflərinə,
məqsədlərinə uyğun
bir şəkildə yaşamaq istəyirsənsə,
mütləq səbrli
olmağı və müşahidə etməyi
öyrənəcəksən. İnsanları çox
zaman danışıqlarından, dediklərindən daha çox etdikləri tanıdır insana. Nə etdiklərini və niyə etdiklərini bilməyin tək yolu isə
reaksiyasız bir şəkildə izləməkdir.
O zaman həm uğur bizi tapacaq, həm
də biz hədəflərimizdən
uzaq düşmədən
ona çatacağıq.
Bəzən hədəfimiz
quş ovlamaq kimi görünsə də, əslində, müşahidələrimiz və
səbrimizin bizə daha böyük uğurlar gətirə biləcəyini də gözardı etməməliyik.
Qızına həyatda
uğur qazanmağın
yolunu özünə
də hiss etdirmədən,
saatlarla nəsihətlərə
vaxt itirmədən öyrədən ata kimi...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 29 iyul.-
S.17.