Kamal Abdulla: "Universitetdaxili siyasətimiz Azərbaycan naminə çalışmaqdır"

 

Müsahibimiz Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulladır.

- Kamal müəllim, Azərbaycan Dillər Universiteti (ADU) nüfuzlu Beynalxalq QS reytinq cədvəlində tutduğu yerlə Azərbaycan təhsil tarixində ilkə imza atdı. Siz bir neçə dəfə demisiniz ki, bu uğura qane olsaq, deməli, gələcək illərdə fəaliyyətimizdə geriləmə olacaq. Daha böyük işlər görmək, daha vacib addımlar atmaq lazımdır. Perspektiv fəaliyyətdə nələr gözlənilir?

- Bu, əlbəttə ki, çox ciddi və qürurverici nailiyyətdir. Universitetimizdə çalışan fəhlə və xadimələrdən tutmuş, bütün işçilərə, müəllimlərə, tələbələrə, magistrantlara, doktorantlara qədər, hər kəsin ləyaqətlə yerinə yetirdiyi əməyin sayəsindədir.

- Buna Universiteti sevənlərin sevinci deyə bilərik. Bəs bədxahlar necə - bu nailiyyəti "həzm" edə bildilərmi?

- Tələbələrin, müəllimlərin üzündəki işığı, gözündəki təşəkkürü görəndən sonra bədxahlar yada düşərmi?! Bədxahların da tənəsi bir mükafatdır. Onların təqdiri utanc olardı.

Biz öz yolumuza davam edəcəyik - deyirik. Əzmlə bu yolu keçəcəyik. Mən buna inanıram. Bilirsinizmi, reytinqdəki bu yeri qazanmamız üçün biz Universitet olaraq xüsusi heç bir iş görmədik. Öz gündəlik işimizi həmişəki kimi vicdanla yerinə yetirməyə çalışdıq. Heç bir reytinq barədə düşünmədik. Bu barədə düşünsəydik, bəlkə də alınmazdı. Bundan sonra da bu cür olacaq. Öz yolumuza vicdanla davam edəcəyik. "Tələbə - tələbə", "tələbə - müəllim" münasibətlərini addım-addım saflaşdırmaq ölkəmizdə və xaricdə dünya dillərini, başqa ölkələrdə isə doğma dil və mədəniyyətimizi təbliğ etmə işini daha da təkmilləşdirmək, vətənimiz üçün onu ürəkdən sevən pak və təmiz gənclər formalaşdırmaq, Ulu öndər Heydər Əliyevin vəsiyyətlərinə dönmədən əməl etmək, zəfər prezidentimiz İlham Əliyevin tövsiyələrini daim yerinə yetirmək - bütün bunlar Azərbaycan Dillər Universitetinin gələcəyə yönəlmiş əsas istiqamətləridir.

- ADU-nun xarici ölkələrdə altı mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin sayının artması, iş fəaliyyətinin daha da effektiv olması ilə bağlı hansı addımlar atılacaq?

- Universitetdaxili siyasətimiz bütövlükdə Azərbaycan naminə çalışmaqdır. Bizdə müxtəlif dünya dilləri və mədəniyyətləri mərkəzlər çərçivəsində tədris edilir. Əgər sovet dönəmində bizim universitetdə əsasən üç Avropa dili - ingilis, fransız və alman dilləri öyrədilirdisə, indi Azərbaycan müstəqil şəkildə bütün dünyaya açılıb və hazırda dövlət siyasətimizə uyğun olaraq universitetimizdə təkcə Avropa dilləri deyil, uzaq Şərq, yaxın Şərq, başqa Qərb dilləri də tədris edilir. 20-dən çox dilin tədrisindən söhbət gedir. Universitetimizdə Amerika mərkəzi, Rusiya mərkəzi, İtalyan dili mərkəzi, Konfutsi İnstitutu, Frankafoniya mərkəzi, Serbiya mərkəzi, Alman dili mərkəzi, Skandinaviya dilləri mərkəzi, Yunan mərkəzi, Koreya mərkəzi, İndoneziya mərkəzi, İspan dili mərkəzi, Macar dili və mədəniyyəti mərkəzi, Pakistan mərkəzi və başqaları var. Biz bu mərkəzlər vasitəsilə xarici ölkə səfirlikləri ilə əlaqə saxlayırıq. Səfirlər böyük məmnuniyyətlə Universitetimizdəki  "Səfir saatı" klubunda tələbə və müəllimlərlə görüşür, son dərəcə faydalı fikir mübadiləsi aparırlar. Hətta bəzi səfirliklər öz qapılarını bizim istehsalat təcrübəsinə gedən tələbələrimiz üçün açır və tələbələrimiz öz təcrübələrini bu səfirliklərdə keçirlər.

Bizim Universitetimizdəki mərkəzlərə baxıb güzgüvari üsulla müxtəlif ölkələrdəki universitetlərdə "Azərbaycan dili və mədəniyyəti" yaxud "Azərbaycan multikultralizmi" kimi mərkəzlər açmaq imkanımız reallaşır. Bu şəkildə hal-hazırda Serbiyada, Rumıniyada, Çində, Pakistanda, İndoneziyada belə mərkəzlər fəaliyyət göstərir. Macarıstanlı, rusiyalı, Birləşmiş Ərəb Əmirliyindən olan, litvalı, belarusiyalı həmkarlarımızla bu istiqamətdə danışıqlar aparırıq. Bu xətti həm davam, həm də inkişaf etdirmək istəyirik. Vaxtilə belə mərkəzlər Bakı Slavyan Universiteti tərəfindən açılırdı.

- Ərəb dili mərkəzinin açılması planlaşdırılır. Artıq bütün rəsmi razılaşmalar əldə edilib. Məhz ərəb dili mərkəzinin yaradılması hansı zərurətdən doğdu?

- Ərəb dilində danışan neçə ölkə var. Ərəb mədəniyyətini, onun məxəzlərini öyrənmək, dilini, ədəbiyyatını tədqiq və təhlil etmək bir tərəfdən ərəb dünyasının içinə girməkdirsə, digər tərəfdən öz doğma dilimizin, mədəniyyətimizin məlum kəsiyini daha dərindən mənimsəmək deməkdir. Birləşmiş Əmirliklərdəki möhtəşəm Şeyx Zahid adına Universitet ilə əlaqələrimizin yaranması və bizdə ərəb dili və mədəniyyəti mərkəzinin, orada isə Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyətə başlaması yaxın zamanlara aid bir məsələdir.

- ADU-nun ən uğurlu fəaliyyət istiqamətlərindən biri də müəllimlərin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən işlərdir. Bu istiqamətdə hansı addımlar atılacaq?

- Bu çox vacib bir məsələdir. Əvvəllər hər bir müəllim beş ildə bir dəfə bir neçə aylığa Sovet İttifaqındakı uyğun bir universitetə təkmilləşməyə göndərilirdi. SSRİ dağıldıqdan sonra bu proses işləmədi. Biz indi müxtəlif proyektlərdən istifadə edərək çalışırıq ki, prosesi bərpa edək. Hələlik bunu sistemli şəkildə qura bilməmişik. Ancaq orası da var ki, məsələ "ölü nöqtə"dən tərpənib. Münasibətdə olduğumuz universitetlər bizim müəllimləri məmnuniyyətlə təkmilləşməyə qəbul edirlər. Təkmilləşməyə gedənlərin coğrafiyası genişlənib. Orası da var ki, bizə də başqa ölkələrin universitetlərindən tələbələr və müəllimlər təkmilləşməyə və stajartırmaya gəlməyə başlayıblar. Əlbəttə, bu da reytinqimizə işləyən haldır. Nümunə kimi, amerikalı tələbələrin son illər hər yay Universitetimizə öz ölkələrində öyrəndikləri bir sıra dilləri (Azərbaycan, rus, türk) təkmilləşdirmək üçün gəldiklərini misal çəkə bilərəm.

- ADU-da yer sıxlığı məsələsi hələ də aktual olaraq qalır. Başa düşürəm ki, bunun səbəbləri dərin, həlli çətindir. Amma yəqin ki, bu problemin həlli ilə bağlı planlarınız var.

- Bu suala konkret cavab vermək çətindir. Reallıq belədir ki, auditoriya fondumuz ürəyimiz istəyən sayda deyil. Ona görə də bəzən dil mərkəzlərində başqa ixtisaslara aid dərslərin təşkili ilə rastlaşırıq. Belə olarkən, özümüzə bununla təskinlik veririk ki, tutalım, Beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbə Çin mərkəzində dərs keçirsə, özünü Çində olan kimi (şəkillərin, atributikanın hesabına) hiss edir. Və bu Çin mədəniyyətinin daha geniş çevrədə təbliğinə çevrilir. Deməli, bu təsəllinin özünün də müsbət çaları yox deyil.

- İmtahan sessiyası yaxınlaşır. Tələbə və müəllimlərə nə sözünüz var?

- Söz həmişəki sözdür. Tələbə müəllimi öz doğması, müəllim tələbəni öz övladı kimi qəbul etməlidir. Onların arasında elə təmiz münasibət qurulmalıdır ki, bir ildən, on ildən sonra da harda qarşılaşsalar, bir-birinin üzünə şax baxa bilsinlər. Universitetdaxili münasibətlərin şah damarı budur! İmtahanların şəffaf, qarşılıqlı etimada söykənən şəkildə keçirilməsi, ləyaqət və vicdanla aparılması bizim müqəddəs borcumuzdur. Ulu öndərin dediyi bu sözlər hələ də qulağımda səslənir: "Tələbələr mənim sizə əmanətimdir!

 

- Sizin təşəbbüsünüz və redaktənizlə ADU-nun Tərcümə ensiklopediyası ikinci dəfə təkmil şəkildə nəşrə hazırlanır. Bu, çox vacib və tərcümə mühiti üçün, bütün ictimai mühit üçün faydalı işdir. Nələr dəyişib, hansı əlavələr var?

- Bəli, 2-ci nəşr artıq hazırdır. Biz onun üzərində ciddi redaktə işi aparmışıq, 2-ci nəşri daha dolğun etməyə çalışmışıq.

Bizim qarşımıza qoyduğumuz məqsəd çox ağır bir zəhmət tələb edirdi. "Azərbaycan tərcümə ensiklopediyası" həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən hər hansı başqa dilə edilmiş tərcümələri və təbii ki, tərcüməçiləri ehtiva edirdi. Və 1-ci nəşrdə üzləşdiyimiz problemlər nəşrdəki boşluqlara, bəzən natamamlığa, bəzən tələskənlikdən doğan məqamlara gətirib çıxarmışdı. Biz 1-ci nəşrdəki bu yanlışlıqları 2-ci nəşrdə aradan götürmək istədik və düşünürəm ki, buna nail olduq. Bu olduqca ağır zəhmət ölkəmizdə ilk dəfə olaraq öz çiyinlərində daşıyan Universitet əməkdaşlarına, tərcümə sahəsində çalışan mütəxəssislərimizə dərin minnətdarlığımı bildirirəm.

- Kamal müəllim, Azərbaycanda təəssüf ki, ağı qara görənlər də var. Siz həmişə deyirsiniz ki, əsl dost sənin sevincinə sevinən dostdur. Bədxah isə sənin uğurunu görmür, yaxud görmək istəmir. Mən bu yaxınlarda Amerikanın 50-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri A.Dallesin SSRİ-ni dağıtmaq planı barədə bir yazı oxudum. Hər respublika üçün ayrı-ayrılıqda tövsiyələr verir. Siz bu yazı - tövsiyə ilə tanışsınız?

- Tanışam. Azərbaycanla bağlı yerlər bu gün qarşılaşdığımız bəzi məqamları xatırlasaq, ən azından heyrət və təəssüf doğrur.

- Doğrudur, Sizinlə razıyam. Cənab Dalles tövsiyə edirdi ki, Azərbaycana gedin, adamlar axtarın, pul verin, nə istəyirlər verin. O adamları ələ alın, yazılar yazdırın. O yazılarla xaos yaradın. Dövlət idarələrində ən yaxşı, vicdanlı, namuslu, millətini sevən kim varsa, hamısına böhtan atın, yalan deyin, şantaj edin. Onları mənəvi cəhətdən öldürün. Elə etməliyik ki, təmiz və namuslu olmağa hamı gülsün və onlar heç kimə lazım olmayan keçmişin qalıqlarına çevrilsin. Biz hazırladığımız gənclərdən təhsil agentləri, azad dünya kosmopolitləri yaradacağıq... Bu, Dallesin plan-tövsiyəsinin bir hissəsidir.

- Tanış mənzərənin 50-ci illərdən görünən təsviridir. Təəssüf ki, xaos yaratmaq istəyənlər hələ də var. Bu tövsiyəyə uyğun olaraq "işləyən" adamlar var. Bunu sübut etmək çox asandır. Amma mən ona inanıram ki, bu adamlara münasibəti onların təxribati "yaradıcılıqları" qarşısında etinasızca susaraq deyil, onların böhtan, şər, təhqir və hədyanlarına kəskin "yox!!" deyərək bildirmək lazımdır. Dağ başında və mağara dövründə yaşamırıq. Məhkəmə var, ədalət var. Hər böhtana və təhqirə cavab var. Çox gözəl atalar sözüdür. Deyir, yalan ayaq tutar, yeriməz! Bir də ki, niyə şərçilər, böhtançılar, Dallesin bu günkü ardıcılları birləşə bilir, digər tərəfdən işini vicdanla görənlər isə bunu edə bilmir?! Bu şərçilərə kəskin cavablar vermək, onları ifşa etmək lazımdır. Bu iş təkcə üstünə şər atılanların deyil, özünü azad demokratik ruhlu sayanların hamısının vicdani borcudur.

- AZTV tele-ssenarinizi çəkir. Bu işdə hansı yenilik var?

- Bu ideya mənim "Gülçöhrə xanım və Əsgər ağa" hekayəmdən sonra yarandı. Görkəmli rejissorumuz, mədəniyyət fədaimiz Ramiz Həsənoğlu mənə belə bir təklif verdi, sağ olsun Az TV rəhbərliyi də bunu dəstəklədi.

Ölməz Üzeyir bəyin "Arşın mal alan" operettası əsasında çəkilən filmi hamımız xatırlayırıq. O filmin xoşbəxt sonluğu - iki gəncin ülvi məhəbbətinin nəticəsi olan toy səhnələri gözümüz önündədir. Hamı xoşbəxtdir. Hamı səadət dənizində üzür. Hamı təkcə dili ilə deyil, qəlbi ilə də oxuyur. Amma bəs sonra nə baş verir?!

Sonra isə inqilab baş verir. Hər şeyi məhv edir. Namuslu, vicdanlı insanların əksəriyyəti Sibirə sürgün edilir. Kimi də başını götürüb ölkədən qaçır. Talelərin üzərinə qara-qara dumanlar çökür. Möhnətlər, ayrılıqlar, hicran...

Mən gözlərimi yumub o iki pak, məsum gəncin inqilab burulğanına necə batmalarını, ondan necə canlarını qurtarmalarını təsəvvür etməyə çalışdım. Əsgər ağa tacir, mal-dövlət yiyəsi idi, təbii ki, yeni hökumət onu Sibirə göndərməli idi. Amma o imkan tapıb Gülçöhrə xanımı Fransaya qaçıra bilir və onlar bir-birindən uzaqda bir-birinə məhəbbətlərini ürəklərində daşımağa məhkum olurlar.

- Seçilmiş əsərlərinizin 7-ci cildi çap mərhələsindədir. Bizi bundan sonra daha hansı kitablar gözləyir?

- Mən planla işləmirəm. Ürəyimə, zehnimə nə isə gəlib "məni yazmalısan" deyirsə o zaman yazıram. Amma günlərin bir günü düşündüm ki, həyatım boyu uşaqlıqdan, gəncliyimdən, yaşlı zamanımdan bu günə qədər başıma elə maraqlı, bəzən əcayib hadisələr gəlib ki, təkcə mənim üçün deyil, zəmanədaşlarım üçün də maraqlı ola bilər. Mən və müəllimlərim, mən və tələbələrim, mən və dostlarım, mən və bədxahlarım... Roman qədər cəlbedici süjetdir. Bu süjeti yazıram. Nə qədər adam bu mətndə özünü görəcək.

 

Cavid ZEYNALLI

525-ci qəzet.- 2023.- 1 iyun.- S.8.